Məhkəmə qərarları › İş №e-2-1(112)-5975/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5975/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5975/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi ilə, İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, İddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. Mübahisəli hüququn qısa xülasəsi İddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 sentyabr 2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli v ə İnzibati şikayətlərə baxılması baş idarəsinin "xxxx" 04 dekabr 2024-cü il tarixli **********322900 nömrəli qərarlarının ləğv edilməsi, 2022-ci ilin oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirilmiş 4 294,80 (dörd min iki yüz doxsan dörd manat 80 qəpik) manat ƏDV məbləğinin, 2024-cü ilin iyul ayının ƏDV bəyannaməsində əks etdirilməklə, əvəzləşməsinin ləğv edilməsini əsassız hesab edirək əvəzləşmənin bərpa edilməsini və şəxsi vərəqədə əks olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY), (Sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) arasında xx.xx.2022-ci il tarixli, 232494 nömrəli xidmətlərin satın alınması ilə bağlı müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1ci bəndinə əsasən İcraçı Sifarişçinin sifarişinə əsasən Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə №1-də göstərilən formada Ağdam rayonu ərazisində təməlqoyma mərasiminin təşkili xidmətlərini həyata keçirməyi (bundan sonra – Xidmət), Sifarişçi isə öz növbəsində Müqaviləyə müvafiq qaydada göstərilən Xidmətin nəticələrini təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini İcraçıya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə göstəriləcək Xidmət müqabilində Sifarişçi tərəfindən İcraçıya ödəniləcək ümumi məbləğ tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 28 154,80 (iyirmi səkkiz min yüz əlli dörd manat 80 qəpik) manat təşkil edir. ADY ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmətlərin təhvil-təslim aktına əsasən, Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulmuş bütün xidmətlər ADY-yə göstərilmiş və buna müvafiq olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli EBCH seriyalı, 288968 nömrəli elektron qaimə - faktura ünvanlanmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, qeyd edilən elektron qaimə - faktura əsasında xx.xx.2022-ci il tarixdə ADY tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 23 860 (iyirmi üç min səkkiz yüz altmış) manat məbləğində xidmət haqqı ödənilmiş, həmin xidmətə görə ödənilməli olan 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat məbləğində olan əlavə dəyər vergisi (ƏDV) isə əvəzləşdirilmişdir. Bildirilir ki, 2024-cü ilin iyul ayı üçün ADY tərəfindən dəqiqləşdirilərək təqdim edilmiş ƏDV bəyannaməsinin Azərbaycan Respublikasının yanında İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin kameral araşdırılmasının aparılması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-2/2- 8843/2024 nömrəli məktubu daxil olmuşdur. Həmin məktubda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli EBCH seriyalı, 288968 nömrəli elekton qaimə fakturaya əsasən əldə edilmiş 23 860 (iyimi üç min səkkiz yüz altmış) manat pul vəsaitinin və 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat ƏDV məbləğinin, 2022-ci ilin oktyabr ayı üçün təqdim edilən ƏDV bəyannaməsində düzgün əvəzləşdirilmədiyi müəyyən edilərək, aparılmış əvəzləşdirilmənin 2024-cü ilin iyul ayı üçün təqdim edilən ƏDV bəyannaməsinin müvafiq sətrində (324) əks edilməklə ləğv edilməsi tələb edilmişdir. Əvəzləşdirilmənin ləğv edilməsinə əsas kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli **********971300 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. ADY tərəfindən qeyd edilən məktuba xx.xx.2024-cü il tarixli **********331400 nömrəli cavab məktubu ilə izah edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ADY ilə əməkdaşlıq etdiyi zaman, yəni 2022-ci ilin oktyabr ayında riskli vergi ödəyicisi siyahısında olamamışdır. Lakin bu xüsusat Azərbaycan Respublikasının yanında İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. 26 sentyabr 2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli Qərara əsasən 2024-cü ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat məbləğində əvəzləşdirilmiş ƏDV ləğv edilərək ADY-yə əlavə vergi hesablanmışdır. Qərarın əsaslandırma hissəsində qeyd edilmişdir: “... Tərəfinizdən ƏDV bəyannaməsində (10.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCH seriyalı 288968 nömrəli elektron qaimə - faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə - faktura üzrə 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq sentyabr ayı üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 (sıfır) manat olması nəticəsində 4 294,80 (dörd min iki yüz doxsan dörd) manat kənarlaşma yaranmışdır.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin sözügedən qərarı tamamilə əsassız və qanunsuz olaraq qəbul edilməsi səbəbindən tərəfimizdən həmin qərardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixli **********830900 nömrəli şikayət ünvanlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2024-cü il tarixli **********322900 nömrəli Qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmişdir. Həmin qərar üzrə gəlinmiş nəticəni əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik: Sözügedən elektron qaimə - faktura "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətitərəfindən 2022-ci ilin oktyabr ayında ADYyə təqdim edilmişdir. Təqdim edilmiş elektron qaimə-fakturada qeyd edilən xidmətlər tam həcmdə yerinə yetirildiyindən həmin qaimə iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin elektron qaimə - fakturaya əsasən ödəniş edilən zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adının riskli vergi ödəyicilərinin siyahısında olub-olmaması tərəfimizdən yoxlanılmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, tərəfimizdən yoxlama aparılarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı riskli vergi ödəyicilərinin siyahısında ümumiyyətlə mövcud olmamışdır. Eyni zamanda, ƏDV məbləği depozit hesabından ödənilərkən “ödəniş sistemində” hər hansı bir xəbərdarlıq görünməmiş, nəticədə 2022-ci ilin oktyabr ayının ƏDV bəyannaməsində elektron qaiməfakturanın məlumatları göstərilməklə əvəzləşmə aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində “Riskli vergi ödəyiciləri barədə məlumatların verilməsi” bölməsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı ödənişin aparıldığı və əvəzləşdirlən dövrdə olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətni in 18 sentyabr 2024-cü il tarixli **********971300 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilməsi barədə məlumat isə həmin qərarın tərəfimizdən qəbul edildiyi andan, yəni bütün əməliyyatların aparılmasından 2 (iki) il müddət keçdikdən sonra olmuşdur. Göründüyü kimi, 2022-ci ilin oktyabr ayında tərəflər arasında əməkdaşlıq edilən və əməliyyatlar aparılan zaman 2024-cü ilin sentyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində vergi orqanı tərəfindən riskli vergi ödəyicisi kimi vergi orqanı tərəfindən qərarın qəbul ediləcəyi barədə öncədən güman edilə bilməzdi. Hesab edirik ki, ədalət mühakiməsinin səmərəliyinin yüksəldilməsinə xidmət edən vahid məhkəmə təcrübəsi məhkəmələr tərəfindən işlərə baxılarkən böyük əhəmiyyət kəsb edir. Elektron məhkəmə informasiya sisteminə anonimləşdirilərək yerləşdirilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1234/2023 saylı qərarı məhz eyni mahiyyətli mübahisə üzrə məhkəmələr tərəfindən formalaşdırılmış mövqeni göstərir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 sentyabr 2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli qərarının ləğv edilməsi, cavabdehin üzərinə 2022-ci ilin oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirilmiş 4294,80 manat ƏDV məbləğinin, 2024-cü ilin iyul ayının ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşməsinin ləğv edilməsinin əsassız hesab edərək əvəzləşmənin bərpa edilməsini və şəxsi vərəqədə əks olunması öhdəliyinin qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci tarixli Qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 sentyabr 2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisi "xxxx" QSC-nin 2024-cü ilin iyul ayı üzrə təqdim etdiyi əlavə dəyər vergisinə dair hesabatlarda uyğunsuzluq olduğu aşkar edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən "xxxx" MMC (VÖEN: **********) ilə əmtəəsiz əməliyyatlar aparılmış və həmin əməliyyatlar nəticəsində müvafiq vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına aid edilməsinə dair xx.xx.2024-cü il tarixli, **********971300 nömrəli qərar qəbul edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (10.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCH seriyalı, 288968 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 4 294,80 manat ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay (2024-cü il iyul ayı) üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 4 294,80 manat kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2- 8843/2024 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb edilmiş, vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubu tam və dolğun olmadığından Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024cü ilin iyul ayı üçün 4 294,80 manat vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-9961/2024 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə təqdim edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən aparılan inzibati araşdırma zamanı elektron qaimə-faktura məlumatlarına əsasən Cəmiyyətə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 23860,0 manat (ƏDV-si 4294,8 manat) dəyərində “Bilboard (2 metr x 3 metr)”, “Təməlqoyma avadanlıqları: məhəccər 10 metr, navalça 3 metr, kapsula, kapsula qabı, tumba, siqnal düyməsi, beton qarışdırmaq üçün dəmir konstruksiya, bel (montaj, demontaj daxil) istifadə”, “Çatdırılma və digər xərclər, VİP Çadır Ölçüsü: 10m x 10 (montaj, demontaj daxil) -istifadə”, “10m X 6m ölçüdə təməlqoyma konstruksiyası (montaj, demontaj daxil) istifadə”, “Bayraq konstruksiya: 2,5 diametr x 5m hündürlük (8 ədədli) - istifadə” adlı malların və ya iş xidmətlərin təqdim edilməsi müəyyən edilmişdir. Lakin, 2022-ci ildə əmək müqaviləsi bildirişlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin xidmətləri göstərə bilən işçilərinin olmadığı (işçilərinin yalnız mühasib, vergi agenti, qeydiyyatçı menecer olduğu) halda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təmir quraşdırma işlərinin icra edildiyi müəyyən edilmişdir. "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə müvafiq məktub göndərilmiş, 28.11,2024-cü il tarixdə vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndələri inzibati araşdırmada iştirak etməmiş və tələb edilən müvafiq təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilməmişdir. Qeyd olunan hal müvafiq aktla rəsmiləşdirilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 13.2.81 -ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Vergi Məcəlləsinin 175.11 -ci maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar üzrə əlavə dəyər vergisi əvəzləşmələri nəzərə alınmır. Qeyd olunanlar və qanunvericiliyin tələbləri əsas götürülməklə ümumilikdə vergi ödəyicisinə 4 294,80 manat əlavə vergi hesablanması həyata keçirilmişdir. Hesab edirik ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçının ərizəsində qeyd olunan müddəalara münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1 -ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş yuxarıda qeyd olunan vergi ödəyicləri tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olubolmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. "xxxx" QSC ilə "xxxx" MMC arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması və vergi qanunvericiliyinin tələblərinə əsasən "xxxx" QSC tərəfindən əldə edilmiş sənədlərin əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilməsi səbəbindən müvafiq sənədlər üzrə ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Belə ki, Vergi Məcəlləsinin 175.11 -ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd olunan müddəaları və qanunvericiliyin müvafiq tələblərini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması barədə qərarın qəbul edilməsi xahiş edilir. II. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. İddianın növü və mümkünlüyü İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. IV. Təqdiq edilən sübutlar və faktiki hallari Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablaması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli Qərarına əsasən iyul 2024 bəyannamə və hesabat dövründə əlavə dəyər vergisi üzrə hesablanmışdır: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: - 1.656.294,85 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəicəsində müəyyən edilmiş vergi və sığorta haqqı: - 1.652.000,05 manat Kameral yoxlama nəticəsində hesablanmış vergi və ya sığorta haqqı məbləği: 4.294,80 manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "xxxx" Qərarına əsasən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü iltarixli inzibati şikayət təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablaması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 138399/2024 nömrəli Qərara əsasən veri ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. V. Məhkəmənin mövqeyi Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2- 9961/2024 nömrəli qərarının ləğv edilməsini tələb etmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli Qərarına əsasən kameral vergi yoxlaması nəticəsinə iddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə 4.294,80 əlavə dəyər vergisi hesablanmışdır. Mübahisənin yaranmasının səbəbi iddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmin əməliyyatlar ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılmış əməliyyatlar) Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 138399/2024 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli əməliyyat apardığı tarix aralıqlarında məhz iddiaçı «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, EBCH seriyalı 288968 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura əsasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə "xxxx" MMC tərəfindən 23860,0 manat (ƏDV-si 4294,8 manat) dəyərində “Bilboard (2 metr x 3 metr)”, “Təməlqoyma avadanlıqları: məhəccər 10 metr, navalça 3 metr, kapsula, kapsula qabı, tumba, siqnal düyməsi, beton qarışdırmaq üçün dəmir konstruksiya, bel (montaj, demontaj daxil) - istifadə”, “Çatdırılma və digər xərclər, VİP Çadır Ölçüsü: 10m x 10 (montaj, demontaj daxil) -istifadə”, “10m X 6m ölçüdə təməlqoyma konstruksiyası (montaj, demontaj daxil) -istifadə”, “Bayraq konstruksiya: 2,5 diametr x 5m hündürlük (8 ədədli) - istifadə” adlı malların və ya iş xidmətlərin təqdim edilməsi həyata keçirilmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura əldə olunarkən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısında olmadığı, yalnız vergi orqanı tərəfindən bildiriş daxil olduqdan sonra iddiaçının bu fakt barədə məlumatlandığı müəyyən edilmişdir. Belə ki, müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Məhkəmə xüsusilə nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Belə olan halda, iddiaçınn "xxxx" MMC ilə apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq edilmədiyindən iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, və həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin - "xxxx" MMC (VÖEN: **********) digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının 2- 1(102)-1509/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-1644/2024 nömrəli, 2-1(102)- 462/2021 nömrəli, 2-1(102)-1045/2023 nömrəli, 2-1(102)-1757/2024 nömrəli, qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). 12. Vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır”. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9961/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar