Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5870/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə İddiaçı "X3” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "X3” MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-368599/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya əlavə olaraq 23.992,06 manat (119.960,30x20%) manat mənfəət vergisi hesablanmışdır. Belə ki, riskli vergi ödəyicisi ilə aparılan əməliyyatlarzamanı 92.517,0 manat iddiaçının xərci kimi nəzərə alınmamış və 18.503,40 manat (92.517,0x20%) silinmişdir. Həmçinin yerdə qalan 27.443,30 manat (119.960-92.517,0) xərc dövriyyəsi vergi orqanı tərəfindən xərc sənədləri təqdim edilmədiyi üçün qəbul edilməmiş, həmin dövrdə qüvvədə olan şərti rentabellik norması tətbiq edilmədən, birbaşa xərc dövriyyəsi nəzərə alınmamışdır 5.488,66 (27.443,30x20). Yuxarıda qeyd edildiyi kimi ümumilikdə 23.992,06 manat (18.503,40 (əmtəəsiz əməliyyat) + 5.488,66 ( nəzərə alınmayan xərclər)) 2023-cü il üzrə əlavə mənfəət vergisi hesablanmışdır. "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 0899 nömrəli beynəlxalq nəqliyyat yük daşıması müqaviləsinə əsasən aparılan əməliyyatlar əmtəəsiz olmamış, faktiki olaraq müxtəlif tarixlərdə (hamısı "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edildiyi tarixdən əvvəlki dövrləri əhatə edir) fərqlielektron qaimə- fakturalar əsasında ümumilikdə əsas məbləği 92.517,0 azn olan xidmət alınmışdır (müqavilə və elektron qaimələr sənəd qoşmasına əlavə edilir). Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********503800 nömrəli qərarıəsasında "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi ödəyicilər əməliyyatların aparıldığı tarixdən 11 ay sonra riskli vergi ödəyicisi hesab edilmişdir və həmin vaxt iddiaçının gələcəyi görmək imkanı olmamışdır. Həmçinin xüsusi olaraq qeyd etmək lazımdır ki, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarda həmin müəssisənin riskli hesab edilməsinə səbəb olan hal kimi iddiaçı ilə aparılan əməliyyatlar qeyd edilməmişdir. Ümumiyyətlə istər İnzibati icraat haqqında qanun, istər də də Vergi məcəlləsinin tələblərinə əsasən inzibati akt ehtimallara əsaslanmamalı, faktiki olaraq inzibati araşdırmanın nəticələriniəks etdirməlidir. Belə ki, həmin dövr, yəni əməliyyatların aparıldığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində Riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən Riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskliəməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin Riskli vergi ödəyicisi olması, habelə Riskli vergi ödəyicilərisiyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin Riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbuledilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığıəməliyyatlarda riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəliQərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq Riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bundan əlavə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan RespublikasınınPrezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci iltarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəliqərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəfin Riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə olmuşdur. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyicisi həmin tarixdə Riskli vergi ödəyicisisiyahısında olmamışdır. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, hesablamanın əsası ilə bağlı bildirilir ki, hesablama metodu ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 1580347.04 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (rislki eqaimə-fakturaların məbləği (92517.00) istisna olmaqla) və alış aktlarının məbləği (472433.83 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (987952.91 manat) cəmi məbləğindən (1460386.74 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (1460386.74 manat) məbləğin müqayisəsi nəticəsində 119960.3 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********853800 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 23992,06 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********022900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Mübahisələndirilən qərarın əsaslandırma hissəsindən də görünür ki, iddiaçının riskli olduğu müəyyən edilmiş qaimə-fakturaları xərclərdə nəzərə alınmamışdır. İddiaçının xərcinin nəzərə alınmadığı əməliyyatı apardığı şəxs "xxxx" MMC olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********)-nin fəaliyyəti haqqında aparılmış təhlillər zamanı rəhbəri X4 Qızının (Pin: 5DRGSZ3) (Nümayəndə, Topdansatış ticarətçisi, Çeşidləyici və s.) olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin rəhbərinin ixtisassız peşə sahibi olması səbəbindən əmtəəsiz əməliyyatlar aparılması şübhəsi olmuşdur. Bununla bağlı olaraq operativ monitorinq keçirilməsi üçün aidiyyəti üztə xx.xx.2023-cü il tarixli **********250100 nömrəli məktubla müraciət edilmiş, müraciət xx.xx.2024-cü il tarixli **********169200 nömrəli məktubla cavablandırılmışdır. Cavaba əsasən "xxxx" MMC-nin aktiv obyekti olmadığından müşahidə aparmaq mümkün olmadığı qedy edilmişdir. Əlavə məlumat üçün bildirilir ki, hal-hazırki rəhbəri X2 mümkün olmadığı qedy edilmişdir.Əlavə məlumat üçün bildiririk ki, hal-hazırki rəhbəri X2 (Pin: 8AU27TX) də ixtisassız peşə sahibidir (usta, tikinti üzrə). Vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********071500 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmiş,lakin həmin dövr ərzində vergi ödəyici tərəfindən baş idarəyə təsdiq edici sənədlər və ya hər hansı müraciət daxil olmamişdir. Nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2024-cü il traixli **********503800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Qeyd olunmalıdır ki, vergi ödəyicisi sonraki müraciətlərində mal alqı satqısı ilə deyil, sifarişçi və daşıyıcılar arasında əlaqələndirici şəxs kimi beynəlxalq yükdaşımanın təşkili ilə məşğul olduğunu bildirsə də hər hansı əsaslı təsdiq edici sənədlər təqdim olunmamışdır. Baza məlumatlarına əsasən müəssisənin bank hesabına xarici köçürülmə aşkar edilməmişdir. Ödəyiciyə araşdırmalarda iştirak etməsi üçün dəvət məktubu göndərilsədə müəssisənin rəhbəri görüşlərdə iştirak etməmişdir. Ödəyicinin həyata keçirdiyi fəaliyyət sahəsinə uyğun digər iqtisadi resursları da (müvafiq vəzifədə çalışan işçi, aktiv obyekt və s) mövcud deyildir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfinizdən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-ına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Məlumat üçün bildirilir ki, "xxxx" MMC-nin 2023-cü il mənfəət vergisi üzrə əlavə hesablama ilə bağlı inzibati şikayəti ilə bağlı xx.xx.2025-ci il tarixli inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, aparılmış inzibati icraat zamanı Dövlət Vergi Xidməti tərəfindən Cəmiyyətə “Müraciətə baxılması və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2- 1/2-6884/2024 nömrəli məktub göndərilərək malların (işlərin və ya xidmətlərin) əldə edilməsi və təqdim edilməsi ilə bağlı təsdiqedici sənədləri, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarını (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), malların alışı və satışı ilə əlaqədar kassa mədaxilməxaric sənədlərini, üzləşmə aktı, təhvil-təslim aktları, debitor-kreditor borcları barədə təsdiqedici sənədləri, olduğu təqdirdə idxal olunmuş və daxili bazardan alınmış mallar daxil olmaqla, malların hərəkəti barədə məlumatları (aylar üzrə alınma, təqdim edilmə və qalıqda qalan mallar barədə tarixlər göstərilməklə, idxal edilmiş və olduğu təqdirdə daxili bazardan alınmış mallar üzrə ayrıayrılıqda mal çeşidləri üzrə ticarət əlavələri göstərilməklə), idxal olunmuş malların satış qiyməti, X1 (İNCOTERMS) barədə məlumatları, yüklərin daşınması ilə bağlı bağlanmış müqavilələri, təhvil-təslim və ya üzləşmə aktları, invoyslar, ödəniş sənədləri, mal-material hesabatı və araşdırma üçün zəruri hesab edilən digər sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada surətlərini onlayn kargüzarlıq vasitəsilə inzibati araşdırmaya təqdim edilməsi bildirilmiş və vergi ödəyicisi tərəfindən müqavilə, üzləşmə aktları, fiziki şəxslərin sürücülük vəsiqələri və texniki pasportları araşdırmaya təqdim edilmişdir. Araşdırma zamanı təqdim edilmiş sənədlərin yalnız Cəmiyyətlə sifarişçilər arasında bağlanmış müqavilə və aktlardan ibarət olduğu və Cəmiyyətlə daşıyıcılar arasında bağlanmış müqavilə, invoyslar, təhvil-təslim aktları araşdırmaya təqdim edilmədiyi müəyyən edilmişdir. Cəmiyyətin nümayəndəsi ilə ********** telefon nömrəsi ilə əlaqə saxlanaraq xərclərlə bağlı müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi bildirilsə də, bugünədək heç bir sənəd təqdim edilməmişdir. Bildiririk ki, ilkin məhkəmə iclasında iddiaçıdan daşımanın həqiqətən də həyata keçirilməsini təsdiq edən sənədlər tələb edilmişdir. İddiaçı tərəfindən xidmətin alınması ilə bağlı invoyslar təqdim edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma qaimələrindən daşımanın "xxxx" MMC tərəfindən həyata keçirilməsi və ya "xxxx" MMC-nin alışında olan şəxslər tərəfindən həyata keçirilməsi sübuta yetirilmir. Həmçinin elektron məhkəmə portalına əlavə edilmiş beynəlxalq yük daşıma qaimələrində (CMR) görünən daşıyıcılar "xxxx" MMC-nin alış qaimələrində öz əksini tapmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Beynəlxalq nəqliyyat yük daşınması haqqında 01 may 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC və "xxxx" MMC arasında yük daşıma ilə əlaqədar müqavilə bağlanılmışdır. Elektron sistemdən çıxarışdan görünür ki, "xxxx" MMC 15 aprel 2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Mübahisələndirilən 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 2023-cü il mənfəət vergisi üzrə təqdim edilən 2023-cü il mənfəət vergi bəyannaməsində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsinə əsaslanaraq 23.992,06 manat vergi məbləği hesablanmışdır. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC-nin 15 aprel 2024-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanılaraq 2023-cü il tarixli elektron qaimə-fakturalar əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edilmiş və VM-nin 175.11-ci maddəsinin məqsədləri baxımından verginin əvəzləşdirilməsinə yol verilmədiyi həmin vergi ödəyicisindən qaimə fakturaların əldə edilməsinə əsaslanılaraq iddiaçıya bildirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini arzulayır. Məhkəmə mübahisələndirilən qərarın əsassız olması ilə bağlı aşağıdakiları bildirir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Məhkəmə diqqətə çatdırır ki, riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. İşin faktiki halları nəzərə alınmaqla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq qərarına əsasən yuxarıda adıçəkilən iddiaçının əməliyyat apardığı hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi həmin şəxsin riskli vergi ödəyicisi olması təkzib olunmaz bir haldır. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin şəxs hal-hazırda riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçı ilə onun arasında müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı, elektron qaimə fakturaların tərtib edildiyi 2023-cü il tarixi üzrə dövrdə həmin şəxs riskli vergi ödəyicisi olmamış, həmin şəxs 2024-cü il tarixli qərar əsasında riskli vergi ödəyicisi hesab edilmişdir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu məhz cavabdeh sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də mülki hüquq münasibətlərinə daxilı ola bilər, bu zaman əməliyyatın real olması əməliyyat aparılan tərəflərdən birinin riskli vergi ödəyicisi olması səbəbindən istisna edilə bilməz. Bunun üçün əməliyyatların faktiki olaraq əmtəəsiz və ya riskli olduğu cavabdeh tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh həmin halı sübut edə bilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2496/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Həmçinin qeyd edilməlidir ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Ali Məhkəmənin 2-1(102)-1651/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. . İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Analoji mövqe 2-1(102)-1234/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarda da təkrarlanmışdır. Analoji mövqe həmçinin Ali Məhkəmənin 2-1(102)-2208/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, həmin qərar ilə kassasiya instansiya məhkəməsi oxşar mövqeyidən çıxış edərək vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapmasının zəruri olduğunu, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas vermədiyini xüsusilə vurğulamışdır. Ali Məhkəmənin 13 iyun 2024-cü il tarixli 2-1(102)-2036/24 nömrəli qərardadında isə kassasiya şikayətinin qəbulundan imtina barədə qərardad qəbul edilmiş, qərardadda qeyd edilmişdir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1644/2024 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-462/2021 nömrəli, xx.xx.2023-ci il tarixli, 2-1(102)-1045/2023 nömrəli qərarlarda və xx.xx.2024-cü il tarixli 2-1(102)- 1918/2024 nömrəli qərardadda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Lakin, işin faktiki hallarından da göründüyü kimi, inzibati aktla aparılan hesablamanın əksər hissəsi məhz riskli vergi ödəyicisi ilə aparılmış əməliyyatlarla əlaqədar olsa da, hesablamanın bir hissəsi şərti rentabellik normasının tətbiq edilib-edilməməsi ilə əlaqədar olmuşdur. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçı tərəfindən təqdim edilən gəlir vergisi göstəriciləri ilə razılaşmayan cavabdeh vergilərin düzgün müəyyən olunması məqsədilə ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlar əsasında iddiaçının gəlirinin müəyyən edilməsi istiqamətində araşdırma aparmalı idi. Qeyd olunan mənbələr əsasında gəliri müəyyən etmək mümkün olmadıqda isə digər üsul və vasitələrdən - Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddəsinin imkanlarından, həmçinin Vergi Məcəlləsinin 67.14-cü maddəsinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə gəlir müəyyən olunmalı idi. Hal-hazırda qüvvədə düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. Burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh birbaşa gəlir əsasında hesablamışdır. Halbuki hesablamanın bu qaydada tətbiqi zərurəti aydın olmamışdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qeyd olunmalıdır ki, VM-nin 67.1-ci maddəsinin normasında təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Göstərilənlərə uyğun olaraq cavabdeh iddiaçının 2023-cü il üzrə mənfəət vergisi məbləğini Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini, müvafiq olaraq Nazirlər Kabinetinin qeyd olunan Qərarını tətbiq etməklə müəyyən etməli idi. Beləliklə, hazırki iş üzrə iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Qeyd olunmalıdır ki, 2-1(102)-2914/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi qərardadında həmin əsasla kassasiya şikayətinin ümumiyyətlə qəbulundan imtina edilmişdir. Analoji mövqe Ali məhkəmənin 2-1(102)-2643/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-671/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021cü il tarixli qərarında öz əksini tapmışdır. Bundan əlavə, iddiaçı tərəfindən də müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dair Azərbaycan Respublikası Ali məhkəməsinin 01 noyabr 2024-cü il tarixli 15(102)-126/2014-cü il tarixli qərarı təqdim edilmişdir. Həmin qərarda da məhz göstərilən hal əsas götürülməklə iddianın böyük ehtimalla uğurluluğuna istinadla ərizə təmin edilmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-368599/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5870/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5870/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver