Məhkəmə qərarları › İş №e-2-1(112)-5699/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5699/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5699/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (hüquq departamentinin beynəlxalq layihələrin və daxili sənədlərin hüquqi təminatı şöbəsinin hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı informasiya sorğusuna cavab verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü, 29.1.2-cü, 29.1.6-cı, 29.1.13-cü maddələrinə əsasən Cavabdeh ASC-dən tələb etdiyi informasiyanın ona verilməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci fəslinin 374-cü maddəsinin (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) 374.1-ci bəndinə görə (İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə) cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 oktyabr 2020-ci il tarixli qərardadına əsasən iddia tələbi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci fəslinin, 374-cü maddəsinin (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) 374.1-ci bəndinə görə (İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə) cərimə edilməsi barədə qərar qəbul edilməsi hissəsində mümkün sayılmamışdır. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci tarixində “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.3-cü maddəsini rəhbər tutaraq Cavabdeh ASC-nin sədri X1 www.e-gov.az portalı vasitəsi ilə “İctimai informasiyalar kateqoriyasına aid olduğunu, açıq informasiyalar hesab edildiyini nəzərə alaraq, 2010-2019-cu illərinin büdcəsindən Xəzər rayonu Buzovna qəsəbəsi Leyla Bədribəyli küçəsinə ayrılmış vəsaitin hesabatını və Cavabdeh ASC-nin 2010-2020-ci illərdə Xəzər rayonu Buzovna qəsəbəsi Leyla Bədirbəyli küçəsinin su və kanalizasiya xətləri ilə təmin olunmasına dair görülmüş işlər haqqında informasiyaların ona verilməsi üçün informasiya sorğusu göndərmişdir. Müraciəti xx.xx.2020 tarixində (e-gov.az portalında MN: 17647, Cavabdeh ASC-də kargüzarlıq nömrəsi A-863 8) qeydə alınmışdır. xx.xx.2020-ci tarixində sorğunun icrasının hansı vəziyyətdə olduğunu öyrənmək üçün sorğunun icraçısı Tural Mikayılov ilə (İqtisadiyyat və uçot idarəsi) telefon vasitəsi ilə əlaqə saxlamışdır. Tural Mikayılov sorğunun xx.xx.2020-xx.xx.2020-ci tarixlərində cavablanacağını bildirmiş və Whatsapp nömrəsini ona verərək, ondan ona Whatsapp üzərindən Leyla Bədirbəyli küçəsinin (informasiya sorğusunda məlumat almaq istədiyi küçə) ünvanını göndərməsini xahiş etmişdir. O, Tural Mikayılova ünvanı göndərdikdən sonra ona heç bir cavab verilməmişdir. Belə ki, informasiya sorğusuna 7 iş günü ərzində cavab verməyərək Cavabdeh ASC tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsi pozulmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, X3 xx.xx.2020-ci il tarixində www.e-gov.az portalı vasitəsilə ilə Cavabdeh ASC-yə müraciət edərək 2010-2019-cu illərin büdcəsindən Xəzər rayonu Buzovna qəsəbəsi Leyla Bədirbəyli küçəsinə ayrılmış vəsaitin hesabatını və Cavabdeh ASC-nin 2010-2020-ci illərdə Xəzər rayonu Buzovna qəsəbəsi Leyla Bədirbəyli küçəsinin su və kanalizasiya xətləri ilə təmin olunmasına dair görülmüş işlər haqqında informasiyaların təqdim olunmasını istəmişdir. Vətəndaşın müraciəti 27 iyul 2020-ci il tarixində Cəmiyyət tərəfindən 04/04-1/1/9557 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1.1-ci bəndinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu icra olunmuş sayılır. İddia tələbi heç bir qanunvericilik normasına əsaslanmışdır və məhkəmə qaydasında rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron müraciət” elektron xidmətinin müraciət blankından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Cavabdeh ASC-nin sədrinə müraciət edərək, ictimai informasiya kateqoriyasına aid olduğunu, açıq informasiyalar hesab edildiyini nəzərə alaraq, 2010-2019-cu illərin büdcəsindən ayrılmış vəsaitin hesabatını və Cavabdeh ASC-nin 2010-2020-ci illərdə Xəzər rayonu Buzovna qəsəbəsi Leyla Bədirbərli küçəsinin su və kanalizasiya xətləri ilə təmin olunmasına dair görülmüş işlər haqqında informasiyaları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3, 29.1.4, 29.1.6, 29.1.8, 29.1.5, 29.1.19-cu maddələrini və digər müddəaları rəhbər tutaraq 7 iş günü ərzində ona verilməsinin təmin edilməsini xahiş etmişdir. Müraciət 17647 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 04/04-1/1/9557 saylı məktubdan görünür ki, iddiaçının Xəzər rayonu, Buzovna qəsəbəsi, Leyla Bədirbəyli küçəsində su təchizatı şəbəkəsinin inşası ilə əlaqədar A-8638 saylı, xx.xx.2020-ci il tarixli məktubla Cavabdeh ASC-nə daxil olmuş müraciətinə baxılmış və bildirilmişdir ki, Cavabdeh ASC-nin sifarişi ilə Abşeron yarımadasının yaşayış məntəqələrinin, o cümlədən Buzovan qəsəbəsinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədi ilə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri hazırlanmışdır. Layihələrin icrası su təchizatı və kanalizasiya sistemlərinin mövcudluğu, onların imkanları, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Xəzə rayonu, Buzovna qəsəbəsinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində qəsəbənin mərkəzi hissəsini əhatə edən yaşayış məhəllələrində su şəbəkələri inşa olunmuşdur. Qeyd olunan layihə çərçivəsində qəsəbənin digər yaşayış sahələrində, o cümlədən Leyla Bədirbərli küçəsində su şəbəkəsinin inşası işlərinin icrası Cəmiyyətin tədbirlər planına uyğun mərhələlərlə həyata keçiriləcəkdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə Cavabdeh ASCnin sədrinə müraciət edərək, ictimai informasiya kateqoriyasına aid olduğunu, açıq informasiyalar hesab edildiyini nəzərə alaraq, 2010-2019-cu illərin büdcəsindən ayrılmış vəsaitin hesabatını və Cavabdeh ASC-nin 2010-2020-ci illərdə Xəzər rayonu Buzovan qəsəbəsi Leyla Bədirbərli küçəsinin su və kanalizasiya xətləri ilə təmin olunmasına dair görülmüş işlər haqqında informasiyaların ona təqdim edilməsini xahiş etmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3, 29.1.2, 29.1.6, 29.1.13-cü maddələrinə əsasən Cavabdeh ASC-dən tələb etdiyi informasiyanın ona verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibi sayılırlar. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən informasiya sahibi bu Qanunun 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq informasiyanın əldə olunmasına şərait yaradır, yaxud informasiyanı sorğuçuya təqdim edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən informasiya sahibi informasiya sorğusuna ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq cavab verməlidir. Həmin Qanunun 27.1.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə informasiya sorğusu icra olunmuş sayılır. İşdə olan Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 04/04-1/1/9557 saylı məktubdan görünür ki, iddiaçının Xəzər rayonu, Buzovna qəsəbəsi, Leyla Bədirbəyli küçəsində su təchizatı şəbəkəsinin inşası ilə əlaqədar A-8638 saylı, xx.xx.2020-ci il tarixli məktubla Cavabdeh ASC-nə daxil olmuş ərizəsinə baxılmış və iddiaçının müraciətinə cavab verilmişdir. İddiaçı yuxarıda qeyd olunan məktubla onun 14 iyul 2020-ci il tarixli müraciətinə cavab verilmədiyini, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli başqa məktuba cavab verildiyini bildirmişdir. Lakin işdə olan “Eleketron müraciət” elektron xidmətinin müraciət blankından görünür ki, iddiaçı informasiya sorğusunu 14 iyul 2020-ci il tarixdə saat 20:13-də, yəni iş günü bitdikdən sonra elektron müraciət qaydasında etmişdir. Buna görə də həmin müraciət sistem tərəfindən növbəti iş günü üzrə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə informasiya sahibi olan Cavabdeh ASC sorğuda tələb olunan informasiyanı iddiaçının ünvan 3 ünvanına göndərməklə icra edərək hərəkətsizlik göstərməmişdir. Belə olan halda iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Beləliklə iş materialları ilə iddiaçının tələbinin əsaslı olmadığı sübut olunduğundan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar