Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5961/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun riskli vergi ödəyicisi hesab edilməməsi və riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********542000 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatlaı Meyarları”na əsasən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. İddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi əsassızdır. O fəaliyyət göstərdiyi müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və riskli vergi ödəyicisi hesab edilməsi üçün Meyarlarda göstərilmiş əməliyyatlar aparmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli, 486 nömrəli Qərarı ilə Meyarların 2.1.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin maddədə qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin dəyişiklik bir daha sübut edir ki iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi əsassız və qanunsuzdur. Buna görədə iddiaçının riskli vergi ödəyicisi hesab edilməməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması üçün cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, təhlil zamanı iddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixdə cəmi 34,1 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə “Şesfernya olvoynaya, farsunka ucluğu T-130, disk feredo Kamaz, yağ nasosu Qaz-53 və s.” satışında qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə-faktura üzrə alışda və idxalda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək cavabdehin vəzifəsinə aid edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci yarımbəndinə əsasən fərdi iddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və xx.xx.2023-cü il tarixli, **********542000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qeyd edilən dövr üzrə iddiaçının satışında təxminən 200-dən artıq adda məhsul müəyyən edilib. Lakin, həmin məhsullar onun alışında müəyyən edilməyib. Həmçinin həmin məhsullar traktor ehtiyat hissələri və sair böyük həcmli məhsullsrdır. İddiaçının təsərrüfat subyekti isə təxminən 10 kv.metrdir ki, həmin məhsullar ora sığa bilməz. İddiaçı həmin malları həqiqətən qaiməsiz almış olsaydı, bununla bağlı cavabdehə müraciət edə bilər və mallar Vergi Məcəlləsinin tələblərinə uyğun sənədləşdirilə bilərdi. Məhkəmə baxışı iclası barədə məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, əslində iddiaçının riskli siyahıya salınması düzgün olmamışdır. Belə ki, iddiaçının alış və satışında fərqli mal çeşidləri olmamışdır. Belə ki, iddiaçı aldığı malların bir qismini qaiməsiz almışdır. Bu səbəbdən onu riskli siyahıya salmışlar. Hər bir halda riskli siyahıya salınma barədə qərar mübahisələndirilmir. Lakin, 2024-cü ilin noyabr ayında “Riskli vergi ödəyicisi Meyarları”nda dəyişiklik edilmişdir. Bununla da iddiaçının riskli siyahıya salınması əsası aradan qalxmışdır. Bu səbəbdən iddiaçı həmin siyahıdan çıxarılmalıdır. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********542000 saylı qərarla iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərarda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023xx.xx.2023-cü il tarixdə cəmi 34.1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Şesfemya olvoynaya, Farsunka ucluğu T-130, Disk feredo Kamaz,Yağ nasosu Qaz- 53" satışda qeyd olunduğp müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. İddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılma barədə müraciətinə cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciətinizin araşdırılması zamanı xx.xx.2024-cü il tarixə olan baza məlumatlarına əsasən İddiaçı fəaliyyəti üzrə mövcud olan kənarlaşmaların aradan qaldırılmadığı müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq müvafiq kənarlaşma aradan qaldırıldıqdan sonra yenidən müraciət etməyiniz tövsiyə olunur. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarına əsasən iddiaçının fəaliyyəti təhlil olunmuşdur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən iddiaçının (VÖEN: **********) fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cəmi 34107,8 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə “Şesfernya olvoynaya,Farsunka ucluğu T-130,Disk feredo Kamaz,Yağ nasosu Qaz53" satılmasına baxmayaraq, satış gününə qədər olan alışında və idxalında müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********542000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Müraciətin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən riskli hesab edilən elektron qaimə fakturalar ləğv edilməmişdir. İş materiallarına iddiaçının şəxsi hesab vərəqəsi əlavə edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin onun riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddia tələbi mahiyyətcə məcburetmə haqqında iddiadır. İddiaçı qeyd edilən tələblə cavabdehı müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda (iddiaçı barəsində qəbul edilmiş mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olmuş) göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) (3.1.). Öncə qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsindən sonra onun həmin siyahıdan çıxarılması da mümkündür. Şəxsin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və onun həmin siyahıdan çıxarılması vergi orqanının səlahiyyətindədir. Vergi ödəyicisi riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsindən narazıdırsa, onun həmin siyahıya daxil edilməsi haqqında qərarı məhkəmədə mübahisələndirməlidir ki, belə olan halda irəli sürülən iddia mahiyyətcə mübahisələndirmə haqqında iddia olacaqdır. Vergi ödəyicisi riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsinin əsasları ilə razılaşarsa, lakin, həmin əsasların artıq aradan qalxdığını hesab edərsə, bu halda həmin siyahıdan çıxarılması barədə müvafiq vergi orqanına müraciət etməli və imtina cavabı aldıqda həmin siyahıdan çıxarılması barədə inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. İddiaçının əsas dəlilləri ondan ibarət olmuşdur ki, o vaxtilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) və 3.1.1 (vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə) bəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salınmışdır. Lakin, hazırda “Meyarlar”a dəyişiklik edilmiş və həmin bəndlər çıxarılmışdır. Bu səbəbdən iddiaçı rəskli siyahıdan çıxarılmalıdır. Göründüyü kimi iddiaçı riskli siyahıya salınması barədə qərarla razılaşır. Lakin, o hazırda riskli vergi ödəyicisi siyahısına salınmasına səbəb olan əsasların aradan qalxması səbəbindən həmin siyahıdan çıxarılmasını istəyir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli, 486 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”ndə göstərilmişdir ki, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs (2.1.). Qeyd edilən normaların məzmunundan görünür ki, təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən iş və xidmətləri bu növ resurslar mövcud olmadan təqdim edən şəxs, elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri əsasında əldə edilməyən malları təqdim edən şəxs və əmtəəsiz əməliyyatlar aparan şəxslər riskli vergi ödəyiciləri hesab edilirlər. Hazırkı iş üzrə iddiaçının 2023-cü il üzrə elektron qaimə fakturalar üzrə əldə etmədiyi mallların onun satışında müəyyən edilməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin maları qaiməsiz əldə etdiyini və real olaraq satdığını bildirsə də, həmin malların həqiqətən əldə edildiyini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddiaçının təsərrüfat subyektinin cəmi 10 kv.metrdən ibarət olduğunu və satışında qeyd olunan malların həmin təsərrüfat subyektində saxlanmasının mümkün olmadığını bildirmişdir. İddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olunan müddəalarda dəyişiklik edilsə də, yeni qəbul edilən “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olan halları aradan qaldırmır. Belə ki, həmin “Qayda”nın 2.1.2-ci bəndi (qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları təqdim edən şəxs) iddiaçıya münasibətdə birbaşa tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olan hallar aradan qalxmamışdır. Cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-5961/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5961/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver