Məhkəmə qərarları › İş №e-2-1(112)-5707/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5707/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5707/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Rusiya Federasiyasının “X7” cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********189368 saylı Qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) fəaliyyətə başladığı müddətdən etibarən daima vergi hesabatlarını vaxtlı vaxtında təqdim etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin xx.xx.2024-cü il tarixli **********189368 saylı Qərarı ilə Rusiya Federasiyasının “X7” MMCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (**********) barəsində səyyar vergi yoxlamasının keçirilməsi: yoxlama ilə əhatə olunan vergi dövrü:Dekabr 2017-oktyabr 2024. Bu qərar xx.xx.2024; tələbnamə xx.xx.2024-cü ildə elektron qaydada bizə göndərilmişdir. Qərarla razı deyillər. Belə ki, bu yuxarıda qeyd edilən qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. İlkin olaraq bu münasibət 2016-cı ildən başlamış və bu günə kimi davam edir. Bu da 2017-ci ildə şəxsi vərəqədə artıq ödəmənin tələb edilməsi olub ki, onlar da buna məcbur olmuşdur. Çünki cavabdeh tərəfindən vaxtı ötmüş, tələb ediməyən məbləğlər kimi silinməsini icra edirdi. Qanunvericiliyə əsasən tövsiyyə ediləni etmiş və həmin gündən növbədənkənar səyyar vergi yoxlamalarının ard-ardı kəsilməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli qərarla 2014-2016-cı illər; xx.xx.2020-ci il tarixli qərarla avqust 2017-iyul 2020-ci illərin növbədənkənar səyyar vergi yoxalaması ilə keçirilən yoxlama nəticəsində müvafiq aktlar tərtib edilmişdir. Bakı İnzibati məhkəməsinin 2-1(112)-1253/2020 saylı xx.xx.2020-ci il tarixli Qərar ilə (hakim F.Mədətli) Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iddiası təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, fazilərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarın ləğv edilməsi, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixdə Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaitinin cavabdeh Аzаrbаусаn Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102) -2113/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı İnzibati məhkəməsinin 2-1(112)-1253/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirlmədən saxlanılmışdır. Bakı İnzibati məhkəməsinin 2- 1(112)-1253/2020 saylı xx.xx.2020-ci il tarixli Qanuni qüvvəyə minmiş, cavabdeh tərəfindən 1.864.930.70 manat şəxsi vərəqəyə geri qaytarılmış, 2.014.350.04 manat artıq ödəmənin bizə geri qaytarılması üçün Maliyyə Nazirliyinə rəy ünvanlanmışıdr. Yəni məhkəmə qərarı qismən icra edilmişdir. (qərarlar əlavə edilir). Əsas diqqət çəkən məqam isə odur ki, vergi orqanı tərəfindən artıq Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (**********) barəsində xx.xx.2020-ci il tarixli **********140131 saylı qərarı ilə avqust 2017-iyul 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamanın keçirilməsi qərar alınmışdır. İddiaçıya növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********140171 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Cavabdehin **********154512 saylı, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə iddiaçıya əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. **********154512 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə müraiət edilmişdir. Həmin məhkəmə prosesi ilə yanaşı cavabdeh tərəfindən qanuni nümayəndə barəsində cinayət işi də açılmışdı. Məhkəmə baxışları zamanı **********154512 saylı, xx.xx.2022-ci il tarixli qərar məhkəmə tərəfindən ləğv edilmiş, Ali məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1197/2024 qərarı ilə vergi orqanın şikayəti mümkünsüz sayılmışdır. (qərarlara əlavə edilir.) Qərarlar qanuni qüvvəyə minmiş, cavabdeh tərəfindən icra edilmişdir. Şəxsi vərəqəyə silinmiş məbləğ geri qaytarılmışıdır. Buradan belə nəticə çıxarılır ki, Qanunvericiliklə iddaçının barəsində olan cinayət işinə xitam verilməlidir. Lakin cavabdeh yuxarıda sadalanan və məhkəməyə təqdim edilən Ali məhkəmənin qərarlarına əhəmiyyət vermədən bitmiş bir iş üzrə yeni qərar qəbul edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə VM-nin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlamasının dekabr 2017-oktyabr, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü dekabr 2017-iyul keçirilməsi qərara alınmışıdr. Halbuki bu illər artıq yoxlanmış 2024-cü ilin hesabat dövrü bitməmişdir. Cavabeh tərəfindən hesab edilir ki, qəbul edilən qərar qanunsuz və əsassızdır. Vergi Məcəlləsinin 38.3.6.-ci maddəsinə əsaəsn, cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. İddiaçı barəsində heç bir məhkəmə və ya hüquq mühafizə orqanının qərarı yoxdur ki, vergi yoxlaması keçirilsin. Məhkəmələr bitib, qərarlar qanuni qüvvəyə minib, hətta iddiaçı tərəfindən icra edilib. Hüquq mühafizə orqanın qərarı da yoxdur ki, vergi yoxlaması keçirilsin. Yox əgər inzibati orqanın bu mübahisələndirilən qərarına istinad edilirsə bu iş də xitam edilməsi gərəkirdi. Cavabdeh iddiaya dair xx.xx.2025-ci il tarixli 3-21-2-5/2-919/2025 saylı vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Eyni zamanda, adı çəkilən Plenum qərarının 13-cü bəndində qeyd edilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Məhkəmənin nəzərinə çatdrılmışdır ki, iddiaçı yanlış olaraq inzibati akt hesab etdiyi səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Həmin qərar müstəqil inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsində aralıq inzibati akta “konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt” kimi anlayış verilmişdir. Hazırkı iş üzrə də yoxlamanın təyin edilməsi barədə qərar adından da göründüyü kimi yoxlamanın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Yoxlamanın təyin edilməsi barədə qərar inzibati akt hesabedilmədiyindən həmin qərarın mübahisələndirilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. İddiaçının özünün istinad etdiyi İnzibati Prosessual Məcəllənin maddələri də aralıq inzibati aktın deyil, inzibati aktın mübahisələndirilməsi imkanını nəzərdə tutur. İPM-nin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədibirdir. Bu maddəyə şərh verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilmiş ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı. -ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı. -hakimiyyət tədbiri olmalıdır. İnzibati aktın hüquqi nəticələrin yaradılması ilə bağlı isə bildirilmişdir ki, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçiriiməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Verilmiş şərhə uyğun olaraq iddiaçının mübahisələndirdiyi qərarın onun üçün hüquqi nəticələr yaradılmasına münasibətdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları təhlil olunarkən belə nəticə əldə olunur ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Həmin Məcəllənin müvafıq olaraq 38.1, 39.1 və 49-cu maddələrində nəzərdə tutulmuş qaydalara görə, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul ediləndən sonra yoxlama həyata keçirilir, onun nəticələri aktla rəsmiləşdirilir və daha sonra yoxlamanın nəticələrinə dair materiala baxılaraq qərar qəbul edilir. Yalnız Məcəllənin 49.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edildiyi təqdirdə vergi ödəyicisinin vergilərin ödənilməsi barədə öhdəliyi mövcud olur ki, məhz bu qərarın hüquqi nəticələr yaratdığı müəyyən edilir. Aparılmış qiymətləndirmə ilə müəyyən olunur ki, inzibati aktın əsas əlamətlərindən biri olan element - inzibati aktın hüquqi nəticələr yaradılması mübahisələndirilən qərara münasibətdə mövcud olmamışdır. Belə olan halda isə səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilə bilməz və onun inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayılmamalıdır. Çünki İPM-nin 35.1-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Eyni zamanda formalaşmış məhkəmə təcrübəsində analoji iddialar məhkəmələr tərəfindən qeyri-mümkün sayılır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı iddia ərizəsini prosessual pozuntuya yol verməklə tərtib etdiyindən iddia tələbi mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2025-ci il tarixli vəstatindən görünür ki, iddiaçı tərəfindən yanlışlığa yol verilərək Dövlət Vergi Xidməti cavabdeh qismində müəyyən edilmişdir. Belə ki, iddiaçıya münasibətdə yoxlama Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən aparılır. Digər tərəfdən bildiririk ki, ərizə əsassızdır və mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarı mübahisələndirir və Ali Məhkəmə tərəfindən qəbul edilmiş çoxsaylı qərarlara (xx.xx.2023-cü il tarixli 2-1(102)-1789/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1208/2023 nömrəli və s.) əsasən "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərar şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmadığından iddianın predmeti ola bilməz. Qeyd edilənləri nəzərə alaraq Dövlət Vergi Xidmətinin cavabdehlər siyahısından çıxarılması və ərizənin mümkünsüz sayılması xahiç edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarı ləğv edilmiş və xx.xx.2018-ci ildə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləği şəxsi vərəqəyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət nəfinə keçirilmişdir. Azərbaycan Respublikası adından Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli 2-1(102)-2113/2022 saylı qərarından görünür ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1810/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası adından Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli 2-1(102)-1197/2024 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3168/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərininin İbtidai Araşdırılması Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-2-5/2-6971/2024 saylı məktubdan görünür ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189365 nömrəli Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********189400 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə elektron poçta göndərilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərininin İbtidai Araşdırılması Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********189400 nömrəli Vergi yoxlanmasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********189365 nömrəli qərardan görünür ki, Rusiya Federasiysaının "X7” MMCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Dekabr 2017 - Oktyabr 2024 ,o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Dekabr 2017 - İyul 2020.Yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahələrinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X3 tapşırılmışdır.Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyi Azərbaycan Respublikası adından Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1208/2023 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyinə uyğundur. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Bu baxımdan qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlər ödənildiyi təqdirdə məhkəmə tərəfindən mümkün sayılır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi anlamında iddianın mümkün sayılması üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması imkanı mövcud olmalıdır. Yalnız inzibati orqanın inzibati aktları, hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması imkanının və ya ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2024-cü il tarixli **********189368 saylı qərar qəbul edilmişdir. İddiaçı məhz həmin qərarı mübahisələndirir. Məhkəmə səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsində səyyar vergi yoxlamasının növbəti və növbədənkənar olmaqla, iki növü müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən hər iki yoxlamanın keçirilməsi barədə qəbul olunmuş qərar inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı qərarın inzibati akt sayılması üçün, həmin qərarın ünvanlandığı şəxsə münasibətdə mütləq qaydada hüquqi nəticələr yaratması tələb olunur. Başqa sözlə, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi statusunda müəyyən dəyişikliyə səbəb olur, onun hüquqi vəziyyətini dəyişdirir, şəxsin üzərinə müəyyən vəzifə və ya öhdəlik qoyur, yaxud da onun bu və ya digər hüququnu təsbit edir və ya ona hər hansı hüquq tanıyır və bunun üzərindən hüquq münasibətlərinin əmələ gəlməsinin, mövcud münasibətlərin dəyişdirilməsinin və ya onlara xitam verilməsinin hüquqi əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin əlaqəli təfsiri baxımından səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar inzibati aktın normativ anlayışı ilə ehtiva olunan zəruri hüquqi nəticə yaratmaq əlamətinə malik deyildir. Başqa sözlə, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Həmin qərarın yoxlamaya məruz qalan şəxs üçün yarada biləcəyi müəyyən faktiki narahatlıqlar onun hər hansı hüququnun məhdudlaşdırılması və ya onun hüquqları sferasına müdaxilə kimi qiymətləndirilə və ona münasibətdə hüquqi nəticə anlamında qəbul edilə bilməz. Belə ki, hüquqi nəticə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar üzərindən deyil, həmin qərar əsasında aparılan yoxlamanın yekununa dair vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qəbul edilmiş qərar üzərindən yaranır. Başqa sözlə, vergi məsuliyyəti (hüquqi nəticə) səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar əsasında deyil, yoxlamanın yekununa dair vergi orqanı tərəfindən istinad olunan normaya (Vergi Məcəlləsinin 49-cu maddəsinə) əsasən qəbul edilmiş qərar əsasında yaranır. Yəni vergi ödəyicisi yalnız vergi orqanının vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi məsuliyyətinə (hüquqi nəticə) cəlb edilə bilər. Bu mənada məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradan (vergi öhdəliyi nəzərdə tutan) inzibati akt qismində qəbul olunmalıdır. Qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati akt sayıla və İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə qaydasında müstəqil şəkildə mübahisələndirilə bilməz. Bu baxımdan səyyar vergi yoxlamasının keçirilməsi barədə hazırkı qərarın mübahisələndirilməsinə dair iddia mümkün sayılmamalıdır. Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə qaydasında mübahisələndirildiyi halda, həmin mübahisə üzrə icraat çərçivəsində həm də səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanuniliyi və əsaslılığı da yoxlanılır. Hazırkı mübahisəyə münasibətdə cinayət işinin məhkəmə qaydasında ləğv edilmiş inzibati akt əsasında başlanıldığı da nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi cinayətlərinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması vergi ödəyicisinin vergi öhdəliyi barədə cavabdehin qəbul etdiyi inzibati akt əsasında müəyyən olunur. Yəni ilk növbədə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində vergi yoxlaması aparılmalı və bunun nəticəsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Həmin inzibati akt üzrə büdcəyə ödənilməli vergi borcunun məbləği 50 000,0 manatdan yuxarı həddə olduğu təqdirdə, cinayət təqibinin başlanılması üçün əsas yarana bilər. Lakin nəzərə almaq lazımdır ki, bu qayda hesablanmış vergi borcu ilə bağlı mübahisənin olmadığı hallara, yəni şəxsin vergi borcunu nəzərdə tutan inzibati aktı mübahisələndirmədiyi hallara şamil olunur və yalnız həmin hallarda keçərlidir. Vergi ödəyicisi ona hesablanmış vergi borcu ilə razılaşmadığı və konstitusion müdafiə hüququndan istifadə edərək həmin öhdəliyi müəyyən edən qərarı məhkəmə qaydasında mübahisələndirdiyi hallarda isə, cinayət təqibinin başlanılması ilə bağlı məsələ (mübahisələndirilən inzibati aktdan başqa əlavə vergilərin hesablandığı hallar istisna olmaqla) həmin mübahisənin nəticəsindən asılı olaraq həll olunmalıdır. Başqa sözlə, cinayət təqibi üzrə icraatın həyata keçirilməsinin əsası qismində 50 000,0 manatdan artıq məbləğdə vergi borcu müəyyən edən inzibati akt çıxış edirsə, həmin vergi borcunun hesablanmasına dair inzibati aktın ləğv edilibedilməməsindən asılı olaraq şəxsin əməlində cinayət tərkibinin mövcud olub-olmadığı müəyyən oluna bilər. Məhkəmə aktı ilə inzibati mübahisə vergi ödəyicisinin xeyrinə yekunlaşdığı hallarda, yəni vergi ödəyicisinin vergi öhdəliyinin mövcud olmadığının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğu hallarda, vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınmağa görə cinayət təqibinə məruz qala bilməz. Belə ki, vergidən yayınmaq üçün ən azından şəxsin vergi borcunun olduğu müəyyən edilməlidir. Vergi borcunun müəyyən olunmadığı hallarda isə cinayət hadisəsinin mövcud olmadığı nəzərə alınmalıdır. Mübahisə vergi orqanının lehinə yekunlaşdığı təqdirdə isə, dövlət büdcəsinə ödənilməli olan vergi borcunun mövcudluğu təsbit olunur. Bu hallarda mövcud borcun yaranması və ödəmədən yayındırılması ilə bağlı şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının və həmin əməlin törədilməsində şəxsin təqsirli olub-olmamasınnın müəyyən edilməsi üçün cinayət təqibi həyata keçirilə bilər Nəzərə almaq lazımdır ki, vergi nəzarəti tədbirlərinin, o cümlədən vergi yoxlamasının keçirilməsi, vergilərin hesablanması və nəticədə müəyyən edilmiş vergi öhdəliklərinə dair inzibati aktların qəbul edilməsi prosedurları və prinsipləri vergi və inzibati icraat hüququ ilə tənzimlənir. Yəni, istintaq orqanı vergi ödəyicisinin hər hansı dövr üzrə vergi öhdəliyini müəyyən edə bilməz. Belə yoxlamanın həyata keçirilməsi barədə qərarın qəbul edilməsi və yoxlamanın (inzibati icraatın) aparılması inzibati orqanın (vergi orqanının) Vergi Məcəlləsindən irəli gələn preroqatividir. Bu baxımdan, hazırki mübahisəyə münasibətdə vergi orqanının şəxsin vergi öhdəliyini müəyyən edən müvafiq qərarı olmadan, istintaq orqanı bilavasitə öz qərarında iddiaçıya münasibətdə hansı dövrün vergidən azad olunduğunu və ya vergi öhdəliyi yaratdığını müəyyən etməsi yolverilməzdir. “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci maddəsinə görə, bu Qanunun müddəaları inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur Məhkəmə xüsusi olaraq qeyd edir ki, səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə qaydasında mübahisələndirildiyi halda, həmin mübahisə üzrə icraat çərçivəsində məhkəmə tərəfindən həm də səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunauyğunluğu da yoxlanılır və həmin qərara hüquqi qiymət verilir. Bu baxımdan cavabdehin hazırkı iş üzrə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı üzrə keçirilən vergi yoxlamasının nəticələrinə dair qərarın mübahisələndiriləcəyi təqdirdə, həmin mübahisə üzrə məhkəmə icraatı çərçivəsində “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın qanunauyğunluğunun yoxlanılması və həmin qərara yuxarıda qeyd olunan pozuntular nəzərə alınmaqla hüquqi qiymət veriləcəyi imkanı da cavabdeh tərəfindən nəzərə alınmalıdır. İş üzrə cavabdehin dəqiqləşdirilməsinə dair ərizənin təqdim edilməsi iddianın mümkünsüzlüyünü aradan qaldırmayacağından, məhkəmə prosessual qənaət prinsipinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh qismində prosessual iştirakına xitam verilməsi barədə ərizənin təqdim edilməsi ilə bağlı iddiaçıya hüquqi yardımın göstərilməsini məqsəbəmüvafiq hesab etmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 32, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar