Məhkəmə qərarları › İş №e-2-1(112)-5846/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5846/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5846/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılmış pensiya ödənişlərinin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğuna görə xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmi müraciət etmişdir. Müraciətdə göstərmişdir ki, qanunvericiliyə əsasən sığorta iş stajı və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışması ilə əlaqədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şətlərlə Təyinat İdarəsi öz növbəsində 14 yanvar 2022-ci il tarixli, **********6 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” adlı məktubu ilə qanunsuz və əsasız olaraq güzəştli pensiyasının təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şətlərlə Təyinat İdarəsi 14 yanvar 2022-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, xx.xx.1999-cu il tarixindən, xx.xx.2005-ci il tarixinədək "xxxx" firmasında işlədiyi qeyd edilsə belə, həmin dövr müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödəmədiyinə görə həmin müddəti onun stajına əlavə etməmişdilər. Bundan əlavə olaraq, cavabdeh öz imtina məktubunda qeyd etmişdir ki, fərdi hesabında olan məbləğ 14794,99 manat pensiya təyin edilməsi üçün kifayət etmir. Məhkəməyə bildirmək istəyir ki, iddiaçı xx.xx.1976-ci il tarindən, xx.xx.1978-ci il (1 il 10 ay 16 gün) tarixinədək 23 saylı Texniki Peşə Məktəbində “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə təhsil almışdır. Bu faktı cavabdeh orqana təqdim etdiyi ИT-İ ******* saylı əmək kitabçasında qeyd vardır. Bundan əlavə əldə etdiyi attestatın surətini və Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 0- 118/25 saylı arayışı bu faktı təsdiq edir. Belə ki, xx.xx.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə görə “ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir” həmin Qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qeyd edir ki, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında" qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti” iş stajına daxil edilir. Peşə məktəbini bitirdikdən sonra iddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək qaynaqçı olaraq SU-3 trestdə işdə çalışmışdır. xx.xx.1979-cu il tarixindən bir başa hərbi xidmətə yollanmışdır və xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Trestdən bir başa hərbi xidmətə getdiyinə görə xx.xx.1978-ci il tarixindən, xx.xx.1981-ci il tarixləri bir yerdə hesablanaraq (3 il 1 ay 24 gün) təşkil edir. Hərbi xidmətdən sonra iddiaçı xx.xx.1982-ci il tarixindən, xx.xx.1999cu il tarixinədək (17 il 2 ay 3 gün) SU-3 Trestdə elektrik qaynaqçısı olaraq çalışmışdır. Bu fakt əmək kitabçasında qeyd edilmişdir. İddiaçı trestdən işdən çıxandan sonra xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək (6 il 8 ay 25 gün) "Real-İnşaat” Firmasında elektrik qaynaqçısı olaraq çalışmışdır. Bu fakt əmək kitabçasında olan qeydlərdə öz əksini tapır. Qeyd etmək istəyirlər ki, Azərbaycan Respublikası "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan İ nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa" güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bildirmək istəyir ki, iddiaçının təhsil müddətini, hərbi müddətini, və əmək stajı müddətini nəzərə alsaq ümumi əmək stajı 28 il 7 ay 18 gün təşkil edir. Həmin müddətdən 23 il 11 ay onun elektrik qaynaqçısı olaraq zərərli stajı vardır. Qeyd olunanlara əsasən görünür ki, onun xx.xx.2006-cı ilədək 28 il 7 ay 18 gün ümumi stajı və 23 il 11 ay zərərli stajı vardır. Nəzərə alınsa ki, iddiaçı zərərli stajına əsasən 57 yaşından etibarən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranır, onun artıq xx.xx.2018-ci il tarixindən pensiyaya çıxmaq hüququ vardır. Qeyd etmək istəyir ki, işlədiyi vəzifəsinin zərərli işə aid olduğunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında 23200000—19906 kodla “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.8-ci maddəsinə əsasən "Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir." Yuxarıda qeyd olunanları nəzərə alaraq görünür ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun qəbul etdiyi qərar əsassız və qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlər, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitnə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci iltarixli, 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununu (“Azərbaycan” qəzeti, 3 mart 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1-ci maddədə “57” rəqəmli “60” rəqəmləri ilə, “52” rəqəmləri “66” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə qüvvəyə minmişdir. İddiaçıya münasibətdə nə hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun nə də ki, hal-hazırda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Belə ki, iddiaçının Filiala təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1982-xx.xx.2005-ci il tarixləri arasındakı "xxxx" Firmasında işləməsi qeyd edilmişdir. Bununla əlaqədar inzibati orqan tərəfindən iddiaçının işlədiyi adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin DSMF-da sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Məhz bu səbəbdən iddiaçının xx.xx.1982-xx.xx.2005-ci il tarixləri arasındakı dövr onun iş stajına daxil edilə bilməz və bu səbəbdən də, onun ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulan 25 ildən az (19 il 03 ay 10 gün) təşkil edir. İddiaçıya 9.1-ci maddənin 01 iyul 2017-ci ilədək olan mətni tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuş, qeyd edilən tarixdə isə artıq 9.1-ci maddənin yeni mətni qüvvədə (60 yaş və pensiya kapitalı) olmuşdur. Yəni həmin qanunda edilmiş dəyişlik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46560.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 14794,99 manatdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə X4 həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1978-cu il tarixli, 2135 nömrəli attestatın surətindən görünür ki, xx.xx.1976-xx.xx.1978-ci illərdə 23 nömrəli şəhər texniki peşə məktəbini elektrik qaz qaynaqçası peşəsi üzrə bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli, 0-118/25 nömrəli arayışın surətindən görünür ki, o, həqiqətən 1 sentyabr 1976-cı il tarixində 23 nömrəli Texniki Peşə Məktəbinə “Elektrik qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş, 17 iyun 1978-ci il tarixində həmin məktəbi əyani formada bitirmiş və onun adına yazılmış 2135 nömrəli attestat Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, xx.xx.1978-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.1976-xx.xx.1978-ci illərdə texniki peşə məktəbində təhsil almış, xx.xx.1978-xx.xx.1979, xx.xx.1982-xx.xx.1999, xx.xx.1999-xx.xx.2005-ci il tarixlərdə müxtəlif peşələrdə işləmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 17 aprel 2018-ci il tarixli, 1043 nömrəli arxiv arayışından görünür ki, Bakı Baş Tikinti İdarəsi 3 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında İddiaçı xx.xx.1979-cu iltarixli, 184/s saylı əmrlə xx.xx.1979-cu il tarixdən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunması və 1978,1979-cu illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Həmin İdarənin 1976-cı ilə dair əmr kitablarında barəsində heç bir məlumat aşkar olunmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqına” imtina məktubunun surətindən görünür ki, iddiaçının Filiala daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şrətlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hisəssinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmk pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi 20 dekabr 1978-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında onun xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən Firmada işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri onun ümumi stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 25 ildən az (19 il 3 ay 10 gün (xx.xx.1979-xx.xx.1981-ci il və xx.xx.1982-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46560.00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsidnə qeydə alınan pensiya kapitalı cəmi 14794,99 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********516700 nömrəli “Məlumatın təqdim edilməsi barədə” məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" Firması xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək firmaya vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda firmanın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, ********** nömrəli VÖEN-ə malik "xxxx" Firması xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 14 yanvar 2022-ci il tarixli, **********6 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən, ümumi iş stajının 25 ildən az olmasına və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “pensiya kapitalı” şərtinin olmamasına istinad edilərək, imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, attestat, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və o, hazırda xx.xx.2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının xx.xx.2018-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli sədlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçının ümumi iş stajının 25 ildən az təşkil etməsinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçının əmək stajının mübahisəli olduğu dövr onun xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı "xxxx" Firmasında işlədiyi dövrlərdir. Həmin dövrlərdə "xxxx" Firmasının fəaliyyətinin olub-olmaması məhkəmə tərəfindən araşdırılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" firması xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.1999-cu il tarixdı, ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək firmaya vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda firmanın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Məhkəmə cavabdehin iddiaçının qanunvericiliklə tələb olunan pensiya kapitalının olmaması ilə bağlı mövqeyi ilə isə bağlı bildirir ki, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri tətbiq edildiyindən, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin araşdırılmsına zərurət yoxdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının həmin dövrdə əmək fəaliyyətinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, sözügedən dövr onun əmək stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının güzəştli iş stajının olmaması barədə cavabdeh tərəfindən hər hansı bir arqument irəli sürülərək mübahisələndirilmədiyindən, beləliklə, iddiaçının güzəştli iş stajı məhkəmə mübahisəsinin predmetini təşkil etmədiyindən, məhkəmə həmin hissəyə hər-hansı bir münasibət bildirilməsini zəruri hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar