Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5698/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona birdəfəlik ödəmənin verilməsindən imtina edilməsinə dair qərarın ləğv edilməsi və ona 190 manat birdəfəlik ödəmənin verilməsi, onun şikayət və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 127 saylı qərarı ilə təsdiq edilmiş qaydalara əsasən ona 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx xxxxx 2020-ci ildə 142 çağrı mərkəzi vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək işsiz kimi qeydiyyata alınmasını xahiş etmişdir. Nazirlik onu xx xxxxx 2020-ci il tarixdə işsiz kimi qeydiyyata almışdır. Lakin 190 manat birdəfəlik ödəmə verilməsindən imtina etmiş və bu barədə ona xx.xx.2020-ci il tarixdə SMS vasitəsi ilə məlumat vermişdir. Nəsimi Rayon Məşğulluq Mərkəzinə etdiyi çoxsaylı şikayətlərinə məhəl qoyulmamişdir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu”nun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yazılı formada təsbit olunmuş inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Onun iş üzrə isə Nazirliyin imtina aktında həmin imtina aktının qəbul edilməsinə əsas olan qanun və ya digər normativ hüquqi akt göstərilməmişdir. Yəni, ona bəlli deyil ki, Nazirlik hansı qanun və ya digər normativ hüquqi akt əsasında ona birdəfəlik ödəmə verilməsindən imtina etmişdir. O, x xxx 2020-ci il, xx xxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il, xx xxxx 2020-ci il tarixində 142 çağırı mərkəzi vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmişdir, lakin iki ay keçməsinə baxmayaraq, hələ də heç bir cavab almamişdır. Azərbaycan Respubliksinin Nazirlər Kabinetinin COVİD-19 dövründə işsiz kimi geydiyyatda olan şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasi barədə xx xxxxx 2020 qərarında deyilir ki, “2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir”. O, bu qərarin 2.3-cü bəndində göstərilən kateqoriyaya aid deyil. Buna görə də hesab edir ki, o, 190 manat birdəfəlik ödəmə verilməli olan şəxslər kategoriyasina aiddir. Nazirlik öz qərarında əsas kimi ümumi olaraq qeyd etmişdir ki, guya keçmiş həyat yoldaşı barədə təhrif olunmuş məlumat verdiyi üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Nazirlik bu iddia ilə əlaqədar heç bir sübut təqdim və ya sübuta istinad etməmişdir. Bu iddia əsassızdır, çünkü o, keçmiş həyat yoldaşı barədə heç bir təhrif edilmiş məlumat verməmişdir. Ona görə də hesab edir ki, Nazirliyin onun müraciəti barədə imtinası qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı Nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, İddiaçı birdəfəlik ödəməni almaq üçün e-Sosial portalı vasitəsi ilə online müraciət etmiş və işsiz kimi qeydiyyatdan keçmişdir. Müraciət zamanı özü barədə məlumatları anketdə doldurarkən arvadı barədə düzgün olmayan məlumat qeyd etmişdir. X2 FİN: 1HM75XM arvadı kimi göstərsə də Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci yarımbəndinə uyğun olaraq ailə vəziyyəti haqqında məlumatların yoxlanması zamanı X1 olduğu aşkarlanmışdır. Belə olan halda həmin Qaydanın 3.4-cü yarımbəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan E-SOSİAL.AZ ünvanından İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, onun həyat yoldaşı barədə təhrif olunmuş məlumatlar aşkarlandığı, şəxs boşanmış yenidən evlənmiş, sistəmdə əvvəlki həyat yoldaşının məlumatları yazıldığı üçün ona imtina edilmişdir. İş materiallarında olan fərdi məşğulluq vərəqindən görünür ki, İddiaçı işsiz kimi qeydiyyata alınmışdır, Qeydiyyat tarixi xx.xx.2020-ci ildir, işaxtaran kimi qeydiyyatda olduğu müddət 133 gündür. Ailə vəziyyəti evli qeyd edilmişdir. İş materiallarında olan məşğulluq alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı birdəfəlik ödəməni almaq üçün xx.xx.2020-ci il tarixdə e-Sosial portalı vasitəsi ilə online müraciət etmiş, İddiaçı həyat yoldaşı qismində X5 qeyd etmişdir, lakin X4 ailə vəziyyəti «subay» qeyd olunmuşdur, İddiaçı həyat yoldaşı barədə səhv məlumat daxil etdiyinə görə imtina edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 349824 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı və X8 ilə olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 173 nömrəl ilə qeyd edilmişdir. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 303307 nömrəli nikah haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı və X7 xx xxxxx 2020-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020ci il tarixdə 16 nömrəl ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 3.1-ci bəndinə əsasən şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir; 3.2-ci bəndinə əsasən işsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur; 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir; 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı işsiz kimi qeydiyyata alınmışdır, o, birdəfəlik ödəməni almaq üçün xx.xx.2020-ci il tarixdə e-Sosial portalı vasitəsi ilə online müraciət etmiş, həyat yoldaşı qismində X5 qeyd etmişdir, lakin X4 ailə vəziyyəti həmin tarixdə «subay» qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı həyat yoldaşı barədə səhv məlumat daxil etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı birdəfəlik ödəmənin alınması üçün e-Sosial portalı vasitəsi ilə müraciət etdikdən sonra “Məşğulluq” altsistemində tərəfindən bu Qaydanın 3.4cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılmalıdır. Lakin düzgün olmayan məlumatların verilməsi həmin yoxlamanın aparılmasına imkan vermir. Hazırki halda isə iddiaçı arvadı barədə səhv məlumat vermişdir. Göründüyü kimi, iddiaçı birdəfəlik ödəmənin alınması üçün müraciət edərkən tələb olunan məlumatları düzgün təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5698/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5698/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver