Məhkəmə qərarları › İş №e-2-1(112)-5768/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5768/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5768/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 3-21-3130/2-N-0471-8/2024 nömrəli imtinanı əsassız hesab edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərin; mərhum atam X3 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 902,0kv.m. olan “2269” saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə arayışın və plan- ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X7 xx.xx.2005-ci tarixində vəfat etmişdir. X8 ilə xx.xx.1977-ci ildə nikaha daxil olublar. Hazırda anasıyla o onun yeganə vərəsələridir. Atasından Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində “215” nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan “2269” nömrəli bağ miras qalmışdır. Belə ki, Azərbaycan SSR Bakı şəhəri icraiyyə komitəsinin X2 və X9 bağlar sahəsindəki 215 nömrəli b/ı nömrəli orderə əsasən X4 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən torpaq sahəsində “2269” nömrəli bağ verilmişdir. Mərhum atasından miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən “2269” saylı torpaq sahəsinə dair “vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə əlaqədar tərəfindən Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət edilmiş və qanunvericiliyin tələbinə əsasən o - İddiaçı, miras qoyanın vərəsəsi olaraq müəyyənləşdirilmişdir. Daha sonra, tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(008)-5519/2023 nömrəli qətnaməsi ilə qeyd olunan torpaq sahəsinin Azərbaycan SSR Bakı şəhəri icraiyyə komitəsinin X2 və X9 bağlar sahəsindəki 215 nömrəli kooperativ tərəfindən X5 verilmiş orderin AZ-İ 160776 nömrəli “ölüm haqqında şəhadətnamə”yə əsasən xx.xx.2005-ci ildə vəfat edən X4 məxsus olması faktı müəyyən edilmişdir. Buna görə də, hazırda qeyd olunan torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Publik Hüquqi Şəxsi yanında Daşınmaz ƏmlakıDövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti vardır. Bununla bağlı tərəfindən ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə, atasının adına dövlət reyestrindən arayışın verilməsi üçün müraciət etmişdir. Lakin, həmin orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-25122/2024 nömrəli cavab məktubunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məktubda cavabdeh orqan tərəfindən belə əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsinin ölçüsünün sənəd üzrə 1200,0 kv.m., faktiki olaraq isə 902,0 kv.m. olması qeyd edilmişdir. Həmçinin, cavabdeh qeyd etmişdir ki, idarənin arxivində təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Bunu nəzərə alaraq, tərəfimdən xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə yenidən müraciət edilmişdir. Həmin ərizəyə Azərbaycan Respublikasımı Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli arxiv çıxarışı da əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 9 oktyabr 2024-cü il tarixli Arxiv çıxarışında 215 №-li LƏİŞ bağ-tikinti kooperativi üzvlərinin siyahısında atam X3 da ad qeyd edilmiş və 30 yanvar 1991-ci il tarixli oderin düzgünlüyü təsdiq edilmişdir. O cümlədən, cavabdeh tərəfindən göstərilən əsaslar nəzərə alınaraq, tərəfindən notarial qaydada verilmiş xx.xx.2024-cü il tarixli, **********576 nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massiv- ünvanında yerləşən “2269” saylı torpaq sahəsinin sənəd üzrə ölçüsünün azalaraq faktiki sahəyə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Belə olan halda cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-25122/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə imtinaya əsas kimi göstərilən hallar aradan qalxdığı üçün qeyd olunan torpaq sahəsi üzrə mərhum atası X3 adına arayış verilməsi zərurəti yaranmışdır. Buna görə də, tərəfimdən yenidən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********50 nömrəli məktubla formal olaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı ona xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Halbuki xx.xx.2024-cü il cavab məktubunda göstərilən nöqsanlar aradan qaldırılmış, cavabdeh orqanın onun müraciətinə imtina verilməsi üçün mövcüd olmuş əsasların aradan qaldırıldığı sübut edən məlumatlar müraciətinə əlavə edilmişdir. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən iş üzrə yeni hallar nəzərə alınmadan, formal olaraq müracətinə baxılmış, təkrar olaraq artıq mövcüd olmayan əsasların olması səbəbi ilə, əvvəl verilmiş imtina üçün mövcüd olmuş əsaslarla yenidən imtina verilmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixli, 3-21-3130/2-N-0471- 8/2024 nömrəli imtinanın əsassız hesab edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin saylı Bakı Ərazi İdarəsinin üzərinə mərhum atam X3 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanındı yerləşən, ümumi sahəsi 902,0kv.m. olan “2269” saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul olunması zərurəti vardır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********22 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində təqdim etdiyiniz X2 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi bağlararası yola düşür. Bundan əlavə göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200,0 kv.m., faktiki isə 902,0 kv.m. təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək X3 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən, ümumi sahəsi 902.0 kv.m olan 2269 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 160776 nömrəli Ölüm haqqında Şəhadətnamədə göstərilmişdir ki, X7 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 1142 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 95 nömrəli məktubunda göstərilmişdir ki, X3 xx.xx.2005-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə Sizə məlumat verilir. ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayış verməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və X9 Bağlar Sahəsindəki 215 nömrəli kooperativi tərəfindən verilmiş Orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 nömrəli qərarına əsasən X4 Ləhiş bağlar sahəsində 215 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2269 nömrəli bağ ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-5519/2023 nömrəli Qətnaməsinə əsasən ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin 30 sentyabr 1991-ci il tarixli, 1/16 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində "215" nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan "2269" nömrəli bağın ayrılması barədə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi, Ləhiş bağlar sahəsindəki "215" nömrəli kooperativ tərəfindən X5 verilmiş orderinin AZ-İ 160776 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci ildə vəfat edən X4 məxsus olması faktı müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-8960/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki sahəsi 0.0902 ha təşkil edir. Bağ sahəsinin sərhədləri 3 tərəfdən şərtidir, 1 tərəfin bir hissəsi şərtidir, digər hissəsi isə qonşu hasarla ayrılıb. Torpaq sahəsində tikili yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-8022/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2269 saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-1165/2025 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 nömrəli qərara əsasən 2 nömrəli Əlavə olaraq 215 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin Siyahısında 1-ci sırada X3 adı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-25114/2025 nömrəli məktubunda göstərilmişdir ki, 215 nömrəli BTK-nin bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş 215 nömrəli Ləiş bağ-tikinti kooperativi üzvlərinin X1 adı 1-ci sırada qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-7205/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsinin ətrafında 2267, 2268, 2268c, 2270f saylı bağ sahələri yerləşir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli **********22 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktubda bildirilmişdir ki, idarənin arxivində təqdim etdiyiniz X2 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi bağlararası yola düşür. Bundan əlavə göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200,0 kv.m., faktiki isə 902,0 kv.m. təşkil edir. Qeyd olunanlarla yanaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5519/2023 saylı qətnaməsi əsasında 1 Saylı Bakı Ərazi İdarəsi üzərinə öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 215 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2269 nömrəli bağ torpaq sahəsi ayrılmış, bu barədə Bakı şəhər SSR İK-nin X2 və istismarı birliyinin b/s nömrəli order verilmişdir. Beləliklə, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 nömrəli qərarı əsasında verilmiş adıçəkilən bağlar təsərrüfatı idarəsinin b/s nömrəli orderi Bakı şəhəri, Ləhiş Bağlar sahəsində 0.12 ha olan 2269 №li bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -idarənin arxivində X2 və İstismarı Birliyi tərəfindən verilmiş order barədə məlumat aşkar edilməmişdir. -Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi bağlararası yola düşür. -göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m, faktiki isə 902.0 kv.m təşkil edir. Məhkəmə ilk öncə cavabdehin etirazında qeyd etdiyi bağ sahəsinə dair order nüsxəsinin idarənin arxivində olmaması ilə bağlı bildirir ki, qeyd edilən digər şəxsin adına orderin olması və yaxud iddiaçının təqdim etdiyi orderin bir nüsxəsinin idarənin arxivində aşkar edilməməsi hüququn qeydiyyatından imtinaya əsas vermir. İddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İddiaçı sözügedən b/s nömrəli orderin əslini məhkəməyə təqdim etmiş, həmçinin cavabdehin təqdim etdiyi sorğuya cavab məktubu ilə, həmçinin Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 215 nömrəli BTK üzvlərinin X1 adının da qeyd edilməsi bu orderin mötəbərliyini sübut edən sənədlərdən biridir. Adıçəkilən BTK üzvlərinin siyahısı inzibati orqanın arxivində də saxlanılır. Bağ sahəsinin bir hissəsinin bağlararası yola düşməsinə gəlincə qeyd edilməlidir ki, iddia olunan torpaq sahəsinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda 2267, 2268, 2268c, 2270f saylı bağ sahələrinin yerləşdiyi görünür. Başqa sözlə, iddia olunan bağ sahəsi naturada qonşu bağ nömrələrinin ardıcıllığına uyğun yerləşmişdir. Eyni zamanda cavabdehin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, torpaq sahəsinin koordinatları, sahənin iddiaçının faktiki sahiblik və istifadəsində olduğu müəyyən edilmiş, eyni zamanda sahənin hər hansı şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilmədiyi qeyd edilmiş və Yerli müayinə aktında torpaq sahəsinin bir hissəsinin bağlararası yola düşməsi ilə bağlı məlumat qeyd edilməmişdir. Hətta iddia olunan torpaq sahəsinin bağlararası yola düşməsi belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. Nəzərə alınmalıdır ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m olsa da, faktiki isə 902.0 kv.m təşkil edir və iddiaçı məhz faktiki istifadəsində olan ölçüdə bağ torpaq sahəsinə hüququn qeydiyyatını mübahisələndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddia olunan torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən, ümumi sahəsi 902.0 kv.m olan 2269 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən, ümumi sahəsi 902.0 kv.m olan 2269 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar