Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5780/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) 29.01.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh **********6 nömrəli 15.02.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanın əsası kimi göstərmişdir ki, 17.09.1983-cü il tarixli İT-İ № ******* nömrəli əmək kitabçası və əyani təhsil müddəti haqqında diploma əsasən ümumi iş stajı 01.01.2006-cı il tarixinədək 21 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd olunan 12.02.1998-ci il tarixindən 05.12.2005-ci il tarixinədək işlədiyi “Xidmət” Dövlət şirkəti və “Ocaq” trestinin Bakı şəhəri TTİ-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 12.02.1998-ci ildən 05.12.2005-ci il tarixədək Azərbaycan Respublikası "Xidmət" dövlət şirkəti Ocaq" trestinin Bakı Təmir Tikinti İdarəsinin texniki istehsalat şöbəsində mühəndis vəzifəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, 62 yaşının tamam olduğu 10.12.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, inzibati orqana və məhkəməyə təqdim etdiyi əmək kitabçası və diplom ilə onun 26 il 6 aydan artıq sığorta stajının hesablanması, habelə 10.12.2020-ci ildə 62 yaşının tamam olması ona Nərimanov RPİ tərəfindən 05.01.2009-cu ildə verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Ona görə də onun əmək kitabçasındakı tədqiq olunan qeydlərin işlədiyi təşkilatların səlahiyyətli şəxsləri tərəfindən imzalanması və təşkilatların möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, habelə həmin müəssisələrdə işlədiyi bütün əmək fəaliyyəti dövrünün 18 fevral 1997-ci il tarixdə qəbul olunmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə əhatə olunması və həmin qanunun müəyyən etdiyi qaydaların müəssisə üçün məcburi xarakter daşıması, həm də qeyd olunan Qanuna əsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşməsi – bütün bunlar onun əmək kitabçasındakı və diplomdakı qeydlərə əsasən 26 il 6 aydan çox olan iş stajı, məhz onun sığorta satjı kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, iddiaçının təqdim etdiyi 17.09.1983-cü il tarixli İT – İ № ******* nömrəli əmək kitabçası və əyani təhsil müddəti haqqında 044695 nömrəli ali təhsil diplomuna əsasən 01.01.2006-cı il tarixədək 18 il 9 ay 7 gün ümumi iş stajı vardır ki, bu da qanunvericiliklə tələb edilən müddətdən (25 ildən) azdır. Əlavə olaraq, Sosial Ödənişlərin Təyinatı üzrə X2, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin 04.02.2021-ci il tarixli Xidməti məruzəsinə əsasən iddiaçının 12.02.1998-ci il tarixdən 05.12.2005-ci il tarixədək işlədiyi “Xidmət Dövlət Şirkəti” “Ocaq” trestinin Bakı şəhəri TTİ-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün araşdırılmamış və həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən iddiaçının 01.01.2006-cı il tarixədək 18 il 9 ay 7 gün ümumi iş stajı və ona uyğun olaraq 13913,74 manat pensiya kapitalı hesablanmışdır. Qeyd edilməlidir ki, Qanunun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 10.06.2020-ci il tarixə tələb olunan pensiya kapitalı 28 800 manatdır. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsini tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci yarımbəndinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2020 – 30 iyun 2021 üzrə 62 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2020 – 30 iyun 2021 üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 62 yaşın tamam olması 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdən görünür ki, iddiaçı 10.11.1958-ci ildə doğulmuş, 62 yaşı 10.11.2020-ci ildə tamam olmuşdur. İşdə olan 044695 saylı diplomdan görünür ki, iddiaçı 1976-1981-ci illərdə M.Əzizbəyov adına X3 Ordenli Azırbaycan neft və kimya institutunda elektrik aparatları ixtisası üzrə təhsil almışdır. İşdə olan 13171929 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 12.09.1983-23.10.1989-cu illərdə Bakı ət kombinatında menecer-konstruktorçu, menecerenergetik vəzifələrində işləmiş, 01.03.1990-cı ildə Azərbaycan Respublikası SSR STN-nin “Ocaq” trestinin Bakı Təmir Tikinti İdarəsində texniki istehsalat şöbəsinə mühəndis vəzifəsinə təyin edilmiş, 17.02.1997-ci ildə işdən çıxmış, 20.03.1997-04.01.1998-ci illərdə 12 saylı trestin Xüsusi Təmir Tikinti İdarəsində baş mühəndis işləmiş, 12.02.1998-ci ildə yenidən Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkətinin “Ocaq” trestinin Bakı şəhər Təmir Tikinti İdarəsinin texniki istehsalat şöbəsinə mühəndis qəbul edilmiş, 05.12.2005-ci ildə işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus diplom və əmək kitabçasına əsasən onun ümumilikdə 25 ildən çox (26 il 7 ay 7 gün) ümumi sığorta stajı vardır. Belə olan halda aydın olur ki, iddiaçı yaş və sığorta stajı tələbini ödədiyindən ona 62 yaşının tamam olduğu 10.11.2020-ci il tarixdən pensiya təyin edilməlidir. Lakin iş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçının 12.02.1998-ci ildən 05.12.2005-ci ilədək Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkətinin “Ocaq” trestinin Bakı şəhər Təmir Tikinti İdarəsində işlədiyi dövrü qəbul etməmiş, buna görə də iddiaçının zəruri sosial sığorta stajına malik olmaması əsası ilə ona imtina cavabı vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının 1998-2005-ci illərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda onları qəbul etməmiş, yalnız həmin müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmamasına istinad etmişdir. Halbuki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası “Xidmət” Dövlət şirkətinin “Ocaq” trestinin Təmir Tikinti Sahəsi 22.09.1993-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 2004-cü ildən hazırkı dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.08.2021-ci il tarixli və 13.09.2021-ci il tarixli məktublarından görünür ki, Xidmət Dövlət Konserninin “Ocaq” icarə təmir tikinti trestinin ünvan 3 ünvanında yerləşən Bakı şəhər Təmir Tikinti İdarəsi “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq 2007-ci ildə hərrac vasitəsilə özəlləşdirilmişdir. Beləliklə, sadalanan hallardan görünür ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş, 2007-ci ildə özəlləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 27.04.2021-ci il tarixli 4/877 nömrəli məktubundan görünür ki, “Xidmət” Dövlət şirkətinin “Ocaq” Trestinin Bakı şəhər Təmir Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, müəssisənin arxiv sənədlərinin mövcud olmaması iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmin Qərarla təsdiq edilmiş Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalarının 4 və 5-ci hissələrinə əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin fəaliyyəti nəticəsində yaranan və daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir. Qeyri-dövlət idarə, təşkilat və müəssisələri öz arxiv sənədlərini saxlamaq üçün əlverişli bina və otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Bundan başqa, cavabdeh İdarənin arxiv sənədlərinin olmamasına görə iddiaçının 12.02.1998-05.12.2005-ci illərdəki stajını qəbul etməsə də, iddiaçının həmin müəssisədə işlədiyi 01.03.1990-17.02.1997-ci illərdəki stajı qəbul etmiş, bu zaman istinad etdiyi imtinanın əsasını təşkil edən dəlili 01.03.1990-17.02.1997-ci illər üzrə niyə nəzərə almamasını əsaslandırmamışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına aid edilməklə ona pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 12.02.1998-ci il tarixdən 05.12.2005-ci il tarixədək Azərbaycan Respublikası "Xidmət" dövlət şirkəti “Ocaq" trestinin Bakı Təmir Tikinti İdarəsinin texniki istehsalat şöbəsində mühəndis vəzifəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, 62 yaşının tamam olduğu 10.12.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5780/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5780/2021
18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver