Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5988/2025 10.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi ilə, iddiаçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh iddiaçının ümumi və güzəştli iş stajının yetərli olmamasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 13 dekabr 2021-ci ildən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1964-cü ildə doğulmuşdur. 01 sentyabr 1980-ci ildən 06 mart 1982-ci ilədək 1 nömrəli Texniki Peşə Məktəbində təhsil almış, 17 mart 1982-cı ildən əmək fəaliyyətinə başlamış, 20 oktyabr 1983-cü ildən 11 dekabr 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, sonradan yenə də əmək fəaliyyətimi davam etdirmiş, 26 mart 1986-cı ildə 3 nömrəli Taksiparkda qaz qaynaqçısı peşəsində işə başlamış, 30 aprel 1996-cı ildə 3 nömrəli Taksiparkın tərkibində Star Firması yaradılmış, 01 may 1996-cı ildə həmin Star Firmasının tərkibində işini davam etdirmiş, 01 oktyabr 1997-ci ildə isə 3 nömrəli BTMP-na 2-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, 30 mart 1998-ci ildə isə TMP-3 müəssisəsinə köçürmə yolu ilə qaynaqçı vəzifəsinə qəbul edilmiş, 08 sentyabr 2009-cu ilə qədər həmin müəssisədə çalışmışdır. O, 3 nömrəli Taksiparkda fəaliyyətə başladığı 17 mart 1982-ci ildən sonra həmin müəssisənin tərkibində Star firmasının yaradılması, sonradan isə müəssisənin adının və təşkilati-hüquqi formasını dəyişdirilməsinə baxmayaraq işə qəbul edildiyi gündən 08 sentyabr 2009-cu ilədək həmin müəssisədə qaynaqçı vəzifəsində işləmiş, bununla da 01 yanvar 2006-cı ilədək 25 il müddətinə ümumi iş stajı və 12 il 6 aydan çox güzəştli iş stajı olmuşdur. 57 yaşınadək, yəni 13 dekabr 2021-ci ilədək olan iş stajı isə 33 il 8 ay təşkil etmişdir. 13 dekabr 2021-ci ildə onun 57 yaşı tamam olmuş, 01 yanvar 2006-cı ilədək ümumi stajının 25 il, güzəştli şərtlərlə olan stajının da 12 il 6 aydan çox olmasını nəzərə alaraq onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh öz imtinasında işlədiyi dövrdə 1987-ci ildə 1 ay, 1989-cu ildə 1 ay, 1990-cı ildə 1 ay və 1991ci ildə ona əmək haqqı ödənilmədiyini, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün əmək haqqı ödənilməyən, işləmədiyi ayları iş stajına daxil etmək mümkün olmamasını göstərmişdir. Cavabdehin imtinasının bu hissəsinə münasibətdə bildirir ki, cavabdehin istinad etdiyi dövrdə keçid dövrü olmuş, iqtisadi böhran içində olmuş, hər bir yerdə olduğu kimi də onun da əmək haqları gecikdirilməklə ödənilmişdir, bu hal isə onun əmək stajının nəzərə alınmaması kimi qiymətləndirilə bilməz. Həmçinin cavabdeh öz imtinasında göstərmişdir ki, arayışda 1993-1996-cı illər və 1998-2006-cı illər üzrə 3 N-li Taksiparkının sənədlərinin nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyinin göstərilməsi səbəbindən də, həmin illər ərzində işləyib-işləməməyini müəyyən etmək mümkün deyil. Həmçinin “Star” firmasında işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə Sığorta Alt Sistemi (monitoring) proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Cavabdehin imtinasının bu əsasına münasibətdə bildirir ki, o, 17 mart 1982-ci ildən fasiləsiz olaraq 3 nömrəli taksiparkda işləmiş, işlədiyi illər əmək kitabçasında qeyd edilmiş, işlədiyi müəssisənin sənədləşməsinin düzgün aparılmaması, sənədlərin arxivə təhvil verilməməsi və ya sığorta olunan kimi qeydə alınmaması təqsiri deyildir və bu hallar ona əmək pensiyası verilməsindən imtina edilməsi üçün əsas hesab edilə biməz. X4 məhz 3 nömrəli Taksiparkın tərkibində yaradılmış filial tipli bir müəssisə olmuş, əsas iş yeri isə 3 nömrəli taksi park, sonradan adı dəyişdirilərək TMP-3, daha sonra isə "xxxx" ASC olmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən ******* nömrəli əmək kitabçasında və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ona dair arayışında xx.xx.1986-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində 3 N-li Taksimotor parkında qaz qaynaqçı, xx.xx.1996-xx.xx.1997ci il tarixləri arasındakı dövr ərzində “Star” firmasında, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “TMR-3” müəssisəsində qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Belə ki, sözügedən arayışda 1987-ci ildə 1 ay, 1989-cu ildə 1 ay, 1990-cı ildə 1 ay və 1991-ci ildə iddiaçıya əmək haqqı ödənilmədiyi göstərilmşdir. Qanunvericilikdə məcburi döviət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən iddiaçıya əmək haqqı ödənilməyən, işləmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda həmin arayışda 1993-1996-cı illər və 1998-2006-cı illər üzrə 3 №-li Transformator parkının sənədlərinin nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Bu səbəbdən də, həmin illər ərzində İddiaçı işləyib-işləməməyini müəyyən etmək mümkün olmamışdır. İddiaçının “Star” firmasında işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir.Əlavə olaraq, İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb- aparmamağını da müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (18 il 5 ay 28 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 6 ay 5 gün (xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiаçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixindən Bakı 3 №-li Taksimotor parkına 3-cü dərəcəli qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, 1993-cü ilin yanvar ayınadək həmin vəzifədə işləmişdir (arxiv arayışları əlavə olunmuşdur). Sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nörməli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı’nın “XXXİİİ. Ümumi peşələr” bölməsində “23200000 - 11620” kodlu “qaz qaynaqçıları” peşəsi (vəzifəsi) ilə uyğunluq təşkil edir (müvafiq arayış əlavə olunmuşdur). Əlavə olaraq qeyd edilmişdir ki, 1993-1996cı illər üzrə Bakı 3 №-li Taksimotor parkının, 1996- 1998-ci illər üzrə “Star” firması nəzdində 3 №-li Taksimotor parkının, 1998-2006-cı illər üzrə 3 №-li Taksimotor parkının və 2006-2009-cu illər üzrə "xxxx" ASC-nin şəxsi heyət üzrə sənədləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 18 il 5 ay 28 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və güzəştli iş stajı isə 5 il 6 ay 5 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər təşkil edir. Cavabdeh 1987-ci ildə 1 ay, 1989-cu ildə 1 ay, 1990-cı ildə 1 ay və 1991-ci ildə iddiaçıya əmək haqqı ödənilməməsini, 1993-1996-cı illər və 1998-2006-cı illər üzrə 3 №-li Transformator parkının sənədlərinin nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyini, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “Star” firmasının Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyini əsas gətirərək həmin dövrlərin staja hesablanmasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixindən Bakı 3 №-li Taksimotor parkına 3-cü dərəcəli qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, 1993-cü ilin yanvar ayınadək həmin vəzifədə işləmişdir. Sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nörməli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı’nın “XXXİİİ. Ümumi peşələr” bölməsində “23200000 - 11620” kodlu “qaz qaynaqçıları” peşəsi (vəzifəsi) ilə uyğunluq təşkil edir. Beləliklə, cavabdehin nəzərə almadığı 1987-ci ildə 1 ay, 1989-cu ildə 1 ay, 1990-cı ildə 1 ay və 1991-ci ildə bütünlükdə iddiaçının Bakı 3 №-li Taksimotor parkında işləməsi öz təsdiqini tapır. Məhkəmə yuxarıda göstərilən dövrlərin cavabdeh tərəfindən nəzərə almaması ilə bağlı arqumentlərinə münasibətdə bildirir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Həmçinin, həmin dövrlərin 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İş üzrə iddiaçının 1993-1996-cı illər üzrə Bakı 3 №-li Taksimotor parkında, 1996- 1998-ci illər üzrə “Star” firması nəzdində 3 №-li Taksimotor parkında güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış əldə edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna təqdim edilən cavabda şəxsi heyət üzrə sənədləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, bu da öz növbəsində iddiaçının təqsiri ilə əlaqədar olan hal hesab edilə bilməz. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasında qeyd edilmiş qaynaqçı vəzifəsini güzəşli şərtlərlə pensiya hüququ verən vəzifə kimi qəbul edilməsini məqbul hesab edir. Belə ki, iddiaçının işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda müvafiq olaraq 33-cü bölmədə (kod: 23200000— 19906) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Quliyev