Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5966/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın (çıxarışın) ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın (çıxarışın) ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə ”Məhsul-C” MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********77-12301 reyestr nömrəsi ilə "xxxx" MMC-yə verilmiş Çıxarışın qismən ləğv edilməsi, ”Məhsul-C” MMC-nin qanuni istifadəsinə verilmiş 208 kv.metr hissəsinin təhvil verilməsi, Yasamal rayonu, Zərdabi pr, 3165 saylı məhəllədə yerləşən “Məhsul” Kooperativinə ayrılmış 0.0564 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsininin cavabdeh DƏDKR-nin 1 Saylı BƏİ-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin təsisçisi X5 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia ərizəsinə əlavə) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) göstərməklə, **********77-12301 reysrt nömrəsi ilə "xxxx" MMC yə verilmiş Çıxarışın qismən ləğv edilməsi,”Məhsul-C” MMC-nin qanuni istifadəsinə verilmiş 208 kv. metr hissəsinin təhvil verilməsi, Yasamal rayonu, Zərdabi pr. 3165 saylı məhəllədə yerləşən “Məhsul” Kooperativinə ayrılmış 0.0564 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC-nin təsisçisi X5 xx.xx.2025-ci il tarixdə İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, **********77-12301 reysrt nömrəsi ilə "xxxx" MMC yə verilmiş çıxarışın Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci iİ tarixli 591 saylı Sərəncamı ilə Yasamal rayonu, Zərdabi pr.3165 saylı məhəllədə yerləşən “Məhsul” Kooperativinə ayrılmış 0.0564 ha torpaq sahəsi ilə üst-üstə düşən 208 kv.m. hissəsi üzrə qismən ləğv edilməsi və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci iİ tarixli 591 saylı Sərəncamı ilə Yasamal rayonu,Zərdabi pr.3165 saylı məhəllədə yerləşən “Məhsul” Kooperativinə ayrılmış 0.0564 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 Sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü iİ tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin olunmuş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci iİ tarixli 591 saylı sərəncamı ilə Yasamal rayonu, Zərdabi pr. 3165 saylı məhəllədə yerləşən “Məhsul” Kooperativinə ayrılmış 0.0564 ha torpaq sahəsinin faktiki yerləşdiyi yer üzrə sərhədlərinin müəyyən edilməklə buna dair yeni ayrıc aktının veriməsi vəzifəsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edimişdir. Məhkəmənin qanuni qüvvədə olan qərarı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən uzun müddət 2014-cü ildən bu günə qədər üzürsüz səbəbdən icra olunmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Prezidentinin” Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 01 avqust tarixli Fərmanına istinad edərək hər hansı ayrıc aktının tərtib edilməsinin Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olmadığından hazırki məhkəmə aktının icra edilməsi Bakı ŞİH-ti tərəfindən icrası mümkün deyildir. Fərmanda qeyd edilib ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Ağentlyi təərfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Ona ğörə də həmin məhkəmə qərarının icrası buna səlahiyyəti olan orqana (hazırki halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalama Baş İdarəsinin) həvalə olunmalıdır. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş və xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs "xxxx" MMC-nin iddia tələbinə dair yazılı münasibətləri (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh və üçüncü şəxs səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmasını və təmin olunmasını xahiş etmişdir. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR. İş materiallarında olan: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********46 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1389 nömrəli və xx.xx.1998-ci il tarixli 1295 nömrəli sərəncamlarına, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 412 nömrəli xx.xx.2009-cu il tarixli sərəncamına, Tikinti- Quraşdırma İşləri Başa X6 Qəbul edilməsi haqqında xx.xx.2010-cu il tarixli Qəbul Komissiyasının aktına, eskiz layihəyə, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 95 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamına, torpaq sahəsinin Ayrıc Aktına, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №319651 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən ilkin olaraq xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Sözügedən əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 311,1 kv. m, ümumi sahəsi 277,6 kv. m olan Liter-A “Xidmət binası” Bakı şəhərinin notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/1-104 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş, qalan hissə "xxxx" MMC-nin adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.7936 ha torpaq sahəsi xx.xx.2012- ci il tarixli 3973 nömrəli fiziki və ya qeyri dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən vahid daşınmaz əmlak kimi xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Sözügedən əmlak kompleksi kimi müəssisədə inşa edilmiş əlavə sahələr tikinti - quraşdırma işləri başa X6 qəbul edilməsi haqda qəbul komissiyasının xx.xx.2014-cü il tarixli aktına, razılaşdırılmış eskiz layihəyə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx"MMC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********671600 nömrəli Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında bildirişə, xx.xx.2018ci il tarixli Qalıq əmlakının təsisçiyə çatdırılması barədə təhvil-təslim aktına, "xxxx" MMC təsisçilər yığıncağının xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir TƏTBİQ EDİLƏB HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ... 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati Prosessual Məcəllə: .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ...
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı **********77-12301 reysrt nömrəsi ilə "xxxx" MMC yə verilmiş çıxarışın Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci iİ tarixli 591 saylı Sərəncamı ilə Yasamal rayonu,Zərdabi pr.3165 saylı məhəllədə yerləşən “Məhsul” Kooperativinə ayrılmış 0.0564 ha torpaq sahəsi ilə üst-üstə düşən 208 kv.m. hissəsi üzrə qismən ləğv edilməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə desək, iddiaçı üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı (çıxarışı) mübahisələndirir. Ümumiyyətlə, məhkəmə çıxarışın ləğv edilməsi bağlı qeyd edilməsini zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış isə inzibati aktın xüsusiyyətlərinə malik deyildir, yəni o, ünvanlandığı şəxslər üçün hər hansı bir hüquqi nəticə yaratmır, eləcə də, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizamlama funksiyası daşımır. Çıxarış sadəcə olaraq, şəxsin daşınmaz əmlak üzərində mülki hüququnun reyestrdə qeydiyyata alınmış olduğunu göstərən bir növ arayış mahiyyətindədir. Bu baxımdan, nə çıxarış, nə də reyestrdə aparılmış qeydiyyatın özü inzibati akt sayıla bilməz. Belə olan halda, istər “çıxarışın ləğvi”, istərsə də, “çıxarışın etibarsız sayılması” tələbinə dair iddiaların hər ikisi eyni məqsədə xidmət etməklə, mahiyyət etibarilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsinə dair öhdəliyin icrası haqqında iddia növüdür. Başqa sözlə desək, əgər qeydin əsasında hüquqmüəyyənedici sənədlər varsa, bu halda, həmin sənədlər müvafiq icraatda müstəqil mübahisələndirilməlidir. Əgər, iddiaçı qeydin əsasında duran hüquqmüəyyənedici sənədlərin mötəbərliliyini mübahisələndirmədən, qeydin aparılmasının düzgün icra edilməməsini iddia edirsə, onda həmin qeydi aparmış inzibati orqanın faktiki xarakterli hərəkətini mübahisələndirməlidir. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsinə əsas olmuş sənəd ləğv olunmadan qeydin və çıxarışın verilməsi ilə bağlı iddia mümkünlük şərtlərinə cavab verməyən iddia hesab edilir. Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999- cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-758/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Məhkəmə həmin qərarda da qeyd etmişdir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədləri mübahisələndirməlidir. Beləliklə, məhkəmə hazırki işin bütün hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd mübahisələndirilmədiyi təqdirdə, hazırki iddia müstəqil iddia formasında, yəni çıxarışın ləğv edilməsi kimi baxıla bilməz. Çünki, çıxarışın özü inzibati akt hesab olunmur və onun verilməsinə əsas olan inzibati akt mübahisələndirildiyindən, hazırki iddia tələbinə müstəqil formada baxılması mümkün deyildir. Hazırkı iş üzrə isə iddiaçı mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədi də məhkəmə qaydasında mübahisələndirməmiş ki, bu da iddianın mümkünlük şərtinin ödənilmədiyini göstərir. Məhz bu kontekstdə iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, əmlaka dair dövlət təminatını mümkün edən mülkiyyət hüququna dair qeydin ümumiyyətlə ləğvinə yönələn iddianın verilməsi, iddiaçının faktiki marağına aid edilsə də, məhkəmə hesab edir ki, qanunla qorunan hüquq və mənafelərin pozuntusundan, qanunla qorunan hüquqi marağın müdafiə zərurətinin mövcudluğundan söhbət gedə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından çıxarış deyil, hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir. Reyestrdə müvafiq qeydiyyat tam və ya hissəvi ləğv olunduğu təqdirdə, onun əsasında verilmiş çıxarışın da tam və ya hissəvi olaraq artıq hüquqi əhəmiyyətini və hüquqa dair qeydiyyatı əks etdirən sənəd keyfiyyətini itirdiyi nəzərə alınmalı, həmin çıxarış tam və ya hissəvi olaraq yararsız və etibarsız sənəd kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, çıxarışın verilməsinə əsas olan sənəd müəyyən edildikdən sonra iddiaçı həmin sənədin inzibati akt və ya mülkiəqd olmasından asılı olaraq inzibati və ya mülki məhkəməyə müraciət etməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının tələbi konkret hazırkı məsələni tənzimləyir. Həmin Qərarın: 17.“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi Plenum Qərarı müəyyən etmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqdlərin əsasında verilmişdirsə çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirməlidir. Məhkəmə izah edir ki, iddiaçı eyni tələblə (çıxarışın verilməsinə əsas olan sənəd inzibati akt olduğu halda) inzibati məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Qeydiyyatın aparılmasına və çıxarışın verilməsi mülki-əqd əsasında aparıldığı halda iddiaçı hazırki tələblə mülki məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. Əlavə olaraq məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “Məhsul” Kooperativi xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 adına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ünvanında yerləşən torpaq sahəsinin və əmlakın daşınmaz əmlakın dövlət reyesrində ********** saylı qeydiyyatını və xx.xx.2018-ci il tarixli çıxarışını “Məhsul” Kooperativinə məxsus 0,0564 ha torpaq sahəsi hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6752/2024 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardadın surəti tərəflərə rəsmi qaydada göndərilmiş və məhkəmənin sözügedən qərarından apellyasiya şikayəti verilməmişdir. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev