Məhkəmə qərarları › İş №e-2-1(112)-5600/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5600/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5600/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə, elektron qaydada iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamının İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM, 012841 №-li Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 2 ünvanında yerləşən 11 otaqdan, 125,6 kv.m yaşayış sahəsi, ümumi sahəsi 175.9 kv.m olan 11 saylı fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 184 saylı reyestr kitabında, 9033-cü səhifədə, 30/5856 qeydə alma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır. Eləcə də, iddiaçının adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport verilmişdir. Həmin Pasporta əsasən, iddiaçının qanuni əsaslarla ünvan 3 ünvanında yerləşən faktiki istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 596 kv.m təşkil edir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 239 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədi ilə 11845 ha torpaq sahəsi "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Cavabdehin Sərəncamı ilə "xxxx" MMC həmin ərazidə tikinti işləri apararkən mülkiyyət hüququnun toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsinə baxmayaraq, açıq-aşkar hüquqdan sui-istifadə edərək iddiaçının əmlakdan istifadə etmək imkanından məhrum etmiş, həmçinin həmin əmlakı məhv etmişdir. Belə ki, əvvəla, üçüncü şəxs "xxxx" MMC-nin qanunsuz hərəkətləri səbəbindən iddiaçı ona məxsus olan əmlakdan lazımınca istifadə edə bilmir. Həmin MMC, özbaşınalığa yol verərək əmlaka gələn Abay döngəsi adlı yeganə gediş-gəliş avtomobil yolunu, eləcə də iddiaçıya məxsus olan əmlakın yerləşdiyi ərazini zəbt edərək, iddiaçını əmlakından istifadə etmək imkanından məhrum etmişdir. Yeganə ictimai gediş-gəliş yolu olan Abay döngəsi vasitəsi ilə əmlakın ərazisinə daxil olmaq və ya oradan çıxamaq mümkün deyildir. İkincisi, üçüncü şəxs tərəfindən tikinti işləri aparılarkən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin sərhədini keçərək eni 4 m, uzunluğu 16.35 m olan, ümumilikdə torpaq sahəsinin 65.4 kv.m hissəsində bünövrə qazılmış, hündürlüyü 1 m səviyyədə olan daş hasarı sökülmüş, nəticədə iddiaçının istifadəsində olan torpaq sahəsinə müdaxilə edilərək onun hüquqları pozulmuşdur. Baş verilən həmin faktlar iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış və 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş Razılaşmada qeydə alınmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Həmçinin, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 nömrəli Sərəncamında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 109 nömrəli və xx.xx.2008-ci il tarixli, 06 nömrəli Sərəncamları ilə Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmiş 2203 ha torpaq sahəsinin 11845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 06 nömrəli Sərəncamında “2.203 ha” ifadəsi “1.0185 ha” ifadəsi kimi oxunsun. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş Razılaşmada qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə tərəflərin və onların nümayəndələrinin iştirakı ilə İddiaçı faktiki istifadəyə verilmiş 596,0 kv.m olan torpaq sahəsinin ölçüləri yerində aparılmış və nəticədə müəyyən edilmişdir ki, MMC tərəfindən tikinti işləri aparılarkən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhədini keçərək eni 4 m, uzunluğu 16,35 m olan, ümumilikdə torpaq sahəsinin 65,4 kv.m hissəsində bünövrə qazılmış, hündürlüyü 1 m səviyyədə olan daş hasarı sökülmüş, nəticədə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə müdaxilə edilərək onun hüquqları pozulmuş və bu Tərəflər arasında olan münasibətlərin mübahisəsiz halıdır. MMC hazırkı Razılaşma qüvvəyə mindiyi tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin müdaxilə edilən 65,4 kv.m hissəsinin sərhədlərini dəmir hasarla əhatə edib Əli Behbutovun xeyrinə təmin edəcəyinə öhdəlik götürmüşdür. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin müdaxilə edilən 65,4 kv.m hissəsinin əvvəlki vəziyyətdə olduğu kimi bərpa edilməsi, yəni sərhədlərini hündürlüyü 1 m səviyyədə olmaq şərti ilə daş hasarla əhatə edib İddiaçı xeyrinə təmin edilməsi müddəti MMC Razılaşmanın 6-ci bəndi ilə müəyyən edilmiş öhədlikləri lazımınca 7 təqvim günündən gec olmayaraq icra etdikdən sonra tərəflər arasında ayrıca Razılaşma imzalanmaqla müəyyən ediləcək. MMC öhdəsinə götürür ki, İddiaçı və onun təyin etdiyi nümayəndəsinə/lərinə Əmlaka öz mülahizəsi ilə istədiyi vaxt heç bir məhdudiyyət olmadan avtomobil ilə (eləcə də yük avtomobil ilə) sərbəst daxil ola bilməsini qeyd-şərtsiz olaraq təmin edəcək və bu məqsədlə hazırkı Razılaşma qüvvəyə mindiyi andan dərhal İddiaçı giriş darvazasının 1 (bir) ədəd açarını təhvil verəcəkdir. MMC Razılaşma ilə öhdəsinə götürdüyü öhdəlikləri vaxtında icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə müdaxilə edilməsi nəticəsində vurulmuş ziyanın qeyd-şərtsiz olaraq ona ödənilməsi təmin ediləcəkdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi ölçüsü 596 kv.m olan torpaq sahəsi İddiaçı məxsusdur. Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Seriya FM, 012841 №-li Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 11 otaqdan, 125,6 kv.m yaşayış sahəsi, ümumi sahəsi 175.9 kv.m olan 11 saylı fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 184 saylı reyestr kitabında, 9033-cü səhifədə, 30/5856 qeydə alma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 2.0.10. Əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt. 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İddiaçının torpaq sahəsinə münasibətdə istinad etdiyi hüquqmüəyyənedici sənəd Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar tutulmuşdur. Cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək hüququna malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı işdə Bakı Şəhər İcra Hakimiyyəti, xüsusi mülkiyyətdə olan (buna dair qanuni gözlənti hüququ olan) torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda, iddiaçıların torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə qanunsuz inzibati akt qəbul etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m. ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 239 nömrəli sərəncamı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, texniki pasporta uyğun 596 kv.m. ölçüdə olan torpaq sahəsi hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar