Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5559/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “yaşayış və qeydiyyat yerinin şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək uzun müddətdir ki, daimi yaşayış yeri dəyişildiyi üçün qanunvericiliyin tələblərini rəhbər tutaraq onun və həyat yoldaşının yaşayış və qeydiyyat yerinin şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında düzəliş olunması barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və həyat yoldaşı X4 2 ildir ki, Bakı şəhəri, Xəzər rayonu , Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda iddiaçının anası X1 məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Bu ərazidə heç bir evin çıxarışı olmadığı kimi onlar da çıxarışsız yaşamağa məcbur qalmışlar. İddiaçı halhazırda evinin yaxınlığında yerləşən Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbdə müəllim işləyir. Yoldaşı da Bakı şəhərində olan Odlar Yurdu Universitetində oxuyur. Bütün kommunal xərcləri vaxtında ödəyirlər. xx.xx.2022-ci ildə övladları X3 da dünyaya gələrək onlarla eyni ünvanda yaşayır. İddiaçı qanunvericiliyin tələblərini əsas tutaraq daimi yaşayış yeri dəyişildiyi üçün dəfələrlə dövlət orqanlarına şifahi və yazılı şəkildə müraciət etsə də, cavabdeh onları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edir və “ancaq çıxarış olmalıdır” deyə cavab verilir. Halbuki qanunvericiliyə görə çıxarış olmadıqda digər təsdiqləyici sənədlər də əsas götürülə bilər. İddiaçı bu halı qanun pozuntusu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Eyni zamanda işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmiş, iddiaçınln ünvanına hüquqi yardım məktubu göndərilərək (iddiaçının elektron məhkəmə sistemində şəxsi kabinetinin olması nəzərə alınaraq məktub həmçinin elektron məhkəmə informasiya sisteminə də yüklənilmişdir) ona cavabdehin əsl cavabdehlə əvəz edilməsi, iddiaçı qismində həmçinin həyat yoldaşı X2 da göstərilməsi və iddia tələbinin hüquqi marağına uyğun olaraq “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin qoyulması” kimi dəqiqləşdirilərək məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş), gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin (nümayəndəsinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi bir neçə əsas görə qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar bildirilmişdir: İddiaçı Lerik rayonunun Dızdipok kəndində, onun həyat yoldaşı X4 isə Lerik rayonunun Veri kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar və onlara məxsus AA******* və AA4874744 nömrəli şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısında (çipində) yaşayış yeri məlumatlarında hər hansı bir texniki səhv və ya uyğunsuzluq aşkar edilməmişdir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi məqsədəmüvafiq olardı. Əlavə olaraq bildiririk ki, vətəndaş İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindəki fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmasına dair DİN-ə daxil olmuş müraciətnə baxılmış və Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında həyata keçirildiyindən İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədi təqdim edə bilmədiyi üçün faktiki yaşadığı sənədsiz evə qeydiyyata alınması mümkün olmamış və onun qeydiyyata alınmasından “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş hüquqi mövqeyin nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunan Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.3-cü bəndlər). İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İstinad olunan Plenum Qərarının 16-cı bəndində göstərilmişdir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi -imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.1.1-16.1.6-cı bəndlər). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də iddia ərizəsinin İPM-də nəzərdə tutulmuş formal tələblərə cavab verməsidir. Hazırkı iddia ərizəsi isə qeyd olunan tələbə əməl edilmədən məhkəməyə təqdim edilmiş, bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş müddət ərzində çatışmazlıq aradan qalırılmamışdır. Belə ki, yetkinlik yaşına çatmış şəxs olduğu halda iddiaçının həyat yoldaşı X4 iddia ərizəsində iddiaçı qismində göstərilməmiş və iddia ərizəsi yalnız İddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə iddia tələbinin mahiyyəti baxımından iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsindən görünür ki, iddiaçı daimi yaşayış yerlərinin dəyişdiyini əsas gətirərək özünün və həyat yoldaşının şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış və qeydiyyat yerinin dəyişiklik edilməsini xahiş edir. Lakin iş materiallarında olan Baş Pasport Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli və məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubların məzmunundan aydın olur ki, iddiaçı adıçəkilən quruma hazırkı tələbi ilə bağlı deyil, yaşadığı evə qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Halbuki, iddiaçının hazırkı iddiası öhdəliyin icrası növünə aid olduğundan ilk növbədə o, cavabdeh inzibati orqana müraciət etməli, arzuladığı məqsədə nail ola bilmədiyi halda inzibati məhkəmə icraatı qaydasında iddia irəli sürməli idi. Belə olan halda, mövcud iddia tələbi üzrə iddiaçının hər hansı hüquqlarının pozulduğu iş materialları ilə təsdiqini tapmır. Eyni zamanda işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı mahiyyət etibarilə özünün və həyat yoldaşının yaşadığı ünvana qeydiyyata alınması ilə bağlıdır. Lakin iddiaçı əlverişli iddia növündən istifadə etməmişdir. Bu baxımdan, məhkəmə həm də yardım etmə vəzifəsinə uyğun olaraq təkrar qeyd edir ki, iddiaçı bunun üçün yaşadığı ünvan üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsinə müraciət etmək, məqsədinə çata bilmədiyi halda müvafiq iddia ilə adıçəkilən quruma qarşı aidiyyəti inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Belə ki, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunan Qərarda əhmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1,6.2 və 7-ci bəndlər). Beləliklə, aparılmış arşadırma ilə məhkəmə belə nəticəyə gəlir ki, hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadığından, məhkəmədə iddia qaldırdığı tələblə bağlı müvafiq ərizə ilə əvvəlcə tələbə cavab verməli olan inzibati orqana müraciət edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən, eyni zamanda hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5559/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5559/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver