Məhkəmə qərarları › İş №e-2-1(112)-5985/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5985/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5985/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X2, nümayəndə və vəkil X3 (video və audio vasitədən istifadə ilə) Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMM-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmət Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "qərarın ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin xx.xx.2024-cü il tarixli **********189364 saylı Qərarı ilə İddiaçı MMM (**********) barəsində səyyar vergi yoxlamasının keçirilməsi: yoxlama ilə əhatə olunan vergi dövrü: Dekabr 2017 - noyabr 2024. Belə ki, bu yuxarıda qeyd edilən qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Əsaslandırılmayıb ki, hansı səbəbədən yoxlama keçirilir. Qeyd olunmalıdır ki, illərlədir ki, iddiaçı barəsində qanunsuz, qərəzli qərarlar qəbul edilərək cavabdeh tərəfindən icra edilir. İddiaçı hesab edir ki, həmin qərar əsassızdır və ləğv olunmalıdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə vəsatət təqdim olunmuş və bildirilmişdir ki, iddiaçı yanlış olaraq inzibati akt hesab etdiyi səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Həmin qərar müstəqil inzibati akt olmayıb, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********189364 saylı qərarla dekabr 2017 – oktyabr 2020-ci illər üzrə səyyar vergi yoxlamasının yenidən keçirilməsinin qanunsuz hesab edilməsi barədə, həmçinin İddiaçı (**********) barəsində Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********189364 saylı qərarın prosessual pozuntularla tərtib edildiyindən etibarsız hesab edilməsi və həmin qərarın icrasının dayandırılmasının cavabdehə həvalə edilməsi” formasında icraata qabul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********189364 saylı qərara əsasən İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə dekabr 2017- noyabr 2024, dekabr 2017-oktyabr 2020 vergi dövrləri üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia ərizəsində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi tələb edilmişdir. Beləliklə, iddiaçının hazırki mübahisələndirdiyi məsələ Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********189364 saylı qərarın etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir və həmin qərar müəyyənetmə və tanınma haqqında iddianın predmeti ola bilməz. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi və yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi vergi orqanının hüququdur. Səyyar vergi yoxlaması dedikdə, vergi orqanının vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət və vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vəzifəsinə xidmət edən, vergi orqanı tərəfindən vergi ödəyicilərinin uçot sənədləri, vergi bəyannamələri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlər, vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan və digər bəlli mənbələrdən alınan məlumatlar, habelə vergi ödəyicisinin elektron daşıyıcılarındakı məlumatları əsasında həyata keçirilən yoxlama növüdür. Səyyar vergi yoxlamasının sonunda hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması ilə bağlı vergi orqanı əlavə vergi yoxlanılmasının keçirilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətindədir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilən qərar akt hesab olunur. Həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsusatlarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. "İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati aktinzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; qərar, sərəncam və ya digər formada ifadə olunmalı; mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən qəbul olunan "qərar” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyildir. Belə ki, həmin qərar şəxs üçün müəyyən hüquqi nəticələr yaratma əlamətindən məhrumdur. Məhkəmə bildirir ki, inzibati orqan tərəfindən tərtib olunan qərar, yəni səyyar vergi yoxlamasının keçirilməsi haqqında akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin qərar məzmunu etibarilə vergi və ya digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması ilə bağlıdır. Başqa sözlə, mübahisələndirilən qərar deyil vergi ödəyicisi üçün hüquqi nəticələr məhz —vergi məsuliyyətinə cəlb etmə, yaxud —vergi məsuliyyətinə cəlb etməkdən imtina barədə qərarın qəbulu ilə yaradılır. Beləliklə, məhkəmə bidlirir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar müstəqil inzibati akt kimi mübahisələndirilə bilinməsə də, bu, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdeh inzibati orqanın qəbul edəcəyi qərar inzibati məhkəmə icraatında mübahisələndiriləcəyi təqdirdə məhkəmə tərəfindən həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunmalıdır ki, məhz hazırkı növ mübahisələndirilən qərarla bağlı olmasa da, əslində hüquqi nəticə baxımından oxşar qərarların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2212/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında vergi borcu ilə bağlı əmlakın siyahıya alınması ilə barədə qərarın ayrıca mübahisələndirilməsinin mümkün olmaması barədə mövqe nümayiş edirilmişdir. Eyni zamanda Ali Məhkəmə 2-1(102)-1851/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Əmlakın siyahıya alınması müstəqil bir prosessual hərəkət olmadığından inzibati akt sayıla bilməz və nəticə etibarı ilə də iddiaçının hüquqlarını poza bilməz. Həmçinin qeyd edilməlidir ki, vergi ödəyicisinə vergilər düzgün hesablanmadığı halda, onun bu məsələnin məhkəmədə mübahisələndirmək hüququ vardır. Eləcə də, Ali Məhkəmənin 2-1(102)-383/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarda qeyd edilmişdir ki, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan səyyar vergi yoxlaması aktı və imtina aktı inzibati icraat çərçivəsində (əlverişsiz) inzibati akt olmadığından və iddiaçı barəsində hər hansı vəzifə yaratmadığından iddia haqlı olaraq mümkün sayılmamışdır. Ali Məhkəmənin 2-1(102)-1200/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 qərarında isə qeyd edilmişdir ki, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. 2-1(102)-1754/2022 iş üzrə qəbul edilmiş xx.xx.2022 -ci il tarixli qərar, 2-1(102)- 900/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarlarda da məhkəmə oxşar mövqedən çıxış etmişdir. Göründüyü kimi oxşar məqsədə, yəni vergi borcunun dövlət büdcəsinə ödənilməsinə xidmət edən və ya vergi borcunun və ya vergi məsuliyyətini müəyyən edən qərarlar ayrıca mübahisələndirilməsi mümkün olmayan qərarlardır və həmin işlər üzrə iddia məhz vergi məsuliyyətinə cəlb edilmə və ya vergi borcunun hesablanmasına dair qərarların ləğv edilməsi ilə əlaqədar olmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar