Məhkəmə qərarları › İş №e-2-1(112)-5951/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5951/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5951/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ildən, hərbi xidmətdən ehtiyata buraxılaraq hərbiçi kimi şəxsi heyətin sırasından çıxarılmaqla güzəştli şərtlərlə ona ömürlük hesablanaraq ödənilən pensiyanın dayandırılması bağlı hərəkətlərin qanunsuz sayılması və güzəştli şərtlərlə pensiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 3-17-1/3-7-13963/2023 saylı, xx.xx.2023-cü il tarixli və 3-17-1/3-7- 13967/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 2001-ci ilin iyul ayının 27-dən 2020-ci ilin iyun ayının 24-dək keçmiş MTN-də və DTX-də həqiqi hərbi xidmətdə olmuşdur və yaşa görə ehtiyyata buraxılaraq hərbi qulluqçu kimi şəxsi heyətin siyasından çıxarılmışdır. Sözügedən orqanda son olaraq “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsi İbtidai İstintaq İdarəsinin rəis müavini” vəzifəsində çalışmışdır. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra həmin vaxt qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna müvafiq olaraq, ona güzəştli şərtlərlə qanuni olaraq yaşa görə əmək pensiyası təyin edilmiş və təyin edilmiş pensiya məbləği 3 (üç) il ərzində müvafiq kart hesabına köçürülmüşdür. Ona yaşa görə əmək pensiyası təyin edildikdən 3 (üç) il sonra Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü (1-1(093)-9/2022 saylı) ilə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və əlavə cəza olaraq polkovnik-leytenant hərbi rütbəsindən məhrum edilmişdir. Mayor hərbi rütbəsi daxil olmaqla digər hərbi rütbələrinə isə toxunulmamışdır. Onun mayor hərbi rütbəsi qüvvədədir. Yalnız polkovnik-leytenant hərbi rütbəsindən məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və həmin hökm qüvvəyə minmişdir. Bundan sonra ƏƏMN-in müvafiq əməkdaşları tərəfindən 2023-cü ilin avqust ayının 15-dən etibarən ona hesablanmış pensiyanın kart hesabına köçürülməsi qanunsuz olaraq dayandırılmışdır. Ən pis halda polkovnik-leytenant rütbəsi ilə mayor arasındakı ödənilən fərq (bu isə 05-15 manat təşkil edir) dayandırıla bilər. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı sonuncu xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən ona 24 avqust 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 31 iyul 2023-cü il tarixinədək ödənilmişdir. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan 3 il sonra Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)-9/2022 saylı hökmü ilə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və əlavə cəza olaraq polkovnikleytenant hərbi rütbəsindən məhrum edilmişdir. Qanunun 9.5-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ yoxdur. Belə ki, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş məktubda hərbi rütbədən məhrum olunduğu qeyd edilmişdir. Göründüyü kimi, şəxsin xidmət keçdiyi orqan tərəfindən Fondun Xüsusi şərtlərlə təyinat ürə mərkəzi filialına məktub göndərildikdən sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyası 1 avqust 2023-cü il tarixindən dayandırılmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184- İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür. Aydındır ki, İddiaçı hərbi qulluqçu kimi əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş 22.070.2020-ci il traixli məlumat vərəqindən görünür ki, iddiaçı AR DTX/Aparat/Baş idarənin (baş idarə səlahiyyətli strukturların) tərkibində olan idarənin (idarə səlahiyyətli strukturların) rəis müavini vəzifəsində işləmiş, hərbi rütbəsi ədliyyə polkovnik leytenantı olmuş, 2306.2020-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin b bəndinə əsasən yaşa görə hərbi xidmətdən tərxis olunmuş, həmin tarixə təqvimi xidmət illəri 19 il 11 ay 11 gün olmuşdur. İşdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyası təyin edilməsi haqqında **********7 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş məlumat vərəqinə əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 48-ci maddəsinə əsasən hərbi rütbədən (polkovnik-leytenant) məhrum edilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin cavabdehə ünvanlanmış 28/1360 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1-1(093)-9/2022 nömrəli hökmü ilə keçmiş MTN-in sabiq əməkdaşı İddiaçı hərbi rütbədən məhrum edilmiş və Bakı Hərbi Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 1-1(093)-9/2022 nömrəli göndərişinə əsasən DTXnin 24 iyul 2023-cü il tarixli müvafiq əmri ilə hökmün icrası təmin edilmişdir. “Dövlət Sosial Müdafiə Fondunun XŞTMF-nin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13963/2023 saylı qərarından görünür ki, İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Həmçinin “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-7-13967/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar ona xx.xx.2020-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, 2020-ci ildə, yəni 3 il əvvəl hərbi xidmətdən ehtiyata buraxılaraq hərbiçi kimi şəxsi heyətin sırasından çıxarılmaqla ona ömürlük olaraq güzəştli şərtlərlə ödənilən pensiyanın dayandırılması barədə qəbul edilmiş qərarın ləğv edilməsi, ona təyin edilmiş pensiyanın tam illər üzrə, habelə başa çatmamış aylara mütənasib olaraq hesablanması və ödənilməsinin davam etdirilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, sonuncu xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən ona 24 avqust 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 31 iyul 2023-cü il tarixinədək ödənilmişdir. Qanunun 9.5-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ yoxdur. Sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş məktubda hərbi rütbədən məhrum olunduğu qeyd edilmişdir. Bununla əlaqədar olaraq, ona ödənilən əmək pensiyası 1 avqust 2023-cü il tarixindən dayandırılmışdır. Müraciətdə qeyd edilən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür. İddiaçı hazırda cavabdehin ona təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və ödənişin dayandırılması barədə qərarlarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – ƏPQ) əsasən: - maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir - maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. İstinad olunan normalardan görünür ki, hərbi qulluqçuya ƏPQ-nin 9.5-ci maddəsində nəzərdə tutulan tələblər ödənildikdə o şərtlə əmək pensiyası təyin edilir ki, o, hərbi rütbədən məhrum edilmiş hərbi qulluçu olmasın. Lakin iş materiallarından görünür ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə hərbi rütbədən (polkovnik-leytenant) məhrum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1- 1(093)-9/2022 nömrəli hökmünün icrası ilə əlaqədar, təhlükəsizlik orqanlarının sabiq əməkdaşı ədliyyə polkovnik-leytenantı hərbi rütbəsində xidmət etmiş İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 24 iyul 2023-cü il tarixli 0100 nömrəli əmri ilə hərbi rütbədən məhrum edilmişdir. Göründüyü kimi, iddiaçı artıq hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçu olduğundan onun ƏPQ-nin 9.5-ci maddəsinə əsasən hərbi qulluçu kimi pensiya alması istisna olunur. İddia ərizəsindən görünür ki, iddiaçı onun polkovnik-leytenant hərbi rütbəsindən məhrum edildiyini, mayor hərbi rütbəsi daxil olmaqla digər hərbi rütbələrinə isə toxunulmadığını bildirir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edlmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 67-ci maddəsinə əsasən hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər. Məhkəmə tərəfindən azadlıqdan məhrum edilməyə məhkum edilənlərdən başqa hərbi rütbədən məhrum edilmiş şəxslər sülh dövründə əsgər kimi ehtiyata buraxılır (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), müharibə dövründə isə hərbi xidmətdə saxlanılmaqla müvafiq əsgər və matros vəzifələrinə keçirilirlər. Həmin Əsasnamənin 69-cu maddəsinə görə isə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X1 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. İstinad olunan normalardan görünür ki, qanunverici hərbi rütbədən məhrum edilmə ilə hərbi rütbənin bir pillə aşağı salınmasını fərqləndirmişdir və hərbi qulluqçunun hərbi rütbədən məhrum edilməsi, onun əsgər rütbəsinə salınması deməkdir. İşdən görünür ki, iddiaçının polkovnik-leytenant hərbi rütbəsi bir pillə aşağı salınaraq mayor hərbi rütbəsinə endirilməmiş, ümumilikdə hərbi rütbədən mərhum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya hərbi qulluçu kimi pensiya təyin edilməsi barədə qərarını ləğv etməkdə haqlı olmuş, bu qərar maddi hüquq normalarına uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar