Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5604/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BŞİH Başçısı Aparatının Abadlaşdırma və X4 Departamenti X6 və İstismarı Birliyinin” 24 oktyabr 2005-ci il tarixli, 35988 saylı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 320e nömrəli bağ sahəsinə dair X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə plan ölçünün və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, “BŞİH Başçısının Aparatının Abadlaşdırma və X4 Departamenti X6 və İstismarı Birliyi”nin 24 oktyabr 2005-ci il tarixli, 35988 saylı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 320e nömrəli bağ sahəsinin mərhum X3 məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “BŞİH Başçısının Aparatının Abadlaşdırma və X4 Departamenti X6 və İstismarı Birliyi”nin 24 oktyabr 2005-ci il tarixli, 35988 saylı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 320e nömrəli bağ sahəsi (sahəsi 0,12 ha) X1 verilmişdir. Sözügedən torpaq sahəsində yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi maneəsiz və şəksiz idarə edilmişdir. Yaşayış evinin kommunal xidmətlərə dair Azərişıq, Azərsu, Azəriqaz ilə müvafiq istismar müqavilələri bağlanmışdır. Yaşayış evinin altından, yaxınlığından, ətrafından hər hansı dövlət əhəmiyyətli və təhlükəli qaz, enerji xətti keçmir. Eyni zamanda fərdi yaşayış evi hər hansı üçüncü şəxslərin, qonşuların hüququnu pozmur. 08 iyun 2013-cü ildə vəfat etmiş X2 adına Bakı Şəhəri 42 saylı Notariat Ofiasində açılmış vərəsəlik işi üzrə müəyyən edilmiş qanun üzrə vərəsə, mərhumun oğlu, İddiaçıdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən ünvanda yerləşən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə yoxdur. Əlavə olaraq, İdarənin arxiv məlumatlarında qeyd olunan bağ sahəsinə dair cizgi aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 266 saylı sərəncamı əsasında X6 və İstismarı Birliyi ilə X5 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış “Goradil ərazisindəki 320e №-li bağın istifadəyə verilməsi haqqında” 35988 №-li müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha-dan ibarət 320e saylı bağ torpaq sahəsi X2 istifadəsinə verilmişdir. ünvan 1 ünvanlanmış 17 avqust 2021-ci il tarixli 124 nömrəli məktubunda göstərilmişdir ki, 08 iyun 2013-cü il tarixdə vəfat etmiş X2 adına açılmış vərəsəlik işi üzrə müəyyən edilmiş qanun üzrə vərəsə, mərhumun oğlu, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçıdur. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədilə “BŞİH Başçısının Aparatının Abadlaşdırma və X4 Departamenti X6 və istismarı birliyi” ilə mərhum X5 arasında bağın istifadəyə verilməsi haqqında 24 oktyabr 2005-ci tarixdə bağlanmış 35988 saylı müqaviləyə əsasən Goradil ərazisindəki 320e nömrəli bağ sahəsinə dair mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi xahiş olunmuşdur. İddiaçının hazırki müraciətinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********38 №-li “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş”də qeyd edilmişdir ki, göstərilən ünvanda yerləşən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş: - X6 və istismarı birliyi Goradil bağlar sahəsindəki 194 nömrəli kooperativinin б/с nömrəli Orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarına əsasən X8 Goradil bağlar sahəsində194 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 320e nömrəli bağ ayrılmışdır. - X7 ərizəsindən görünür ki, onun adına olan Goradil bağlar sahəsindəki 194 saylı bağ sahəsinin (194 nömrəli BTK nəzdində 320e nömrəli bağ nəzərdə tutulmuşdur) X2 adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. - X6 və İstismarı Birliyi ilə X5 arasında xx.xx.2005-ci il tarixdə “Goradil ərazisindəki 320e №-li bağın istifadəyə verilməsi haqqında” 35988 №-li müqavilə bağlanmışdır. - xx.xx.2024-cü il tarixdə Goradil bağ massivi 320e saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki isə 17910.0 kv.m təşkil edir. Bağ sahəsi hasar daxilindədir. Sahədə 2 mərtəbəli ev, köməkçi tikililər var. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-17454/2025 №-li məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırma və X4 və İstismarı Birliyinin sxematik xəritəsi məhkəməyə təqdim olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə) ...
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi. 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.
3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Yuxarıda göstərilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. İşin müəyyən olunmuş hallarından iddiaçının anasına torpaq sahəsinin ayrılması icarə müqaviləsi əsasında həyata keçirilmişdir ki, həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış edir və müqavilənin qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Belə olan halda Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsi hər üç sənədin (order, qərar, icarə müqaviləsi) birgə mövcudluğunu şərtləndirmədiyindən, həmçinin müqavilə ləğv edilmədiyindən, dəyişdirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan, həmin müqavilə iddiaçının torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə işin hallarından görünür ki, iddiaçının anasına mübahisəli torpaq sahəsi müvafiq müqaviləyə əsasən, bağ təsərrüfatının idarə edilməsinə məsul olan qurum tərəfindən ayrılmışdır. Həmin müqavilə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin müqavilənin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni müqavilə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan 35988 saylı 24 oktyabr 2005-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X6 və İstismarı Birliyi ilə X5 arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəmnində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 320e nömrəli bağ sahəsi X2 icarəsinə verilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi bağ sahəsinə münasibətdə mərhum anasının hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas onun “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci maddəsində sadalanmış sənədlərə malik olmasıdır. Doğrudur ki, cavabdeh inzibati orqan iddiaçının bağ sahəsinə münasibətdə hüquqlarının yaranmasını təkzib etmir, o cümlədən bu hüquqlarının yaranmasında əsas duran icarə müqaviləsinin mötəbərliyini şübhə altına almır. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi - sxematik xəritə ilə uyğunsuzluğun mövcud olması (bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamısı) münasibətində məhkəmə qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 320e nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Buna baxmayaraq Məhkəmə hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDKR-in vəzifələrindən biridir. Məhkəmə hesab edir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından (hər iki hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir), həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən icarə müqaviləsi ləğv olunmadığından və hazırda qüvvədə olduğundan, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifəsinə aid olduğundan, cavabdehin sxematik xəritə ilə uyğunsuzluğun olmasına dair əsası imtina əsası kimi qiymətləndirilə bilməz. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamısı” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Beləliklə, məhkəmə cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhum anasına məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 320e nömrəli bağ sahəsinin mərhum X3 məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev