Məhkəmə qərarları › İş №e-2-1(112)-587/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-587/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-587/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “Frukt.İS" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Frukt.İS MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli **********538600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı ilə ““Frukt.İS MMC-yə (bundan sonra – iddiaçı) kameral vergi yoxlaması ilə 2023-cü il mart ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 75.017,84 manat kameral qaydada əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********684300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı ilə iddiaçıya kameral vergi yoxlaması ilə 2023-cü il aprel ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 221.968,02 manat kameral qaydada əlavə vergi məbləği hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********538600 nömrəli və xx.xx.2023-cü il tarixli **********684300 nömrəli inzibati aktlarının ləğv edilməsi və cavabdeh tərəfindən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2023-cü ilin mart və aprel ayları üçün hesablanmış vergi məbləğlərinin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda həmin tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Cəmiyyətin əsas fəaliyyət növü “təzə meyvə və tərəvəzin topdan satışı”dır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********538600 nömrəli və xx.xx.2023-cü il tarixli **********684300 nömrəli qərarlar qəbul olunmuşdur. Qəbul olunmuş qərarları tam əsaslı hesab etmədikləri üçün tərəflərindən şikayətlər verilmişdir. Belə ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması aparılmamışdır. X2 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2023-cü ilin mart və aprel ayları üçün hesablanmış vergi məbləğlərinin azaldılmasını xahiş etmişdilər. İddiaçı nümayəndəsi araşdırmaya təqdim etdiyi izahatında Cəmiyyətin kənd təsərrüfatı məhsullarının idxalı, topdan və pərakəndə satışı ilə məşğul olduğunu, malların pərakəndə satışı zamanı yeni nəsil kassa aparatına satışlar səhv işlənildiyini, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 2022-ci ilin yanvar ayının 1-dən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektinin təşkil etdiyini, kassa aparatına işlənilən məbləğlərin isə tam satışın dəyərindən ibarət olduğunu, yəni kassa aparatına yalnız ticarət əlavəsini işlənilməli olduğu halda, tam satış məbləği işlənildiyini, “ƏDV geri al” lahiyəsi üzrə kassaya işlənilmiş məbləğlər əsasında hər-hansısa ƏDV-nin geri qaytarılması həyata keçirilmədiyini, yeni nəsil kassaya işlənilmiş satışın yalnız pərakəndə qaydada həyata keçirilən satışdan ibarət olduğunu, topdan qaydada satış kimi qiymətləndirilsə belə yenə də ƏDV-nin ticarət əlavəsindən hesablanmalı olduğunu, satış zamanı ticarət əlavəsi təxminən 1,5-2 faiz təşkil etdiyini, ticarət əlavəsində tutulmuş ƏDV məbləğinin təqdim edilmiş ƏDV bəyannamələrində bəyan edildiyini, Cəmiyyətin sahibliyində hal-hazırda mal qalığının mövcud olmadığını, alınmış bütün malların təqdim edildiyini, Cəmiyyətin şəxsi hesab vərəqəsində olan borc məbləğinin ödəmək imkanının olmadığını, kənd təsərrüfatı məhsullarının idxalı zamanı ödənilən ƏDV məbləğinin ƏDV bəyannamələrində əvəzləşdirilmədiyini, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri əsasında Cəmiyyətin büdcə qarşısında olan vergi öhdəlikləri dəfələrlə artırıldığını, cəmi dəyəri 6.878.227,14 manat (ƏDV-li) kənd təsərrüfatı məhsullarının alışı üzrə 1.635.688,44 manat (ƏDV-siz) əlavə dövriyyənin və ona uyğun 294.423,92 manat ƏDV-nin hesablanmasını düzgün hesab etmədiklərini, qeyd olunan hesablamanın Vergi Məcəlləsinin 159.7-ci maddəsinə zidd olduğunu bildirərək, hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********995600 saylı xx.xx.2023-cü il tarixli QƏRARİ ilə İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmişdir. Qəbul olunmuş qərarla razılaşmadıqları və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. Hesab edir ki, cavabdehin Cəmiyyətə qarşı olan qərəzli münasibət nəticəsində şikayətlərinin təmin olunmamasına dair qanunsuz və əsassız qərar qəbul olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 31 oktyabr 2023-cü il tarixli **********995600 nömrəli qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********538600 nömrəli və xx.xx.2023-cü il tarixli **********684300 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. İnzibati Prosessual Məcəllənin: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 75.017,84 manat əlavə dəyər vergisi, xx.xx.2023-cü il tarixli qərarı ilə 2023-cü il aprel ayı üzrə 221.968,02 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdeh verginin hesablanması ilə bağlı xx.xx.2023-cü il tarixli qərarını onunla əsaslandırır ki, 2023-cü ilin mart ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0,00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (387942,94 manat) cəmi məbləği 387942,94 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində " Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) " 0,00 manat göstərildiyindən 387942,94 manat kənarlaşma yaranmışdır. Cavabdeh verginin hesablanması ilə bağlı xx.xx.2023-cü il tarixli qərarı onunla əsaslandırır ki, Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 289531.42 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmi bəyannamələrin (301.1.1.3 +301.1.1.4+ 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7+301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 0 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə - 289531.42 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Təqdim etdiyini bəyannamənin 308-ci " VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ " sətrində 19.494,23 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaiməfakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar tərəfindən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. 2023-cü ilin aprel ayı ərzində tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (1217324,44 manat) cəmi məbləği 1220564,44 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin " Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) " sütunundakl 3240.00 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 19420,29 manat, cəmi 22660,29 manat göstərildiyindən 1197904.15 manat kənarlaşma yaranmışdır. İddiaçı hazırda bununla razılaşmayaraq həmin qərarları mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Baxılan işin hallarından müəyynə edilir ki, MMC tərəfindən 2023-2024-cü il ərzində aparılan əməliyyatlar üzrə dövriyyə əlavə dəyər vergisinin məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat olduğu halda, vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamədə əks olunmadığından yaranmış kənarlaşmalar vergi qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmuşdur. İş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindın aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2023-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDVsiz) (0.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDVsiz) (387942.94 manat) cəmi məbləği 387942.94 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" 0.00 manat göstərildiyindən 387942.94 manat kənarlaşma yaranmışdır. Təqdim edilmiş ƏDV bəyannaməsində mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirmə üçün təqdim edilmiş VHF-lar üzrə ƏDV məbləğləri ödənilmədiyi üçün əvəzləşdirmə aparıla bilməz. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********003800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin aprel ayı ƏDV üzrə 75017,84 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********538600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2023-cü ilin aprel ayı ƏDV bəyannaməsi üzrə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (3240.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (1217324.44 manat) cəmi məbləği 1220564.44 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 3240.00 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 19420.29 manat, cəmi 22660.29 manat göstərildiyindən 1197904.15 manat kənarlaşma yaranmışdır. O cümlədən, təqdim edilmiş bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 19.494,23 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********643600 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin aprel ayı ƏDV üzrə 221968,02 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********684300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində Cəmiyyətin kənd təsərrüfatı məhsullarının idxalı, topdan və pərakəndə satışı ilə məşğul olduğunu, malların pərakəndə satışı zamanı yeni nəsil kassa aparatına satışlar səhv işlənildiyini, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 2022-ci ilin yanvar ayının 1-dən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektinin təşkil etdiyini, kassa aparatına işlənilən məbləğlərin isə tam satışın dəyərindən ibarət olduğunu, yəni kassa aparatına yalnız ticarət əlavəsini işlənilməli olduğu halda, tam satış məbləği işlənildiyini, “ƏDV geri al” lahiyəsi üzrə kassaya işlənilmiş məbləğlər əsasında hər-hansısa ƏDV-nin geri qaytarılması həyata keçirilmədiyini, yeni nəsil kassaya işlənilmiş satışın yalnız pərakəndə qaydada həyata keçirilən satışdan ibarət olduğunu, topdan qaydada satış kimi qiymətləndirilsə belə yenədə ƏDV-nin ticarət əlavəsindən hesablanmalı olduğunu, satış zamanı ticarət əlavəsi təxminən 1,5-2 faiz təşkil etdiyini, ticarət əlavəsində tutulmuş ƏDV məbləğinin təqdim edilmiş ƏDV bəyannamələrində bəyan edildiyini, Cəmiyyətin sahibliyində hal-hazırda mal qalığının mövcud olmadığını, alınmış bütün malların təqdim edildiyini, Cəmiyyətin şəxsi hesab vərəqəsində olan borc məbləğinin ödəmək imkanının olmadığını, kənd təsərrüfatı məhsullarının idxalı zamanı ödənilən ƏDV məbləğinin ƏDV bəyannamələrində əvəzləşdirilmədiyini, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri əsasında Cəmiyyətin büdcə qarşısında olan vergi öhdəlikləri dəfələrlə artırıldığını, cəmi dəyəri 6 878 227,14 manat (ƏDVli) kənd təsərrüfatı məhsullarının alışı üzrə 1 635 688,44 manat (ƏDVsiz) əlavə dövriyyənin və ona uyğun 294 423,92 manat ƏDV-nin hesablanmasını düzgün hesab etmədiklərini, qeyd olunan hesablamanın Vergi Məcəlləsinin 159.7-ci maddəsinə zidd olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, nəzarət-kassa aparatlarında aparılmış əməliyyatlar üzrə dövrü (xx.xx.2023-xx.xx.2023-cü il tarixədək) hesabat məlumatına əsasən 3264 sayda çek üzrə 5168 383,51 manat (1 çek üzrə orta hesabla 1 583,45 manat) məbləğlərin mədaxil edildiyi müəyyən edilmişdir ki, bu hal da fərdi şəxslər tərəfindən yuxarıda adları qeyd olunan kənd təsərrüfatı mallarının alınmadığı, faktiki olaraq topdansatış qaydasında digər vergi ödəyicilərinə satıldığı, qanunvericiliyə uyğun elektron qaimə-faktura təqdim etmək əvəzinə nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi kimi qiymətləndirilmişdir. Bu hal üzrə də rəsmiləşdirilmənin riskli olması Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən vergi məbləğinin nəzarət-kassa aparatına 2023-cü ilin mart və aprel aylarında müvafiq olaraq mədaxil edilmiş 457772,7 manat (ƏDV daxil) və 1457 358,87 manat (ƏDV daxil) dövriyədən 69829,73 manat və 219118,40 manat ƏDV məbləğinin hesablanmasını şərtləndirir. Eyni zamanda Cəmiyyətin fəaliyyətinin araşdırılması zamanı eyni hallar müəyyən edilmiş, nəzarət-kassa aparatının göstəricilərinə əsasən 2023-cü ilin may ayında 479 sayda çek üzrə 1 139 459,71 manat (1 çek üzrə orta hesabla 2378,83 manat) və 2023-cü ilin iyun ayında 740 sayda çek üzrə 2113791,70 manat (1 çek üzrə orta hesabla 2 856,47 manat) məbləğlərin mədaxil edilmişdir, bu da kənd təsərrüfatı mallarının pərakəndə qaydada satılmadığına dəlalət edir. Cəmiyyət tərəfindən 2023-cü il ərzində 2 vergi ödəyicisinə 39 549,86 manat (ƏDV-si 985,75 manat) məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir. Həmçinin, araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə saat 23:00-da nəzarət-kassa aparatı vasitəsilə 1850 kq. olan xiyar adlı kənd təsərrüfatı məhsulunu 5124,50 manata (çek üzrə fiskal İD: 87C2d865TwY9), xx.xx.2023cü il tarixdə saat 23:46-da 3 400 dəstə keşniş adlı kənd təsərrüfatı məhsulunu 5916,00 manata (çek üzrə fiskal İD: 4fef2suiexPD) satıldığı müəyyən edilmişdir ki, bu da kənd təsərrüfatı mallarının pərakəndə qaydada satılmadığına dəlalət edir. Cavabdeh tərəfindən vergi məbləğinin düzgün hesablanmasının müəyyən edilməsi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 04 oktyabr 2024-cü il tarixli 9/6759 №-li ekpert rəyində qeyd edilmişdir ki, dövlət büdcəsinə hesablanmalı olan verginin məbləğinin müəyyən edilməsi üçün müvafiq aylar üzrə vergi ödəyicisi tərəfindən konkret hansı malların topdan, hansı malların isə pərakəndə satılması, bundan sonra həmin malların üzərinə hansı məbləğdə ticarət əlavə qoyulması və s. hallar müəyyən edildikdən sonra məhkəmə mühasibatlıq ekspertizası üzrə hesablamalar aparıla bilər. Lakin bildirilir ki, vergi orqanı tərəfindən aparılmış hesablamalara səbəb olmuş hallar məhkəmə tərəfindən əsaslı hesab edildikdə isə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********538600 nömrəli və xx.xx.2023-cü il tarixli **********684300 nömrəli qərarlarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunur. Tədqiqata hesablama aparılması üçün idxala dair gömrük məlumatları, bank çıxarışları təqdim edilmişdir. Qeyd edilir ki, həmin sənədlərdə göstərilən məlumatlar xərc kimi nəzərə alınmalıdır. Bundan başqa qeyd edilir ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) və digər hallar həmin sənədlərdə öz əksini tapmışdır. Ekspert rəyinin mötəbərliliyin şübhə altına alacaq hallar müəyyən edilməmişdir. Ekspert rəy verərək təqdim edilən sənədlərə istinad etmiş və rəy əsaslandırılmışdır. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məcəllənin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Məcəllənin 37.4-cü maddəsinə görə, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar