Məhkəmə qərarları › İş №e-2-1(112)-5822/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5822/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5822/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 18 saylı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət alınmaqla dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən təqdim olunmuş arayış və üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixində sözügedən cəmiyyətə üzv qəbul edilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin idarə heyətinin iclasının xx.xx.2002-ci il tarixli, 01 saylı protokolundan çıxarışdan da göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixli, 156 saylı sərəncamla Suraxanı rayonunun Zığ- Hövsan şossesi yaxınlığında bağçılıq-yoldaşlıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 kv.m. sahəsi olan, İİİ küçə, 18 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə İddiaçı ayrılmışdır. Həmçinin qeyd olunmalıdır ki, “Qum adası” Bağçılıqyoldaşlıq cəmiyyəti tərəfindən təqdim olunmuş planı özündə ehtiva edən sənəddə də İddiaçı məxsus torpaq sahəsi də ştrixlənmişdir. Həmin torpaq sahəsi İddiaçı ayrıldıqdan sonra onun istifadəsinə verilmiş və həmin vaxtdan etibarən o, ona məxsus sözügedən torpaq sahəsindən istifadə etmişdir. Məhz bu xüsusatlara əsasən, qanuni əsaslarla İddiaçı verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi, Mədən küçəsi- İİİ ünvanında yerləşən 600 kv.m sahədən ibarət 18 saylı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən müraciətə baxılmış, lakin, müraciətin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı qeyd edilən məsələyə dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********45 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıcından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,06 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı 0,0575 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi ünvan 3 ünvanında yerləşən 600 kv.m-dən ibarət 18 saylı torpaq sahəsiə mülkiyyət hüququnun İddiaçı adına dövlət alınmaqla dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-5822/2025 nömrəli Qərardadı ilə “X9 Limited” Şirkəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs iştirak etməmiş, üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlığı cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən iddia olunan 18 nömrəli bağ sahəsinin qonşuluğunda 19, 20, 17, 15, 16 nömrəli bağ sahələri yerləşir. - “Qum adası” NQÇİ-nin İdarə Heyətinin iclasının xx.xx.2002-ci il tarixli 01 saylı Protokolundan Çıxarışdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixli 156 saylı sərəncamla Suraxanı Rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq-yoldaşlıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 kv.m sahəsi olan İİİ küçə 18 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə İddiaçı ayrılmışdır. -Üzvlük kitabçasından görünür ki, İddiaçı Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.2002ci il tarixli 01 nömrəli protokoluna əasən üzv qəbul edilmişdir. Mədən küçəsi-İİİ Bağçılıq Cəmiyyəti bağından sahəsi 600 kv.m olan 18 nömrəli bağ sahəsi xx.xx.2001-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 156 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamına əsasən AR DNŞ-nin Qum adası adına neft qazçıxarma idarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 nömrəli məktubunu nəzərə alaraq, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində AR DNŞ-nin Qum adası adına neft və qazçıxartma idarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsi icarəyə verilməsi qərara alınmışdır. -“Qum adası” NQÇİ Həmkarlar ittifaqı komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-19177/2025 nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin qonşuluğunda **********81 reyestr nömrəli (12 saylı), **********07 reyestr nömrəli (19 saylı) daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin məktubla təqdim eilmiş sənədlərdən görünür ki: -RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası NQÇİ-nin b/y-nin 19 saylı bağ sahəsi ünvaqnında yerləşən ümumi sahəsi 0.0774 ha olan **********07 reyestr nömrəli torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 655 nömrəli reyestr kitabının 62021 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası NQÇİ-nin b/y-nin 19 saylı bağ sahəsinin planından görünür ki, hüquq sahibi X4r. Plan və ölçünün tərtib edilməsinə əsas qismində Bakı ŞİH bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2002-ci il tarixli 01 nömrəli protokolundan çıxarış çıxış edir. - “Qum adası” NQÇİ-nin İdarə Heyətinin iclasının xx.xx.2002-ci il tarixli 01 saylı Protokolundan Çıxarışdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixli 156 saylı sərəncamla Suraxanı Rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq-yoldaşlıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 800 kv.m sahəsi olan İİİ küçə 19 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə X5 ayrılmışdır. -Üzvlük kitabçasından görünür ki, X1 Cəmiyyəti üzvlərinin xx.xx.2002-ci il tarixli 01 nömrəli protokoluna əasən üzv qəbul edilmişdir. Mədən küçəsi-İİİ Bağçılıq Cəmiyyəti bağından sahəsi 800 kv.m olan 19 nömrəli bağ sahəsi xx.xx.2001-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası NQÇİ-nin b/y-nin 12 saylı bağ sahəsi ünvaqnında yerləşən ümumi sahəsi 0.06 ha olan **********8/1 reyestr nömrəli torpaq sahəsi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 1079 nömrəli reyestr kitabının 106892 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası NQÇİ-nin b/y-nin 12 saylı bağ sahəsinin planından görünür ki, hüquq sahibi X11r. Plan və ölçünün tərtib edilməsinə əsas qismində “Qum adası” NQÇİ-nin bağçılıq kitabçası, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2720/2021 nömrəli qərarı çıxış edir. -Üzvlük kitabçasından görünür ki, X2 Cəmiyyəti üzvlərinin xx.xx.2002-ci il tarixli 01 nömrəli protokoluna əasən üzv qəbul edilmişdir. Mədən küçəsi-İİİ Bağçılıq Cəmiyyəti bağından sahəsi 600 kv.m olan 12 nömrəli bağ sahəsi xx.xx.2001-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-6495/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi “Qum adası” NQÇİ-yə ayrılmış 10 ha torpaq sahəsinin sərhəddindən kənarda yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubu ilə təqdim ediləm Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası NQÇİ-nin b/y-nin 18 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600.0 kv.m, faktiki sahəsi 575.0 kv.m təşkil edir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə birmərtəbəli ev və köməkçi tikili var. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/2- 769/2025 nömrəli məktubu ilə təqdim edilmiş “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq cəmiyyətindən torpaq sahəsi ayrılmış işçilərinin siyahısında 58-ci nəfər olaraq İddiaçı adı qeyd edilmiş və ona 18 nömrəli bağ sahəsinin ayrıldığı göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/2- 3134/2025 nömrəli məktubunda göstərilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X9 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 177 saylı ləğv olunmuş neft-qaz quyusunun 55 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr arasındakı mühafizə zonası minimum 150 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. İddia tələbinin rədd olunmasını xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X14 Limited xx.xx.2025-ci 0305 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda qeyd edilən torpaq sahəsinin Əməliyyat Şirkətinin Kontrakt sahəsi hüdudları daxilində olub-olmamasına aydınlıq gətirilməsi məqsədi ilə Əməliyyat Şirkətinin müvafiq şöbələrinin əməkdaşları təqdim olunmuş sənədlərə və koordinatlara əsasən araşdırma aparmışdır. Qeyd olunan torpaq sahəsi 177 nömrəli quyudan 58 metr məsafədə yerləşməklə Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə ("xxxx") əsasən Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********45 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi unvanında yerləşən "18" saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, "Qum adası" NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı “Qum adası” NQÇİ-nin üzvlük kitabçası və protokoldan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 18 saylı torpaq sahəsinin verildiyini, bağ sahəsinin onun istifadəsində olduğunu əsas gətirərək bağ sahəsinə mülkiyyət hüququn qeydiyyatı ilə bağlı cavabdehə mürciət emiş, cavabdeh orqan müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatını inzibati məhkəmə icraatında mübahisələndirir. Cavabdehin imtinası və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -“Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. -Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıcından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən üzvlük kitabçası olduğu, protokoldan çıxarışın təqdim edildiyi təqdirdə, “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxeminin cavabdeh orqanda olmaması (arxiv saxlayıcısına təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, nə siyahının tərtib edilməsi, nə də təqdim edilməsi iddiaçının məsuliyyət dairəsinə aid deyil. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddia olunan 18 saylı bağ sahəsinin ətrafında 12 və 19 saylı bağ sahələri yerləşir ki, bu hal da bağ sahəsinin bağların yerləşmə ardıcıllığına uyğun gəldiyinin göstəricisidir. Bundan əlavə qeyd edilməlidir ki, torpaq sahəsinin Qum adası” NQÇİ-nin bağçılıqyoldaşlıq təsərrüfatının ayrıcından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə gəlincə məhkəmə qeyd edir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər və ortofotogörüntüdən müəyyən olur ki, iddiaçı ilə paralel qonşuluqda yerləşən **********07 reyestr nömrəli (19 saylı) bağ sahəsi ayrıc aktından kənarda yerləşsə də iddiaçıyla eyni hüquqmüəyyənedici sənədlər əsasında dövlət qeydiyyatına alınmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin iddia olunan bağ sahəsinin ətrafında qeydə alınmış bağ sahələrinin də iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərə oxşar sənədlər əsasında və ayrıc aktından kənarda yerləşdiyi təqdirdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövləət reyestrində qeydə alındığı halda cavabdehin göstərilən imtina dəlilləri iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında yerləşən 600 kv.m-dən ibarət 18 saylı torpaq sahəsiə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən 600 kv.m-dən ibarət 18 saylı torpaq sahəsiə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar