Məhkəmə qərarları › İş №e-2-1(112)-558/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-558/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-558/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X15 və X17 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X15 və X17 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 08 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixli 1647 nömrəli sərəncamına və torpaq sahəsinin planı ölçüsünə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 2178 saylı sahədə 600 kv.m. olan torpaq sahəsinə İddiaçı adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, xx.xx.1995ci il tarixli 1647 nömrəli “Fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı, torpaq sahəsinin yerləşmə çizgisini əsas tutaraq istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 11-də yerləşən 5 saylı torpaq sahəsinə çıxarışın ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X17 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiаçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1647 nömrəli “Fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” sərəncamına və torpaq sahəsinin planı ölçüsünə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 2178 saylı sahədə 600 kv.m. olan torpaq sahəsinə iddiaçının adına aparılmış qeydiyyatın ləğv edilməsi və xx.xx.1995-ci il tarixli 1647 nömrəli “Fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı, torpaq sahəsinin yerləşmə çizgisini əsas tutaraq istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 11-də yerləşən 5 saylı torpaq sahəsinə çıxarışın iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X15 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixli 1647 nömrəli “Fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” Səbail rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçıya 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə çizgisinə əsasən ayrılmış torpaq sahəsi Badamdar qəsəbəsi, 1-ci yaşayış massisvi, döngə 11-də yerləşən 5 saylı torpaq sahəsidir. Torpaq sahəsində sərəncama uyğun yaşayış evi tikilmiş və həmin vaxtdan etibarən ailəsilə birlikdə həmin torpaq sahəsində tikilmiş evdə yaşamaqdadır. Tərəfindən üç dəfə sərəncam əsasında ona ayrılmış torpaq sahəsinin çıxarışının təqdim olunması üçün cavabdehə müraciət etmiş, hər səfərində müxtəlif səbəblər göstərilməklə imtina verilmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda xx.xx.1995-ci il tarixli 1647 nömrəli sərəncamına və torpaq sahəsinin planı ölçüsünə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m. olan torpaq sahəsinin İddiaçı adına qeydiyyatdan keçdiyi, Bakı 14 saylı DNK-nun 47-35 reyest nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyi qeyd edilmişdir. İddiaçıya məlum olmuşdur ki, kimsə onun şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla 18 mart 2014-cü il tarixində 51 saylı notariusda onun adından X4 5 il müddətinə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında xx.xx.1995-ci il tarixli 1647 nömrəli sərncamdan istifadə etməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 2178 saylı sahədə 600 kv.m. torpaq sahəsinə iddiaçının adına xx.xx.2015-ci il tarixində çıxarış alınmışdır. xx.xx.2015-ci il tarixində torpaq sahəsi etibarnamə əsasında X9 tərəfindən X14 60000 manata satılmışdır. Yuxarıda da qeyd edildiyi kimi xx.xx.1995-ci il tarixli 1647 nömrəli sərəncam əsasında tərtib olunmuş torpaq sahəsinin yerləşmə çizgisinə uyğun ayrılan və hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massisvi, döngə 11-də yerləşən 5 saylı torpaq sahəsidir. Lakin saxta sənədlər əsasında xx.xx.1995ci il tarixli 1647 nömrəli sərəncam istifadə edilməklə ona ayrılmayan, ona məxsus olmayan, istifadəsində olmayan, harada yerləşdiyini bilmədiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 2178 saylı sahədə 600 kv.m torpaq sahəsi üçün iddiaçıya mülkiyyət çıxarışı verilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, idarənin arxiv məlumatlarına əsasən, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamı və həmin sərəncam əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi ərizəçinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3 və onun adına özgəninkiləşdirilmişdir. Bundan başqa, iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşsə də, faktiki göstərilən torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşir. İddiaçı tərəfindən təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamı ilə torpaq sahəsi ayrılan zaman deyil, sonradan xx.xx.2008-ci il tarixində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə üçüncü şəxslərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 03248865 nömrəli və AA seriyalı ******* nömrəli xxxxxxx FİN nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur; Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamından (həmçinin arxiv çıxarışından) görünür ki, İddiaçı Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır; Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamı ilə, İddiaçı ayrılmış, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, döngə 11, 5 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi xx.xx.2008-ci il tarixdə təsdiq edilmişdir; RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir; Bakı şəhəri 51 saylı xüsusi notarius Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş, xx.xx.2014-cü il tarixli etibarnamənin surətidən görünür ki, İddiaçı (AZE 03248865, xx/xx/2013 Yasamal RPİ) 5 il müddətinə bütün əmlakını idarə etməsi və digər səlahiyyətləri X5 etibar etmişdir. xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, İddiaçı (AZE 03248865, xx/xx/2013 Yasamal RPİ) nümayəndəsi X10 vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini X2; AZE seriyalı 03248865 nömrəli, 3H133XZ FİN nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair arxiv qovluğunda saxlanılan sənədlərin surətləri təqdim edilmişdir: - RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir; - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamından görünür ki, İddiaçı Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır; - A seriyalı 528829 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 3-cü y/m 2178 saylı 600 kv.m. torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş X20 kitabında xx.xx.2014-cü il tarixdə 40844 nömrə ilə uçota alınmışdır; - xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, İddiaçı (AZE 03248865, xx/xx/2013 Yasamal RPİ) nümayəndəsi X10 vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini X2; - RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi X11 mülkiyyətindədir; - 17.12.2021-ci il tarixli, “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, X17 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini X1; - 1121167537 qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixi Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi X7 mülkiyyətindədir; 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş: - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamı ilə, İddiaçı ayrılmış, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi xx.xx.2014cü il tarixdə təsdiq edilmişdir; - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 648 nömrəli sərəncamı ilə, X13 ayrılmış, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi xx.xx.2005-ci il tarixdə təsdiq edilmişdir. AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 3H133XZ X6 xx.xx.1963-cü il təvvəllüdlü İddiaçı məxsusdur. Vət. İddiaçı xx.xx.2005-ci ildə AZE 03248865 nömrəli şəxsiyyət vəsiqəsi ilə, xx.xx.2015-ci ildə AZE 14435581 nömrəli şəxsiyyət vəsiqəsi ilə, xx.xx.2019-ildə isə AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İddiaçı (xxxxxxx FİN nömrəli, xx.xx.1963 təvəllüdlü) iddia edir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsi Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, döngə 11, 5 nömrəli torpaq sahəsidir və İddiaçı (3H133XZ FİN nömrəli, xx.xx.1963 təvəllüdlü) adına saxta sənədlər əsasında aparılmış qeydiyyat ləğv edilməli və iddiaçının adına qeydiyyat aparılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamı ilə, İddiaçı Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamda ünvan və torpaq sahəsinin nömrəsi göstərilməmiş, arxiv nüsxəsinə hər hansı yerləşmə cizgisi əlavə edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən sözügedən sərəncam əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı (3H133XZ FİN nömrəli, xx.xx.1963 təvəllüdlü) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin sərəncamla ayrılmış torpaq sahəsinə dair 2 yerləşmə cizgisi müəyyən edilmişdir. Biri iddiaçının təqdim etdiyi, xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, döngə 11, 5 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisidir. Digəri isə mübahisə predmeti qeydiyyatın aparılmasına əsas olmuş və cavabdehin təqdim etdiyi, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisidir. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə mübahisə predmeti qeydiyyatın ləğv edilməsi cavabdehə həvalə edilməlidir. Əvvəla, həmin sərəncamla ayrılmış torpaq sahəsinə dair 2 yerləşmə cizgisindən iddiaçının təqdim etdiyinin həqiqətə uyğunluğu müəyyən edilir. Belə ki, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 nömrəli torpaq sahəsinə dair yerləşmə cizgisi xx.xx.2005-ci il tarixdə başqa bir sərəncamın (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 648 nömrəli) əsasında və başqa şəxsin (X16) adına tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin qeydiyyat apararkən əsas götürdüyü cizgi həm bu yerləşmə cizgisindən, həm də iddiaçının cizgisindən sonra tərtib edilmişdir. Qeyd edilənlər, cavabdehin istinad etdiyi həmin cizginin həqiqətə uyğun olmaması nəticəsinə gəlməyə əsas verir. İkincisi, adına qeydiyyat aparılmış İddiaçı (3H133XZ FİN nömrəli, xx.xx.1963 təvəllüdlü) barəsində araşdırma aparılmış və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən, 3H133XZ FİN nömrəsi tamam başqa bir şəxsə (X21) məxsusdur. Verilmiş sorğuya cavab olaraq AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məktubunda İddiaçı dair məlumatlarda iddiaçının şəxsiyyət vəsiqələrinin nömrələrinə və təvəllüdünə istinad etsə də, X6 kimi iddiaçının (xxxxxxx) deyil, 3H133XZ nömrəsini qeyd etmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, məktubda göstərilən şəxsiyyət vəsiqəsi nömrələri xxxxxxx FİN nömrəsinə aiddir. Qeyd edilənlərə əsasən, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinə dair İddiaçı (3H133XZ FİN nömrəli, xx.xx.1963 təvəllüdlü) adına aparılmış qeydiyyatın ləğv edilməsi tələbində haqlıdır. İddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 11-də yerləşən 5 saylı 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1647 nömrəli sərəncamına və xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, döngə 11, 5 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisinə istinad edərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun adına qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdehin imtinasının (etirazının) əsasını həmin sərəncamla torpaq sahəsinin digər bir ərazidə qeydiyyatdan keçməsi, qeydiyyatdan keçmiş torpaq sahəsinin Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşsə də, faktiki göstərilən torpaq sahəsi Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşməsi, iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi, yerləşmə cizgisinin ilə torpaq sahəsi ayrılan zaman deyil, sonradan tərtib edilməsi təşkil edir. Cavabdeh həmin sərəncamla torpaq sahəsinin digər bir ərazidə qeydiyyatdan keçməsi, qeydiyyatdan keçmiş torpaq sahəsinin Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşsə də, faktiki göstərilən torpaq sahəsi Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yerləşməsi dəlilləri yuxarıda ətraflı şəkildə şərh edilmiş və cavabdehin apardığı qeydiyyatın əsassız olması nəticəsinə gəlinmişdir. Həmin qeydiyyat da ləğv ediləcəyindən, iddiaçının adına qeydiyyatın aparılmasını istisna edə bilməz. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh torpaq sahəsinin cizgisində istinadlar olmadığını bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “X20, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Etirazın digər dəlili ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2001-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının fiziki şəxslərə torpaq sahəsi ayrımaq hüququ olmuş, bu zaman torpaq sahəsinin ayrılması barədə qərara 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. Torpaq ayıran qurumun həmin sahənin planını sonradan tərtib etməsi, həmin planın (cizginin) torpaq ayırlan zaman mövcud olmaması anlamına gəlmir. İşdən görünür ki, iddiaçıya hüquqmüəyyənedici sənədə uyğun ayrılan torpaq sahəsinə dair cizginin tərtib edilməsini torpaqayıran qurumdan tələb etmiş, həmin qurum da müvafiq cizgini təsdiq etmişdir. Cizgidə göstərilən torpaq sahəsinin sözügedən sərəncamla torpaq ayrılarkən nəzərdə tutulan sahə olmaması isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Digər tərəfdən cavabdehin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi dəlilinə münasibətdə qeyd edir ki, nə cavabdeh, nə də üçüncü şəxs məhkəməyə qeyd edilən faktı sübut edən mötəbər dəlil təqdim etməmişdirlər. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 2178 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinə dair İddiaçı adına aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 11də yerləşən 5 saylı 0,06 ha torpaq sahəsinə İddiaçı (xxxxxxx FİN nömrəli, xx.xx.1963 təvəllüdlü) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar