Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5668/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 76 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, “Müharibə əlilləri, Şəhid ailələri, Çernobl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmış müharibə əlilləri, Şahid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və yuxarıda qeyd olunan qərarlardan çıxarışlar nəzərə alınaraq iddiaçıya hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən 76 saylı mənzil verilmişdir. Qeyd edilən bina əlil və şəhid ailələri üçün tikilmiş, layihə smeta sənədləri xx.xx.2008-ci ildə təsdiqlənmiş, xx.xx.2008-ci ildən tikintisinə icazə verilmişdir. Bina tikildikdən dərhal sonra mənzilləri təyinatı üzrə əlil və şəhid ailələrinə, o cümlədən də, iddiaçıya təhvil verilmişdir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə alınması, həmçinin müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə yazılı müraciət etsə də, cavabdeh tərəfindən ona imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, analoji iş üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022ci il tarixli e-2-1(112)-10564/2022 saylı qərarı mövcuddur. Həmin qərardan da müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri F.Ələkbərovun 11/10-195 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş Dövlət qəbul komissiaysının “inşası başa çatmış öbyektin istismara qəbul olunması barədə Akta əsasən Bakı şəhəri Yasamal rayonunda əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi istismara qəbul edilmişdir. Yaşayış evinin layihə-smeta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 11/7-268 saylı əmri ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “ünvan 3 ünvanda şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 saylı sərəncamına əsasən qeyd olunan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediməklə vahid texniki istismar normalarına uyğun xidmətin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 3 ünvanda tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, hesab edir ki, iddiaçıya mənzilin verilməsi haqqında xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncam faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər tikilməyə başlamış və dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzil iddiaçıya veriilmiş, iddiaçının isə qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Odur ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 31 a saylı evin, 76 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, X1, 25 saylı evin, 6 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalniz bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, X1, 25 saylı evin, 6 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsinin 76.8 kv.m olduğu məlum olmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalniz bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal- məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.
5. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “İddiaçı şəhid ailəsi kimi güzəştli mənzil uçotuna götürülməsi” haqqında xx.xx.2000-ci il tarixli, 620 nömrəli Sərəncamına əsasən İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, 2 qızı) güzəştli mənzil uçotuna götürülmüş və şəhid ailələri siyahısına daxil edilmişdir.
6. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli sərəncamından çıxarışa əsasən: “Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 5 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri, Şəhid ailələri, 20 yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısi və yuxarıda qeyd olunan qərarlardan çıxarışları nəzərə alaraq; 1.Aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri, BVM- si əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərə dair onlarla kirayə müqavilələri bağlansın. ... -İddiaçı, ailə tərkibi 3 nəfər, Əsəd Əhmədov küç., ev 31a, mənzil 76, -2otaq, ümumi sahəsi 77,82 kvm., yaşayış sahəsi 35,78 kvm. -İddiaçı mənzil növbəsindən çıxarılsın..”
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktına əsasən mənzil 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşir. Mənzil ərizəçinin istifadəsindədir. Milli qəhrəman ailəsidir.
8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
13. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
14. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
15. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
16. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X4 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
17. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
21. Cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.11-ci maddəsinə (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) istinad edərək iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, 2 qızı) xx.xx.2000-ci ildə mənzil uçotuna götürülmüşdür (Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “İddiaçı şəhid ailəsi kimi güzəştli mənzil uçotuna götürülməsi” haqqında xx.xx.2000-ci il tarixli, 620 nömrəli Sərəncamına əsasən). Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli sərəncamına əsasən Bakı şəhəri Əsəd Əhmədov küç., ev 31a, mənzil 76, - 2otaq, ümumi sahəsi 77,82 kv m., yaşayış sahəsi 35,78 kv m olan mənzilə dair 3 (dörd) nəfər ailə tərkibi ilə birlikdə sosial kirayə müqaviləsi bağlanılmış və mənzil növbəsindən çıxarılmışdır. İddiaçı Bakı şəhəri Əsəd Əhmədov küç., ev 31a, 76 mənzilində qeydiyyatda olmaqla yaşayır.
23. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Yasamal rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2012-ci il tarixli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2012-ci il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki İddiaçı xx.xx.2000-ci ildən şəhid ailəsi kimi mənzil növbəsində olmuşdur.
24. Məhkəmə eyni zamanda hesab edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1ci maddəsi çıxış edir. Belə ki, Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 6 ünvanda yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir.
25. Məhkəmə nəzərə alır ki, həmin mənzillərin müvəqqəti olaraq və ya kirayəyə verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli Sərəncamı ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır.
26. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzillə eyni binada yerləşən digər mənzillər üzərində başqa şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınmışdır. Belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftar (hüquqlarının qeydiyyatından imtina) bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.
27. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
28. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 76 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva