Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5798/2024 11.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, kompensasiyanın ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu hesablanmaya görə 82.741,71 manat əmək pensiyasının və kompensasiya olaraq 10.000 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “xx.xx.2018-ci il tarixdən (60 yaşının tamam olduğu tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin və 10.000 manat kompensasiyanının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda əmək pensiyası mövcud qanunvericiliyin tələblərinə uğun şəkildə hesablanmamış və ödənilməli əmək pensiyası az hesablanmışdır, bundan əvvəlki dövr üçün odənilməli pensiya məbləği isə ümumiyyətlə ödənilməmişdir. Belə ki, o, 2005-cü ilin oktyabr ayının 03-dən 30 Sentyabr 2014-cü ilə kimi və 2014-cü ilin oktyabr ayının 01-dən, 2020-ci ilin 11 dekabr tarixinə kimi (ümumilikdə 15 il 9 gün) "X4” LTD-də (hazırda Fugro Caspian BV-adı dəyişdirilib) və "xxxx" MMC-də Baş Tədqiqatçı (Dənizdə) (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması və aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilnıəsi və kəşfiyyat və axtarış tədqiqat sahəsi üzrə) vəzifəsində fəaliyyət göstərmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixində növbəti dəfə tamamilə əsassız və qanunsuz cavab verilmışdır. Cavabdeh tərəfindən heç bir faktiki və qanuni əsas olmadan onun barəsində güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh buna heç bir hüquqi əsası olmadan tamamilə əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına istinad etməklə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı qeyd edir ki, halbuki, qeyd olunan qərara əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi təmin edilməli idi. “Fugro Caspian” BV şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli FSBV-23-0049 saylı arayışa əsasən İddiaçı həqiqətən 2005-ci ilin oktyabr ayının 03-dən 30 sentyabr 2014-cü ilə kimi (8 il, 11 ay, 26 gun) "X4” LTD-də (hazırda Fugro Caspian BV-adı dəyişdirilib) Baş Tədqiqatçı (Dənizdə) (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması və aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi və kəşfiyyat və axtarış tədqiqat sahəsi üzrə) vəzifəsində fəaliyyət göstərib, dənizdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması, aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi, kəşfiyyat və axtarış tədqiqat quyularının yerinin təyin edilməsi vəzifələri yerinə yetirmişdir. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” Xİİ (2130100b —17541) yanmbölməsinə əsasən güzəştli sayılır. Bundan başqa, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli SFLLC-23-0097 saylı eyni məzmunlu arayışa əsasən İddiaçı həqiqətən 2014-cü ilin oktyabr ayının 01-dən, 2020-ci ilin 11 Dekabr tarixinə kimi (6 il 2 ay 10 gün) dənizdə baş tədqiqatçı vəzifəsində işləyib. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbinin əsasları kimi kifayət qədər ümumi və güzəştli iş stajının olduğu nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd edir. Həmçinin onun 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən etibarən ödənilməli 82.741,71 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının və 10.000 manat kompensasiyanın cavabdeh tərəfindən ödənilməli olduğunu bildirmişdir. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli 3-17-1/2-0-300250/2023 nömrəli məktubla cavab verilərək, güzəştli iş stajının olmaması səbəbindən ona pensiya təyin etməkdən imtina edilmişdir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmışdır (60 yaş). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) fəhlələr yarımbölməsində 1100000b-17541 kodu üzrə quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “X4” LTD-nin xx.xx.2023-cü il tarixli FSBV-23-0049 nömrəli arayışında xx.xx.2005xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli SFLLC-23-00977 nömrəli arayışında isə xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisələrdə baş tədqiqatçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi baş tədqiqatçı vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi kompensasiya olaraq 10.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı qeyd edilir ki, iddiaçının kompensasiya tələbinə dair cavabdehə ilkin müraciəti olmadığından, tələb qeyd edilən hissədə mümkünsüz sayılmalıdır. Hal-hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqanın heç bir qanunsuz hərəkəti olmamışdır. Göstərilənlər nəzərə alaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hazırkı tələbi ilə bağlı iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, iddia aidiyyət qaydalarına əməl olunmaqla düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -cavabdeh Xüsusi Şərtlərlə Təyint üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. -cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Filial tərəfindən xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 21 noyabr 2023-cü il tarixdə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı xx.xx.2018-xx.xx.2018-ci il dövr üzrə 8.034,06 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövr üzrə 13.728,24 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövr üzrə 16.007,16 manat, xx.xx.2021- xx.xx.2021-ci il dövr üzrə 17.832,00 manat, xx.xx.2022-xx.xx.2022-ci il dövr üzrə 18.645,24 manat, xx.xx.2023-xx.xx.2023-cü il dövr üzrə 8.945,01 manat, cəmi 82.741,71 manat pul vəsaiti - əmək pensiyasını ödəmək öhdəliyi qoyulmasını, həmçinin kompensasiya olaraq 10.000 (on min) manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. -cavabdehin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə xx.xx.2019-cu il tarixli ərizəsinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. -cavabdehin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. -İddiaçıya məxsus xx.xx.1975-ci ildən doldurulmağa başlanmş əmək kitabçasının surətindən görünür ki, İddiaçı Neft istehsalat sahəsində xx.xx.1975-ci ildən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək, təmirçi çlingər, çilingər-elektrik işləmiş, 1978-1982-ci illərdə Kirov adına Azərbaycan Dövlət Uniersitetində təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1997-ci il tarixədək Xəzər dənizininin neft-qaz yerölçmə işlərinin aparılması üzrə 3-cü bölməsində geoloq, mühəndis, godezist-rəis müavini, xx.xx.1997-ci ildən-xx.xx.2005-ci ilədək "xxxx" Birgə Müəssisəsində mühəndis, xx.xx.2005-ci ildən xx.xx.2014-cü il tarixədək "xxxx" Birgə Müəssisəsində baş tədqiqatçı, xx.xx.2014-cü ildən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də baş tədqiqatçı vəzifəsində işləmişdir. -“Fugro Caspian” BV tərəfindən iddiaçıya verilmiş 14 noyabr 2023-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 03 oktyabr 2005-ci ildən 30 sentyabr 2014-cü ilə kimi (15 il 9 gün) “X4” LTD-də (hazırda Fugro Caspian BV-adı dəyişdirilib) baş tədqiqatçı (dənizdə) (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması və aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi və kəşfiyyat və axtarış tədqiqat sahəsi üzrə) vəzifəsində fəaliyyət göstərib. İddiaçı fəaliyyət dövrü ərzində yerinə yetirdiyi vəzifələr: dənizdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması, aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi, kəşfiyyat və axtarış tədqiqat quyularının yerinin təyin edilməsi. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” Xİİ (2130100b —17541) yarımbölməsinə əsasən güzəştli sayılır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1 maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. -"xxxx" MMC tərəfindən iddiaçıya verilmiş 14 noyabr 2023-cü il tarixli arayışda bildirilmişdir ki, İddiaçı 2014-ci ilin oktyabr ayının 01-dən 2020-ci il 11 dekabr tarixinə kimi (6 il 2 ay 10 gün) "xxxx" MMC-də (Dənizdə) Baş Tədqiqatçı vəzifəsində işləyib. Baş tədqiqatçı (məşğulluq təsnifatında göstərildiyi kimi dənizdə geoloji, geofiziki tədqiqat işlərinin aparılması və aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi və kəşfiyyat və axtarış tədqiqat sahəsi üzrə) İddiaçı fəaliyyət dövrü ərzində yerinə yetirdiyi vəzifələr: dənizdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması, aparılacaq geofiziki kəşfiyyat işlərinin mövqeləndirilməsi, kəşfiyyat və axtarış tədqiqat quyularının yerinin təyin edilməsi. Göstərilən iş yeri, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” Xİİ (2130100b —17541) yarımbölməsinə əsasən güzəştli sayılır və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun pensiya almaq hüququ verir. -Məhkəmənin sorğusuna cavab olaraq “Fugro Finance BV” şirkəti tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir: İddiaçı xx.xx.2005-xx.xx.2014-ci illərdə həqiqətən də Fugro Survey LTD (Caspian) şirkətində (hal hazırda Fugro Finance B.V. adlanır) Baş Tədqiqatçı (dənizdə geodeziya və geofizika üzrə) vəzifəsində çalışıb. Məktubda tələb olunan İddiaçı funksional vəzifə təlimatının surəti qoşmada təqdim edilir, sadalanan vəzifələrdən bizim şirkətdə mövcud olan Geofizik vəzifəsinin vəzifə təlimatının surəti də qoşmada əlavə edilir, digər vəzifələr bizim şirkətdə mövcud olmayıb. Məktubda tələb olunan “quyularda geofiziki tədqiqatları yerinə yetirmək" dedikdə, kəşfiyyat və axtarış tədqiqat quyularının yerinin təyin edilməsi, dənizdə aparılan geoloji və geofiziki tədqiqat işlərinin mövqeləndirilməsi, dəniz dibinin relyefinin ətraflı tədqiqi və s. nəzərdə tutulub. İddiaçı yerinə yetirdiyi digər işlər qoşmadakı vəzifə təlimatında daha dolğun göstərilib. Məlumat üçün: Fugro Survey LTD (Caspian) şirkətinin həmin illərdə fəaliyyət sahəsi: Azərbaycan Respublikasının neft sahəsində (əsasən dənizdə) mühəndis-geoloji, geofiziki tədqiqat, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, uzaqdan idarə olunan sualtı aparatlar vasitəsilə tədqiqatların aparılması, meteoroloji proqnoz, dənizdə və quruda geofiziki, seysmik, ətraf mühit və laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, dənizdə boru kəmərlərinin yoxlanılması, aparılan tədqiqatların nəticələrinin emalı və interpretasiyası kimi mühüm işləri həyata keçirmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir: “İddiaçı xx.xx.2014-xx.xx.2020-ci illərdə həqiqətən də SOCAR Fugro MMC-də Baş Tədqiqatçı (dənizdə geodeziya və geofizika üzrə) vəzifəsində çalışıb. Məktubda tələb olunan İddiaçı funksional vəzifə təlimatının surəti qoşmada təqdim edilir, sadalanan vəzifələrdən bizim şirkətdə möcud olan Geofizik vəzifəsinin vəzifə təlimatının surəti də qoşmada əlavə edilir, digər vəzifələr bizim şirkətdə mövcud deyil. İddiaçı yerinə yetirdiyi işlər qoşmadakı vəzifə təlimatında daha dolğun əks olunub. Məlumat üçün: "xxxx" MMC-nin fəaliyyət sahəsi: Azərbaycan Respublikasının neft sahəsində (əsasən dənizdə) mühəndis-geoloji, geofiziki tədqiqat, naviqasiya və mövqeləndirmə təminatı işlərinin yerinə yetirilməsi, uzaqdan idarə olunan sualtı aparatlar vasitəsilə tədqiqatların aparılması, meteoroloji proqnoz, dənizdə və quruda geofiziki, seysmik, ətraf mühit və laboratoriya tədqiqatları, analiz və hidrotexniki qurğulara nəzarət, dənizdə boru kəmərlərinin yoxlanılması, aparılan tədqiqatların nəticələrinin emalı və interpretasiyası kimi mühüm işləri həyata keçirmişdir. - "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 30 may 2024cü il tarixli məktubda yuxarıda qeyd olunan məlumatlarla yanaşı, İddiaçı iş fəaliyyəti dövründə yerinə yetirdiyi vəzifələr göstərilmişdir: dənizdə geoloji və geofiziki tədqiqat işlərinində qrupa rəhbərlik etmək, aparılacaq geofiziki kəşfiyyat işlərini mövqeləndirilmək, kəşfiyyat və axtarış tədqiqat quyularının yerini təyin etmək, dəniz dibinin relyefinin ətraflı tədqiqi və s. tədqiqat işləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” əsasən İddiaçı iş fəaliyyəti aşağıdakı bəndlərə və yarımbəndlərə uyğundur (kodlar göstərilir): 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları. “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı üzrə 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 2130100b—17541 quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları. - “Fugro Finance BV” şirkətinin funksional Vəzifə Təlimatına əsasən Baş tədqiqatçının əsas vəzifəsi: Dəniz (offshore) tədqiqat metodikalarının, tədqiqat məlumatlarının işlənməsi, hesabatların hazırlanması və son məhsulların keyfiyyətinə nəzarət də daxil olmaqla lazımi tədqiqat prosedurlarının hazırlanması, aparılması və icra edilməsi üçün cavabdehdir. Gündəlik əməliyyatlar, məlumatların idarəedilməsi və işlənməsi Mərkəzinin strateji inkişafı üçün cavabdehdir. Digər departamentlərin tədqiqat məlumatları ilə təmin edilməsinə yardım edir. Tədqiqat tərəflərilə proqram təminatı ilə bağlı tələblər haqqında məsləhətləşir. Tədqiqat hadisələri ilə bağlı məsləhtləşmələr aparır. Tədqiqatla bağlı bütün sorğular üçün koordinasiya mərkəzi rolunu oynayır. Kənar tədqiqat səlahiyyətliləri, axtarış və inkişaf fəaliyyətləri üçün koordinasiya mərkəzidir. İlkin vəzifə və öhdəlikləri: tədqiqatla bağlı bütün sorğular (sifarişçilərdən, personaldan və s.) üçün koordinasiya mərkəzi rolunu oynayır. Tədqiqat alətlərinin proqram təminatının inkişafı üzrə Əməliyyat işləri üzrə Menecer, Layihə Rəhbərləri və Fugro Qrupu ilə birgə işləyir. Dənizdə aparılan geoloji və geofiziki tədqiqat və kəşfiyyat işlərinin mövqeləndirilməsində və aparılmasında məsul rol oynayır. Müxtəlif növ dəniz qazma platformalarının quraşdırılması və tikintisi üçün tədqiqat işlərini aparır. Kəşfiyyat və axtarış tədqiqat quyularının yerini təyin edir. Neft və qaz üçün perspektivli sahələrdə mühəndis-geoloji tədqiqatlarını aparır. Sualtı boru kəmərlərinin, dəniz terminallarının, limanların və digər hidrotexniki qurğuların layihələndirilməsi. Dəniz dibinin relyefinin ətraflı tədqiqi, o cümlədən dəniz dibində təbii və süni mənşəli yerli obyektlərin müəyyən edir; ekoloji vəziyyətin qiymətləndirilməsi və dəniz dibində insan fəaliyyətinin nəticələrini öyrənir. Sualtı tikililərin vəziyyətinin və onların dayanıqlığının yoxlayır. Layihələrin məqsədləri daxilində və texniki şərtlərə, prosedurlara, istehsalat təcrübəsinə uyğun olaraq verilmiş işi yerinə yetirir. Müvafiq hallarda istehsalat hesabatları və tədqiqat hesabatlarının şirkətin təqdim etdiyi formatda (standarta uyğun) tərtib edilməsi üçün məsuliyyət daşıyır. Tabeliyində olan işçi heyətinin işini yoxlayır. Məsul olduqda müvafiq texniki problemlərlə və müqavilə/istismar problemləri ilə əlaqədar müştəri ilə bilavasitə əlaqə saxlayır. Sifarişçi tərəfindən layihə dəyişiklikləri olarsa qarşılıqlı anlaşma şəraitində həyata keçirməyə bilavasitə kömək edir. Tədqiqat və İnkişaf qrupu ilə birgə işləyir, Əməliyyat şirkətləri ilə təkrar tədqiqat sistemlərinin yeni üsulları üzrə məsləhətləşmə aparır. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1958-ci il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı həmçinin ona güzəştli şərtlərlə yaşa görə pensiyanın vaxtında təyin edilmədiyinə görə mənəvi zərər vurulduğunu hesab edərək buna görə cavabdehdən 10 min manat kompensasiya tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı ona 24 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 4 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalını toplaması. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, ümumi iş stajı və pensiya kapitalını yığması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2018-ci il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçının qanunla tələb olunan pensiya kapitalını topladığını bildirmişdir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmamasıdır. Cavabdeh hesab etmişdir ki, iddiaçının “X4” LTD-də (hazırda “Fugro Caspian” BV) xx.xx.2005-xx.xx.2014-cü il tarixləri və "xxxx" MMC-də xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasında işlədiyi baş tədqiqatçı (dənizdə) vəzifəsinin AR Nazirlər Kabinetinin müvafiq siyahılarında güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə əvvəlcə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə bildirir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iki arayış təqdim edilmiş və həmin arayışlarda iddiaçının xx.xx.2005-xx.xx.2014-cü il tarixlərdə və xx.xx.2014-xx.xx.2020-ci illərdə işlədiyi baş tədqiqatçı vəzifəsinin gördüyü işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının Xİİ.Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində 2130100b —17541 kodu altında nəzərdə tutulmuş quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsinin gördüyü işlərə uyğun olması qeyd olunmuşdur. Həmçinin işin məhkəmə araşdırması dövründə "xxxx" MMC tərəfindən iddiaçının işlədiyi baş tədqiqatçı vəzifəsinin AR Nazirlər Kabinetinin 12 nömrəli, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu- “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsində (10.2) nəzərdə tutulmuş b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsinə uyğun olması dəqiq göstərilmiş, iddiaçının işlədiyi dövrdə hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda müvafiq sorğu ilə "xxxx" MMC və “Fugro Caspian” BV tərəfindən iddiaçının işlədiyi baş tədqiqatçı vəzifəsinin və AR Nazirlər Kabinetinin müvafiq siyahılarında aidiyyəti bölmələrdə (yəni 320 nömrəli Qərarla təsdiq edilmiş 2 nömrəli Siyahının Xİİ bölməsində və 12 nömrəli Qərarla təsdiq eidlmiş Siyahının 10-cu bölməsində) güzəştli pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuş geofizik vəzifəsinin vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Həmin təlimatların müqayisəli təhlili onun deməyə əsas verir ki, hər iki vəzifə dənizdə aparılan geoloji və geofiziki tədqiqat və kəşfiyyat işlərinin mövqeləndirilməsində, kəşfiyyat, tədqiqat və axtarış quyularının yerini təyin edilməsində məsuliyyət daşımaqla mahiyyətcə eyni işi görür. Belə olan halda, məhkəmə cavabdehin dəlillərini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası, iş yerindən təqdim edilmiş arayışlar, o cümlədən funksional vəzifə təlimatlarının müqayisəsi baxımından iddiaçının mübahisəli dövrdə işlədiyi baş tədqiqatçı vəzifəsinin güzəştli staj verən vəzifələrə uyğun olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışlardakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, iddiaçının “X4” LTD-də xx.xx.2005-ci ildən xx.xx.2014-cü il tarixədək (8 il 11ay, 28 gün) və "xxxx" MMC-də xx.xx.2014-cü ildən pensiya hüququnun yarandığı xx.xx.2018-ci il (3 il, 7 ay 24 gün) tarixədək işlədiyi baş tədqiqatçı vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab olunduğundan həmin dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (12 il 07 ay 20 gün). Qeyd olunmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq vurğulayır ki, cavabdeh iddiaçının iş yeri üzrə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) istinad olunan Siyahılardakı vəzifələrlə eyniliyinin müəyyən olunması ilə bağlı hər hansı araşdırma aparmadan bilavasitə vəzifələrin adlarındakı uyğunsuzluq faktından çıxış edərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən də irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Məhkəmə həmçinin vurğulayır ki, iş materialları ilə iddiaçının cavabdeh inzibati orqana sonuncu dəfə 20 noyabr 2023-cü il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etdiyi müəyyən edildiyindən pensiya həmin tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 20 noyabr 2023-cü ildən əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir. Məhkəmə tələbin təmin edilməyən hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən hüququ yaranmasına və güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunla tələb olunan sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq sonuncu qanunsuz olaraq tələbinin təmin edilməsindən imtina etmiş və bu hal ona mənəvi zərər vurulması ilə nəticələnmişdir. Başqa sözlə, həmin tələb cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərdə ifadə olunan kompensasiya ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İstinad olunan Qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Məhkəmə göstərilənləri hazırkı işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərərin vurulmasını təsdiq edən və zərərin tələbdə ifadə olunan miqdarının əsasını təşkil edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia qeyd olunan hissədə əsassızdır və həmin hissədə təmin edilməməlidir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası qanunazidd olmuş, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia qismən təmin edilməli, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın sonuncu dəfə müraciət edilən xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Babaxan oğluna 60 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın sonuncu dəfə müraciət edilən xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5798/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5798/2024
11.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver