Məhkəmə qərarları › İş №e-2-1(112)-5963/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5963/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5963/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı üçüncü şəxslər X9 və X12 “torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (X9 və X12 üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Səbail Rayon İcra Hakimiyyətinin başçısının 28 iyun 1994-cü il tarixli 1991 №-li Sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi fərdi ev tikmək üçün Rasim Qənbərova ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 1996-cı il tarixli, 1501 №-li Sərəncamı ilə RİHB-nin 1991 saylı 28 iyun 1994-cü il tarixli sərəncamı ilə fərdi tikinti üçün R.C.Qənbərova ayrılmış torpaq sahəsi Ş.F.Mehdiyevin adına sənədləşdirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 2001-ci il tarixli 27 №-li Sərəncamı ilə Səbail rayon İcra Hakimiyyəti başçısının 1501 saylı 01 avqust 1996-cı il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 334 saylı sahədə fərdi evin tikintisi üçün X7 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında X2 adına sənədləşdirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısının 19 noyabr 2002-ci il tarixli 528 №-li Sərəncamına əsasən Bakı şəhəri İH Başçısının xx.xx.2002-ci il tarixli 7-12/7 №-li məktubu ilə xx.xx.2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri tikintisi üçün torpaq sahəsi ayrılması, həmçinin addan-ada dəyişdirilməsi barəsində rayon İH tərəfindən verilən sərəncamların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə zidd olduğundan qeyri-qanuni hesab edildiyini nəzərə alaraq: Səbail rayon İHB-nin xx.xx.2001ci il tarixli, 27 №-li Sərəncamı etibarsız hesab edilmişdir. X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 28 saylı Notariat Ofisinin 30 may 2018-ci il tarixli 123 №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan məktubundan görünür ki, X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 28 saylı notariat kontoruna iddiaçı tərəfindən müraciət olunmuşdur. X2 xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə iddiaçının ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsənin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 334 saylı sahədə yerləşən 600 kv.metr torpaq sahəsinə dair Çıxarış verilməsi xahiş olunmuşdur. Bakı şəhəri 28 saylı Notariat Ofisinin 28 noyabr 2023-cü il tarixli, 631 saylı məktubundan görünür ki, 20 aprel 2018-ci il tarixdə vəfat etmiş X4 ilə əlaqədar Bakı şəhəri 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2019-cu il tarixli 2V-35 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X2 arvadı – iddiaçı və oğlu - X10 vərəsə kimi tanınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5601/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçıi iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 19 noyabr 2002-ci il tarixli 528 saylı Sərəncamı, “Səbail rayon İHB-nın, xx.xx.2001-ci il tarixli, 27 saylı sərəncamının etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, qərardan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, idarə xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...Səbail Rayon İcra Hakimiyyəti başçısının 27 nömrəli Sərəncamı 12 yanvar 2001-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin addan-ada keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Bundan başqa, təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5601/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Əlavə olaraq bildiririk ki, təqdim edilmiş sərəncamlarda istinad edilən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1991 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə digər fiziki şəxsin adına torpaq sahəsi qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir.”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsəsi olduğu mərhum əri X2 adına Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 27 saylı, 12 yanvar 2001-ci il tarixli Sərəncamı ilə sənədləşdirilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən, sahəsi 600 (altı yüz) kv.m. olan 334 saylı torpaq sahəsinin X2 mülkiyyəti olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi naturada ayrılaraq mərhum ərinə təhvil verilmiş, torpaq sahələrindən təyinatı üzrə istifadə edilmiş və üzərində, ailəsinin yaşayış sahəsinə olan tələbatlarını təmin edərək, iki fərdi yaşayış evi tikilmişdir. İddiaçı cavabdeh təşkilata müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 27 saylı, 12 yanvar 2001-ci il tarixli Sərəncamı əsasında sənədləşdirilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən, sahəsi 600 (altı yüz) kv.m. olan 334 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum əri X3 məxsus olması haqqında arayış verilməsini xahiş etmişdir. Lakin xx.xx.2024-cü il tarixli məktubu ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, mərhuma torpaq sahəsi 12 yanvar 2001-ci il tarixli səsərncam əsasında verilib, xx.xx.2001-ci il tarixdən sonra isə torpaq sahəsinin addan-ada keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir və bunu “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə istinadən əsaslandırır. Eyni zamanda məktubunda bildirilir ki, təqdim edilmiş sərəncamlarda istinad edilən Səbail rayon İcra Hakimiyyəti başçısının 1991 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə digər fiziki şəxsin adına torpaq sahəsi qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Odur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Qeyd edilə qanun normasından müəyyən olunur ki, yerli icra hakimiyyəti orqanları xx.xx.2001-ci il tarixdən sonra torpaq ayırmaq səlahiyyəti olmamışdır. Lakin qeyd edilən normaların hazırkı hala tədbiq etməkdə cavabdeh düzgün nəticəyə gəlməmişdir. İşin halları ondan ibarətdir ki, Badamdar qəsəbəsində 600 kv.metr mübahisələndirilən torpaq sahəsi, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 28 iyun 1994-cü il tarixli 1991 No-li Sərəncamı ilə fərdi ev tikmək üçün Rasim Qənbərova ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 1996-cı il tarixli, 1501 No-li Sərəncamı ilə RİHB-nin 1991 saylı 28 iyun 1994-cü il tarixli sərəncamı ilə fərdi tikinti üçün R.C.Qənbərova ayrılmış torpaq sahəsi Ş.F.Mehdiyevin adına sənədləşdirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 2001-ci il tarixli 27 No-li Sərəncamı ilə Səbail rayon İcra Hakimiyyəti başçısının 1501 saylı 01 avqust 1996-cı il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 334 saylı sahədə fərdi evin tikintisi üçün X7 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında X2 adına sənədləşdirilmişdir. Yəni mübahisəli torpaq sahəsi vətəndaşa hələ 1994-cü ildə ayrılmışdı. X4 20 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2001-ci il tarixli Sərəncamı torpaq sahəsinin ayrılması barədə deyil, səlahiyyətli olduğu dövrdə, artıq torpaqayırmanı həyata keçirmiş torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədədir və hazırki işdə əsas hüquqmüəyyənedici sənəd Mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasına dair, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 28 iyun 1994-cü il tarixli 1991 No-li Sərəncamıdır. Həmçinin qeyd edilməlidir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunvericiliyin qeyd edilən normasından müəyyən olunur ki, həmin torpaq sahəsi qanunla faktiki olaraq Rasim Qənbərovun mülkiyyətinə verilmiş və o, sərəncam hüququndan istifadə edərək, həmin torpaq sahəsini mərhum X3 rəsmiləşdirmişdir. O ki qaldı istinad edilən Səbail rayon İcra Hakimiyyəti başçısının 1991 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə digər fiziki şəxsin adına torpaq sahəsinin qeydiyyata alınması, bununla bağlı qeyd edilməlidir ki, həmin sərəncam əsasında 14 nəfərə 14 ayrı ayrı torpaq sahələri ayrılmışdır və həmin şəxslərdən biri həmin sərəncam əsasında öz adına olan torpaq sahəsini özəlləşdirə bilərdi. Həmçinin qeyd edilməlidir ki, hazırki işdə mübahisələndirilən torpağa münasibətdə Bakı İnzibati Məhkəməsində, Səbail rayon İcra Hakimiyyətinə qarşı “Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə baxılmış və iş üzrə xx.xx.2024-cü il tarixli e-2-1(112)-5601/2024 nömrəli qətnamə qüvvəyə minmişdir. Həmin iş çərçivəsində məhkəmənin sorğusu əsasında, hazırki iş üzrə cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və məhkəməyə rəsmi olaraq bildirilmişdir ki, mübahisəli torpaq sahəsi hazırda dövlətin mülkiyyətindədir, yəni hər hansı fiziki şəxs həmin sahəni özəlləşdirməmişdir. Mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsindən imtina üçün hər hansı hüquqi əsas yoxdur və məhz aşağıda qeyd edilən hüquqi əsaslar üzrə mərhumun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı və buna dair arayış verilməlidir.. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunu dəliləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m göstərilsə də, faktiki 510 kv.m təşkil edir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında protokol qərardadı ilə, hazırki iş üzrə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 01 dekabr tarixli, 3-21-3-02/2-12569/2025 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra –DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, bu halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-nin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 1501 saylı, 01 avqust 1996-cı il tarixli sərəncamı ilə X7 ayrılmış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən, sahəsi 600 (altı yüz) kv.m. olan 334 saylı torpaq sahəsi, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 27 saylı, 12 yanvar 2001-ci il tarixli sərəncamı əsasında iddiaçının vərəsəsi olduğu mərhum əri X2 adına sənədləşdirilmişdir. X4 həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin torpaq sahəsinin mərhum əri X3 məxsus olması barədə arayış verilməsi ilə bağlı müraciət etsə də, müraciət təmin edilməmişdir. İmtina dəlilləri ondan ibarət olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 27 nömrəli Sərəncamı 12 yanvar 2001-ci il tarixlidir. xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin addan-ada keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Bundan başqa, təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5601/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Əlavə olaraq təqdim edilmiş sərəncamlarda istinad edilən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1991 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə digər fiziki şəxsin adına torpaq sahəsi qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Eyni zamanda məhkəməyə iddia ərizəsinə qarşı cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda əlavə olaraq qeyd olunmuşdur ki, Təqdim edilən sərəncamda istinad edilən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1991 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə X5 oğlunun adında torpaq sahəsi qeydiyyata alınaraq, X6 adına özgəninkiləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m göstərilsə də, faktiki 510 kv.m təşkil edir Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, torpaq sahəsinə münasibətdə iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.1-ci maddələri təşkil edir. Həmin normalara görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinin başçısının 12 yanvar 2001-ci il tarixli 27 №-li Sərəncamına istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Həmçinin Səbail rayon İcra Hakimiyyəti torpaq sahəsinin yerləşməsinə dair sxem tərtib edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Badamdar qəsəbəsində 600 kv.metr mübahisələndirilən torpaq sahəsi, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 28 iyun 1994-cü il tarixli 1991 No-li Sərəncamı ilə fərdi ev tikmək üçün Rasim Qənbərova ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 avqust 1996-cı il tarixli, 1501 No-li Sərəncamı ilə RİHB-nin 1991 saylı 28 iyun 1994-cü il tarixli sərəncamı ilə fərdi tikinti üçün R.C.Qənbərova ayrılmış torpaq sahəsi Ş.F.Mehdiyevin adına sənədləşdirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 2001-ci il tarixli 27 №-li Sərəncamı ilə Səbail rayon İcra Hakimiyyəti başçısının 1501 saylı 01 avqust 1996-cı il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 334 saylı sahədə fərdi evin tikintisi üçün X7 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında X2 adına sənədləşdirilmişdir. Məhkəmə qeyd edir ki, 600 kv.m torpaq sahəsinin X3 ayrılması barədə sərəncamda RİHB-nin 01 avqust 1996-cı il tarixli 1501 nömrəli sərəncamına dəyişikliyin edilməsi və torpaq sahəsinin X2 adına sənədləşdirilməsi göstərilmişdir. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanın özü də daha əvvəlki tarixə olan sərəncamda dəyişikliyin edilməsini və nəticə etibarı ilə torpaq sahəsinin hər hansı fiziki şəxsə deyil, X3 ayrılmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinin barəsində olan Səbail Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 2001-ci il tarixli 27 No-li Sərəncamı müstəqil olaraq torpaq ayırma barədə deyil, səlahiyyətli olduğu müddətdə yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış torpaq sahəsinin digər şəxsin adına sənədləşdirilməsi barədədir. Bundan başa Səbail rayon İcra Hakimiyyəti məhz bu əsasa istina edərək özünün 19 noyabr 2002-ci il tarixli 528 №-li Sərəncamına əsasən Bakı şəhəri İH Başçısının xx.xx.2002-ci il tarixli 7-12/7 №-li məktubu ilə xx.xx.2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri tikintisi üçün torpaq sahəsi ayrılması, həmçinin addan-ada dəyişdirilməsi barəsində rayon İH tərəfindən verilən sərəncamların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə zidd olduğundan qeyri-qanuni hesab edildiyini nəzərə alaraq: Səbail rayon İHB-nin xx.xx.2001-ci il tarixli, 27 №-li Sərəncamı etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5601/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçıi iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 19 noyabr 2002-ci il tarixli 528 saylı Sərəncamı, “Səbail rayon İHB-nın, xx.xx.2001-ci il tarixli, 27 saylı sərəncamının etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, qərardan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Cavabdehin digər dəlili olan torpaq sahəsinin başqa şəxsin adına özəlləşdirilməsi bağlı məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 28 iyun 1994-cü il tarixli 1991 No-li Sərəncamı ilə fərdi ev tikmək üçün Rasim Qənbərova ayrılmış və sonraddan iddiaçının mərhum ərinin adına keçirilmiş torpaq sahəsinin yerləşmə cizgisinə əsasən 334 saylı torpaq sahəsidir. Digər şəxsin adına, yəni hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş Qənbərov Rasimin adına dövlət reyestrində qeydə alınmış, daha sonra isə Aynur Yusifovaya satılmış torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən, 365 saylı torpaq sahəsidir. Bu həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərtəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü ilə, həmçinin məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən tədqim edilmiş ortofoto görüntüsünə əsasən təsdiq olunur. Hazırki iş üzrə isə iddia tələbi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 1501 saylı, 01 avqust 1996-cı il tarixli sərəncamı ilə ayrılmış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 334 saylı torpaq sahəsi ilə bağlıdır. Sözgüdüən torpaq sahəsi iddiaçının mərhum ərinə ayrılıdıqdan sonra onların istifadəsində olmuş, həmin torpaq sahəsinin digər şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi və yaxud da digər şəxsin adına özgəninkiləşdirilməsi müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş torpaq sahəsinin müayinə baxış aktına əsasən torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m göstərilsə də, faktiki 510 kv.m təşkil edir. Bülə olan halda iddianın qismən təmin edilməsi, yəni faktiki istifadə olan ölçüyə uyğun dövlət qeydiyyatına alınmasını məhkəmə əsaslı sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 27 saylı, 12 yanvar 2001-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən, sahəsi 510 (beş yüz on) kv.m. olan 334 saylı torpaq sahəsinin mülkiyyət hüququ üzrə X3 məxsus olmasına dair dövlət reyestrindən arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar