Məhkəmə qərarları › İş №e-2-1(112)-5586/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5586/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5586/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “İddiaçı MMC barəsində qəbul edilmiş 15 dekabr 2023-cü il tarixdə **********179198 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qismən, yəni mənfəət vergisi üzrə 117 514,19 manat azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 58 757,11 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə 385 365,58 manat azaldılması və Vergi Məcəlləsinin 58.1 - ci maddəsinə əsasən tətbiq edilmiş 192 682,81 manat maliyyə sanksiyası, ödəmə mənbəyində vergi üzrə 45 827,26 azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 22 913,63 manat maliyyə sanksiyası, maliyyə sankiyası üzrə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş 21 997,90 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar prosessual və mahiyyəti üzrə əsassızdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərini pozmuş və əsassız olaraq iddiaçı barəsində qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Cavabdeh səyyar vergi yoxlaması aktının məzmununda etiraz vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmin qərardan inzibati qaydada verilmiş şikayətlər və qəbul edilmiş qərarlar da nəzərə alınmaqla məhkəmə hesab edir ki, müddətlə bağlı şərt də pozulmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********163024 saylı qərarı ilə İddiaçı MMCdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 23 oktyabr 2023-cü il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Cavabdehin 15 dekabr 2023-cü il tarixdə **********179198 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya: -MV üzrə 2019-cu il üzrə 31 178,31 manat, 2020-ci il üzrə 28 370,33 manat, 2021-ci il üzrə 57 965,55 manat, cəmi 117 514,19 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 58 757,11 manat maliyyə sanksiyası tətbiq edilmiş; -ƏDV üzrə 2019-cu il üzrə 20 845,99 manat, 2020-ci il üzrə 95 687,19 manat, 2021ci il üzrə 116 520,17 manat, 2022-ci il üzrə 152 312,23 manat, cəmi 385 365,58 manat azaldılması, 113 078,03 manat artıq hesablanması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 192 682,81 manat maliyyə sanksiyası tətbiq edilmiş; -ÖMV üzrə 2019-cu il üzrə 9 446,16 manat, 2020-ci il üzrə 20 925,10 manat, 2021-ci il üzrə 11 759,54 manat, 2022-ci il üzrə 4 206,46 manat, cəmi 46 337,26 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 23 168,63 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 21 997,90 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 8 627,52 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, iddiaçı məhkəmə müraciət edərək barəsində qəbul edilmiş 15 dekabr 2023cü il tarixdə **********179198 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qismən, yəni mənfəət vergisi üzrə 117.514,19 manat azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 58.757,11 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi üzrə 385.365,58 manat azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 192.682,81 manat maliyyə sanksiyası, ödəmə mənbəyində vergi üzrə 45.827,26 azaldılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 22.913,63 manat maliyyə sanksiyası və maliyyə sankiyası üzrə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş 21 997,90 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsini xahiş edir. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən qərar həm prosessual, həm də mahiyyəti etibarı ilə prosessual pozuntulara yol verilərək qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, səyyar vergi yoxlaması cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Belə ki, 11 yanvar 2023-cü il tarixdən 34 gün müddətinə, 12 fevral 2023-cü il tarixdən 22 gün müddətinə, 9 mart 2023-cü il tarixdən 9 gün müddətinə, 17 mart 2023-cü il tarixdən 18 gün müddətinə, 28 aprel 2023-cü il tarixdən 18 gün müddətinə, 15 may 2023-cü il tarixdən 16 gün müddətinə, 30 may 2023-cü il tarixdən 18 gün müddətinə, 16 iyun 2023-cü il tarixdən 21 gün müddətinə, 6 iyul 2023-cü il tarixdən 16 gün müddətinə, 21 iyul 2023-cü il tarixdən 18 gün müddətinə, ümumilikdə 190 gün müddətinə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertizanın keçirilməsi əsası ilə, 3 aprel 2023-cü il tarixdən 11 gün müddətinə, 13 aprel 2023-cü il tarixdən 16 gün müddətinə, 7 avqust 2023cü il tarixdən 31 gün müddətinə, ümumilikdə 58 gün müddətinə səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsi əsası ilə, ümumilikdə 248 gün müddətinə dayandırılmışdır. Beləliklə, hazırkı yoxlama ilə vergi orqanı 190 gün müddətinə yoxlamanı ekspertizanın təyin edilməsi əsası ilə və 58 gün müddətinə isə cəmiyyətin rəhbərinin əmək qabiliyyətinin itirməsi əsası ilə dayandırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılması qaydaları və əsasları müəyyən olunmuşdur. Həmin normaya görə səyyar vergi yoxlaması, yoxlama barədə qərar qəbul etmiş vergi organının əsaslandırılmış qərarına əsasən dayandırılır. Həmin Məcəllənin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması 9 aydan çox olmayan müddətə dayandırılır (təxirə salınır). Qeyd edilən normada qanunverici yoxlamanın dayandılılması anının başa çatmasını mütəxəssisin və ya ekspertin rəyinin təqdim edilməsi anı ilə müəyyən etmişdir. Səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qeyd edilir ki, ““Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********167073 nömrəli qərara əsasən ekspert qarşısında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən icarəyə götürülmüş daşınmaz əmlaklar üzrə icarə haqqının real bazar qiymətini müəyyənləşdirmək sualı qoyulmuşdur. İddiaçı tərəfindən ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlər ekspertə tam təqdim edilə bilməmişdir. Bununla bağlı olaraq xidmətlərin dəyərinin müəyyən edilməsi mümkün olmamış və ekspert tərəfindən xx.xx.2023-cü il tarixli **********955600 nömrəli məktubla imtina səbəbi bildirilmişdir. Ekspertizanın müəyyən edilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli **********955600 nömrəli məktub vergi ödəyicisinə xx.xx.2023-cü il tarixində **********540600 nömrəli məktubla təqdim edilmişdir.” Səyyar vergi yoxlaması aktından görünür ki, cavabdeh vergi orqanı 6 yanvar 2023-cü il tarixdə ekspertizanın təyin edilməsi haqqında qərar etmiş, lakin ekspertiza keçirilməsinin mümkün olmamasına dair məktub yalnız 9 aydan çox müddət keçdikdən sonra 13 oktyabr 2023-cü il tarixdə vergi orqanına təqdim edilmişdir. Məhkəmə hesab edir ki, ekspertizanın bu qədər uzun müddət ərzində aparılması inandırıcı deyil və cavabdeh buna şəraət yaratmaqla yoxlama müddətinin lüzumsuz olaraq dayandırılmasına əsaslar yaratmışdır. Bundan başqa, yoxlama aktının 1.9.4-cü bəndində vergi orqanı qeyd etmişdir ki, iddiaçı zəruri olan sənədləri ekspertə tam təqdim edə bilməmiş, eyni zamanda ekspert də məktubunda hansısa sənədlərin təqdim edilmədiyini vurğulamış, lakin həmin sənədlərin nədən ibarət olması yoxlama aktında və məktubda açıqlanmamış və iddiaçı tərəfindən məhz hansı sənədlərin ekspertə təqdim edilmədiyi göstərilməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsində yoxlamanın dayandırılmasının əsaslarından biri kimi səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə bu hal üzrə yoxlamanın dayandırmasının başa çatma müddəti kimi əmək qabiliyyətinin bərpa edilən ana kimi müəyyən edilmişdir. Cavabdeh vergi orqanı 3 aprel 2023-cü il tarixdən 11 gün müddətinə, 13 aprel 2023cü il tarixdən 16 gün müddətinə, 7 avqust 2023-cü il tarixdən 31 gün müddətinə VM-nin 38.7.2-ci maddəsinə istinad edərək yoxlama müddətini dayandırmışdır. Bu halda Vergi Məcəlləsinin 38.7.2-cu maddəsinin hazırki işə tədbiqi onu ehtiva edir ki, yoxlama materillarında vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsi müəyyən olunmalıdır. Lakin yoxlama zamanı iddiaçının rəhbərinin əmək qabiliyyətinin itirilməsinə və daha sonra bərpa edilməsinə dair heç bir tibbi sənəd mövcud deyil. Bu isə cavabdeh vergi orqanı tərəfindən yoxlamanın qanuni əsas olmadan dayandırılmasına və bununla da dayandırmaya aid olan vergi qanunvericiliyinin normaların kobud şəkildə pozulmasına dəlalət edir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799857 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2022, sona çatma tarixi xx.xx.2022 tarixidir. Halbuki, yoxlama xx.xx.2022-ci il tarixində başlasa da, yoxlama müddəti 13 dəfə dayandırılmış (təxirə salınmışdır), iki dəfə artırılmış və yalnız yoxlamanın başlanmasından 1 (bir) il keçdikdən sonra xx.xx.2023-cü il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2022 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799857 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə birinci qərar ümumiyyətlə düzgün tarixdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın ilk dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cu il tarixədək (44 gün müddətinə) uzadılması göstərilmişdir. Halbuki yoxlamanın müddəti xx.xx.2022-ci il tarixli qərarla 30 iş günü müddətinə uzadılmış və müddət uzatma qərarı qəbul edildiyi andan 1 gün sonra xx.xx.2022-ci il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 15 dekabr 2023-cü il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, yoxlama zamanı cavabdeh vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi və götürülməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktından görünür ki, aktın 1.8ci 1.9.1-ci bəndində qeyd edir ki, “Vergi ödəyicinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163064 saylı Tələbnamə təqdim edilmişdir. Tələbnamə əsasənda tələb edilmiş sənədlər cəmiyyət tərəfindən yoxlamaya qismən təqdim edilmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə akt tərtib edilmişdir. Eyni zamanda, bununla bağlı xəbərdarlıq məktubları göndərilmişdir.Daha sonra vergi ödəyicisi tərəfindən tələb edilən sənədlər qismən təqdim edildiyi üçün xx.xx.2022-ci il tarixində sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə akt tərtib edilmişdir.” Göründüyü kimi, cavabdeh vergi orqanı öz tərtib etdiyi yoxlama aktında iddiaçı tərəfindən səndələrin bir qisminin təqdim edilməsini qeyd edərək qismən təqdim edilməsi haqqında akt tərtib edir, lakin hansı sənədlərin təqdim edilmədiyini ümumiyyətlə açıqlamır. Daha sonra, yoxlama aktının 1.9.1-ci bəndində göstərilmişdir ki, “Vergi orqanı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********165158 nömrəli qərar çıxarılmışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya kağız daşıyıcıda, habelə vergi orqanına göndərilmiş xx.xx.2022-ci il tarixli **********107200 nömrəli, xx.xx.2023-cü il tarixli **********052300 nömrəli, xx.xx.2023-cü il tarixli **********508200 nömrəli, xx.xx.2023-cü il tarixli **********002500 nömrəli, xx.xx.2023-cü il tarixli **********493800 nömrəli, xx.xx.2023-cü il tarixli **********514600 nömrəli, xx.xx.2023cü il tarixli **********408200 və s. nömrəli məktublar ilə elektron qaydada təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********174522 nömrəli Protokol tərtib edilmişdir. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmişdir.” Göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama aktında ilk öncə iddiaçı tərəfindən sənədlərin qismən təqdim edildiyini qeyd etsə də, daha sonra kağız daşıyıcıda və elektron qaydada məktublarla sənədlərin təqdim edildiyini göstərmişdir. Cavabdeh vergi orqanı məhkəmə baxışı zamanı sənədlərin iddiaçı tərəfindən qismən təqdim edildiyini iddia etsə də, hansı səbəbdən 28 oyabr 2022-ci il tarixdə qərar qəbul edilərək 21 iyul 2023-cü il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun tərtib edildiyini əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaların 21.2-ci, 21.8-ci və 21.9-cu bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən yoxlayıcıya verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (müavininin) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ı (Əlavə 7) əsasında həyata keçirilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” (Əlavə 8) tərtib edilir. Protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” (Əlavə 9) tərtib edilir. Sözügedən qanun normalarından görünür ki, əgər vergi ödəyicisi tərəfindən sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” tərtib edilir ki, cavabdeh vergi orqanı da belə bir formada akt tərtib etməmişdir. Bu isə sənədlərin iddiaçı tərəfindən tam şəkildə təqdim edildiyinə dəlalət edir. Bundan başqa, cavabdeh vergi orqanı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarı 28 noyabr 2022-ci il tarixdə qəbul etsə də, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolu 21 iyul 2023-cü il tarixdə, yəni təxminən 8 ay müddət keçdikdən sonra qəbul edlməsini belə əsaslandıra bilməmiş, bununla bağlı konkret arqument gətirə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan hal isə cavabdeh vergi orqanın yoxlamanı səthi və lüzumsuz uzatmalara yol verməklə aparıldığını təsdiq edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənmişdir. İş üzrə səyyar vergi yoxlama materiallarına əsasən müəyyən edilir ki, iddiaçı yoxlama ilə əhatə olunan 2019-2021-ci illər üzrə vergi orqanına mənfəət vergisi bəyannamələrini təqdim edərək aşağıdakı kimi bəyan etmişdir: Göstəricilər illər 2019-cu il üzrə 2020-ci il üzrə 2021-ci il üzrə üzrə Gəlirlər 2 336 739,05 2 749 618,53 4 054 920,26 Xərclər 2 110 307,37 2 381 415,03 3 666 273,45 Mənfəət 226 431,68 368 203,50 388 646,81 Mənfəət vergisi 45 286,34 73 640,70 77 729,36 İş materiallarında olan səyyar vergi yoxlaması aktının vergi orqanı səyyar vergi yoxlaması aktında göstərmişdir ki, “Vergi ödəyicisinin xərclərinin əsas hissəsini alınmış malların maya dəyəri təşkil etmişdir. Həmin malların maya dəyərinin illər üzrə silinməsi barədə vergi ödəyicisi tərəfindən təqdim edilmiş məlumatlarda ziddiyətli fərqlərin olduğu müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş “Malların hərəkəti” barədə məlumatda malların adlarını qruplaşdırmaqla göstərmiş, lakin malların ölçüləri və qiymətləri müxtəlif olmuşdur. Vergi ödəyicisinin alışında hər bir mal qrupu üzrə malların adları üzrə göstəricilər aydın şəkildə görünsə də, vergi ödəyicisi malların uçotunu ümumi şəkildə aparmış, alınmış və təqdim edilmiş malların adları uçot sənədlərində (malların hərəkəti cədvəli) və satış sənədlərində (NKA çeki, elektron qaimə-faktura) ümumi şəkildə qeyd edilmiş, faktiki olaraq hər təqdim olunan malın maya dəyərini müəyyən etmək mümkün olmamışdır. Nəticədə vergi ödəyicisinin mənfəət vergisi bəyannamələrində “Malın dəyəri” xərc sətrində əks etdirdiyi rəqəmlərin düzgünlüyü müəyyən edilə bilməmişdir. Elə buna görə də, vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı olaraq 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səfiyyəsi 20% götürülərək hesablandı.” Məhkəmə hesab edir ki, vergi orqanı iş üzrə faktiki halları tam araşdırmadan və mövcud məsələyə vergi qanunvericiliyi baxımından düzgün qiymət vermədən əlavə vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əsas fəaliyyəti elektrik-məişət mallarının və şüşə qab-qaçaqlarının topdan satış fəaliyyəti ilə yanaşı həmçinin pərakəndə satış fəaliyyətindən ibarət olmuşdur. İddiaçının dövriyyəsinin bir hissəsi malların topdan satışından formalaşdığı halda, digər bir hissəsi isə nəzarət kassa-aparatına mədaxil olunmaqla malların pərakəndə satışı təşkil etmişdir. Səyyar vergi yoxlaması aktından görünür ki, vergi orqanı yalnız malların uçotunun ümumi apardığını, hər təqdim edilən malın maya dəyərinin müəyyən edilməsinin mümkün olmadığını əsas kimi gətirmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Məlumdur ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə görə bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.1-1-ci maddəsinə görə iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.4-cü bəndində görə İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma xərclərinin və sığorta xərclərinin cəmi nəzərə alınır. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. Eyni müddəalar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda da öz əksini tapmışdır. Sadalanan normalardan göründüyü kimi, ümumiyyətlə vergi ödəyicisinin mallar üzrə silgi hesabatların aparılması, hər bir mal üzrə uçotun ayrı-ayrılıqda aparılması vəzifəsi qanunvericilikdə öz əksini tapmamışdır. Topdan və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi isə idxal edilən malları uçota alarkən malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı da qeyd edilən tələblərə riayət etmiş və təqdim edilməsi üçün idxal etdiyi bütün malların uçotunu idxal sənədləri əsasında aparmış, bütün malların gömrük kodları üzrə uçotunu, malların hərəkət cədvəlini və buna dair sənədləri vergi orqanına təqdim etmişdir. Cavabdeh vergi orqanı isə birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tətbiq edilməsi, yəni iddiaçının bütün xərclərinin nəzərə almayaraq gəlirə münasibətdə 20% şərti rentabellik səviyyəsinə əsasən vergilərin hesablanması üçün formal olaraq malların güya maya dəyərinin müəyyən edilməməsi əsaslarını gətirmişdir. Halbuki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçı vergi orqanın iddia etdiyi kimi malların hərəkət hesabatların və malların ayrı-ayrılıqda uçotunu aparmamışdırsa, bu hal birbaşa Vergi Məcəlləsinin tələblərinə əsasən malların inventarizasiyasını aparmaq üçün əsas idi. Lakin səyyar vergi yoxlaması aktının 1.9.2-ci bəndindən görünür ki, vergi orqanı yoxlama zamanı vergi ödəyicisinin əmlakının inventarizasiyasını keçirməmişdir. Beləliklə, Vergi Məcəlləsinin 38.5.1-ci maddəsinə əsasən vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə inventarizasiya səyyar vergi yoxlaması zamanı vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır. Məhkəmə qeyd olunan qanun normasını əsas götürərək qeyd edir ki, əgər vergi ödəyicisi tərəfindən hər hansı hesabat sənədləri, hazırkı halda malların ayrı-ayrılıqda uçotu aparılmamışdırsa, belə olan təqdirdə vergi orqanı vergi ödəyicisinin əmlakının inventarizasiyasını mütləq şəkildə aparılmalıdır. Sözügedən normada əmlakın inventarizasiyasının aparılması imperativ qaydada müəyyən edilmişdir. Cavabdeh vergi orqanı isə iddiaçının kifayət qədər mal qalığının olmasına baxmayaraq iddiaçıya aid təsərrüfat subyektləri olan anbarlara baxış keçirsə də, həmin malların inventarizasiyasını aparmamışdır. Halbuki, yoxlanılan dövr ərzində idxal edilən malların, satılan malların həcmini (sayını) və yerdə qalan mal qalığını müəyyən etmədən hər bir mal üzrə maya dəyərinin müəyyən edilməsi özü-özlüyündə qanunvericiliyinin tələblərinə uyğun deyil. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq etməklə kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-ci maddəsində təsbit edilmişdir ki, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Eyni zamanda, Vergi Məcəlləsinin 67.4-cü maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmçinin, Vergi Məcəlləsinin 67.14-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Sadalanan normaların tələblərindən görünür ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadğı halda ilkin olaraq VM-nin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadınqa analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Başqa sözlə desək, qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcılığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, “vergi orqanı iddiaçı ilə analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicilərin müəyyən edilməsi üçün Vergi və uçot risklərinin təhlili idarəsinə müraciət etmiş, sonuncu analoji vergi ödəyicilərinin olmaması ilə bağlı cavab məktubu təqdim etmişdir. Daha sonra, analoji vergi ödəyicilərin müəyyənləşdirilməsi üçün araşdırma aparıldı və analoji vergi ödəyiciləri kimi "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin, həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərinin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərin eyni olmadığı üçün qeyd edilən analoji vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarından istifadə edilmədi. Vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır.” Yuxarıda qeyd edilən normalardan görünür ki, analoji vergi ödəyicilərinin meyarı kimi istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən başqa digər vergi ödəyicilər üçün VM-nin 67.2.2-ci və 67.2.3-cü maddələrində nəzərdə tutulan iki meyar müəyyən edilmişdir ki, bunlar da eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi və fəaliyyət göstərilən ərazidir. Vergi orqanı isə analoji vergi ödəyicilərinin məlumatlarından istifadə edilməməsi üçün qanunla meyar kimi nəzərdə tutulmayan əldə etdiyi və təqdim etdiyi mal, iş və xidmətlərin dəyəri, işçi sayı və digər iqtisadi göstəriciləri əsas kimi gətirmişdir. Halbuki, sözügedən analoji vergi ödəyicilər iddiaçı ilə eyni xüsusiyyətli və eyni cinsli malların, yəni elektron-məişət və şüşə qab-qacaq malların təqdim edilməsindən məşğuldular və fəaliyyət göstərdiyi ərazi də Bakı şəhəridir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh vergi orqanı 67-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, qanunla nəzərdə tutulmuş meyarlardan kənara çıxaraq əsassız və qanunsuz olaraq analoji vergi ödəyicilərin məlumatlarından istifadə etməmişdir ki, bununla da VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etməmiş və kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, qeyd edirik ki, bundan əvvəl məhkəmələrdə baxılan vergi mübahisələri zamanı VM-nin 67-ci maddəsinin tətbiqinə dair hüquqi qiymət verilmiş və hazırda bununla bağlı Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi belə formalaşmışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələrin bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsi olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə VM-nin 67 maddəsinin normalarının sıra ardıcılığı ilə tətbiq edilməli olmasını təsdiq etmişdir. Göstərilən qanuna yeni dəyişiklik 1 yanvar 2022-ci il tarixindən qüvvəyə mindiyindən və hazırda yoxlama ilə yoxlanılan dövr 2019-2021-ci illəri əhatə etdiyi üçün əvvəlki dövrlərə, yəni mübahisələndirilən məsələyə tətbiq edilə bilməz. Səyyar vergi yoxlaması aktında ƏDV-yə dair hissə ilə bağlı məhkəmə qeyd edir ki, vergi orqanı burada da eyni pozisiya üzrə vergilərin hesablanmasını həyata keçirmişdir. Belə ki, səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, “yoxlama təqdim edilmiş sənədlərə əsasən ......müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən VM-nin 158-ci, 159-cu, 164-cü, 165-ci, 166-ci və 175-ci maddələrin tələbləri pozulmuşdur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi ƏDV dövriyyələrinin düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. VM-nin 58.1-ci maddəsinə əsasən ƏDVnin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 272 287,55 manat azaldılmasına və vergiyə cəlb olunan dövriyyənin ayrı-ayrı aylar üzrə 385 365,58 manat düzgün müəyyən olunmamasına görə vergi ödəyicisinə aylar üzrə azaldılmış məbləğin 50% miqdarında, yəni 192 682,79 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur.” Göründüyü kimi, yoxlama aktının ƏDV-yə aid hissədə hesablamanın əsas mahiyyəti iddiaçı tərəfindən ƏDV dövriyyəsinin düzgün müəyyən edilməməsi qeyd edilsə də, bu düzgün müəyyən edilməmə nədən ibarət olduğu ümumiyyətlə açıqlanmamış, pozuntu halların mahiyyəti izah edilməmiş və bu halları təsdiq edən sənədlərə istinad edilməmiş, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən ƏDV üzrə 385.365,58 manat azaldılmasının və 113.078,03 manat artıq hesablanmasının (eyni zamanda şəxsi hesab vərəqəsində həmin anda mövcud olan 51.141,70 manat artıq ödəmənin) müəyyən edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə (192 682,79 - (385 365,58 – 113 078,03 – 51 141,70) x 50%)) 82 109,87 manat hissədə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Halbuki, həmin normaya görə hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, (kassa hesabatı barədə verdiyi məlumat əsasında) yoxlama ilə əhatə edilən dövrün əvvəlinə müəssisənin təsisçisi X3 milli valyuta ilə 498.000,00 manat qalıq borcu mövcud olmuşdur. Yoxlama ilə əhatə edilən dövr ərzində isə (xx.xx.2019-xx.xx.2022) müəssisənin təsisçisi X4 tərəfindən 45.000,00 manat dəyərində müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 528 000,00 manat geri qaytarılmışdır. Təsisçi ilə müəssisə qarşılıqlı asılı olan şəxslər olduğu üçün verilmiş borc məbləğinə borcun aid olduğu dövr ərzində verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və faizlərdən ödəmə mənbəyində 10% tutularaq dövlət büdcəsinə ödənilməlidir. VM-nin 123.1-ci maddəsinin tələbləri pozulduğu üçün ÖMV üzrə 9 366,90 manat ödəmə mənbəyində vergilər hesablanmış və VM-nin 58.1-ci maddəsinə görə 50% miqdarında, 4 683,45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, yoxlamanın nəticəsinə görə cavabdeh vergi orqanı təsisçinin iddiaçıya yoxlanılan dövr ərzində verdiyi borclara faiz gəlirləri və həmin faiz gəlirlərə vergilər hesablamışdır. Qeyd edilənlərə hüquqi əsas kimi Vergi Məcəlləsinin 123-cü maddəsini əsas kimi gətirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanın göstərilən mövqeyi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil və buna əsasən hesablanmış vergilər əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən normadan da görünür ki, vergi ödəyicisi tərəfindən məhz ödənilən faizlərdən ödəniş mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. İş üzrə mövcud olan sənədlərdən görünür ki, iddiaçının təsisçisi iddiaçıya borc verərkən həmin borcun qaytarılmasını hər hansı faizlə şərtləndirməmiş, borcu iddiaçıya maddi dəstək üçün vermiş və verdiyi borclara görə iddiaçı ümumiyyətlə hər hansı məbləğdə faizlər ödəməmişdir. Belə ki, Vergi Məcəlləsinin 5-ci maddəsinin adından belə görünür ki, həmin verginin tutulması üçün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı, həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır. Yoxlama zamanı cavabdeh vergi orqanı iddiaçının təsisçisinin verdiyi borca görə iddiaçı tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanın faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Belə olan halda, faiz gəlirləri mövcud olmadığı təqdirdə ehtimallar əsasında ödəmə mənbəyində vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Bundan baqşa, məhkəmə borc münasibətləri vergi qanunvericiliyində nəzərdə tutulmadığı üçün mülki qanunvericiliyinin bəzi normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsaəsn borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən anunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Eyni Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.10-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Göründüyü kimi, borc müqaviləsi faizlərin verilməsi ilə şərtlənirsə, faiz məbləği tərəflərin razılığı ilə müqavilədə nəzərə tutulmalıdır. Əgər borc verən gəlir əldə etmək məqsədi ilə müntəzam olaraq, habelə bir çox subyektlərə pul vəsaitlərin borc verilməsini istəyirsə, bu halda yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirməsi hüququna malik olan şəxs (misal olaraq bank, kredit təşkilatı və s.) olmalıdır. Hazırkı halda isə, iddiaçının təsisçisi ilə iddiaçı arasında bağlanmış borc müqavilələrində faizlərin ödənilməsi şərtləri mövcud olmamış, eyni zamanda borc verən təsisçi isə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirməsi hüququna malik olan şəxs olmamışdır. Bu səbəbdən də yoxlama ilə vergi orqanı tərərindən təsisçiyə iddiaçı tərəfindən qaytarılan borc məbləğlərinə görə faizlər hesablanaraq həmin faizlərə görə də ÖMV üzrə vergilərin hesablanması da qanunsuz və əsassızdır. Səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, iddiaçı tərəfindən yoxlama ilə əhatə edilən dövr ərzində (İİİ rüb 2019 – İİ rüb 2022) fiziki şəxslərdən icarəyə götürdüyü təsərrüfat subyektlərinə görə 29 272,61 manat məbləğində ÖMV hesablamışdır. Həmçinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin icarə müqavilələrinə görə yoxlanılan dövrdə ÖMV üzrə hesabatda göstərilməli olan öhdəliklərin göstərilməməsi səbəbindən 45 008,61 manat vergi hesablandı. Vergi ödəyicisi tərəfindən hesablanmış 29 272,61 manat nəzərə alınmaqla əlavə olaraq 15 736,00 manat (29 272,61 – 45 008,61) manat vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 50% miqdarında, yəni 7.868,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama aktından və iş üzrə mövcud olan yoxlama materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı yoxlama zamanı iddiaçı tərəfindən faktiki ödənilən icarə haqqlarını deyil, yoxlanılan dövr ərzində bütün aylar üçün icarə müqavilələrində müəyyən edilmiş icarə haqqı məbləğlərini əsas götürməklə əlavə ÖMV hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 5-ci maddəsindən aydın görünür ki, həmin verginin tutulması üçün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı, həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır. İddiaçı da məhz qeyd edilən normaların tələblərinə uyğun olaraq yoxlanılan dövr, yəni İİİ rüb 2019 – İİ rüb 2022 dövr ərzində faktiki ödədiyi icarə haqlarına görə ÖMV hesablayıb dövlət büdcəsinə bəyan etmişdir. Cavabdeh vergi orqanı isə 2020-2021-ci illərdə pandemiya dövründə bütün təsərrüfat subyektlərinin fəaliyyət göstərmədiyini və bu səbəbdən bəzi aylar üzrə icarə haqqlarının tam və ya qismən ödənilmədiyini və digər qarşılıqlı razılıq əsasında icarə haqqlarının ödənilməməsi səbəblərini nəzərə almamış və bütün dövrlərə icarə müqavilələrdə olan icarə haqqı məbləğlərini əsas götürməklə vergiləri hesablamışdır. Məhkəmə baxışı zamanı da cavabdeh vergi orqanı tərəfindən iddiaçının bəyan etdiyi ödənişlərdən başqa əlavə icarə haqqı məbləğlərinin ödənilməsi ilə bağlı hər hansı sübut və ya dəlil təqdim edilməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı təsisçiyə ödənilən borca görə əlavə faiz məbləğlərinin və fiziki şəxslərə ödənilən icarə haqqlarından əlavə icarə haqqlarının ödənilməsini ehtimallar əsasında irəli sürsə də, həmin məbləğləri iddiaçının illər üzrə mənfəət vergisi bəyannamələrində xərc kimi nəzərə almamışdır. Həmçinin, səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, iddiaçı tərəfindən beynəlxalq daşıma ilə bağlı 345 406,11 manat məbləğində xidmət haqqı ödənilmişdir. VMnin 105-ci və 125-ci maddələrinin tələblərinə görə beynəlxalq daşıma ilə bağlı ödənişlər zamanı ödəmə mənbəyində 6% miqdarında vergi tutulmalıdır. Lakin iddiaçı tərəfindən ödəmə mənbəyində vergi tutulmadığı üçün ödənilmiş 345 406,11 manat xidmət haqqına görə ÖMV üzrə 20 724,36 manat vergi hesablanmış və VM-nin 58.1-ci maddəsinə əsasən 50% miqdarında, yəni 10 362,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə görə beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Həmin Məcəllənin 125.1.4-cü maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən - 6 faiz vergi tutulur. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir. Qanun normalarından da görünür ki, beynəlxalq daşıma ilə bağlı ödəmə mənbəyində vergi yalnız xaricdəki ölkə məntəqəsi ilə Azərbaycan Respublikasının ərazisində olan məntəqə arasında olduqda tutulur və ölkə ərazisindən kənarda və yaxud ölkə ərazisindən tranzit qaydada daşıma həyata keçirilərkən həmin daşıma ödəmə mənbəyində vergitutma obyekti hesab edilmir. İddiaçının iddia tələbinin bu hissəsinə dair dəlili ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən beynəlxalq daşımaya görə ödənilən xidmət haqqları ölkə ərazisindən kənarda, yəni daşıma iki xarici ölkədəki məntəqələr arası olduğu üçün həmin ödəmələr ödəmə mənbəyində vergitutma obyekti hesab edilmir. Ölkə ərazisinə idxal etdiyi malların Azərbaycana gətirilməsi isə yerli şirkətlər tərəfindən və cəmiyyətin özünün təşkil etdiyi nəqliyyat vasitələri həyata keçirilmişdir ki, onlara da ödənilən xidmət haqqı və çəkilən xərc ÖMV üzrə vergitutma obyekti hesab edilmir. Lakin məhkəmə baxışı zamanı iddiaçının iddia etdiyi dəlil öz təsdiqini tapmamış və iddiaçı tərəfindən qeyri-rezident hesab edilən xarici şirkətlərə beynəlxalq daşımaya (yəni xarici ölkədəki məntəqədən ölkəmizdə olan məntəqəyə kimi) görə ödənişlər edildiyi müəyyən edilmişdir ki, bu da iddiaçının beynəlxalq daşımaya görə həyata keçirdiyi ödənişlərə görə VM-nin 125.1.4-cü maddəsinə əsasən 6% məbləğində ÖMV-nin hesablanmasının qanuni olduğuna və dolayısı ilə iddia tələbinin həmin hissədə əsassız olduğuna dəlalət edir. Bundan başqa, səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2019-2022-ci illər ərzində 30 000,00 manat aylıq güzəşt limitindən əlavə 219 979,00 manat məbləğində daşıma və digər xidmətlərə görə nağd qaydada ödənişlər aparılmışdır. Nəticədə VM-nin 58.7-1-ci maddəsinə əsasən 219 979,00 manat məbləğə 10% miqdarında 21 997,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı güya yoxlama zamanı aylıq limitdən artıq ödənişlərin aparılmasını göstərmiş, lakin həmin ödənişlərin hansı tarixlərdə və hansı əməliyyatlar üzrə aparılmasını ümumiyyətlə açıqlanmamış, pozuntu halların mahiyyəti izah edilməmiş və bu halları təsdiq edən sənədlərə istinad edilməmiş, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı qeyd edilnən normarın tələblərinə zidd olaraq konkret pozuntu hallarınını açıqlamadığı və pozuntu halı hansı əməliyyatlar üzrə aparıldığını göstərmədiyi üçün iddiaçının iddia tələbi maliyyə sanksiyası hissəsində də əsaslı və qanuni hesab edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə İddiaçı MMC üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 15 dekabr 2023-cü il tarixli **********179198 qərar ilə əlavə dəyər vergisi və mənfəət vergisi üzrə hesablanmış vergilərin düzgünlüyü müəyyən edilməmiş, ümumilikdə 21.234,36 manat (20.724,36+510) məbləğində ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə ödənilməməsi müəyyən edilmişdir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyin nəticəsinə görə iddiaçıya cavabdeh vergi orqanı tərəfindən hesablanmış mənfəət vergisi və ƏDV öz təstiqini tapmamışdır. Eyni zamanda, ÖMV üzrə ümumilikdə 21.234,36 manat istisna olmaqla, qalan hissədə də öz təstiqini tapmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İddia tələbi qismən təmin olunduğundan, ekspertiza xərci tərəflər arasında mütənasib olaraq bölünməli və ödənilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixdə **********179198 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qismən, ÖMV üzrə hesablanmış 21.234,36 manat vergi və VMnin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 50% miqdarında maliyyə sanksiyası hissəsində istisna olmaqla, digər mübahisələndirilən hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz manat) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin (50 manat) və iddiaçının (50 manat) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar