Məhkəmə qərarları › İş №e-2-1(112)-5783/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5783/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5783/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ("xxxx" Mənzil-Tikinti Kooperativi) qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 21 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 21 yanvar 2014-cü il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində, 2 otaqlı, 21 №li, 90 kv.m. mənzilinə dair mənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 112 saylı müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1-ci bəndinə sən, podratçı ("xxxx" MMC) Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində, 2 otaqlı, 21 №li, 90 kv.m. mənzilini tikib sifarişçiyə (İddiaçı) təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən ən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m. qiyməti 1275,8 manat həcmində müəyyən edilmişdir. Mənzilin ümumi sahəsi 90 kv.m. Həmin müqavilənin 2.2-ci bədinə əsasən müqavilənin qiyməti 114820 (bir yüz on dörd min səkkiz yüz iyirmi) manat olmaqla dəyişilməz olaraq qalır. İddiaçı tərəfindən mənzilin dəyəri olan 114820 manat tam olaraq "xxxx" MMC-nin xəzinəsinə ödənilmişdir. "xxxx" 1C tərəfindən 31 may 2014-cü il tarixdə mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq podratçı ("xxxx" MMC) Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çxmənzilli ayış binasının Vİİİ mərtəbəsində, 2 otaqlı, 21 №li, 90 kvm mənzilini tikib sifarişçiyə (İddiaçı) təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5783/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** daxilolma nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********12 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 21 saylı mənzilinə dair təqdim edilmiş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Bildiririk ki, qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ölçüsü 88.0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən 1 saylı binanın Vİİİ mərtəbəsində sahəsi 88 kv.m. olan mənzilin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında "xxxx" MMC ilə sifarışçi İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 112 nömrəli müqavilənin 1-ci maddəsinə əsasən “Sifarişçi”nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsini sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının Vİİİ mərtəbəsində, 2 otaqlı, 21 №-li 90 kv.m mənzilini tikib “Sifarişçi”yə təhvil verilməsini və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürürlər. Müqavilənin 2.1-ci maddəsinə görə tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m qiyməti 1275.8 manat həcmindədir. Mənzilin ümumi sahəsi 90 kv.m-dir. Müqavilənin 2.2-ci maddəsinə görə müqavilənin qiyməti 114820 (Bir yüz on dörd min səkkiz yüz iyirmi) manat olmaqla dəyişməz olaraq qalır. Müqavilənin 3.2-ci maddəsinə əsasən müqavilə qiyməti üzrə ödənildi 15000 manat, müqavilənin 3.3-cü maddəsinə əsasən ödənilməyən qalıq məbləği 99820 manat; o cümlədən 15 fevral 2014-cü ilə qədər 97320 manat həcmində ödənilməlidir və qalıq məbləği 2500 manatı may ayında 2014-cü ildə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, verilir İddiaçı (AZE 0*******) ona görə ki, o "xxxx" MMC-də Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilən 1 bloklu binanın Vİİİ mərtəbəsində yerləşən 90 kv.metr sahəsi olan 21 saylı mənzilə görə şirkətə 114820 (bir yüz on dörd min səkkiz yüz iyirmi) manat məbləğində pul ödəmişdir. İddiaçı 21 saylı mənzilə görə heç bir borcu qalmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, **********90 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 90.0 kv.m., faktiki 88.0 kv.m.-dir. Mənzilə baxış keçirildi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********12 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 21 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Alyans-Z" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəfinizdən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnuzun qeydiyyatı aparıla bilər. Həmçinin ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 21 saylı mənzilinə dair müraciətinizə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı ilə podratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 112 nömrəli müqaviləyə əsasən tərəflər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində, 2 otaqlı, 21 №-li 90 kv.m mənzilini tikib “Sifarişçi”yə təhvil verilməsini və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüş, xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı 21 saylı mənzilin əvəzini ödəmiş, mənzilə görə heç bir borcu qalmamışdır Sözügedən mənzil iddiaçının sahiblik və istifadəsinə verilmiş, hazırda həmin mənzil faktiki 88.0 kv.m ölçüdə iddiaçının istifadəsindədir. İddiaçı adıçəkilən xx.xx.2014-cü il tarixli 112 nömrəli müqavilə, maliyyə arayışı ilə birlikdə mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmiş, bu zaman çoxmərtəbəli yaşayış binasına dair 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" Mənzil Tikinti Kooperativinin ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərildiyinə istinad etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: -102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; -102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layhələndirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir. Beləliklə, iş materialları ilə mübahisəli mənzilin yerləşdiyi binanın tikintisi zamanı bütün sənədlərdə tikintini sifariş edən, yəni sifarişçi qismində "xxxx" MTK-nın göstərildiyi müəyyən edildiyindən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edən sənəddə- Tikinti obyektinin istismarına icazədə "xxxx" MTK-nın adının yazılması təbiidir. Bu hal Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubunda da təsbit olunmuşdur. Həmin məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti AR Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. Lakin məhkəmə qeyd edir ki, Tikinti obyektinin istismarına icazədə sifarişçi qismində "xxxx" MTK-nın adının yazılması "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni şübhə altına almaq üçün əsas deyildir. Belə ki, "xxxx" MMC mübahisəli mənzili iddiaçıya "xxxx" MTK ilə 5 mart 2006-cı il tarixdə bağladığı müştərək fəaliyyət üçün razılaşmaya əsasən satmışdır. Həmin razılaşmaya görə: - 1.1. «Sifarişçi»nin ("xxxx" MTK) tapşınğı ilə «Podratçı» ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 237 N° li xx.xx.2004-cü il tarixli Sərancamına əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 m2 , yaşayış sahəsi 8022 m2 , yaşayış binası və 2220 m 2 ticarət obyektin inşa edilməsini (bundan sonra müqavilədə (“Obyekt” adlanacaq) öhdəsinə götürür, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan (“Obyekt”in müvafiq layihə-smeta sənədləşdirilmələrini həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş idarəsi razılaşdıraraq «Podratçı»ya təhvil verməyi öhdəsinə götürür. (“Sifarişçi” “Obyekt”in tikintisi ilə əlaqədar sənədləşdirilmələrin hazırlanmasını öz vəsaiti hesabına həyata keçirir. «Sifarişçi» ona aid olan torpaq sahəsinin dəyəri ******* (iki milyon) ABŞ dolları dəyərində qiymətləndirir. (“Podratçı”inşa etdiyi 1 bloklu 16 mərtəbəli yaşayış binasının gəlirləri aşağıdakı qaydada bölüşdürüləcək: a. Gəlirdən torpaq sahəsinin dəyəri çıxılır. (İlk satışlardan); b.Gəlirdən 10% BŞlH-nə verilən mənzil fondu çıxılır. (Məsələni birgə həll edirlər); v. Gəlirdən yaşayış binasının inşasına çəkilən xərc çıxılır. (Xərcləri «Sifarişçi» və «Podratçı» təstiq edir); q. Gəlirdən Vergi ödənişləri çıxılır. Yuxarıda göstərilən xərclər çıxıldıqdan sonra qalan xalis gəlir tərəflər arasında 50%in 50%-ə bərabər olaraq bölünür. Tikinti başlandıqdan 1 ay sonra "xxxx" MMC-nin prezidenti X4 "xxxx" MTK-da 50 % paya sahib olması notariat qaydada təsdiq olmalıdır. - 3.1.9-cu yarımbəndə əsasən Sifarişçi «Podratçı»nın tikdiyi obyektdə mənzillərin və qeyri-yaşayış sahələrinin satışını və özgəninkiləşdirilməsini «Podratçı» ilə razılaşdırmaqla aparır və bu razılaşma alıcılarla bağlanacaq müqavilələrdə öz əksini tapmalıdır -3.1.13-cü yarımbəndə əsasən Sifarişçi «Podratçı» obyektin tikintisi 50% yerinə yetirildikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər. Müqavilənin 3.1.14-cü yarımbəndində mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən bağlanması nəzərdə tutulsa da, müqavilədə eyni zamanda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının və özgəninkiləşdirilməsinin "xxxx" MMC ilə razılaşdırmaqla aparılması da təsbit olunmuşdur. Beləliklə, göründüyü kimi rəsmi sənədlərdə "xxxx" MTK tikilən binanın sifarişçisi qismində göstərilsə də, "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC yalnız podraçı funksiyalarına malik olmamış, "xxxx" MTK bina ilə bağlı bir sıra hüquqları, o cümlədən əldə olunan gəlirdən 50% pay əldə etmək, tikilən mənzillərin və qeyri-yaşayış sahələrinin satışına və özgəninkiləşdirilməsinə razılıq vermək kimi səlahiyyətləri "xxxx" MMC-yə vermiş, "xxxx" MTK-nın özü isə yalnız öz 50% payı hesabına mənzil bağışlama və ya satışından nağd pul götürmə hüququna malik olmuşdur. Belə olan halda, "xxxx" MMC ilə iddiaçı arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2014-cü il tarixli 112 nömrəli müqavilə 21 nömrəli mənzil üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixli 112 nömrəli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Hazırkı halda İddiaçının "xxxx" MMC ilə xx.xx.2014-cü il tarixli 112 nömrəli müqaviləni bağlayarkən niyyətinin yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etmək olduğunu və bu məqsədlə müəyyən edilmiş haqqı tam ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş əsas hazırkı iş üzrə mövcuddur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 88,0 kv.m. olan 21 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində sahəsi 88,0 kv.m. olan 21 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar