Məhkəmə qərarları › İş №e-2-1(112)-5887/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5887/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5887/2023 27.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı “X13” ASC-nin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (3cü şəxs: X11 və digərləri) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “X13” ASC cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X13” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 15 saylı mənzilindən X14, X15, X9, X3, X4, X5, X12, X2 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X14, X15, X9, X3, X4, X5, X12, X2 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus mənzilli hərracın yekunları barədə protokol əsasında əldə etməmişdən qabaq üçüncü şəxslər həmin evə qeydiyyata alınmışdırlar.Hazırkı vəziyyətdə qeyd olunan şəxslərin qeydiyyatda qalmaları onun hüquqlarının pozulmasına səbəb olur ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və həmin şəxslərin qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(103)- 3535/2021 nömrəli qətnaməsi ilə iddiaçı “X13” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininx saylı mülki iş üzrə qəbul etdiyi 31 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, yəni faiz və cəmi borca aid hissədə və cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməsi, faiz borcunun tutulması barədə iddia qismən, cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə iddianın tam təmin edilməsi, faiz borcu 10.790,06 ABŞ dolları və cəmi borc 39.056,86 ABŞ dolları məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil satıldıqdan sonra 1 ay müddətində cavabdehlər Məmmədov Zavur Təyyar oğlu və X12, yetkinlik yaşına çatmayan X5 və X3 ilə birlikdə həmin mənzildən çıxarılmaları, qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respubliası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6136/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Məmmədov Zavur Təyyar oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3535/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 2(103)- 3535/2021 nömrəli icra vərəqəsi icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1A, mənzil 15 iddiaçı “X13” ASC –nin mülkiyyətindədir. Hərracın Yekunları barədə 48/02 №-li protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3535/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə və Sabunçu rayon İcra şöbəsinin 752-3109/17 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin müvafiq məktubuna əsasən Məmmədov Zavur Təyyar oğluna məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi “X13” ASC-yə keçmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. İşin faktiki halları ilə bağlı isə ilk olaraq qeyd edilməlidir ki, mübahisə predmetini təşkil edən mənzil (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1A, mənzil 15) üçüncü şəxs Məmmədov Zavur Təyyar oğlunun adına qeydiyyatdan keçmiş, lakin Hərrac Təşkilatının hərracın yekunları barədə protokoluna, hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinə əsasən iddiaçının adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır (maddə 414.1 və 414.4). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Məhkəmə qeyd edir ki, hərrac keçirilməsi yolu həm əmlakın (o cümlədən daşınmaz əmlakın), həm qiymətli kağızların, həm də əmlak hüququnun satışı barədə müqavilələr bağlana bilər. Hərrac keçirilməsi yolu ilə bağlanan müqavilə iştirakçılarından biri hərracın təşkilatçısıdır. Hərracın təşkilatçısı rolunda, bir qayda olaraq, əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi çıxış edir. İxtisaslaşdırılmış təşkilatlar da hərrac keçirilməsini təşkil edə bilərlər. Hərrac qanunda nəzərdə tutulan qaydada təşkil edilir və keçirilir. Hərrac keçirilməsinin nəticələri protokolla rəsmiləşdirilir. Protokol hərrac keçirilməsi yolu ilə müqavilənin bağlanmasını ifadə edir. Ona görə ki, həmin sənəd müqavilə qüvvəsinə malikdir (MM-in 415-ci maddəsinin 5-ci bəndi). Protokolu hərracı udmuş şəxs və hərracın təşkilatçısı imzalayırlar. Müqavilə qüvvəsinə malik olan həmin sənəd hərracın — auksionun və ya müsabiqənin keçirildiyi gün tərtib edilir. Beləliklə, hərrac təşkilatçısı ilə hərracı udan şəxs arasında bağlanan müqavilə hərracın nəticələri haqqında protokolla rəsmiləşdirilir. İş materiallarında olan çıxarışdan da göründüyü kimi sahiblik, istifadə və sərəncam hüquqları, iddiaçıya məxsusdur. Təbii ki, bu hüquq yaranmasının əsası kimi hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi çıxış edir. Həmin hüquq isə iddiaçıya köhnə mülkiyyətçi Məmmədov Zavur Təyyar oğlunun (üçüncü şəxs) mülkiyyətində olan əmlakın satışı ilə bağlı keçirilmiş hərrac nəticəsində keçmişdir. Nəzərə alınmalıdır ki, hal-hazırda hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi ləğv olunmadığından, yəni qüvvədə olduğundan, hərrac nəticəsində iddiaçı əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malik olmuşdur Məhkəmə vurğulamağı zəruri hesab edir ki, mənzilin əvvəlki mülkiyyətçisi ilə eyni soyadı daşıyan və qohumuq əlaqəsi olan digər üçüncü şəxslərin qeydiyyatı həmin müqavilənin bağlanması ilə əhəmiyyətini itirib. Beləliklə yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, üçüncü şəxslər yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da həmin şəxslərin istifadə hüququna malik olmadığını təsdiq edir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin məzmunu baxımından da qiymətləndirmə aparıldıqda hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas yaranır. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Eyni zamanda Məhkəmə qeyd edir ki, Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi sorğuya cavab məktubunda Məmmədov Zavur Təyyar oğlu, X10, X4, X12 və X1 halhazırda iddia olunan mənzildə yaşadıqlarını, digər şəxslər X17, X7, Bayramov Arif oğlu, X8 həmin ünvanda qeydiyyatda olmadığını bildirmişdir. Bununla bağlı Məhkəmə ilk növbədə qeyd edir ki, sorğuya cavab məktubunda bəzi şəxslərin mənzildə yaşayış yeri üzrə qeydiyyata olmadığı bildirilsə də, Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil olmuş məlumata əsasən (aktiv şəxsiyyət vəsiqəsi) həmin şəxslər yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1A, mənzil 15 qeydiyyatdadırlar. Digər tərəfdən nəzərə alınmalıdır ki, adıçəkilən şəxslərin iddia olunan mənzildə faktiki yaşamasından asılı olmayaraq, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Belə ki, hazırki mərhələdə üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması və ya istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə qərarının olmasına zərurət yoxdur. Çünki hazırda qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnaməyə əsasən isə mənzilin köhnə mülkiyyətçisinin (Məmmədov Zavur Təyyar oğlu) kredit müqaviləsi üzrə borc məbləğinin məhz ipoteka predmeti olan əmlaka yönəldilməsi qət edilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, hazırda mövcud olan sənədlər əsasında üçüncü şəxslərin yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslar mövcuddur. Azyaşlı kateqoriyasına aid digər xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququ olmaması ilə bağlı isə qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxsin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Göründüyü kimi istər, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsləri həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Bundan əlavə, mövcud məhkəmə praktikasında rast gəlinən bir-neçə yaşayış sahəsinə eyni ünvanın verilməsi ilə bağlı da araşdırma aparılmış və üçüncü şəxslərin iddiaçının yaşayış sahəsindən kənar eyni ünvan üzrə başqa yaşayış sahəsində yaşamadığı da müəyyən edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan da görünür ki, sözügedən ünvanın başqa şəxslərin də yaşayış sahəsinə verilməsi ilə bağlı məlumat mövcud deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən yaşayış yeri üzrə X14, X15, X9, X3, X4, X5, X12, X2 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar