Məhkəmə qərarları › İş №e-2-1(112)-5938/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5938/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5938/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər Maraqlı şəxs, X3, X2) Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Maraqlı şəxs, X3, X1 ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 43 saylı notariat ofisində 07 aprel 2011ci il tarixli 4Ə1-66 reyestr nömrə ilə təsdiq edilmiş AN-İ saylı ******* saylı daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən üçüncü şəxs Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, 130 saylı mənzili iddiaçıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 02 iyun 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 iddiaçının tam mülkiyyətindədir. AN-İ saylı ******* saylı daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü maddəsinə əsasən, satıcı, yəni hazırkı üçüncü şəxs Maraqlı şəxs müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 3 ay müddətində ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə satdlğı mənzildən qeydiyyatdan çıxmaq vəzifəsini öz üzərinə götürmüşdür. Lakin üçüncü şəxslər bu vəzifəni yerinə yetirməmiş, dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışdırlar.

3. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı üçüncü şəxsləri tanımır, üçüncü şəxslər həmin evdə yaşamırlar, hazırda evdəki qeydiyyatları formal xarakter daşıyır. Əlavə olaraq bildirdi ki, Maraqlı şəxs öldüyü üçün qeydiyyatdan çıxarılmışdır, ona görə həmin şəxsə münasibətdə iddianın həcmini azaldır.

4. Cavabdeh Nəsimi rayon polis idarəsi məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

7. Cavabdeh Nəsimi rayon polis idarəsi tərəfindən iddiaçıya verilmiş 16.12.2021-ci il tarixli imtinada bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir, odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

8. Məhkəmənin hazırki iş üzrə 07.02.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs, X3, X2 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşdurlar.

9. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Maraqlı şəxs öldüyü müəyyən edilmiş, bununla əlaqədar iddia tələbinin həcminin azaldılması qəbul edilərək üçüncü Maraqlı şəxs inzibati məhkəmə icraatında üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.

10. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X3, X2 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

11. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 qeydiyyat tarixi 02.06.2011-ci il olmaqla İddiaçı xüsusi mülkiyyətindədir.

12. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli arayışa əsasən Maraqlı şəxs, X3, X2 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

13. 07.04.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 alıcı-ipoteka qoyan İddiaçı oğluna satılmışdır.

14. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.03.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 üzərində Maraqlı şəxs, X3, X1 məhdud əşya hüquqlarının (istifadə hüquqlarının) qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir.

15. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmirlər.

16. Bakı şəhəri İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 65 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 11.02.2022-ci il tarixli arayışa əsasən X3, X2 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 ünvanında qeydiyyatdadırlar, lakin yaşamırlar.

IV. Məhkəmənin mövqeyi

17. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3, X1 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. X3 və X1 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 37A, mənzil 130 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar