Məhkəmə qərarları › İş №e-2-1(112)-5613/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5613/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5613/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən onun 4 nəfərlik ailə tərkibi ilə birlikdə (özü, arvadı və iki övladı) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış hərbi qulluqçu (hərbi vəzifəli) kimi mənzil növbəsinə götürülməsi, vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsi və yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1977-ci il tarixdə Neftçala rayonu, Mirzəqurbanlı kəndində anadan olmuş, 1993-cü ilin iyul ayında Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli Fərmanına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi adlandırılmışdır) qəbul edilmiş, 1997-ci ilin iyul ayında həmin ali təhsil məktəbini bitirmiş, 1997-ci ilin iyul ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən leytenant hərbi rütbəsi ilə hərbi xidmətə qəbul edilərək zabit heyəti üzrə hərbi qulluqçu statusu əldə etmiş və 17 mart 2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət vəzifələrini icra etmişdir (21 təqvim ilindən daha çox). Azərbaycan Respublikası Müdafdiə Nazirliyinin 0218 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 156-cı maddəsinin “j” bəndinə (öz arzu ilə) əsasən 17 mart 2014-cı il tarixdən mayor hərbi rütbəsində hərbi xidmətdən tərxis olunaraq 1-ci dərəcəli ehtiyat dərəcəsinə keçirilərək hərbi vəzifəli hərbi qulluqçu statusu almışdır. O, qüsursuz hərbi xidmətlərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəfərlərlə müxtəlif təltiflərə layiq görülmüşdür. O, ehtiyata buraxılmış hərbi vəzifəli kimi ilk dəfə 05 may 2015-ci il tarixdən Azərbaycan Respublikası Səfərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsində, 04 noyabr 2021-ci il tarixdən isə Azərbaycan Respublikası Səfərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsində hərbi qeydiyyata alınmışdır. O, 20 təqvim ilindən artıq hərbi xidmət etmiş və xidmət dövründə evlə (mənzil) təmin edilməmişdir. O, X4 ilə 22 fevral 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların X9 və X7 adlı övladları anadan olmuşdur. O, hazırda evlidir. Ailə tərkibi 4 nəfərdən ibarətdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 249 saylı, 06 avqust 2015-ci il tarixli sərəncamına əsasən onun ailə tərkibi 6 nəfər olmaqla (özü və 5 qohumu) Bakı şəhəri, A.Gəraybəyli küçəsindəki 11/15 saylı evin yaşayış sahəsi 33,65 kv.m olan, 2 otaqlı 161 saylı mənzilində daimi qeydiyyatda olması nəzərə alınaraq 1 nəfərlik ailə tərkibi ilə (özü) ehtiyatda olan hərbi vəzifəli vətəndaş kimi mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, A.Gəraybəyli küçəsindəki 11/15 saylı evin yaşayış sahəsi 33,65 kv.m olan, 2 otaqlı 161 nömrəli mənzil mülkiyyətçisi tərəfindən satıldığına görə o, qeydiyyat ünvanını ona məxsus olmayan ünvan 1in, 73 saylı mənzilinə dəyişdirmək məcburiyyətində qalmış və bu səbəbdən mənzil növbəsinə durmuş olduğu uçot məlumatları Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının Aparatının 30 dekabr 2021-ci il tarixli məktubuna əsasən onun ehtiyatda olan hərbi vəzifəli kimi mənzil növbəlik siyahısına daxil edilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin 20 dekabr 2021-ci il tarixli məktubunda imtinanın hüquqi əsası kimi istinad etmiş olduğu maddi hüquq normasını səhv təfsir etməklə, yəni həmin Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasının ona şamil olunmadığı qənaətinə gəlmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, onun hərbi xidməti 21 təqvim ilindən daha çoxdur, bundan başqa cavabdeh tərəfindən nəzərə alınmayan digər məqam isə onun ehtiyatda olan hərbi vəzifəli vətəndaş kimi mənzil növbəsinə artıq digər rayon icra hakimiyyəti tərəfindən uçota götürülmüş və məhkəmələr tərəfindən bu işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsi artıq vardır. Eyni zamanda qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni, həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Halbu ki, cavabdeh tərəfindən istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Bu baxımdan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasındakı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur. Həmin xərclər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Nərimanov rayon İcra Hakimiyyətindən Cavabdehnə daxil olmuş Q-1-2-068, 07.12.2021-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, ehtiyyata olan zabit İddiaçı Nərimanov rayon İcra Hakimiyyətində güzəştli şərtlərlə olan mənzil-uçotu işi üzrə növbəliyinə dair sənədlər toplusu vətəndaş İddiaçı yeni qeydiyyat ünvanı ilə əlaqədar Nəsimi RİH-ə göndərilmişdir. Mənzil-uçotu işinə əlavə olunmuş hüquq müəyyənedici sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156 maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Cavabdeh 4/1251, 30.12.2021-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fədi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Vətəndaş İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156 maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Qeyd edilənlərə əsasən vətəndaş İddiaçı ehtiyyatda olan hərbçi kimi mənzil növbəlik siyahısına daxil etməyin mümkün olmaması barədə ona cavab verilmişdir. Hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün 3 şərt tələb olunur: 1) yaşına, səhhətinə, ştatların ixtisarına görə ailə vəziyyətinə görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması; 2) yaşayış sahəsinin olmaması; 3) 15 təqvim ili və daha çox xidmət etməsi; Qanunvericilikdə nəzərdə tutulmuş qeyd olunan 3 şərt tamamlandıqdan sonra ehtiyata buraxılmış hərbi qulluqçular mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən təqdim olunmuş 353 saylı 30.06.2015-ci il tarixli arayışdan məlum olmuşdur ki, mayor İddiaçı 12.08.1993-cü il tarixdən 17.03.2014-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən öz arzusu ilə 17.03.2014-cü ildə təxris olub. Deməli, hazırki halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısina daxil edilməsi üçün birinci şərt ödənilmir. Belə olduqda isə aydın olur ki, iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün hər hansı əsas yoxdur. Eyni mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - MN ******* №-li, 02.081997-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1993cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1997-ci ildə X6 Komandiri ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasıın 28 iyul 1997-ci il tarixli qərarı ilə ona X6 Komandiri Zenit raket silahlarının istismarı üzrə mühəndis ixtisası verilmişdir. - EZ ******* №-li, 05.05.2014-cü il tarixli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12.08.1993-cü ildən hərbi xidmətə başlamış, 17.03.2014-cü ildə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş 353 №-li, 30.06.2015ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 12.08.1993-cü ildən 17.03.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib, Azərbaycan Respublikası MNin müvafiq əmrinə əsasən öz arzusu ilə 17.03.2014-cü ildə tərxis olunmuşdur. 04.05.2015ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsində hərbi qeydiyyatdadır. - Neftçala rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 045164 №-li, 22.02.2003-cü il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X3 arasında 22.02.2003-cü il tarixdə nikahı bağlanılmış, nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. - Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ T 108912 №-li, 24.10.2019cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı, anası X4 olan X9 16.11.2003-cü il tarixdə Neftçala şəhərində doğulmuşdur. - Neftçala rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 651249 №-li, 26.10.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı, anası X4 olan X7 09.10.2005-ci il tarixdə Neftçala şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş 07.04.2014-cü il tarixli, 182 №-li arayışın surətindən görünür ki, İddiaçı xidmət etdiyi müddətdə N saylı hərbi hissənin nəznində olan N saylı hərbi şəhərcikdə mənzillə təmin edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04.07.2015-ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhər inzibati ərazi vahidi üzrə İddiaçı adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv fondunda məlumat yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04.07.2015-ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhər inzibati ərazi vahidi üzrə X2 adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv fondunda məlumat yoxdur. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 249 №-li, 06.08.2020-ci il tarixli “Vət. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında” sərəncamının surətindən görünür ki, ehtiyatda olan zabit vət. İddiaçı Nərimanov rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Vətəndaş İddiaçı ailə tərkibi 6 nəfər olmaqla (özü, 5 qohumu) A.Gəraybəyli küçəsindəki 11/15 №-li evin yaşayış sahəsi 33,65 kvm. olan, 2 otaqlı 161 №-li mənzilində daimi qeydiyyatda olduğundan, vətəndaş İddiaçı 1 nəfərli ailə tərkibi ilə (özü) hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlik siyahısına daxil edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 285 №-li, 19.11.2021-ci il tarixli sərəncamının surətindən görünür ki, ehtiyata buraxılmış həbi qulluqçu İddiaçı Nərimanov RİH-də güzəştli şərtlərlə olan mənzil-uçotu işi üzrə mənzil növbəliyi sənədləri yeni yaşayış yeri üzrə Nəsimi RİH-ə göndərilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında, 05.11.2021-ci il tarixli, ******* №-li arayışdan görünür ki, İddiaçı 04.11.2021-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30.12.2021-ci il tarixli, 1251 №-li məktubunun surətindən görünür ki, onun ehtiyatda olan hərbiçi kimi mənzil növbəlik siyahısına daxil edilməsi üçün Nərimanov rayon İcra Hakimiyyətindən Cavabdehnə daxil olmuş məktuba baxılmışdır. Məlumat üçün bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyətlərdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. O, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil olunmur. Qeyd olunanlara əsasən onun ehtiyyatda olan hərbiçi kimi mənzil növbəlik siyahısına daxil etmək mümkün deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 12.08.1993-cü ildən 17.03.2014-cı ilə qədər (20 il 7 ay 6 gün) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 mart 2014-cü il tarixli, 0218 nömrəli ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar aidiyyəti inzibati orqana (Nərimanov rayon İcra Hakimiyyətinə) müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 06.08.2015-ci il tarixli, 249 nömrəli sərəncamına əsasən iddiaçı yaşayış yeri üzrə 1 nəfərli ailə tərkibi (özü) ilə güzəştli əsaslarla mənzil uçotuna götürülmüş və birinci növbəlik siyahısına daxil edilmişdir. Lakin sonradan iddiaçının yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar etdiyi müraciətə əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 285 №-li, 19.11.2021-ci il tarixli sərəncamı ilə onun Nərimanov RİH-də güzəştli şərtlərlə olan mənziluçotu işi üzrə mənzil növbəliyi sənədləri yeni yaşayış yeri üzrə Cavabdehnə göndərilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı sənədlərə baxılmış və mənzil növbəsinə götürülməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasında duran hal isə iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil olunmamasıdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı İbrahimova İradə Bəxtiyar qızı ilə 22.02.2003-cü ildə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 16.11.2003-cü il tarixdə X9, 09.10.2005-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. İddiaçı, Qasımova (İbrahimova) İradə Bəxtiyar qızının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. İddiaçı 04 noyabr 2021-ci il tarixdən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə qeydiyyata alınmışdır. İddia ərizəsindən göründüyü kimi iddiaçının iddia tələbi üç hissədən ibarətdir: 1) Onun ehtiyata buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi: 2) Mənzil növbəsinə götürülərkən birinci növbəlik siyahısına daxil edilməsi; 3) Yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ona ödənilməsi. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin norma «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olması işin mübahisəsiz halıdır. Eyni zamanda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ müəyyən edilərkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu) ilə ehtiyata buraxılan hərbi qulluqçular istisna edilməmişdir. Həmin normada qeyd olunan hüquq ümumiyyətlə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən istinad edilən hal («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu) ilə ehtiyata buraxılma) iddiaçının mənzil növbəsinə götürülməməsi və ya onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması üçün əsas kimi çıxış edə bilməz, cavabdehin belə bir əsasa istinad edərək iddiaçını ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsindən imtina etməsi qanunsuz və əsassızdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq hüququ olmuşdur. Məhkəmə iddia tələbinin “mənzil növbəsinə götürülərkən birinci növbəlik siyahısına daxil edilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, yuxarıda adıçəkilən qanunvericiliyin müddəalarından görünür ki, hərbi qulluqçunun mənzil növbəsinin ilk sıralarında daxil edilməsi üçün, o, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmş olmalıdır. Göründüyü qanunvericilik yalnız 4 (yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə) kateqoriyadan birinə aid olan şəxsin ilk mənzil növbəsinə götürülməli olmasını şərtləndirmişdir. Hazırki mübahisə üzrə İddiaçı öz arzusu ilə ehtiyata buraxıldığında onun mənzil növbəsinin ilk sıralarına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iddia tələbinin “yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edir ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Yəni həm Qanunda, həm də Nazirlər Kabinetinin qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində konkret olaraq ehtiyata və ya istefaya buraxılan hansı hərbi qulluqçulara mənzil kirayə xərclərinin ödənilməli olması qeyd edilmişdir. Həmin hissədə nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin həmin hissəsinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının 4 nəfərlik ailə tərkibi (özü, arvadı, iki nəfər uşağı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 4 nəfərlik ailə tərkibi (özü, arvadı, iki nəfər uşağı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar