Məhkəmə qərarları › İş №e-2-1(112)-5835/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5835/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5835/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müddətsiz təyin edilməsindən imtinanın qanunsuz hesab edilməsi və əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsindən imtinasının qanunsuz hesab edilməsi və ona əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Neftqaztikinti tresti 8 saylı Tikinti Quraşdırma İdarəsinin tərtib etdiyi istehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.2010-cu il tarixli № 01 saylı Akta əsasən 03 noyabr 2009-cu il tarixdə İddiaçı və Famil Zeynalov iş icraçısı Ağəli Babayev tərəfindən “Abşeron NQÇİ” neftinin nəqli sexinin ərazisində olan istifadəsiz yarımstansiyanın sökülməsi işinə cəlb edilmişdir. Onlar bu işi görərkən saat 13:30 radələrində beton tavan uçmuş və tavanın üstündə işləyən İddiaçı tavanla birgə yerə yıxılaraq sağ qolundan xəsarət almışdır. İş yoldaşları onu xəstəxanaya çatdırmışdır. Hazırda İddiaçı ambulator qaydada müalicəsini davam etdirir. X2 29 oktyabr 2011-ci il tarixli 6550 nömrəli epikrizinə əsasən İddiaçı 21 oktyabr 2011-ci il tarixdən 29 oktyabr 2011-ci il tarixədək travmatologiya şöbəsində müalicə almış, xx.xx.2011-ci il tarixdə xəstəyə sağ bazuda yad cismin çıxarılması əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli № xxxxxxx0005 saylı müayinə barədə məlumatına əsasən İddiaçı təkrar müayinədən keçərək ona əmək zədəsi səbəbi ilə və 80% əmək qabiliyyətinin itirilməsi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB publik hüquqi şəxsi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun 19 avqust 2021-ci il tarixli **********/7965 nömrəli arayışına əsasən İddiaçı sağ bazunun travmadan və cərrahi əməliyyatdan sonrakı çapığı, bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, xroniki osteohelet, dirsək oynağının deformasiyası, əzələlərin hipohofiyası, dirsək oynağının açıcı, biləyin və barmaqların kontrakturası, yuxarı ətrafın funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli **********2 nömrəli arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci ilədək İİ qrup əlilliyə görə əmək pensiyası almışdır, yəni onun fasiləsiz olaraq 10 ildən artıq müddətdə ikinci qrup əlilliyi mövcud olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 dekabr 2022-ci il tarixli **********6 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Mütəxəssis həkimlərin rəyi yetərli deyil) səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Bununla əlaqədar, İddiaçı dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırılmış sənədlər üzərindən iştirakı olmadan qiymətləndiriləcəkdir. İmtina məktubu 26 dekabr 2022-ci ildə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 18 nömrəli Birləşmiş Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Əmək zədəsi; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T36-T50 – Dərman vasitələri, dərman preparatları və bioloji maddələrdə zəhərlənmə => T42 – Qıcolmaəleyhinə...; Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazu sümüyünün aşağı 3\1-nin yerdəyişmiş qəlpəli bitişmiş sınığı. Mil sinirinin zədələnməsi. Sağ bazunun postravmatik osteomieliti.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Əmək zədəsi; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>T36-T50 – Dərman vasitələri, dərman preparatları və bioloji maddələrlə zəhərlənmə => T42- - Qıcolmaəleyhinə....; Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunun sınığı. Sağ bazu sümüyünün aşağı 3\1-nin yerdəyişmiş qəlpəli bitişmiş sınığı. Mil sinirinin zədələnməsi. Sağ bazunun postravmatik osteomieliti.; Meyar: 2.2.İkinci dərəcə əlillik => Digər: Travmalar.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAEKH saylı göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 -Artropatiyalar => M20-M25 – Oynaqların digər zədələnmələri => M24 – Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Bazu sümüyü cisminin [diafizin] sınığı,. Sağ bazu sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı Yuxarı ətrafın çıxığının, gərilməsinin və deformasiyanın nəticələri, Sağ bazunun travmadan və cərrahi əməliyyatdan sonrakı çapığı Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Sağ dirsək oynağının Vaqlus deformasiyası Digər xroniki osteomielit, .sağ bazu sümüyünün xroniki osteomieliti Oynaqların kontrakturası, Sağ dirsək oynağının açıcı (160 dərəcə), biləyin və barmaqların kontrakturası Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Sağ yuxarı ətrafın funksiyasının pozulması Digər cərrahi əməliyyatlar, Sağ dirsək oynağının osteosintez c/ə dan s/v Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin hipotrafiyası Miokardın simptomsuz işemiyası, ÜİX: Gərginlik stenokardiyası Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Mütəxəssis həkimlərin rəyi yetərli deyil.” səbəbi ilə imtina verilmişdir. İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2023-cü ilin yanvar ayında, yəni təxminən 1 il 3 ay sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddiaçının yenidən əlillik təyinatı üçün tibb müəssisəsinə müraciət etməkdən imtina etdiyini, əlilliyin təkrar müayinə olunmadan və tibb müəssisəsinin göndərişi göndərilmədən müddətsiz təyin edilməli olmasını bildirib, iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddia cavabdehin iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsindən imtinasının qanunsuz hesab edilməsini və ona əlilliyin müddətsiz təyin edilməsi olmaqla məcburetmə haqqında iddia növündə irəli sürülmüşdür. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və xx.xx.2021-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın mübahisələndirilməsinə dair iddiaçı tərəfindən verilmiş iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti (30 gün) ötürərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya əlilliyin təyin edilməsindən imtina haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin Qərarın qəbul edilməsindən 1 ildən artıq müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası: Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normasının tələbləri baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Məhkəmə ilk növbədə qeyd edir ki, sadalanan maddi hüquq normalarının tələbi ondan ibarətdir ki, şəxsə əlillik təyin edilməsi göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin verilməsi mümkündür. Baxılan işdə isə tibb müəssisəsi tərəfindən verilmiş göndərişin natamam doldurulması əsası ilə cavabdeh tərəfindən şəxsə əlillik təyinatının aparılmasından imtina edilmiş və sənədlər qaytarılmışdır. Belə olan halda, cavabdehin cavabdeh quruma yeni göndəriş göndərilmədiyi təqdirdə cavabdeh tərəfindən əlilliyin təyinatının aparılması da istinad olunan qaydaların tələblərinə əsasən mümkünsüzdür. Qeyd olunan nöqsanın aradan qaldırılması üçün iddiaçı tərəfə vaxt verilmiş və məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınmışdır. Lakin iddiaçı tərəf tibb müəssisəsinə müraciət etməkdən imtina edərək mövcud sənədlərə əsasən iddia tələbinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müddətsiz təyin edilməsindən imtinanın qanunsuz hesab edilməsi və əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar