Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5968/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin uyğunsuzluğunun aradan qaldırılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1də yerləşən (Yeni qaydalarla: ünvan 2, giriş 7) xx.xx.2024-cü il tarixli, **********91 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeydə alınmış kadastr göstəricilərində yaranmış uyğunsuzluğun aradan qaldırılması və 0,029 hektar torpaq sahəsinin döngə nöqtələrinin mövcud qonşu tikililərin altından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1də yerləşən (Yeni qaydalarla: ünvan 2, giriş 7) xx.xx.2024-cü il tarixli, **********91 reyestr nömrəli, 0,029 hektar torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən 3-4 və 5-1 döngə nöqtələrinin qonşu torpaq sahələrinin sərhədləri daxilindən çıxarılaraq torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olmaqla yeni koordinatlar cədvəlinin verilməsi və bütünlüklə döngə nöqtələri arasındakı məsafələrin də xx.xx.2022-ci il tarixli, ********** nömrəli bölgü eskizində qeydə alınmış məsafələrə uyğun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında (Yeni qaydalarla: ünvan 2, giriş 7) hasar daxilində yerləşən və ümumi sahəsi 0,048 ha olan torpaq sahəsinin 0,029 ha hissəsini xx.xx.2024-cü il tarixdə 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində satıcı X4 ilə arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında satın almışdır. 0,029 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınaraq torpaq sahəsinə dair çıxarış və **********91 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü adlı sənədlər ona təqdim edilmişdir. 0,029 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ tam yarandıqdan sonra adına qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsündə göstərilən kadastr göstəricilərini UTM GEO MAP proqramı vasitəsi ilə peykdən yoxladığında tərəfindən müəyyən olunmuşdur ki, torpaq sahəsinin koordinatları sırasında 3-cü sırada göstərilmiş X413680.1684; Y4479093.9496 döngə nöqtəsinin təxminən 5-6 metr hissəsi torpaq sahəsinin sağ tərəfində mövcud olan qonşu fərdi yaşayış evinin altına salınmışdır, torpaq sahəsinin koordinatları sırasında 1-ci sırada göstərilmiş X413660.38; Y4479078.55 döngə nöqtəsinin təxminən 1 metr hissəsi torpaq sahəsinin arxa (aşağı) hissəsində mövcud olan qonşu fərdi yaşayış evinin altına salınmışdır, torpaq sahəsinin hər döngə nöqtəsindəki məsafə 10 və ya 20 sm qısaldılmış, vaxtilə satıcının adına qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədindəki kadastr göstəricilərindən fərqləndirilmişdir. Hasar daxilində mövcud olan 0,048 ha torpaq sahəsinin 0,029 ha hissəsi təxminən 2-3 il əvvəl ƏMDX işçisi İlyas adlı mühəndis tərəfindən ilkin sənədləşdirilərək hər bir döngə nöqtəsinə koordinat verilmişdir. Kadastr göstəricilərində yaranmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə xx.xx.2024-cü il tarixində İlyas adlı şəxsin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış, İlyas adlı şəxs 0.029 ha torpaq sahəsinin heç bir koordinat göstəricisinin qonşunun ərazisinə düşmədiyini və koordinatların bütünlüklə həmin ünvanda hasar daxilində yerləşdiyini bildirmişdir. İlyas adlı şəxs tərəfindən əlavə araşdırma aparılması məqsədilə xx.xx.2024-cü il tarixində torpaq sahəsinin koordinat göstəriləcilərini whatsapp proqramı vasitəsilə onun istifadəsində olan mobil nömrəyə göndərsə də, aparmış olduğu əlavə araşdırmaya münasibətdə geri dönüş etməmiş və məsələyə dair ətraflı əlavə münasibət bildirməmişdir. ünvan 3 ünvanında xüsusi mülkiyyətinə verilmiş 0,029 ha torpaq sahəsinin planı və ölçüsündə yaranmış uyğunsuzluqların aradan qaldırılmasına köməklik göstərilməsi məqsədilə tərəfindən birbaşa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digər dövlət qurumlarına rəsmi qaydada müraciətlər etmiş, lakin məsələ həllini tapmamışdır. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** və ********** nömrəli ərizələrlə cavabdehə müraciət etmiş və **********68 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair verilmiş **********91 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi qanunamüvafiq qaydada icra edilmişdir. Məlumat üçün bildirilmişdir ki, sözügedən ünvana idarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsi 0,029 ha olsa da, faktiki hasardaxili sahə 0,048 ha təşkil edir. Əlavə torpaq sahəsi istifadədədir. Həmin əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: ünvan 2, giriş 7) X1 xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, 3 C saylı torpaq sahəsinin planı və ölçüsü sənədi məhkəməyə təqdim edilmişdir (A № 709224, tərtib edilmə tarixi xx.xx.2022-ci il). xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 ünvan 1ni iddiaçıya satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: ünvan 2, giriş 7) iddiaçının xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, 3 C saylı torpaq sahəsinin planı və ölçüsü sənədi məhkəməyə təqdim edilmişdir (Tərtib edilmə tarixi xx.xx.2024-cü il). X5 ilə X6 arasında ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi tərtib edilmişdir. Cavabdehin 15 may 2025-ci il tarixli məktubla məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 0,029 ha olsa da, faktiki olaraq hasardaxili 0,048 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sənəd üzrə torpaq sahəsinin bir hissəsi iki tərəfdən qonşu torpaq sahələrinin sərhədləri daxilindədir. Qeyd olunan 0,029 ha torpaq sahəsi **********91 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətindədir. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr məlumatlarına əsasən vətəndaşın istifadəsində olan 0,029 ha torpaq sahəsi **********88-10301 reyestr nömrəli sahənin bölünməsi nəticəsində yaranmışdır. Torpaq sahəsinə dair verilmiş xx.xx.2024-cü il tarixli, **********91 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi qanunamüvafiq qaydada tərtib edilmişdir. Cavabdehin 21 noyabr 2024-cü il tarixli imtina məktubunda imtinada göstərilən əsaslar göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olmaqla yeni koordinatlar cədvəlinin verilməsi və bütünlüklə döngə nöqtələri arasındakı məsafələrin də xx.xx.2022-ci il tarixli, ********** nömrəli bölgü eskizində qeydə alınmış məsafələrə uyğun təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir (1.0.1.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir (7.1.). “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir (7.2.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 65-ci maddəsində göstərilmişdir ki,
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, 3C saylı sahədə yerləşən 0,029 hektar torpaq sahəsini iddiaçıya satmışdır. X5 isə həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Belə ki, X6 torpa sahəsinin 0,029 hektarını satmış, fərdi yaşayış evi və 0,0667 hektar torpaq sahəsi isə onun mülkiyyətində qalmışdır. Qeyd edilənlərdən belə aydın olur ki, iddiaçının mülkiyyətində olan sahə 0,029 hektar təşkil etməlidir. Torpaq sahəsinin ortofoto görüntüsündən və müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının bir hissəsi X3 mülkiyyətində olan sahəyə düşür. Cavabdeh öz etirazında sənəd üzrə torpaq sahəsinin 0,029 hektar olmasına baxmayaraq, faktiki hasardaxili sahənin 0,048 hektar təşkil etdiyini, yəni iddiaçının istifadəsində əlavə torpaq sahəsinin olduğunu və həmin sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edilmədiyini bildirmişdir. Məhkəmə bununa bağlı qeyd edir ki, iddiaçının istifadəində əlavə torpaq sahəsinin olmasının iş üzrə hər hansı əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının sənəd üzrə torpaq sahəsi 0,029 hektar olduğu üçün, onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları da, məhz isitfadəsində olan torpaq sahəsinə düşməlidir. Belə ki, X6 özünə aid olan sahəni, hətta evinin altına düşən torpaq sahəsini iddiaçıya satmamışdır. İddiaçının mülkiyyətində olan torpa sahəsinin döngə npqtələrini şərti olaraq 1, 2, 3, 4 və 5 olaraq nömrələdikdə (torpaq sahəsinin bölgü eskizinə uyğun olaraq) 3-4 və 5-1 nöqtələri kimi qeyd edilmiş koordinatların qonşu torpaqların hasarı daxilinə düşdüyü müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir (16.1. ). Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (16.1- 1.). Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır (16.2.). Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər (16.3.). Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər (16.4.). Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir (16.5.). Göründüyü kimi cavabdehin texniki səhvi ucbatından iddiaçının mülkiyyətində olan torpaq sahəsinin döngə koordinatları qonu torpaq sahələrinin hasarları daxilinə düşmüş və nəticədə iddiaçının sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi ilə reallıqda mülkiyyətində olan sahə arasında fərq yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1də yerləşən (Yeni qaydalarla: ünvan 2, giriş 7) xx.xx.2024-cü il tarixli, **********91 reyestr nömrəli, 0,029 hektar torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən 3-4 və 5-1 döngə nöqtələrinin qonşu torpaq sahələrinin sərhədləri daxilindən çıxarılaraq torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olmaqla yeni koordinatlar cədvəlinin verilməsi və bütünlüklə döngə nöqtələri arasındakı məsafələrin də xx.xx.2022-ci il tarixli, ********** nömrəli bölgü eskizində qeydə alınmış məsafələrə uyğun təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1də yerləşən (Yeni qaydalarla: ünvan 2, giriş 7) xx.xx.2024-cü il tarixli, **********91 reyestr nömrəli, 0,029 hektar torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən 3-4 və 5-1 döngə nöqtələrinin qonşu torpaq sahələrinin sərhədləri daxilindən çıxarılaraq torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olmaqla yeni koordinatlar cədvəlinin verilməsi və bütünlüklə döngə nöqtələri arasındakı məsafələrin də xx.xx.2022-ci il tarixli, ********** nömrəli bölgü eskizində qeydə alınmış məsafələrə uyğun təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev