Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5909/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20246/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-22516/2-24 saylı qərarların ləğv edilməsi, 2014-cü ilin mart ayında yenidən hesablanmaqla təyin olunmuş yaşa görə əmək pensiyasının bərpa olunması, sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması, yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin iddiaçıya 2014-cü ilin mart ayında yenidən hesablanmaqla təyin edilən pensiyanı ləğv edən, dəyişdirən qərarların ləğv edilməsi, sonrakı artımlar nəzərə alınmaqla həmin pensiyanın bərpa olunması, fərqin ödənilməsi, qanunsuz olaraq tutulmuş 3189 manat pul məbləğinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “ “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20246/2024 və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-22516/2024 nömrəli qərarlarının ləğv edilməsi, 2014-cü ilin mart ayında yenidən hesablanmaqla təyin olunmuş əmək pensiyasının bərpa olunması, sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması, yaranan fərqin ödənilməsi və pensiyasından qanunsuz tutulmuş 3189 manatın geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20246/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-22516/2-24 saylı qərarların ləğv edilməsi, 2014-cü ilin mart ayında yenidən hesablanmaqla təyin olunmuş yaşa görə əmək pensiyasının bərpa olunması, sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması, yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin qərardadı ilə məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2006-cı ildə prokurorluqda 25 il qulluğa görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Əmək haqqındakı sonrakı artımlar nəzərə alınaraq 2014-cü ilin mart ayında pensiyası prokurorluqda qulluğun son 24 ayının, yəni xx.xx.2012 - xx.xx.2014-cü ilin orta aylıq əmək haqqından yenidən hesablanmışdır. 2023-cü ilin fevral ayında pensiyası prokurorluqda qulluqda olmanın son 24 ayı, yəni 2016-2018-ci illərin orta aylıq əmək haqqı əsasında yenidən hesablanaraq azaldılmışdır. 2014-ci ildə təyin olunan pensiya ləğv edilmiş, ona əsassız olaraq 5588,64 manat artıq ödəmə hesablanmış, onun razılığı və məhkəmə qərarı olmadan pensiyasından qanunsuz olaraq 2023-cü ildə 2629,78 manat, 2024-cü ildə isə 559,90 manat pul tutulmuşdur. Həmin qərarların ləğv edilməsi, 2014-cü ildə təyin olunmuş pensiyanın sonrakı artımlar nəzərə alınmaqla bərpa olunması, fərqin ödənilməsi, qanunsuz tutulmaların geri qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmış, Bakı inzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-7932/2024 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 15 fevral 2023cü il tarixli qərarı ləğv edilsin. İddiaçının mart 2012-ci ildən mart 2014-cü ilə kimi olan dövrə aid əvvəlki pensiya hesablanma qaydasının bərpa olunması, bərpa olunmuş pensiya üzrə prokurorluq işçilərinin əmək haqqından artımlar, maddi yardım və indeksləşdirmə ilə bağlı artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, hesablanmış 5588,64 manat borc məbləğinin ləğv edilməsi və iddiaçıdan tutulmuş, həmçinin əvəzləşdirilmiş pul məbləğlərin geri qaytarılması öhdəliyi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddiaçının mart 2012-ci ildən mart 2014-cü ilə kimi olan dövrə aid əvvəlki pensiya hesablanma qaydasına dair mahiyyəti üzrə müraciətinə dair əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minmədən, 7 oktyabr 2024-cü il tarixində pensiyanın yenidən hesablanaraq cari il üzrə indeksləşdirilmə nəzərə alınmaqla 5839,12 manat məbləğində müəyyən edilmiş və SMS-lə məlumat verilmişdir. 2024-cü ilin oktyabr ayında 5839.12 manat pensiya, 334 manat fərq, noyabr ayında 5839.12 manat pensiya, 154 manat fərq ödənilmiş, sonra 23 noyabr 2024-cü il tarixdə SMS vasitəsilə pensiyanın yenidən hesablanaraq 5559,03 manat məbləğində müəyyən edilməsi barədə məlumat verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına elektron müraciət göndərərk, qərarla razı olmadığını bildirib, qərarın ona təqdim olunmasını tələb etmiş, cavabdeh şəxsi kabinetində müraciətə cavabı yerləşdirmiş, qərarı ona göndərməmiş, cavabda qərarın tarixi nömrəsi belə göstərilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən 24 sentyabr 2006-cı il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma nəticəsində iddiaçının pensiya məbləği 2023-cü ilin mart ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 4999,14 manat müəyyən edilib, həmçinin ona ümumilikdə 2398,96 manat artıq ödənilmiş pul vəsaiti hesablanıb. İddiaçı tərəfindən pensiyasının əvvəlki qaydada hesablanması ilə əlaqədar məhkəmədə iddia qaldırılıb. Əmək pensiyasının yenidən hesablanması zamanı inzibati icraatın düzgün aparılmaması əsas göstərilməklə iddiası Bakı İnzibati Məhkəməsinin 14 avqust 2024-cü e-2-1-(112)-7932/2024 nömrəli qərarı ilə qismən təmin edilib. Bununla əlaqədar iddiaçının əmək pensiyası 7 oktyabr 2024-cü il tarixində yenidən hesablanaraq 2024-cü il üzrə indeksləşdirilmə nəzərə alınmaqla 5839,12 manat məbləğində müəyyən edilib. Həmçinin ona pensiya üzrə ötən dövr üçün ödənilməli olan ümumilikdə 8932,49 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək ödənilir. Bununla əlaqədar olaraq, iddiaçının pensiyası üzrə ötən dövr üçün hesablanmış 8932,49 manat pul vəsaiti 2024-cü ilin oktyabr ayından etibarən hissə-hissə əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülür. Həmçinin sözügedən məhkəmə qərarına əsasən maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya ödənilməli olan ümumilikdə 190,68 manat pul vəsaiti hesablanıb. Həmin vəsait 2024-cü ilin oktyabr və noyabr aylarında onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Sözügedən məhkəmə qərarında qeyd olunan mövqeyə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən Mərkəzi Filial tərəfindən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 22 oktyabr 2024-cü il tarixində iddiaçıya məktub göndərilməklə 1 noyabr 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin iddiaçı mülahizələrin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra iddiaçının əmək pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 5559,03 manat məbləğində müəyyən edilib. Göründüyü kimi iddiaçının pensiyasının yenidən hesablanması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının mübahisələndirdiyi qərar ona məhkəmə gedişatında təqdim edildiyi üçün, iddiaçı tərəfindən iddia müddətinə riayət edilmiş hesab olunur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7932/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 15 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçının mart 2012-ci ildən mart 2014-cü ilə kimi olan dövrə aid əvvəlki pensiya hesablanma qaydasının bərpa olunması, bərpa olunmuş pensiya üzrə prokurorluq işçilərinin əmək haqqından artımlar, maddi yardım və indeksləşdirmə ilə bağlı artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, hesablanmış 5588,64 manat borc məbləğinin ləğv edilməsi və iddiaçıdan tutulmuş, həmçinin əvəzləşdirilmiş pul məbləğlərin gheri qaytarılması öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddiaçının mart 2012-ci ildən mart 2014-cü ilə kimi olan dövrə aid əvvəlki pensiya hesablanma qaydasına dair mahiyyəti üzrə müraciətinə dair əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17- 1/3-3-20246/2024 nömrəli xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı xx.xx.2018-ci ildə təyin edilmiş pensiya məbləği yenidən hesablanmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17- 1/3-3-22516/2024 nömrəli xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə İddiaçı xx.xx.2018-ci ildə təyin edilmiş pensiya məbləği yenidən hesablanmış və artıqödəmə müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İddiaçının pensiya işində olan sənədlərdən məlum olur ki, iddiaçıya prokurorluq orqanlarında qulluğu ilə bağlı xx.xx.2006-ci ildə 617,67 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan arayışa əsasən, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək ona hesablanmış ödənişlər 150216,78 manat olmuşdur. “Pensiya məbləğinin dəyişdirilməsi haqqında” 17 mart 2014-cü il tarixli sərəncamı ilə iddiaçının pensiyası xx.xx.2014-cü il tarixdən 2763,50 manat məbləğində; “Pensiya məbləğinin dəyişdirilməsi haqqında” 16 aprel 2014-cü il tarixli sərəncamı ilə xx.xx.2014-cü il tarixdən 2933,60 manat xx.xx.2018-ci il tarixli “pensiya məbləğinin dəyişdirilməsi haqqında” sərəncamı ilə xx.xx.2018-ci il tarixdən 3215,84 manat məbləğində pensiya təyin edilmişdir. Daha sonra cavabdeh 2018-ci ilin mart ayında (sərəncamda tarix dəqiq göstərilməmişdir) iddiaçının pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən 2760, 26 manat olması barədə “pensiya məbləğinin dəyişdirilməsi haqqında” sərəncam vermişdır. İddiaçının hal-hazırda mübahisələndirdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024- cü il tarixli qərarı ilə cavabdeh iddiaçının pensiyasının 5839,12 manat məbləğindən 5559.03 manat məbləğədək azaldaraq, xx.xx.2024-cü ildən müddətsiz ödənilmsi müəyyən etmişdir. İddiaçının mübahisələndirdiyi digər “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarında xx.xx.2018-ci il tarixdən iddiaçının pensiya məbləğinin 5559 manat, xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək isə 11891 manat borcun olması göstərilmişdir. Halbuki Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında cavabdeh iddiaçının pensiya məbləğini xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə xx.xx.2024-cü ildən müddətsiz 5839,12 manat məbləğində müəyyən etmişdir. Beləliklə, göründüyü kimi, cavabdeh inzibati orqan yuxarıda qeyd edilmiş məhkəmə qərarı saymadan, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən inzibati aktları qəbul etsə də, qərarı iddiaçıya təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, sözügedən inzibati akt əsaslandırılmamış, onda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt yuxarıda göstərildiyi kimi qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv etməsi ilə iddiaçını əlverişsiz vəziyyətə gətirən qərar qəbul etmiş və həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiya təminatı ilə hərəkətlər pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20246/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 22516/2-24 saylı qərarları ləğv edilməli, 2014-cü ilin mart ayında yenidən hesablanmaqla təyin olunmuş yaşa görə əmək pensiyasının bərpa olunması, sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması, yaranan fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-20246/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-22516/2-24 saylı qərarları ləğv edilsin; İddiaçı 2014-cü ilin mart ayında yenidən hesablanmaqla təyin olunmuş yaşa görə əmək pensiyasının bərpa olunması, sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması, yaranan fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-5909/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5909/2025
12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver