Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5978/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarına əsasən müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay işlədiyi və 25 il ümumi iş stajı olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyri-qanuni və əsassız olaraq müxtəlif bəhanələr göstərməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, o, 12 il 6 aydan da artıq müddətə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. Ona görə də hesab edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə ona pensiya təyin etməkdən imtinası tamamilə qeyri-qanuni və əsassızdır və cavabdehin bu imtinası ilə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-295530/2024 nömrəli məktubu ilə iddiaçıya güzəştli iş stajının 12 il 06 aydan az olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçının təqdim etdiyi "xxxx" birgə müəssisəsinin ona dair xx.xx.2024-cü il tarixli, AZF2024/41-K nömrəli arayışında xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi dövrlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən sonra ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin sentyabr və 2024-cü ilin iyun ayları üzrə (ümumilikdə 2 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları onun iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (7 il ay 22 gün (xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2023cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 10 yanvar tarixli məktubuna əsasən iddiaçı Komitənin məcburi köçkünlərin vahid elektron bazasında Ağdam rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda faktiki məskunlaşmışdır. İddiaçıya Komitə tərəfindən Ağdam rayonundan məcburi köçkün olduğunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1982-ci ildə hərbi xidmətə çağrılmış, 04 oktyabr 1984-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.1984-cü il tarixdə hərbi qeydiyyata götürülmüşdür. 780177 nömrəli 22 aprel 1986-cı il tarixli diplomun surətinə əsasən iddiaçı 1 sentyabr 1985-ci ildə Azərbaycan SSR Bakı şəhərindəki 22 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 22 aprel 1986-cı ildə quraşdırıcı çilingər peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1981xx.xx.1982-ci il tarixlərində Ağdam rayonu T.Hacıyev adına sovxozun şərab emalı zavodunda fəhlə işləmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci ilədək Ağdam rayonu T.Hacıyev adına sovxozun Cins mal fermasında çilingər işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Azərbaycan SSR Bakı şəhərindəki 22 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Ağdam rayonu T.Hacıyev adına sovxozda qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon quşçuluq müəssisəsində ixtisası üzrə texniki təhlükəsizlik mexaniki vəzifəsində işləmişdir. xx.xx.1995-xx.xx.1995-ci il tarixlərdə Ağdam rayon Əmək və Məşğulluq mərkəzi tərəfindən iddiaçıya işsizlik statusu təyin edilmişdir. xx.xx.1998-ci ildən xx.xx.2003-cü il tarixədək Abşeron Quraşdırma idarəsində 6-cı dərəcəli quraşdırıcı-çilingər işləmişdir. xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə “X3 Ltd” şirkətinin Azərbaycandakı Nümayəndəliyində quraşdırıcı peşəsində işləmişdir. xx.xx.2011xx.xx.2013-cü il tarixlərdə "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2013-xx.xx.2014-cü il tarixlərində konstruksiya quraşdırıcısı peşəsində, xx.xx.2014-xx.xx.2017-ci il tarixlərində quraşdırıcı ustası, xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində konstruksiya quraşdırıcısı peşəsində çalışmışdır. xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində "xxxx" MMC-də quraşdırıcı işində işləmişdir. xx.xx.2020-xx.xx.2023-cü il tarixlərdə "xxxx" BM-də quraşdırıcı ustası peşəsində işləmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC-də quraşdırıcı işində işləmişdir. "xxxx" MMC-nin 29 avqust 2024-cü il tarixli, 224 nömrəli arayışına əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə həqiqətən də "xxxx" MMC-də xx.xx.2019-cü il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı işində işləmişdir. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarım bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. "xxxx" MMC-nin 02 sentyabr 2024-cü il tarixli, 230 nömrəli arayışına əsasən iddiaçı həqiqətən də "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək quraşdırıcı işində işləmişdir. AR ƏM-nin 68 maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 2024-cü ilin iyun ayının sosial sığorta ödənişi 2024-cü il iyul ayının sosial sığorta ödənişi ilə birlikdə ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2011-xx.xx.2013-cu il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017-xx.xx.2019-ci il tarixlərində "xxxx" müəssisəsində (hal-hazırda "xxxx" MMC) layihələrində konstruksiya quraşdırıcısı peşəsində çalışmışdır. İddiaçının yerinə yetirdiyi konstruksiya quraşdırıcısı peşəsinin əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Polad və dəmir-beton konstruksiyaların quraşdırılması; Polad və dəmir-beton konstruksiyaların quraşdırılması və yığılmasında istifadə olunan elementlərin (tavr, ikitavr, künclük və s.) növləri və tərkibləri haqqında məlumatın olması və iş əsanasında istifadəsi; Polad və dəmir-beton konstruksiyaların quraşdırılması işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; Polad və dəmir-beton konstruksiyaların işləri ilə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ polad və dəmir-beton detalların kəsimi, uyğunlaşdırılınası, yerləşdirilməsi və tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; •Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqini təmin etmək; Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element, polad və dəmir-beton konstruksiyaların hazirlaması, hazırlanmış detal, element və konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə çəkilməsi; Detal, element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlarından və qazla kəsən alətlərdən istifadə edilməsi; Qapalı sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; Polad və dəmir-beton konstruksiyaların cizgilər əsasında armofleks, xüsusi rezin, mineral pambıq, kömür və s.odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsi; Polad və dəmir-beton konstruksiyaların şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsi; Polad və dəmir-beton konstruksiyaların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsi. İddiaçının işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. "xxxx" MMC-nin AZF-2024/41-K seriyalı, xx.xx.2024-cü il tarixli güzəştli arayışına əsasən iddiaçı həqiqətən "xxxx" Birgə Müəssisəsinin (hazırda "xxxx" MMC) layihələrində işləmişdir. Onun iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.2011-xx.xx.2013-cü il tarixlərdə Konstruksiya quraşdırıcısı peşəsində 2 il 9 ay 12 gün çalışmışdır. xx.xx.2013 – xx.xx.2014-cü il tarixlərdə Konstruksiya quraşdırıcı peşəsində 10 ay 5 gün çalışmışdır. xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə Quraşdırma ustası peşəsində 2 il 11 ay 18 gün çalışmışdır. xx.xx.2017-xx.xx.2019-cu il tarixlərdə Konstruksiya quraşdırıcısı peşəsində 1 il 8 ay 19 gün çalışmışdır. xx.xx.2020-xx.xx.2023-cü il tarixlərdə Quraşdırıcı ustası peşəsində 3 il 1 ay 23 gün çalışmışdır. Güzəştli iş stajı cəmi 11 il 5 ay 16 gün təşkil etmişdir. İddiaçının işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və mütəxəssislər” bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 6 ay stajı olan kişilərin yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır. İddiaçı onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Belə olan halda iddiaçı həmin tarixə kimi 25 il ümumi və 12 il 06 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajını toplamalıdır. “Əmək pensiyaları haqqında” Qanununa əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (1.0.2). Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir (21.1.). Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir (21.2.3.). İşdən göründüyü kimi iddiaçıya məxsus olan hərbi biletə əsasən hərbi xidmət dövrü və əmək kitabçasında göstərilmiş stajı nəzərə alınmaqla onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixinə 25 ildən artıq əmək stajı vardır. Cavabdeh iddiaçının ümumi əmək stajını mübahisələndirmir. Cavabdeh yalnız iddiaçının xx.xx.2006-cı il tarixdən sonra ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin sentyabr və 2024-cü ilin iyun ayları üzrə (ümumilikdə 2 ay) sığorta ödənişləri edilmədiyi üçün iddiaçının həmin dövrlər üzrə əmək stajını mübahisələndirir ki, bu mübahisənin mahiyyətinə təsir göstərmir. Cavabdeh tərəfindən iddiaçının mübahusələndirilən əmək stajı dövrü xx.xx.2011xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı "xxxx" MMC-də konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi dövrlərdir. Cavabdeh iddiaçının həmin dövr üzrə güzəştli əmək stajını mübahisələndirərək bununla bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının həmin dövrlərdə konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi göstərilsə də arayışda konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi dövrlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Halbuki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli güzəştli arayışına əsasən iddiaçının həqiqətən xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2014-cü il və xx.xx.2017xx.xx.2019-cu il tarixləri arasındakı dövrdə "xxxx" MMC-də konstruksiya quraşdırıcı vəzifəsində işlədiyi və həmin stajın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğun olduğu göstərilmişdir. Həmçinin, AZFEN MMC-nin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda iddiaçının qeyd edilən dövrlər üzrə işlədiyi peşənin vəzifə təlimatlarında nəzərdə tutulmuş əmək funksiyaları sadalanmışdır ki, həmin əmək funksiyalarından da göründüyü kimi iddiaçının çalışdığı peşə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” ilə bağlıdır. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən mübahisələndirilən dövrdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olmuş və bununla bağlı işəgötürən tərəfindən müvafiq arayış və məktub təqdim edilmişdir. Beləliklə də, iddiaçı qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajını tamamlamışdır. O ki qaldı cavabdehin xx.xx.2006-cı il tarixdən sonra ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2023-cü ilin sentyabr və 2024-cü ilin iyun ayları üzrə (ümumilikdə 2 ay) sığorta ödənişlərinin öz əksini tapmamağına, məhkəmə qeyd edir ki, həmin 2 ay sığorta ödənişi olmadan da iddiaçı 25 il ümumi iş stajını tamamladığından ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-5978/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5978/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver