Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5945/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adın və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona mürahibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, 2001-ci ildə Respublika Fizika riyaziyyat və informatika təməüllü liseyi bitirmiş, 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil almışdır. 2006-cı ildə təhsilini leytenant rütbəsində başa vuraraq xidmət etmək üçün Kürdəmir rayonunda yerləşən 411 saylı Hərbi Hissəsinə yollanmışdır. 2014-cü ilin mart ayınadək həmin hərbi hissədə xidmət etmiş və xidmətini davam etdirmək üçün Bakı şəhərində yerləşən N saylı hərbi hissəsinə göndərilmişdir. Hərbi xidmətini davam etdirmək üçün 2019-cu ilin oktyabr ayından N saylı hərbi hissədə xidmət etmək üçün göndərilmişdir. 2024-cü ildə N saylı Hərbi hissənin “İL-76” hərbi nəqliyyat eskadrilyasından mühəndis vəzifəsindən və kapitan rütbəsindən öz xahişi ilə təxris olunmuşdur. Xidmət etdiyi dövrlərdə 2008-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı, 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı, 2015-ci ildə qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı, 2018-ci ildə qüsursuz xidmətə görə 2-ci dərəcəli medalı, 2023-cü ildə qüsursuz xidmətə görə 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının yerinə yetirildiyi dövrdə silahlı qüvvələrin ciddi silah-sursatla təmin edilməsində ekipajı olduğu “İL-76” hərbi nəqliyyat təyyarəsində xidmət etmişdir. Türkiyə Respublikasından, İsraildən və Naxçıvan MR-dan döyüş silah-sursatlarını aktiv döyüşdə iştirak edən ordu birləşmələrinə çatdırılmaqla, ordunun silah sursatla təmin edilməsində iştirak etmişdir. “İL- 76” hərbi nəqliyyat təyyarəsində 9 nəfər ekipaj üzvü ilə birlikdə uçuşları həyata keçirmiş və bort mühəndis texniki heyyət üzvü kimi xidmət etmişdir. Müharibə dövründə Türkiyə Respublikasının ölkədə olan “F-16” təyyarələrinin yerdəyişməsində (Qəbələ şəhərindən Lənkaran şəhərinə) iştirak etmişdir. Həmin vaxt Ermənistan Silahlı qüvvələrinin Qəbələ şəhərinə atdığı intensiv raket (Elburus) hücumuna məruz qalmağına baxmayaraq onlar tapşırıqları uğurla həyata keçirmişlər. Həmçinin, “Bayraktar” pilotsuz uçuş aparatlarının sursatlarını Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınmasında ekipaj üzvü kimi iştirak etmişdir. Onların ekipaj üzvlərindən 1 nəfərə Vətən müharibəsi veteranı adı, 4 nəfərə isə medal verilmişdir. Lakin eyni ekipajda uçmaqlarına baxmayaraq ona vətən müharibəsi veteranı adı və medalı verilməmişdir. Cavabdehə ona müharibə veteranı adının verilməsi üçün tələb olunan rəsmi sənədlərlə müraciət etsə də, cavab məktubunda Müdafiə Nazirliyinin aparatının nəzdində “Veteran adlarının və vəsiqəsinin verilməsi üzrə Komissiya”sı tərəfindən ona imtina məktubu göndərilmişdir. Həmin məktubda “27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 №-li 22 sentyabr 1995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. O, həmin imtinanı qeyriqanuni hesab edir və hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına gətirib çıxardığından qanuna ziddir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Vətən müharibəsində iştirak edən hərbi qulluqçulara “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilə bilməsi üçün Əsasnamədə 2 meyar müəyyən edilmişdir: hərbi qulluqçunun xidmətdə olduğu ərazilər Əsasnamədə sadalanan ərazi meyarlarına uyğun olmalıdır (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixədək işğal altında olmuş əraziləri) və hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar bölmələrinin tərkibində xidmət keçən hərbi qulluqçular döyüş əməliyyatlarında bilavasitə iştirak etməlidir. Hazırkı halda isə iddiaçıya münasibətdə yuxarıda qeyd edilən meyarlar mövcud deyildir. Belə ki, iddia ərizəsində qeyd edilən ərazilər Əsasnamədə adıçəkilən ərazilərə aid deyildir. Digər tərəfdən iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirakı da müəyyən olunmamışdır. Eyni zamanda “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün bu sənədlər təqdim edilməlidir: hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər. Bu sadalanan sənədlərin heç birinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməməsi qeyd olunan sənədlərin mövcud olmadığı mövqeyini formalaşdırır. Nəzərə alınmalıdır ki, "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi o halda mümkün ola bilər ki, Əsasnamədə qeyd olunan sənədlər təqdim edilsin və tələb olunan meyarlara uyğunluq müəyyən edilsin. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 305 nömrəli əmri ilə hərbi-nəqliyyat eskadrilyasının (İL-76) hərbinəqliyyat aviasiya manqasının texniki-istismar hissəsinin bort mühəndisi kimi vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə iddiaçı nəqliyyat aviasiya manqasının texniki-istismar hissəsinin bort mühəndisi kimi Türkiyə Respublikasının İğdır şəhərinə ezam olunmuşdur və xx.xx.2020-ci il tarixli müvafiq əmri əsasında ezamiyyətdən qayıtmışdır. Onun döyüş əməliyyatlarında bilavasitə iştirakı müəyyən olunmamışdır. Eyni zamanda xidmətdə olduğu ərazilər Əsasnamədə sadalanan ərazilərə - Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixədək işğal altında olmuş ərazilərə aid deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, “Vətən müharibəsi” dövründə “İL-76” hərbi nəqliyyat təyyarəsinin ekopaj üzvü olmaqla silah sursatların, o cümlədən “F-16” qırıcı təyyarələrinin daşınmasını həyata keçirmişdir. Həmçinin Qəbələ aerodromunun düşmən raketləri tərəfindən vurulması cəhdi səbəbindən orada olan “F-16” qırıcı təyyarələrinin, onların şəxsi heyətinin və ləvazimatlarının Lənkəran aerodromuna yerdəyişməsini həyata keçirmişlər. Onunla eyni təyyarədə heyət üzvü olan bir neçə şəxsə “müharibə veteranı” adı verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun çıxış etdi və həmçinin bildirdi ki, iddiaçı bort mühəndisi olub və onun vəzifəsi Türkiyə Respublikasının İğdır şəhərindən və digər şəhərlərindən hərbi texnikanın daşınması olub. Həmçinin iddiaçının yerinə yetirdiyi funksiya da önəm daşıyır. Belə ki, heyətin digər üzvlərinin ola bilsin ki, yerinə yetirdikləri funksiya nəzərə alınaraq onlara veteran adı verilib. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidməti, hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etməsi və adının “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” üzrə müvafiq siyahıya alınması barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 3210 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Vətən müharibəsində iştirak etmiş və Vətən müharibəsi dövründəki fəaliyyətinə görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müsbət qərar qəbul edilməyən N nömrəli hərbi hissənin adları qeyd olunan hərbi qulluqçularının sənədlərinə hərbi hissənin daxili yoxlama komissiyası tərəfindən yenidən baxılmış və son tələb olunan meyarlara uyğun olaraq hazırlanmış sənədlər Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim olunması üçün aidiyyəti üzrə N nömrəli hərbi hissəyə göndərilmişdir. Siyahıda iddiaçının adı 37-cı sırada qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 305 nömrəli əmri ilə iddiaçı hərbi-nəqliyyat eskadrilyasının (İL-76) hərbi-nəqliyyat aviasiya manqasının texnikiistismar hissəsinin bort mühəndisi kimi vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə iddiaçı nəqliyyat aviasiya manqasının texniki-istismar hissəsinin bort mühəndisi kimi Türkiyə Respublikasının İğdır şəhərinə ezam olunmuşdur və xx.xx.2020-ci il tarixli müvafiq əmri əsasında ezamiyyətdən qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə iddiaçı nəqliyyat aviasiya manqasının texniki-istismar hissəsinin bort mühəndisi kimi Türkiyə Respublikasının Ankara şəhərinə ezam olunmuşdur və xx.xx.2020-ci il tarixli müvafiq əmri əsasında ezamiyyətdən qayıtmışdır. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi aviasiya tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış-məlumatda göstərilmişdir ki, iddiaçının vəzifəsi N nömrəli hərbi hissədə hərbi-nəqliyyat eskadrilyası (İL-76) hərbi-nəqliyyat aviasiya manqasının texniki-istismar hissəsinin bort mühəndisidir və döyüş əməliyyatları zamanı (27.09-xx.xx.2020-ci il tarixlərdə) bort-texnik qismində uçuşlarda ekipaj tərkibində iştirak edərək Müdafiə Nazirliyinin marağında Türkiyə Respublikasının müvafiq şəhərlərinə uçuşlar yerinə yetirərək hərbi texnikaların, şəxsi heyətin, döyüş sursatlarının, bombaların, pilotsuz uçuş aparatlarının və digər hərbi texnikaların nəqlini və daşınmasını, həmçinin döyüş təyyarələrinin yerdəyişmə aerodromlarının raket zərbələrinə məruz qalması zamanı təyyarələrin, onların şəxsi heyətinin və təminat avadanlıqlarının qısa müddətdə zərbə altından çıxarılması və köç aerodromuna daşınmasını təmin etmişdir. N nömrəli hərbi hissənin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-25-229/2-1464/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, döyüş aviasiyasının uçuş keçirərək ölkədaxili mövcud olan mülki aerodromlara təhlükəsiz şəkildə eniş və qalxışını təmin etmək üçün X1 Mərkəzinin mülki sektoru ilə öncədən xəbərdarlıq və hazırlıq işlərinin görülməsi döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi hesab olunmur. Odur ki, vətən müharibəsi dövründə döyüş aviasiyasının həyata keçirdiyi bütün (istənilən) uçuşlar döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi hesab olunmur. Cavabdehin iddiaçının müraciətinə imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İddiaçı onun Vətən müharibəsi dövründə döyüş əməliyyatları zamanı silahlı qüvvələrin ciddi silah-sursatla təmin edilməsində ekipajı olduğu İL-76 Hərbi nəqliyyat təyyarəsində xidmət etdiyinə əsaslanaraq ona müdafiə veteranı adının verilməsini xahiş edir. Qeyd edilməlidir ki, “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan hərbi əməliyyatlarla bağlı iddiaçıya müharibə veteranı adı verilməsi üçün aşağıdakı hallardan biri müəyyən edilməlidir:
1. Hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş olmalı.
2. Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş olmalı.
3. Döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı.
4. Döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirməli.
5. Hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının vəzifəsi N nömrəli hərbi hissədə hərbi-nəqliyyat eskadrilyası (İL-76) hərbi-nəqliyyat aviasiya manqasının texnikiistismar hissəsinin bort mühəndisidir və döyüş əməliyyatları zamanı (27.09-xx.xx.2020-ci il tarixlərdə) bort-texnik qismində uçuşlarda ekipaj tərkibində iştirak edərək Müdafiə Nazirliyinin marağında Türkiyə Respublikasının müvafiq şəhərlərinə uçuşlar yerinə yetirərək hərbi texnikaların, şəxsi heyətin, döyüş sursatlarının, bombaların, pilotsuz uçuş aparatlarının və digər hərbi texnikaların nəqlini və daşınmasını təmin etmişdir. N nömrəli hərbi hissənin arayışında iddiaçının döyüş əməliyyatları zamanı həyata keçirdiyi funksiyalar öz əksini tapmışdır. Burada göstərilir ki, İddiaçı aviasiya-desant avadanlıqları üzrə bort-texnik qismində uçuşlarda ekipaj tərkibində iştirak edərək Müdafiə Nazirliyinin marağında Türkiyə Respublikasının İşdır, Çorlu şəhərlərinə uçuşlar yerinə yetirərək hərbi texnikanın, xüsusi təyinatlılıarın və onların təchizatının, şəxsi heyətin, döyüş sursatlarının, bombaların, raketlərin, pilotsuz uçan aparatların (Bayraktar TB2-nin təchizatlarını) və digər hərbi texnikaların davamlı olaraq nəqlini, həmçinin döyüş təyyarələrinin yerdəyişmə aerodromlarının raket zərbələrinə məruz qalması zamanı təyyarələrin, onların şəxsi heyətinin və təminat avadanlıqlarının qısa müddətdə zərbə altından çıxarılması və köç aerodromuna daşınmasını təmin etmişdir. Göründüyü kimi iddiaçının döyüş əməliyyatları zamanı yerinə yetirdiyi funksiyalar, yəni hərbi təyyarələrin, pilotsuz uçuş aparatlarının daşınması və hərbi hissəyə çatdırılması, həmçinin döyüş təyyarələrinin yerdəyişmə aerodromlarının raket zərbələrinə məruz qalması zamanı təyyarələrin, onların şəxsi heyətinin və təminat avadanlıqlarının zərbə altından çıxarılması və daşınması döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqlarının yerinə yetirilməsi ilə bağlıdır. Yəni, iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməsə də, onun fəaliyyəti döyüş təminatının yerinə yetirilməsi ilə bağlı olmuşdur. Belə olan halda iddiaçının icra etmiş olduğu funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin təsir dairəsinə düşür. Cavabdehin nümayəndəsi digər ekipaj üzvlərinə veteran adının verildiyi halda iddiaçıya hansı səbəbdən verilmədiyi ilə bağlı suala cavab olaraq, ola bilsin ki, bunun iddiaçının vəzifəsinin bort mühəndisi olması ilə bağlı olduğunu bildirsə də, məhkəmə həmin dəlili əsassız sayır. Belə ki, təyyarənin ekipaj üzvləri müxtəlif vəzifələr daşısalar da, vahid məqsədə xidmət edirlər və veteran adının verilməsi zamanı ekipaj üzvləri arasında fərq qoyulması qanuni və saslı hesab edilə bilməz. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Emin Abdullayev