Məhkəmə qərarları › İş №e-2-1(112)-5950/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5950/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5950/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X7, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə (üçüncü şəxs X8, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) qarşı “ uşağın ölkədən ananın icazəsi olmadan çıxarılmasının qadağan edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ uşağın ölkədən çıxarılmasının mümkünsüz hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs N.Büyükerin nikahından Kemal Büyüker adlı övladları anadan olmuşdur ki, uşağa 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində doğum haqqında şəhadətnamə, daha sonra şəxsiyyət vəsiqəsi də verilmişdir ki, uşağa sonradan X4 kartı da verilmişdir. Göründüyü kimi uşağın hazırda hər iki sənədi mövcuddur, ona bundan əlavə Azərbaycan Respublikasının pasportu da verilmişdir. Məhkəmə qətnaməsi ilə nikahın pozulması qət edilmiş, övladın iddiaçının himayəsində saxlanılması qərara alınmışdır. İddiaçı hesab edir ki, övladı onun himayəsinə verildiyindən ata tərəfindən onun razılığı olmadan ölkədən çıxarılması yolverilməzdir. Dövlət Sərhəd Xidmətinə edilən müraciətə cavab olaraq isə, qeyd edilmişdir ki, əcnəbi vətəndaşlardan razılıq ərizəsinin tələb edilməsi nəzərdə tutulmadığından İddiaçı Türkiyə vətəndaşı kimi hərəkət etdiyi təqdirdə dövlət sərhəddindən buraxılacaqdır. Göründüyü kimi uşağın atası kimlik kartı təqdim edərək iddiaçının razılığı olmadan övladının ölkədən çıxarması halı mövcud ola bilər. Etiraz onunla əsaslandırılmışdır ki, qanunvericilikdə yetkinlik yaşına çatmayan əcnəbi vətəndaşlardan razılıq ərizəsinin tələb olunması nəzərdə tutulmadığından İddiaçı Türkiyə vətəndaşı kimi hərəkət etdiyi təqdirdə dövlət sərhədindən buraxılması təmin ediləcəkdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı olmadan 25 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatmayan əcnəbi kimi Azərbaycan Respublikasının dövlət sərhəddindən ölkə xaricinə çıxarılmasının cavabdeh Dövlət Sərhəd Xidmətinə qadağan edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, X9 25 iyun 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Büyüker Nihat, anası İddiaçıdır. Şəxsiyyət vəsiqəsindən görünür ki, X10 Azərbaycan Respublikası vətəndaşıdır. X3 kartından görünür ki, X6, eyni zamanda X12 Nazirliyi tərəfindən də şəxsiyyət vəsiqəsi verilmişdir. Pasportdan görünür ki, X6 ümumivətəndaş pasportunun verilməsi də təmin edilmişdir. Məhkəmə qətnaməsindən görünür ki, nikah pozulmuş, uşağın ananın himayəsində saxlanılması qət edilmişdir. Qətnamə ananın himayəsində uşağın saxlanılması ilə bağlı hissədə onunla əsaslandırılmışdır ki, uşağın onun yanında qalması barədə İddiaçı xahişi, onun yaş həddi, tərbiyəsi, psixi, fiziki və mənəvi inkişafı, şəxsin uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı, bu barədə N.Büyükerin etirazının olmaması nəzərə alınmalıdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Nihat Büyükerin uşağın hər həftənin bazar günü, rəsmi bayram günləri sayılan Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının növbəti günü saat 16:00-dan 20:00dək 5 yaşına çanatadək anasının iştirakı ilə, 5 yaşından sonra ananın iştirakı olmadan ünsiyyət saxlanılması qaydası müəyyən edilmişdir. Dövlət Sərhəd Xidmətinin məktubunda qeyd edilmişdir ki, qanunvericilikdə yetkinlik yaşına çatmayan əcnəbi vətəndaşlardan razılıq ərizəsinin tələb olunması nəzərdə tutulmadığından İddiaçı Türkiyə vətəndaşı kimi hərəkət etdiyi təqdirdə dövlət sərhədindən buraxılması təmin ediləcəkdir. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin: 3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; 3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. “Uşaq hüquqları haqqında” Qanunun: M a d d ə 1 . Qanunun tə sir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. M a d d ə 5 . Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. Miqrasiya Məcəlləsinin: 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli Qərarının: Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Əsas Qanunda bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun X11 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 2017-ci il 26 may tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya (bundan sonra – Konvensiya) dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2014-cü il 2 dekabr tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 2012-ci il 27 noyabr tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 2006-cı il 21 dekabr tarixli, § 46 Qərarlar). Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Göstərilən norma, bir tərəfdən uşaqların qeyri-qanuni şəkildə ölkədən getmələrinin, bununla da onların beynəlxalq oğurlanmasının qarşısının alınmasına, digər tərəfdən isə uşaq və valideynlərinin qarşılıqlı hüquq və vəzifələrinin realizəsinə yönəlmişdir. Vurğulanmalıdır ki, uşaqların hüquqlarına toxunan mübahisələr olduqda, belə ədalətli tarazlığın əldə edilməsi daha da çətinləşir. Bu kateqoriyadan olan işlərdə uşaqların və hər bir valideynin maraqları ilə yanaşı publik maraqlar rəqabət edir. Məcəllənin 58.6-cı maddəsinə görə, dövlət valideynlərin hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə uyğun olaraq, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, bu tədbirlər istər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 9-cu maddəsinə əsasən, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Beləliklə, uşaq hüquqlarına toxuna biləcək mübahisələrin, o cümlədən yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə əlaqədar mübahisələrin həlli zamanı uşaqların mənafeləri valideynlərin hər ikisinin maraqlarına nisbətdə üstün tutulur. Nikah pozularkən (valideynlər ayrı yaşadıqda) uşağın birlikdə yaşadığı (yanında qaldığı) valideyn müəyyən edilir. Məhkəmə bu barədə qərar qəbul etdikdə məhz uşaqların üstün mənafeyini əsas meyar kimi rəhbər tutur. Belə olan halda, dövlət tərəfindən uşağın valideynlərindən biri ilə saxlanılması, həmin valideynin uşağın ən üstün mənafeyini təmin etməsi prezumpsiyasını yaradır ki, həmin prezumpsiya yalnız digər məhkəmə aktı ilə təkzib edilə bilər. Qeyd edilməlidir ki, uşağın yanında saxlanıldığı valideynin onun üstün mənafelərini təmin etməsi prezumpsiyası məhz uşağın konstitusion hüquqlarının qorunmasına yönəlmişdir. Belə ki, nikah pozularkən, bir qayda olaraq, valideynlər arasında fidusiar (etibara əsaslanan) münasibətlər itirilir. Uşağın bu və ya digər hüququnun realizəsinə yönələn məsələlərdə valideynlərin razılığı əldə edilmədikdə, məsələ məhkəmə tərəfindən həll edilənədək uşağın yanında saxlanıldığı valideynin onun üstün mənafeləri baxımından uşağın hüququnun həyata keçirilməsi üçün müvafiq tədbirləri görə bilməsi mümkün olmalıdır. Əks yanaşma uşağın hüquqlarının pozulması ilə nəticələnə bilər. Yuxarıda adıçəkilən normaların, xüsusi ilə də Konstitusiya Məhkəməsinin qərarında əksini tapmış müddəaların mahiyyətindən də aydın olduğu kimi məhkəmə bu barədə qərar qəbul etdikdə məhz uşaqların üstün mənafeyini əsas meyar kimi rəhbər tutur. Belə olan halda, dövlət tərəfindən uşağın valideynlərindən biri ilə saxlanılması, həmin valideynin uşağın ən üstün mənafeyini təmin etməsi prezumpsiyasını yaradır ki, həmin prezumpsiya yalnız digər məhkəmə aktı ilə təkzib edilə bilər. Hazırkı mübahisə baxımından tətbiqində də aydın olur ki, uşağın iddiaçının yanında saxlanılmasına dair məhkəmə qətnaməsinin mövcudluğu ona dəlalət edir ki, iddiaçının uşağın ən üstün mənafeyinin təmin edilməsi prezumpsiyası qüvvədədir. Belə olduğu təqdirdə isə Kemal Büyükerin əcnəbi statusunda olması əsası ilə ölkədən kənarlaşdırılmasına hər hansı müdaxilənin mümkün olmamasına dair Dövlət Sərhəd Xidmətinin mövqeyinin qanuniliyi və əsaslılığından söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddiaçı yox, məhz cavabdeh sübut etməlidir ki, həmin prezumpsiya qüvvədə olmasına baxmayaraq, uşaq da əcnəbi ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikası vətəndaşlığında olmasına, müraciəti irəli sürən ananın da Azərbaycan Respublikası vətəndaşlığı olmasına baxmayaraq ölkədən himayəsinə verilmiş şəxsin razılığı olmadan da çıxarılmasına mümkün edən hal nə ilə bağlı olmuş, Konstitusiya Məhkəməsinin qərarında sadalanan dövlət orqanının sərbəst hərəkət etmə ilə bağlı konstitision hüququna müdaxilənin mümkünlüyünü istisna edən hallar nədən ibarət olmuşdur. Lakin, iddianın təminini istisna edən faktiki şərtlər cavabdeh tərəfindən məhkəmə hesab edir ki, sübut edilə bilməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qərarında da konkret olaraq müəyyən edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Eyni zamanda Qərarda da qeyd edildiyi kimi miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş norma , bir tərəfdən uşaqların qeyri-qanuni şəkildə ölkədən getmələrinin, bununla da onların beynəlxalq oğurlanmasının qarşısının alınmasına, digər tərəfdən isə uşaq və valideynlərinin qarşılıqlı hüquq və vəzifələrinin realizəsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, cavabdeh təkcə əcnəbi kateqoriyasına malik olma, həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığı olması da əsas götürülməklə ölkədən ananın razılığı olmadan çıxarılmasına razılıq verilməsi uşaqların qeyri-qanuni şəkildə ölkədən getmələrinin, bununla da onların beynəlxalq oğurlanmasının qarşısının alınmasına, digər tərəfdən isə uşaq və valideynlərinin qarşılıqlı hüquq və vəzifələrinin realizəsinə uyğun olub-olmadığını sübut etməlidir ki, məhkəmə hesab edir ki, işin hazırkı mərhələsində həmin hallar cavabdeh tərəfindən sübut edilmir. Yuxarıda qeyd olunan qanunvericilik normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi, eləcə də ailə hüququna dair ümumi prinsiplər baxımından aparılan qiymətləndirmə nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddianın təminini istisna edən hər hansı faktiki şərtin mövcudluğundan söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı notariat qaydasında təsdiq edilmiş razılığı olmadan 25 iyun 2019-cu il təvəllüdlü həm Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi (AA0758466 seriyalı və nömrəli), həm ümumivətəndaş pasportu (29 iyul 2020-cil il verilmə tarixli C03203023 nömrəli), həm də X4 kartı (**********0 nömrəli, A21R17972 seriyalı) olan X5 Azərbaycan Respublikasının dövlət sərhəddindən ölkə xaricinə yetkinlik yaşına çatmayan əcnəbi kimi çıxarılması Dövlət Sərhəd Xidmətinə qadağan edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar