Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5990/2024 11.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “şəhadətləndirmənin nəticəsinin ləğv edilərək yenidən şəhadətləndirmənin həyata keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin üzərinə İddiaçı sağlamlıq durumunun normal olması barədə məlumatın elektron informasiya resursunda qeyd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə “İddiaçı ilə əlaqədar 29 mart 2023-cü il tarixli şəhadətləndirmənin nəticəsinin ləğv edilərək yenidən şəhadətləndirmənin həyata keçirilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı hüquq mühafizə orqanlarında çalışmaq üçün aidiyyəti dövlət qurumlarına müraciət edərkən ilkin olaraq tibbi baxışdan keçməsi tələb olunmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında tibbi baxışda olmuşdur. Baxış zamanı şəxsin ürəyində problem olması barədə elektron informasiya resursuna məlumat daxil edilmişdir. Bu barədə məlumat iddiaçıya aidiyyəti dövlət orqanlarına iş üçün sənədləri təqdim edərkən məlum olmuşdur. İddiaçı bildirir ki, onun ürəyində problem olub-olmamasının müəyyənləşdirilməsi üçün müxtəlif klinikalarda dəfələrlə diaqnostik müayinələrdə olmuş və ürəyində hər-hansı bir qüsurun olmadığı bildirilmişdir. İddiaçı ehtimal edir ki, digər şəxsin müayinə nəticələri ilə iddiaçının müayinə nəticələri səhv salınaraq elektron sistemə səhv daxil edilmişdir. Yaranmış anlaşılmazlığa görə iddiaçının iş karyerasına böyük əngəl yaranmışdır. İddiaçı həqiqi hərbi xidmətdə olmaqla yanaşı, uzun müddətdir ki, idmanla məşğul olur və yarışlarda iştirak edir. Fiziki göstəriciləri hüquq-mühafizə orqanlarında çalışmaq üçün tələblərə uyğun gəlir. Bu səbəbdən də iddiaçını aidiyyəti orqanlara işə götürmək istəyirlər. Lakin, hara müraciət edirsə, elektron sistemdə ürəyinin xəstə olduğu barədə məlumat yerləşdirilmişdir. Belə olan halda iddiaçını işə götürə bilmirlər. Həkimə iddiaçının digər klinikalarda keçdiyi sağlam olması barədə diaqnostik müayinələrin nəticələri təqdim edilərkən bildirilmişdir ki, təqdim edilən nəticələr normada olmasına baxmayaraq, elektron informasiya sistemində olan qeyd yalnız məhkəməyə qərarı ilə silinə bilər.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) xidmətə qəbul olunması ilə əlaqədar tibbi şəhadətləndirilməsi üçün müvafiq göndərişlə xx.xx.2023-cü il tarixdə DİNin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasına (XHK) müraciət etmişdir. Şəhadətləndirilmə prosesində İddiaçı XHK-nın göndərişi ilə Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında keçirilmiş EKQ müayinələri nəticəsində “Sinus ritmi. Repolyarizasiya pozğunluğu”, ExoKQ müayinəsi nəticəsində isə “Mitral prolaps İ dərəcə” diaqnozu təyin edilmişdir. Yuxarıda qeyd olunan diaqnozlara əsasən İddiaçı Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarının xəstəliklər cədvəlinin 42ç və 47b maddələri ilə XTQ-də xidmətə yararsız hesab edilmişdir. Bildirilir ki, DİN-in Tibb İdarəsinin tabeliyində olan struktur bölmələrdə təyin edilmiş diaqnozların “məlumatın elektron informasiya sistemində qeyd olunması” nəzərdə tutulmadığından İddiaçı barədə məlumatlar hər hansı elektron informasiya sisteminə daxil edilməmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasından “xx.xx.1981-ci təvəllüdlü İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyası” barədə mütəxəssis rəyi alınması qərara alınmışdır.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5990/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qərardadının nəticə hissəsində buraxılmış yanlışlıq düzəldilmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5990/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qərardadının nəticə hissəsində “xx.xx.1981-ci il” ifadəsi “xx.xx.2003-cü il” kimi oxunması qərara alınmışdır.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9362 nömrəli Arayışda qeyd edilmişdir ki, ehtiyatda olan əsgər xx.xx.2003-cü il təvəllüdlü İddiaçı SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-1(112)-5990/2024 nömrəli göndərişi ilə 30 sentyabr 2024-cü ildə MN Mərkəzi Hərbi Plokinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. “Xəstəliklər cədvəli”nin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, hərbi xidmətə yararlıdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
12. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Ağayev X1 İşlər Nazirliyinin Tibb İdarəsinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyası tərəfindən keçirilmiş 29 mart 2023-cü il tarixli şəhadətləndirmənin nəticəsinin ləğv edilərək yenidən şəhadətləndirmənin həyata keçirilməsi tələb etmişdir.
13. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
14. Məhkəmə ilk növbədə müəyyən edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”na əsasən hazırki iş üzrə cavabdeh qismində iştirak edən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aparatına daxildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda isə inzibati orqan kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri müəyyən edilmişdir.
15. Odur ki, məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”a əsasən hazırki iş üzrə cavabdeh qismində iştirak edən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi ayrıca inzibati orqan hesab edilmir və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin hərəkətləri (hərəkətsizliyi) bağlı iddialarda cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzərə alınmalıdır.
16. Buna baxmayaraq məhkəmə qeyd edir ki, əsl olmayan cavabdeh Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz olunması iddianın mümkünsüzlüyün istina etməyəcəkdir.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır...
18. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciəti olmamışdır.
19. Digər tərəfdən məhkəmə nəzərə alır ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda yekun məqsədi təkrar şəhadətləndirmə zamanı sağlamlıq vəziyyətinin müsbət qiymətləndirilməsi nəticəsində Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) xidmətə qəbul olunmaqdır.
20. Məhkəmə nəzərə alır ki, - iddiaçı tərəfindən mübahisələndirilən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyası tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli Şəhadətləndirilmə nəticəsində İddiaçı “Sinus ritmi. Repolyarizasiya pozğunluğu”, ExoKQ müayinəsi nəticəsində isə “Mitral prolaps İ dərəcə” diaqnozu təyin edilmiş və Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarının xəstəliklər cədvəlinin 42ç və 47b maddələri ilə XTQ-də xidmətə yararsız hesab edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9362 nömrəli Arayışda qeyd edilmişdir ki, ehtiyatda olan əsgər xx.xx.2003-cü il təvəllüdlü İddiaçı SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-1(112)-5990/2024 nömrəli göndərişi ilə 30 sentyabr 2024-cü ildə MN Mərkəzi Hərbi Plokinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. “Xəstəliklər cədvəli”nin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, hərbi xidmətə yararlıdır.
21. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hərbi xidmətə yararlı kimi qiymətləndirildiyindən və həmin sənəd əsasında iddiaçının sağlamlıq vəziyyətinin müvafiq dövlət orqanında xidmət üçün uyğun olduğu qənaətinə gəlmək mümkün olduğundan, faktiki olaraq iddiaçının hazırki iddia tələbini qaldırmaqla bağlı hüquqi marağı aradan qalxmışdır.
22. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi “xidmətə qəbul edilmə” tələbi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9362 nömrəli Arayış əsasında xidmət keçməyi arzu etdiyi dövlət orqanına müraciət etməli, müraciətin təmin olunmasından imtina olunduğu təqdirdə isə müvafiq tələblə məhkəməyə müraciət edə bilər.
23. İddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva