Məhkəmə qərarları › İş №e-2-1(112)-5578/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5578/2021

19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5578/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının direktoru Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük ödənişinin geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı gömrük ödənişinin geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC şirkəti ilə “X7" şirkəti (Qırğızıstan Respublikasının rezidenti) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq “X7” şirkətinin tapşırığı əsasında Türkmənistan Respublikasının rezidenti “Altın Quş” şirkətindən Türkmənistan istehsalı olan “tiftikli dəsmallıq parçalardan toxunmuş tualet və hamam ağları” alınmaqla Türkmənistandan Azərbaycana idxal edilmişdir. Bununla bağlı olaraq yük gömrük bəyannaməsinə uyğun olaraq 12992,25 manat məbləğində iddiaçıdan idxal rüsumu tutulmuşdur. X4 Komitəsinin Bakı Baş Gömrük İdarəsinə "X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələblərinə uyğun olaraq malın mənşəyini təsdiq edən “CT-1 sertifikatı” təqdim edilməsinə baxmayaraq İdarə tərəfindən idxal rüsumu ödənilməsi təkidlə tələb edilmişdir. Müqavilə tərəfinin qarşısında öhdəliklərinin olması ilə əlaqədar, habelə malın gömrükdə saxlanılması halında ciddi zərərlə qarşılaşacaqlarından qanunsuz tələb edilən gömrük idxal rüsumunu ödəməyə məcbur olmuşlar. Yuxarıda göstərilən şərtlər daxilində Rusiya Federasiyasına idxal olunan dəsmallara görə müvafiq Sazişə uyğun olaraq idxal rüsumu ödənilmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Hökuməti Türkmənistan Respublikasının Hökuməti ilə 17.09.1996-cı il tarixli, Qırğız Respublikasının Hökuməti ilə isə 12.04.2004-cü il tarixli “Sərbəst ticarət haqqında” ikitərəfli Sazişlər imzalanmışdır. Türkmənistan Respublikasının Hökuməti ilə bağlanmış sözügedən sazişin 1-ci maddəsində qeyd olunmuşdur ki, “Razılaşan Tərəflər bir Razılaşan Tərəfin gömrük ərazisindən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və idxalına ekvivalent tə sir göstərən gömrük rüsumları, vergiləri və sair yığımları tətbiq etməyəcəklər. Bu Sazişin məqsədləri üçün və onun qüvvədə olduğu dövrdə Razılaşan Tərəflərin ərazisindən gələn mallar dedikdə aşağıdakılar başa düşülür: razılaşan Tərəflərin ərazilərində tam istehsal olunmuşlar; üçüncü ölkələrin xammal, material və komplektləşdirici məmulatlardan istifadə edilməklə Razılaşan Tərəflərin birinin ərazisində emal olunan və bununla əlaqədar, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun (XİFMN) təsnifləşdirilməsinin heç olmasa ilk dörd nömrəsindən biri üzrə aidiyyatlığını dəyişənlər; bu maddənin “b” yarımbəndində göstərilən xammal, material və komplektləşdirici məmulatlardan istifadə edilməklə istehsal olunanlar, bir şərtlə ki, onların məcmu dəyəri reallaşdırılan malların ixrac qiymətlərinin cəmləşdirilmiş payından çox olmayır. X5 mənşəyinin müəyyənləşdiriməsinin belə qaydalarını bu Sazişin ayrılmaz hissəsi sayılan ayrıca sənədlərlə razılaşdıracaqdır” Qırğız Respublikasının Hökuməti ilə bağlanmış sözügedən sazişin 1-ci maddəsində göstərilmişdir ki, “Tərəflər onlardan birinin dövlətinin gömrük ərazisindən gələn və digər Tərəfin dövlətinin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və/və ya idxalına ekvivalent təsirə malik gömrük rüsumlarını, vergiləri və yığımları tətbiq etmirlər. Tərəflər zəruri hesab edərlərsə, razılaşdırılmış mal nomenklaturu üzrə həmin ticarət rejimindən istisnalar bu Sazişin tərkib hissəsi olan protokollarla rəsmiləşdiriləcəkdir. Bu Sazişin məqsədləri üçün və onun qüvvədə olduğu dövrdə Tərəflərin dövlətlərinin ərazisindən gələn mallar dedikdə, X3 Hökumət başçıları Şurasının 2000-ci il 30 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş və Tərəflərin iştirakçıları olduqları "Malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları" və sonradan ona edilmiş dəyişiklik və əlavələrlə müəyyən olunan mallar başa düşülür”. Eyni zamanda, Azərbaycan, Qırğızıstan və Türkmənistan Respublikaları "X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə (20.11.2009-cu il tarixli Saziş Respublika Prezidentinin 27.07.2010- cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.) qoşulmuşlar. Qeyd olunan Sazişin məqsədi azad ticarət zonasının lazımi və səmərəli surətdə fəaliyyət göstərməsi və malların azad hərəkəti üçün şəraitin yaradılması məqsədi ilə malların mənşə ölkəsinin təyin edilməsinin vahid qaydasını müəyyən etməkdir. Göstərilənlərlə bağlı, X4 Komitəsinə edilmiş müraciətə Apellyasiya Şurası tərəfindən baxılmış və bildirilmişdir ki, adı çəkilən Sazişin 5.1-ci maddəsinin a bəndinə əsasən mal sazişin bir işstirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə əsasən Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan gömrük ərazisinə idxal olunursa” göstərildiyindən Türkmənistan Respublikası Sazişin ümumi protokolunu imzalamdığı səbəbindən Sazişin iştirakçısı sayıla bilməz. Nəzərə alınmalıdır ki, dövlətimiz adıçəkilən dövlətlərlə bağlanmış ikitərəfli müqavilələr, həmçinin MDB dövlətləri arasında bağlanmış çoxtərəfli müqaviləyə əəsasən cavabdeh tərəfindən Türkmənistandan idxal olunan mallara görə idxal rüsumunun tutulması tam əsassızdır. İndiki halda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin tələblərinə riayət edilməli idi. Daha sonra iddiaçı dəqiqləşmə verərək Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə cavabdeh Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən gömrük bəyannaməsi təsdiq etmiş, buna uyğun olaraq gömrük rüsumunu ödəmiş, nəticədə gömrük rəsmiləşdirilmələri aparılmış, mallar sərbəst dövriyyəyə buraxılmışdır. Həmçinin qeyd edilir ki, Azərbaycan Höküməti ilə Türkmənistan Höküməti arasında sərbəst ticarət haqqında Sazişin məqsədləri baxımından iddiaçı ilə Türkmənistanın təsərrüfat subyekti yox, Qırğızıstan təsərüfatı subyekti müqavilə bağlamışdır. Məhkəmə iclasında iştirka edən iddiaçının direktoru iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirka edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə işin materiallarını araşdıraraq iddia tələbinə mahiyyəti üzrə qiymət verilməsi ilə bağlı isə hesab edir ki, iddia təmin edilməməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitlərini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsinə yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrininbəyan edilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra — gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Qaydaların 2.3-ci bəndinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Yuxarıda qeyd olunan müddəaların hazırkı iş üzrə tətbiqi zəruriliyi baxımından məhkəmə işin faktiki halları ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı Türkmənistan Respublikasından ölkəyə idxal olunan mala görə ümumiyyətlə idxal rüsumunun ödənilməməli olduğunu, gömrük orqanı isə bəyannamədə nəzərdə tutulan gömrük ödənişinin ödənilməli olduğunu iddia edir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi qanuni və əsaslı olmaqla yuxarıda adıçəkilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı təsdiqləmiş, əsaslı olaraq dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının gömrük bəyannaməsində göstərilən məlumatlar əsas götürülmüşdür. İddiaçı malın dövriyyəyə buraxılışı həyata keçirildikdən sonra idxal rüsumunun ödənilməsini mübahisələndirsə də gömrük rəsmiləşdirilməsi zamanı isə iddiaçı tərəfindən idxal edilmiş malın rüsumunun ödənilməsi mübahisələndirilməmiş, idxal rüsumunun ödənilməsində şübhələr yaranmadığına görə də gömrük orqanı tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 299.3-cü maddəsinə əsasən fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur. Beləliklə də, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı idxal edilmiş malın gömrük dəyərini bəyannamənin 45-ci qrafasında, bəyannamənin hesablamanın detalları adlı hissədə idxal rüsumunun 12992,25 manat olduğunu göstərmiş, iddiaçı tərəfindən təsdiq gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri, eləcə də idxal rüsumu ödənildikdən sonra mallar sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə gömrük bəyannaməsindən də göründüyü kimi iddiaçı həm gömrük bəyannaməsində idxal rüsumunu məbləğindən iddiaçı məbləğində olmasından məlumatlı olmuş, ödənişlərin həyata keçirilərək malın sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir. Məhkəmə, həmçinin iddiaçının X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında SAZİŞ-in müddəalarının hazırkı mübahisəyə tətbiqi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından, o cümlədən iddia ərizəsindən də göründüyü kimi iddiaçı yuxarıda adıçəkilən Sazişin tələblərinə uyğun olaraq malın mənşəyini təsdiq edən “CT-1 sertifikatı” təqdim edilməsinə əsaslanaraq hesab edir ki, idxal rüsumu tətbiq edilməməli idi. İş materiallarından, o cümlədən apellyasiya şurasının qərarından isə cavabdehin həmin məsələ ilə bağlı mövqeyi belədir ki, Türkmənistan Respublikası sözügedən Sazişi imzalamadığından həmin Saziş üzrə iştirakçı hesab edilə bilməz. İddiaçı isə məhkəməyə təqdim etdiyi iş üzrə mülahizəsində qeyd edir ki, Türkmənistan Respublikası Sazişin iştirakçısıdır və Sazişlə bağlı son iclasın Türkmənistan ərazisində keçirilməsi, Türkmənistan Hökümətinin bütün iclasların protokol siyahısında göstərilməsi və digər əsaslar onun iştirakçı olmasını təsdiq edir. Nəzərə alınmalıdır ki, “X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Saziş-in 4-cü maddəsinə əsasən Bu Saziş onun qüvvəyə minməsi üçün lazım olan dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirməsi barədə üçüncü bildiriş depozitari tərəfindən alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir. Dövlətdaxili prosedurları bundan gec yerinə yetirən Tərəflər üçün bu Saziş müvafiq sənədlərin depozitari tərəfindən alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir. Adıçəkilən Sazişin 5-ci maddəsinə əsasən Bu Saziş qüvvəyə mindikdən sonra qoşulma haqqında sənəd depozitariyə ötürülmək yolu ilə X3 iştirakçısı olan istənilən dövlətin qoşulması üçün açıqdır. Qoşulan dövlətlər üçün bu Saziş qoşulma barədə sənədin depozitari tərəfindən alındığı tarixdən 30 gün keçdikdən sonra qüvvəyə minir. Yalta şəhərində 20 noyabr 2009-cu il tarixində rus dilində bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə X3 İcraiyyə Komitəsində saxlanılır və Sazişi imzalamış hər bir dövlətə təsdiq edilmiş surəti göndəriləcəkdir. Göründüyü kimi Sazişə qoşulma proseduru konkret olaraq tənzilmənmişdir ki, Sazişin son hissəsində onu qeyd-şərt müəyyən etməklə və etməməklə imzalayan MDB dövlətlərinin adları qeyd edilmişdir ki, həmin hissədən də görünür ki, Türkmənistan Respublikası həmin Sazişi ümumiyyətlə imzalamamışdır. Göründüyü kimi Sazişi, yəni beynəlxalq müqaviləni imzalanmamasının onun iştirakçısı olub-olmamasına münasibətdə beynəlxalq qanunvericiliyin müddəalarının qiymətləndirilməsinə zərurət müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, beynəlxalq müqavilə dedikdə dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır. Müqavilənin anlayışı, icrası, qoşulması və digər məsələləri tənzimləyən universal beynəlxalq konvensiya kimi “Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il tarixli Vyana Konvensiyasında, eləcə də Dövlətlər və beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar haqqında 1986-cı il tarixli Vyana Konvensiyasında müqavilənin tərəfi anlayışına yaxın olan bəzi terminlərin izahı verilmişdir. Burada “danışıqlarda iştirak edən dövlət”- yəni, müqavilənin mətninin hazırlanmasında və qəbulunda iştirak etmiş dövlət, “razılığa gələn dövlət”- yəni, müqavilənin qüvvəyə minibminməməsindən asılı olmayaraq müqavilənin məcburiliyinə öz razılığını vermiş dövlət, “iştirakçı dövlət”-yəni müqavilənin məcburiliyinə öz razılığını vermiş və müqavilə onun üçün qüvvəyə mindiyi dövlət kimi terminlərin izahı verilmişdir. Göründüyü kimi müqavilənin iştirakçısı olmaq üçün bununla bağlı razılığın olması mütləq şərt kimi göstərilmişdir ki, beynəlxalq müqavilənin, o cümlədən onun növü kimi Sazişin bağlanılmasının üç mərhələsindən sonuncusu kimi (birinci mərhələ müqavilənin mətninin tərtib edilməsi və qəbulu, ikinci mərhələ müqavilənin mətninin autentikliyinin müəyyən olunması) müqavilənin məcburiliyinə razılığın ifadə olunması çıxış edir ki, 1969-cu il Vyana Konvensiyasının 11-ci maddəsinə görə müqavilənin imzalanması, müqavilə sənədlərinin dəyişdirilməsi, ratifikasiya, təsdiq etmə, qəbul etmə və müqavilə qoşulma razılığın ifadə üsulları kimi çıxış edir. Göründüyü kimi Sazişi imzalamamış, o cümlədən müqavilənin məcburiliyinə razılığın digər üsullarından heç birindən istifadə etməmiş Türkmənistan Respublikasının Saziş iştirakçısı qismində tanınmasından söhbət gedə bilməz. Qeyd olunan səbəbdən də cavabdehin həmin hissədə hüquqi mövqeyi qanuni və əsaslı olmuşdur. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı mübahisə üzrə Azərbaycan Höküməti və Türkmənistan Höküməti arasında sərbəst ticarət haqqında Sazişin müddəalarının tətbiqindən də söhbət gedə bilməz. Belə ki, iş materiallarından, o cümlədən gömrük bəyannaməsinin 11-ci qrafasından da müəyyən edilir ki, ticarət edən ölkə Türkmənistan yox, Qırğızıstan kimi müəyyən edilmişdir. Malın Türkmənistan Respublikası istehsalı olması isə Azərbaycan Höküməti və Qırğızıstan Höküməti arasında sərbəst ticarət haqqında Sazişin tətbiq edilməsini istisna edir. Belə ki, malın istehsalçısı və ticarət edən ölkənin eyniliyinin müəyyən edilməməsi həmin Sazişlərin tətbiqini istisna edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, idxal rüsumunun tələb edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar