Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5922/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı “X7, X3 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X7, X3 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, X7 iddiaçının oğlu X1 həyat yoldaşı olub. Belə ki, onlar arasında xx.xx.2008-ci ildə nikah bağlanmış, birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü Əliyeva Banuçiçək və xx.xx.2004-cü il təvəllüdlü Əliyev Cəfərsadiq adlı övladları dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin 2012-ci il tarxili qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı, X7, X3 və X2 ona məxsus ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi üçün aidiyyəti qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin e-2(001)-2397/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, sözügedən qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə mindiyindən xx.xx.2023-cü ildə icra vərəqəsi verilmişdir. Göründüyü kimi istifadə hüquqlarına xitam verilmiş şəxslər artıq uzun müddətdir ki, iddiaçıya məxsus evdə yaşamır, bu da onların qeydiyyatının formal xarakter daşıdığını göstərir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, X7, X3 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-46/2-13442 nömrəli məktubunda qeyd etmişdir ki, X7 xx.xx.2006-cı il tarixdən, X3 xx.xx.2015-ci il tarixdən, X4 isə xx.xx.2015-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bildirilir ki, vətəndaş X5 qeydiyyata alınması barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün təqdim olunması imkan xaricindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5922/2024 nömrəli qərardadı ilə X7, X3 və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmişlər. Üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2397/2023 nömrəli qətnaməsindən görünür ki, X7, X3 və X2 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüquqlarına xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, ünvan 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş xx.xx.2024cü il tarixli məktubundan görünür ki, ünvan 1 saylı evdə 1942-ci il təvəllüdlü İddiaçı yaşayır onunla birlikdə X7, X3 və X4 qeydiyyatdadırlar. İddiaçının nümayəndəsi və vəkilinin elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi vəsatətində qeyd olunur ki, işdəki materiallardan göründüyü kimi mübahisə predmeti olan ev rəsmi dövlət qeydiyyatına alınmasa da, hazırkı iddianı verməmişdən əvvəl məcburi tələb olan istifadə hüququna xitam verilməsi məqsədilə aidiyyəti qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmədə kifayət qədər geniş araşdırma aparılmış, nəticədə işdəki sübutlar materiallar tam tədqiq edilərək evin özbaşına tikili olmasına baxmayaraq həmin əmlak üzərində iddiaçının subyektiv hüququnun olması qəbul edilərək tələb təmin edilmişdir. Sözügedən məhkəmənin qətnaməsinə diqqət yetirdikdə görünür ki, məhkəmə qətnamənin 2-ci səhifəsində qeyd edir ki, “Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli daşınmaz əmlak özbaşına tikili olduğundan hər hansı şəxsin əmlakdan istifadə hüququnun tanınması/itirilməsi barədə iddiaların irəli sürülməsinin mümkünlüyü sual doğurur, lakin iş materiallarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2006-cı il tarixli, 2-185/2006 saylı, xx.xx.2006-cı il tarixli, 2-1278/2006 saylı və xx.xx.2013-cü il tarixli, 2(001)-1123/2013 saylı qətnamələri mövcuddur və həmin qətnamələrin hazırkı vəziyyətdə nəzərə alınmalı olması qanunvericiliyin tələblərindən irəli gəlir.” Göründüyü kimi, daşınmaz əmlak özbaşına tikili olduğu hissədə mövcud mümkünlüklə bağlı suallara aydınlıq gətirilmiş və artıq iş üzrə qətnamələr olduğundan və həmin qətnamələr üzrə yaranmış hüquqlar da məhkəmə qətnaməsi ilə ləğv edilə bildiyindən hakim bu hissəyə şəxsin müdafiə hüquqlarının mövcudluğu baxımdan diqqət yetirərək evdə qeydiyyatda olmuş və hazırda qeydiyyatları formal xarakter daşıyan şəxslərin istifadə hüquqlarına xitam verilməli olduğu qənaətinə gələrək tam qanuni mövqe sərgiləyərək iddiaçının hazırkı qeydiyyatdan çıxarılma barədə iddianı verməkdə subyektiv hüququnun olduğunu, yəni iddianın əsaslı olduğunu təmin etmişdir. Uzun müddətdir ki, orada yaşamayan şəxslərin bir halda ki istifadə hüquqlarına artıq məhkəmə qaydasında xitam verilib, belə olduğu təqdirdə qeydiyyatdan çıxarılmaması, əmlakın özbaşına tikili olması səbəbindən iddianın mümkünsüzlüyü formasında fikirlərin formalaşması iddiaçının hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bir halda ki evdən istifadə hüququ məhkəmə qaydasında tanınıb və məhkəmə qaydasında da xitam verilib və istifadə hüququna xitam verilməsinin artıq qeydiyyatdan çıxarılma üçün əsas olmasına dair iddiada qeyd olunan qanunvericilik normaları, Konstitusiya Məhkəməsinin qərarı var. O zaman hazırkı iddianın tam mümkün sayılaraq təmin edilməsi də qanunvericiliyin tələbidir. İstifadə hüquqlarına xitam verilmiş və iddiaçıya məxsus evdə yaşamayan şəxslərin hələ də qeydiyyatda olmaları, onların qeydiyyatdan çıxarılmamaları əlavə mübahisələrin yaranmasına, əmlak üzrə iddiaçının hüquqlarının formal da olsa məhdudlaşdırılmasına, gələcəkdə əmlakı dövlət qeydiyyatına alınan zaman heç bir hüququ çatmayan şəxslərin həmin evdə qeydiyyatda olması səbəbindən əlavə süründürməçiliklərin yaranmasına şərait yaradacaqdır. İstifadə hüququna xitam verilmə üzrə məhkəmə prosesində toplanmış sübutlar, qətnamədə əks edilən müddəalar şəxslərin artıq 2012-ci ildən orada yaşamadığını istisnasız şəkildə sübut edir. Sözügedən məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması, ondan şikayətin verilməməsi bir daha sübut edir ki, iddiaçının evdən qeydiyyatdan çıxarmaq istədiyi şəxslərin hazırkı qeydiyyatları tam formal xarakter daşıyır və onların hazırda qeydiyyatlarının qalması iddiaçının əsassız məhrumiyyətlərlə üzləşməsi deməkdir. Nəzərə alınmalıdır ki, qeyd edilənlər, yəni şəxslərin qeydiyyatda olduğu yer üzrə yaşamamaları da elə bu nüansın əsas tutularaq qeydiyyatdan çıxarılmaları üçün əsas olduğunu göstərir və hətta yaşayış yeri üzrə qeydiyyata düşməmə də inzibati məsuliyyətə səbəb olur. Odur ki, mövcud əsassız pozuntuların aradan qaldırılması, qeydiyyatdan çıxarılmanın təmin edilməsi işin hallarına, fakt və sübutlara, məhkəmə aktlarına, qanunvericiliyin tələblərinə tam adekvatdır. İddia ərizəsindədə, hazırkı ərizədə qeyd edilənlərlə, əlavə edilmiş sənədlərlə yanaşı o da xüsusilə qeyd edilir ki, “Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında subyektiv hüquqla bağlı məhkəmə təcrübəsi qismində formalaşacaq mövqe əksini tapmışdır. Belə ki, sözügedən qərarda qeyd olunur ki, “Ali Məhkəmə hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. ... Mövcud vəziyyətdə iddiaçının subyektiv hüququnun olmaması barədə mövqe şəxsin məhkəmə müdafiəsi hüququna ziddir. Kassasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə və Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinadən vurğulamışdır ki, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddiaya uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında baxılmalıdır. Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq məqsədilə bağladıqlarını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilib- verilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edibetməməsini və digər xüsusatları aydınlaşdırmaqla Mülki Məcəllənin 340.1-ci maddəsinin şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olub-olmamasına hüquqi qiymət verməlidir.” Qərarın iddiaya aidiyyəti müdafiə hüququ, subyektiv hüquq hissədə məzmununu əsas tutaraq vəsatətdə qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin, 1-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş şəxs şəxs qeydiyyatdan çıxarılmalıdır. Bu Qanunun 9-cu maddəsinin 5-ci bəndində qeyd olunur ki, “yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır”. O cümlədən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.2-ci maddəsinə görə isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun: 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 2-ci maddəsinin 4-cü abzasına əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; 9-cu madddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 5ci bəndinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.2-1-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 2.3-cü bəndinə əsasən isə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik «anlaşıqlı», «aydın» və «proqnozlaşdırıla bilən» olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün “çatımlı” və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Bu baxımdan, məhkəmə bildirir ki, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının iddiası əsasında müvafiq yaşayış evinə qeydiyyata alınmış və onun iddiasına əsasən həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş, yaşayış evinə münasibətdə hər-hansı qanunla qorunan hüquqların sahibi olmayan və orada faktiki olaraq yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbindən ibarət iddiası əsaslıdır və təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X7, X3 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 5llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11.
Məhkəmə qərarları › İş №e-2-1(112)-5922/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5922/2024
30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver