Məhkəmə qərarları › İş №e-2-1(112)-5918/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5918/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5918/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 80 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, “Müharibə əlilləri, Şəhid ailələri, Çernobl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış kommisiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmış müharibə əlilləri, Şahid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və yuxarıda qeyd olunan qərarlardan çıxarışlar nəzərə alınaraq iddiaçıya hazırda yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsiev 31A ünvanında yerləşən 80 saylı mənzil verilmişdir. Qeyd edilən bina əlil və şəhid ailələri üçün tikilmiş, layihə smeta sənədləri xx.xx.2008-ci ildə təsdiqlənmiş, xx.xx.2008-ci ildən tikintisinə icazə verilmişdir. Bina tikildikdən dərhal sonra mənzilləri təyinatı üzrə əlil və şəhid ailələrinə, o cümlədən də, iddiaçıya təhvil verilmişdir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə alınması, həmçinin müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə yazılı müraciət etsə də, cavabdeh tərəfindən ona imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, analoji iş üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, e-2-1(112)-10564/2022 saylı qərarı mövcuddur. Həmin qərardan da müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri F.Ələkbərovun 11/10-195 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş Dövlət qəbul komissiyasının “inşası başa çatmış obyektin istismara qəbul olunması barədə Akt”a əsasən Bakı şəhəri Yasamal rayonunda əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi istismara qəbul edilmişdir. Yaşayış evinin layihə-smeta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 11/7-268 saylı əmri ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “ünvan 3 ünvanda şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 saylı sərəncamına əsasən qeyd olunan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediməklə vahid texniki istismar normalarına uyğun xidmətin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 4 ünvanda tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan 22.12..2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 31 a saylı evin, 80 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi (Cəbiyev küçəsi), 17 saylı evin, 58 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin, 80 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-ci il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-ci il tarixli, **********31 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair təqdim edilmiş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi (Cəbiyev küçəsi), 17 saylı evin, 58 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.1994-cü il tarixdə dövlət mənzil fondundan özəlləşdirilərək üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə mənzilə texniki baxış keçirilən zaman mənzilin 3 (üç) otaqlı olmaqla, ümumi sahəsinin hüquqmüəyyənedici sənədlə 99.75 kv.m göstərilsə də, faktiki 95.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalniz bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

5. Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının “Müharibə əlilləri, Şəhid ailələri, Çernobl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” xx.xx.2012-ci il tarixli 130 nömrəli Sərəncamından Çıxarışa əsasən aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisəsi əlilləri, BVM-si əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərə dair onlarla kirayə müqaviləsi bağlanmışdır. - İddiaçı ailə tərkibi 5 nəfər, Əsəd Əhmədov küçəsi, ev 31a, mənzil 80, 3 otaq, ümumi sahəsi 99,75 kv.m, yaşayış sahəsi 53,35 kv.m - İddiaçı mənzil növbəsindən çıxarılmışdır.

7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq mənzil 3 otaqlı olsa da, mənzilin sənəd üzrə sahəsi 99,75 kv.m, faktiki isə 95.6 kv.m təşkil edir. Mənzilin texniki vəziyyəti sərəncamdakı təsdiq olunmuş sxemə uyğundur. Mənzil binanın 9-cu mərtəbəsində yerləşir.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 5 binada dövlət qeydiyyatına alınmış 1 (bir) ədəd mənzil barədə məlumat aşkar edilmişdir: - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, 31A saylı ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 5 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, 31A saylı ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 33 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 5 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və istismar edilməsi üçün həmin Birliyin 19 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (elektron surət) əsasən ünvan 10, mənzil 35 (Yeni qaydalarla: AZ 1070, ünvan 6 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X4 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nəsimi rayon İcra Hakimiyyəti başçısına ünvanlanan məktubda qeyd olunmuşdur ki, Yasamal rayonu ərazisində Nazirliyin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası 2010-cu ilin dekabr ayının 24-də istifadəyə verilmişdir. Bakı şəhərinin Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlil və şəhid ailələri sırasından ehtiyacı olanların mənzillə təmin edilməsini həyata keçirmək məqsədilə Nazirlikdə 08 noyabr 2010-cu il tarixli 11/7- 143 nömrəli əmrlə xüsusi komissiya yaradılmışdır. Komissiyanın 04 fevrall 2011-ci il tarixdə keçirilmiş iclasının Qərarı ilə qeyd olunan binadan Nəsimi rayonu üzrə 8 nəfərə mənzil ayrılmış, Qərardan çıxarışlar əlil və şəhid ailələrinə ayrılmışdır. - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının “ Qarabağ müharibə əlilləri, şəhid ailələri və Çernobıl hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 231 saylı Sərəncamına əsasən Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 31a №-li yaşayış binasından Nəsimi rayonu üzrə adları çəkilən Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Çernobıl əlillərinə ayrılmış mənzillərə dair onlarla kirayə müqaviləsi bağlanmışdır: Şəhid ailəsi X4 adına 5 nəfər ailə tərkibi ilə (özü. h/yoldaşı, 2 qızı, oğlu) 3-cü mərtəbə 3 otaqlı yaşayış sahəsi 53.35 kv.m., ümumi sahəsi 99,75 kv.m olan 35 №-li mənzilə. Adları çəkilən vətəndaşlar ailə üzvləri ilə birlikdə mənzil növbəsindən çıxarılmışdırlar. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-10564/2022 nömrəli Qərarı ilə iddia təmin edilmişdir. İddiaçı X4 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31A saylı evin 35 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Reyestrdə 4Ə-471 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli Yaşayış sahəsinin alqı-satqı və ipoteka Müqaviləsinə əsasən satıcı X6 ünvan 10, mənzil 35 (Yeni qaydalarla: AZ 1070, ünvan 6 ünvanında yerləşən mənzili alıcı (ipoteka qoyan) X7 mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (elektron surət) əsasən ünvan 10, mənzil 35 (Yeni qaydalarla: AZ 1070, ünvan 6 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X7 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

9. Bakı İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5919/2024 nömrəli Qərarında qeyd olunmuşdur: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11/10-195 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş Dövlət qəbul komissiaysının “inşası başa çatmış öbyektin istismara qəbul olunması barədə akt”a əsasən Bakı şəhəri Yasamal rayonunda əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi istismara qəbul edilmişdir. - Yaşayış evinin layihə-smeta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 11/7-268 saylı əmri ilə təsdiq edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “ünvan 4 ünvanda şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 saylı sərəncamına əsasən qeyd olunan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediməklə vahid texniki istismar normalarına uyğun xidmətin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 4 ünvanda tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının “Müharibə əlilləri, Şəhid ailələri, Çernobıl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 3 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və qeyd olunan qərarlardan çıxarışlar nəzərə alınaraq X5 adına 3 nəfər ailə tərkibi ilə Yasamal rayonu Əsəd Əhmədov küçəsində 31 a saylı yaşayış binasından 2 otaqlı yaşayış sahəsi 35,7 kv.m, ümumi sahəsi 77,82 kv.m olan 72 saylı mənzilə dair kirayə müqaviləsi bağlanılmış və o, mənzil növbəsindən çıxarılmışdır. - Bakı İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5919/2024 nömrəli Qərarı ilə iddia təmin edilmişdir. ünvan 10 ünvanda yerləşən 72 saylı mənzil üzərində iddiaçı X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

10. Bakı İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5998/2024 nömrəli Qərarında qeyd olunmuşdur: - Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 231 nömrəli sərəncamın arxiv çıxarışının 1 və 1.7-ci bəndlərindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011- ci il tarixli iclasının Qərarından çıxarışı və Nazirliyin xx.xx.2012-ci il tarixli 11/30-612 nömrəli məktubunu nəzərə alaraq Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 31a nömrəli yaşayış binasından Nəsimi rayonu üzrə şəhid anası X1 adına 3 nəfər ailə tərkibi (özü, h/yoldaşı, oğlu) ilə 4-cü mərtəbədə 2 otaqlı, yaşayış sahəsi 38,20 kv.m, ümumi sahəsi 79,46 kv.m olan 11 nömrəli mənzilə dair kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilmişdir. - Bakı İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5998/2024 nömrəli Qərarı ilə iddia təmin edilmişdir. İddiaçı X1 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 11 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

20. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

21. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

22. Azərbaycan Respublikası Konstitusiyasından: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

26. Odur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi (Cəbiyev küçəsi), 17 saylı evin, 58 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1994cü il tarixdə qeydiyyata alınması səbəbindən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsinə dair dəlili hazırkı işin hallarına uyğun deyil.

27. Belə ki, məhkəmə qeyd edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1ci maddəsi çıxış edir. Belə ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli Sərəncamına əsasən müəyyən olunur ki, qeyd edilən yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə məhz Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlilləri üçün inşa edilmişdir. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin müvəqqəti olaraq verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır.

28. Qeyd edilən yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə məhz Yasamal rayonunda əlil və şəhid ailələri üçün inşa edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, 31A saylı ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 5 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir.

29. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışa əsasən İddiaçı xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 11 ünvanda inşa edilmiş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və qərarlardan çıxarışlar nəzərə alınaraq mənzillərə dair onlarla kirayə müqavilələri bağlanmışdır. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının “Müharibə əlilləri, Şəhid ailələri, Çernobl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 130 nömrəli Sərəncamından Çıxarışa əsasən İddiaçı (ailə tərkibi 5 nəfər, Əsəd Əhmədov küçəsi, ev 31a, mənzil 80, 3 otaq, ümumi sahəsi 99,75 kv.m, yaşayış sahəsi 53,35 kv.m) ilə (Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisəsi əlilləri, BVM-si əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərə) kirayə müqaviləsi bağlanmışdır.

30. İddiaçıya xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edildiyindən və mənzil növbəsində olduğundan mübahisə edilən daşınmaz əmlak ona güzəştli əsaslarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 11 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrlə yaradılmış komissiyanın qərarı ilə ayrılmış və ayrılmış mənzilin sənədləşməsi icra hakimiyyətinə həvalə edilmişdir.

31. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər.

32. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayş massivi, Əsəd Əhmədov küçəsi, 31A saylı evin 80 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar