Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5598/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Quba rayon DNK-da bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 18,87 ha torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçı) satılmış, “Torpağa mülkiyyət hüququna dair” J№ 2715, KOD 30320018 Dövlət Aktı verilmişdir. Quba rayon DNK-da bağlanmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 23.16 ha torpaq sahəsi iddiaçıya satılmış, “Torpağa mülkiyyət hüququna dair” J№ 2717, KOD 30320018 Dövlət Aktı verilmişdir. Hər iki torpaq sahəsi iddiaçının sahiblik və istifadəsində olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. İddiaçı 2022-2023-cü və 2023-2024-cü əkin illəri üçün subsidiya almaq üçün X1 İnformasiya Sisteminə (bundan sonra -EKTİS) vasitəsi ilə müraciət etmiş, lakin ona subsidiyanın veriməsindən imtina edilmişdir. İmtinaya əsas kimi JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə edərək EKTİS-ə daxil etmək tövsiyyə olunmuşdur. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022-2023 və 2023-2024-cü əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərin monitorinqi aparılaraq həmin əkin illəri üzrə subsidiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu İİ Nügədi kəndi ərazisində müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Torpaq sahələrini alqı-satqı ilə əldə edərək 2006-cı ildə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirərək “Torpağa Mülkiyyət Hüququna dair JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) nömrəli Dövlət Aktları alıb. Həmin torpaq sahələrində müxtəlif meyvə ağacları əkib. 2006-cı ildən həmin torpaq sahələrinə görə dövlət tərəfindən verilən subsidiyalara görə Quba rayonu İİ Nügədi Bələdiyyəsinə müraciət edərək, subsidiya alıb. 2018-ci ildən təsdiq edilmiş yeni subsidiya qaydalarına əsasən sistem tərəfindən təsdiq edilərək EKTİSdə qeydiyyatdan keçirilərək, monitorinqi aparılaraq 2018-2021-ci əkin illəri üçün subsidiya alıb. 2022-2023-cü və 2023-2024-cü əkin illəri üçün subsidiya almaq üçün müraciət etdikdə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 dekabr 2023-cü il tarixli 3-22/2-Z-46xx-xx-4779/2023 nömrəli məktubu ilə ona mülkiyyətində olan JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə edərək EKTİS-ə daxil etmək tövsiyyə olunmaqla imtina edilmişdir. Lakin Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli sərəncamının 2.1-ci bəndində qeyd edilmişdir ki, 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir. Göründüyü kimi əsassız yerə ona subsidiyanın verilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na (bundan sonra - Qayda) uyğun olaraq EKTİS üzərindən həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin EKTİS-ə inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. 2022-2023-cü əkin ili üzrə iddiaçının 18,87 hektar və 23,16 hektar torpaq sahələrinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədləri barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün həmin torpaq sahələrində salınmış bağlara görə ona subsidiya ödənilməsi mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Qeyd edilənlərə əsasən iddiaçıya subsidiya ödənilməsi mümkün olmamış və ödənilməməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının müraciətinin Agentliyə daxil olmadığını bildirmişdir. Məhkəmə bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nın tələbinə əsasən subsidiyanın verilməsi üçün müraciət EKTİS vasitəsi ilə edilir. Həmin müraciət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi web səhisəsində yer alan elektron xidmətlər bölməsində əkin subsidiyalarının verilməsi hissəsində təsbit edilmişdir. (https://www.agro.gov.az/az/ekt/elektron-xidmetler) İddiaçı da həmin sistemdə qeydiyyatdan keçərək elektron qaydada müraciət etmiş və müraciəti və ona verilmiş cavablarından çıxarışları məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X1” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; .... 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; ... 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİSdə qeydiyyata alınan fiziki və ya hüquqi şəxs; ... 1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiya; … 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. ... 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. ... 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini. 2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür. ... 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. … 3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Məhkəmənin mövqeyi İşin hallarına görə, Quba rayonu İİ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 18,87 ha (J№ 2715) və 23.16 ha (J№ 2717) torpaq səhələri iddiaçının sahiblik və istifadəsində olmaqla, iddiaçı həmin torpaq sahələrində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. İddiaçı həmin torpaq sahələrinə görə subsidiyanın verilməsi ilə bağlı EKTİS vasitəsi ilə müraciət etmiş, ona subsidiyanın verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi cavabdeh o hala istinad edir ki, iddiaçı torpaq sahələrinə mülkiyyət və istifadə hüququna dair Əmlak Məsələləri Dövlət Xidmətində qeydə alınmış çıxarışı EKTİS-ə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir. Cavabdeh “Qayda”nın 3.8. və 3.8.2-ci bəndinin tələblərinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Belə ki, həmin normaya görə, Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) SİS-ə daxil edirlər. Məhkəmə hesab edir ki, cavabdeh həmin normanı səhv tətbiq edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, işin mübahisələndirilməyən halıdır ki, həmin torpaq sahələri iddiaçının sahiblik və istifadəsindədir. Digər tərəfdən hər iki torpaq sahəsinə dair DTXK Quba rayon Şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Həmin sənəd isə, həmin dövrdə səlahiyyətli qurum tərəfindən verilmiş mülkiyyət hüququna dair sənəddir. Qeyd edilən sənədlərin hazırda ƏMDX-nin Ərazi İdarəsi tərəfindən yeni çıxarışla əvəz edilməməsi, torpaq sahələrinin iddiaçının mülkiyyətində olmaması anlamına gəlmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə, (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Digər tərəfdən istinad edilən normadan (3.8.2) göründüyü kimi, iddiaçı SİS-ə torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və istifadə hüququnu təsdiq edən sənədi əlavə etmək vəzifəsi daşıyır. İddiaçı isə qeyd edilən məlumatları özündə ehtiva edən torpağa mülkiyyət hüququna dair sənədi sistemə daxil etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sistemə əlavə edilməsi tələbi isə Qaydaların tələbinə əsasən 2025-ci il yanvarın 1-dən etibarən qüvvədə olacaqdır. Hazırda isə belə bir tələb, yəni dövlət reyestrindən çıxarışın SİS-də daxil edilməsi tələbi yoxdur. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən Qaydaların tələblərini səhv tətbiq etmişdir. Ona görə də, iddia tələbin təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. 2022-2023 və 2023-2024-cü əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərin monitorinqi aparılaraq həmin əkin illəri üzrə subsidiyanın verilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5598/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5598/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver