Məhkəmə qərarları › İş №e-2-1(112)-5953/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5953/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5953/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasına dair Qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1974-cü ildə təhsilini Bakı şəhərində başa vurduqdan sona (o vaxtki “Politexnik İnstitutu”) elə həmin ilə “Azmomeftstroy” müəssisəsinə işə düzəlmişdir və uzun illər ASSR-də mühəndis vəzifəsində çalışmışdır. Daha sonra, işində əldə etdiyi müvəfəqiyyətlərə görə iddiaçı xx.xx.1984-cü ildə o vaxtki RSFSR -də fəaliyyət göstərən “Promstorymantaj” müəssisinə işləmək üçün təyinat almışdır və bu səbəbdən də Leninqrad şəhərinə köçmüşdür. Bu barədə iddiaçının əmək kitabçasında da müvafiq qeydlər öz əksini tapmışdır. İddiaçının X2 Azərbaycan SSR vətəndaşı olmuş və 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir. İddiaçının anası X1 Respublikasının vətəndaşı olmuş və 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. İddiaçı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 may 2022-ci il tarixli, ******* nömrəli Qərarına əsasən X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçı yenidən mənsubiyyətinin tanınması ilə bağlı cavabdeh təşkilata müraciət etsə də bu ona xx.xx.2023-cü il tarixdə elə həmin ******* nömrəli qərar təqdim edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunu qüvvəyə minənədək onun Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı müəyyən edilməmişdir. Hesab edirəm ki, bu Qərar tamamilə əsassız olduğu üçün ləğv edilməli, iddiçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 06 may 2022-ci il tarixli Qərarına əsasən 28 avqust 1952-ci il təvəllüdlü İddiaçı Rahib qızı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə ki, araşdırma nəticəsində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edirəm ki, onun heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, AR Xarici İşlər Nazirliyi xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2019-cu il tarixli xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur (VMMS üzrə məlumat etiraza əlavə olunur). Bununla yanaşı, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dəkAzərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, inzibati akt iddiaçıya çatdırılması üçün xx.xx.2022-ci il tarixli məktubla aidiyyəti dövlət orqanına göndərilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən xahiş edirəm: İddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edəsiniz.

5. İş materiallarına əlavə olunmuş İ-İE 921892 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı Rahib qızı xx.xx.1952-ci il tarixində Azərbaycan SSR, Bakı şəhərində doğulmuşdur. X2 və anası X5 milliyətcə azərbaycanlıdır.

6. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1952-ci il təvəllüdlü Zeynalova X9 Federasiyasının vətəndaşıdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

9. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq vətəndaşlıq mənsubiyyətinə müəyyən edilməsi ilə bağlıdır. Şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin müvafiq hüququ tanınır və ya tanınmaqlan imtina edilir.

10. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).

15. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçı Azərbaycan SSR-in ərazisində doğulmuş və hazırda Rusiya Federasiyası vətəndaşıdır. Göründüyü kimi İddiaçı Rahib qızı vətəndaşsızlıq vəziyyətində deyildir. Həmçinin cavabdeh orqanın araşdırma nəticəsində iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.

16. Məhkəmə qeyd edir ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.

17. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar