Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5962/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs: X8) “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs: X8) “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs: X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanında yerləşən 0.20949 ha torpaq sahəsinə dair verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 86 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yerquruluşu planında göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ləğv olunmuş neft-qaz quyularının (ən yaxın quyu 2.8 metrlik məsafədə), eləcə də “SOCAR”-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor D-219 mm-lik (Balaxanı ağır) və Sabunçu-Böyükşor D-219 mm-lik (Balaxanı yüngül) neft kəmərlərinin mühafizə zonası daxilində yerləşir. Sözügedən torpaq sahəsinə dair (Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qanunsuz olaraq X5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli **********48 reyestr və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, icarə hüququ əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 6 ünvanında yerləşən 0.2095 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara dair X5 adına olan xx.xx.2023-cü il tarixli **********48 reyestr və ********** qeydiyyat nömrəli çıxarış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 4995 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hazırlanmışdır. Təkrar sorğular nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 86 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (İcarəyəverən) ilə X8 (İcarəçi) arasında “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 4995 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Göründüyü kimi, sözügedən müqavilə əsasında X6 xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Ərazi neft kəmərlərinin mühafizə zonasına düşdüyündən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sərəncam əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin 3- 21-3/2-Ə-2498- 35/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubu ilə cavab verilərək, X8 tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında müraciətdə göstərilən torpaq sahəsinə dair onunla xx.xx.2023-cü il tarixli 4995 nömrəli icarə müqaviləsi bağlanıldığı qeyd olunmuş və ərizənin təmin edilməsindən imtina olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi, 6 ünvanında yerləşən 2094 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla daşınmaz dövlət əmlakının registrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 86 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi, 6 ünvanında yerləşən 2094 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4995 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Həmçinin, bildirilir ki, iddia tələbində qeyd olunan torpaq sahəsi icarəyə verilən zaman üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində X5 mülkiyyət hüququ qeydiyyata alınmazdan əvvəl həmin tikili digər şəxslərin mülkiyyətində olmuş və həmin qeyri-yaşayış yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportda qeyri-yaşayış obyektinin istifadəsində olan torpaq sahəsinin ölçüləri 2094.4 kv.m qeyd olunmuşdur (Texniki pasport əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Qeyd olunan Əsasnamənin 2-ci bəndinə uyğun olaraq özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Göründüyü kimi, Xidmət tərəfindən torpaq sahəsi icarəyə verilməsi ilə bağlı qəbul edilmiş sərəncam və bağlanmış icarə müqaviləsi mülki və torpaq qanunvericiliyin tələblərinə uyğun olmuş və bu zaman iddiaçının hər hansı hüquqları pozulmamışdır. Mülki Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsəsən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən qanunla müəyyən edilmiş qaydada verilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin birinci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək Xidmətin səlahiyyətlərindən biridir. Qeyd edilənlərdən əlavə, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, yuxarıda qeyd olunanlardan və iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı uzun müddət ərzində mübahisəli torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyektinin ayrı-ayrı şəxslərin mülkiyyətində olmaqla, həmin şəxslərin müvafiq sənədlər əsasında torpaq sahəsi üzərində istifadə hüququna malik olduğunu bildiyi halda, onun tərəfindən 15 ildən artıq müddət ərzində məhkəmədə iddia qaldırılması ilə bağlı hər hansı tədbir görülməmişdir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********22 nömrəli cavab məktubundan görünür ki, iddiaçı uzun müddət ərzində mübahisəli torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə Xəlil Əhmədov arasında bağlanmış 4995 nömrəli xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin mövcudluğundan məlumatlı olmuşdur. X8 tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın yeganə mülkiyyətçisi Xəlil Əhmədovdur və mübahisə predmeti olan torpaq sahəsi onun istifadəsindədir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, həmin sahə üzərində Əhməd Xəlilovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun mövcudluğu, iddiaçının həmin torpaq sahəsi ilə bağlı hər hansı hüququnu istisna edir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin altıncı bəndinin birinci abzasına və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinin ikinci hissəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsi ilə inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmiş və yalnız həmin əsaslardan ən azı biri mövcud olduğu halda inzibati akt etibarsız sayıla bilər. Hazırkı halda, iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın etibarsız sayılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslardan hər hansı ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin maddənin 2-ci hissəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı uzun müddət ərzində mübahisə predmeti olan torpaq sahəsinin digər şəxslərin qanuni istifadəsində olmasından məlumatlı olduğu halda, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi iddia müddətinin ötürülməsindən yayınmaq olmuşdur. Hazırkı halda iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci və 67-ci maddələrinin tələblərini nəzərə alaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 86 nömrəli sərəncamının etibarsız hesab edilməsini deyil, ləğv edilməsini formal olaraq məhkəmədən xahiş etmək hüququna malikdir. Lakin tələb bu formada irəli sürüləcəyi təqdirdə də, həm yuxarıda qeyd edilən hallara görə, həm də iddia müddəti ötürüldüyünə görə təmin edilə bilməz. Göründüyü kimi, iddiaçı inzibati aktların mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5962/2025 saylı iş üzrə X8 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) və digər nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakılardan irəli gəlir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 86 nömrəli sərəncamına əsasən sərəncama 1, 2 və 3 nömrəli əlavələrdə göstərilən özəlləşdirilən, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinə dair qanunvericiliyə uyğun olaraq icarə müqavilələrinin bağlanmasının təmin edilməsi qərara alınmışdır. Sərəncama 2 nömrəli əlavədə “İcarə obyektinin adı” kimi X5 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi, “İcarəyə verilən torpaq sahəsi, kv.m” kimi 2094.9 kv.m torpaq sahəsi göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində hansı inzibati aktların etibarsız sayılması dəqiq göstərilmişdir. Həmin normaya görə hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. İdddia ərizəsindən və iddiaçının nümayəndələrinin məhkəmə iclasındakı mövqelərindən məlum olur ki, iddiaçı tərəf mübahisələndirilən xx.xx.2023-cü il tarixli 86 nömrəli sərəncam (inzibati akt) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğu üçün etibarsızlığının tanınmasını iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən (registrdən çıxarış, hüququn qeydiyyatı ilə bağlı çıxarış) görünür ki, mübahisəli torpaq sahəsi (2094.9 kv.m) dövlət mülkiyyətində olan torpaq sahəsidir, regist nömrəsi ***-*******8-dir. Torpaq Məcəlləsinin 66-cı maddəsininin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4cü hissəsində, 55-ci maddəsinin ikinci abzasında, 56-cı maddəsinin 1-ci hissəsində, 6cı hissəsinin birinci abzasında və 8-ci hissəsində 66-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Xidmətin vəzifəsidir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il 659 nömrəli Fərmanının 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 2, 3 və 11-ci bəndlərinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. İş materiallarında olan qeyri-yaşayış binasına dair xx.xx.2009-cu il tarixdə tərtib edilmiş, reyestr nömrəsi **********48-06301 olan texniki pasport onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış binası hazırki iş üzrə üçüncü şəxs olan X4 əvvəl digər şəxs - X3 mülkiyyətində, torpaq sahəsi isə istifadəsində olmuşdur. Belə ki, texniki pasportdakı qeyddən görünür ki, mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi seriya AN-İ ******* saylı xx.xx.2009-cu il tarixli alğı-satqı müqaviləsi əsasında alınmış, məhz həmin texniki pasportda hazırda mübahisələndirilən sərəncam ilə üçüncü şəxsə icarəyə verilməsi nəzərdə tutulan 2094.9 m2 torpaq sahəsi də texniki pasportda göstərilmişdir. Mülki Məcəllənin 241.1, 241.2 və 241.3-cü maddələrinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. İşin araşdırılması ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir, dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı səlahiyyətli inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli 86 nömrəli sərəncam (inzibati akt) qəbul edilmişdir. Məsələyə qiymət verərəkən bir xüsusatı da nəzərə almaq lazımdır ki, iddiaçı 2009cu ildən mübahisəli torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış binasının digər şəxs - X3 mülkiyyətində olmaqla, həmin şəxsin müvafiq sənədlər əsasında torpaq sahəsi üzərində istifadə hüququna malik olduğunu bildiyi və ya bilməli olduğu halda, onun tərəfindən 15 ildən artıq müddət ərzində hərəkətsizlik edilərək, heç bir tədbir görülməməsi də diqqətdən kənarda qalmamalıdır. Məntiqi baxımından iddiaçı ya qəbul edir ki, mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına digər şəxsin (hazırki üçüncü şəxsin deyil) mülkiyyət hüququnun qeydiyyata alınması və onun tərəfindən istifadə edilməsinin qanuniliyi baxımından problem olmamış, yada, tərəfindən 15 ildən artıq müddət ərzində hərəkətsizlik edilərək, heç bir tədbir görülməməsini qəbul edir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti və onun məqsədi nəzərə alındıqda müəyyən olunur ki, Şirkət müvafiq məqsədlə onun istifadəsinə ayrılmış torpaq sahələrinin təyinatı üzrə istifadəsinə məsuliyyət daşıyır ki, bu da onun həmin torpaq sahəsi barədə qəbul olunmuş istənilən aktdan xəbərdar olmalı olduğunu, hüququnun pozulduğunu bilməli olduğunu deməyə əsas verir. Üçüncü şəxsin də qeyri-yaşayş binasını əldə edərkən onun mülkiyyətdə olmasına, mübahisəli torpaq sahəsinin 2009-cu ildən əvvəlki mülkiyyətçinin istifadəsində olmasına, onun tərəfindən heç bir maneə olmadan istifadə edilməsinə, Dövlətin müvafiq orqanı tərəfindən tərtib edilmiş texniki pasportda əksini tapmasına və qeyd edilən əsaslardan çıxış edərək gözləntiləri nəzərə alınmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.1, 1.3, 1.4, 2.1, 2.3). İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №e-2-1(112)-5962/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5962/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver