Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6012/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 dekabr 2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1959-cu ildə Azərbaycan Respublikasının Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. İlkin olaraq doğum haqqında şəhadətnaməsində soyadı, adı və ata adı İddiaçı kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 2-1730/2004 saylı, 06 noyabr 2004-cü il tarixli qətnaməsindən də göründüyü kimi iddiaçı adını və ata adını əvvəlcə X7 dəyişmiş, daha sonra isə məhkəmə qərarı ilə yenidən İddiaçı adına və ata adına qayıtmışdır. Hal-hazırda iddiaçının hər iki ad və ata adı ilə, yəni həm İddiaçı, həm də X15 adına sistemdə şəxsiyyət vəsiqələri görünür. Halbuki, dövlət və o cümlədən də məhkəmə orqanları tərəfindən verilmiş sənədlərə əsasən əslində hal-hazırda yalnız İddiaçı adına şəxsiyyət vəsiqəsi mövcud olmalıdır. Şəxsiyyət vəsiqəsi hal-hazırda deaktiv edilmişdir və iddiaçı özünə məxsus şəxsiyyət vəsiqəsindən istifadə edə bilmir. Bununla əlaqədar olaraq iddiaçı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və İddiaçı soyad, ad və ata adı ilə mövcud olan şəxsiyyət vəsiqəsinin statusunun İAMAS-da aktiv edilməsi və yeni nəsil şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsinin cavabdeh Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin işlə bağlı Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun imzası ilə Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 21 sentyabr 2022-ci il tarixli məktubda aparılmış araşdırma nəticəsində iddiaçının, yəni İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi xahiş edilmişdir. Lakin cavabdehin 22 dekabr 2023-cü il tarixli, ******* saylı qərarı ilə xx xxx 1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İddiaçı 1994-cü ildən Azərbaycanda daimi yaşayış yeri üzrə qeydiyyatdadır, Azərbaycanın Masallı rayonunda anadan olmuşdur. İddiaçının ata və anası Azərbaycan Respublikasının vətəndaşlarıdır və 2014-cü ildən sonra tərəfindən heç bir ölkənin vətəndaşlığını qəbul etməmişdir. Cavabdeh isə ona təqdim edilmiş sənədləri, xüsusilə də Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının X2 xx.xx.2022-ci il tarixli və Bakı şəhər Səbail rayon Polis İdarəsinin 11 sentyabr 2023-cü il tarixli, 47/2-25301 saylı məktublarını araşdırmadan, iddiaçının 07 oktyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı qənaətinə gələrək, onun vətəndaşlıq mənsubiyyətini tanımamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşıdır, könüllü olaraq həmin ölkənin vətəndaşlığını qəbul etmiş və heç bir halda vətəndaşsızlıq vəziyyətində olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olmuş və bu barədə şəxsiyyət vəsiqəsi olmuşdur. İddiaçının şəxsiyyət vəsiqəsi deaktiv edilmişdir. Bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. İddiaçı Azərbaycan Respublikası ərazisində doğulmuş və valideynləri Azərbaycan Respublikasının vətəndaşı olmuşlar. Lakin, cavabdeh bütün bunlara baxmayaraq iddiaçnın tələbinin təmin edilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan ərizə-anketdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət etmişdir. Vəkil sorğusuna cavab olaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 11 sentyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında xx.xx.1994-cü il tarixdən xx.xx.2016-cı il tarixədək pasport qeydiyyatında olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, anası 1932-ci il təvəllüdlü X16 və atası 1926-cı il təvəllüdlü X4 olan Albert Qənbərovun xx.xx.1959-cu ildə Masallı rayonunun Ərkivan kənd icra nümayəndəliyində doğumu qeydə alınmışdır. O, xx.xx.2005-ci il tarixdə Səbail rayon qeydiyyat şöbəsində tərtib edilmiş soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən adını və ata adını dəyişdirərək “İddiaçı” olmuşdur. İddiaçı bacı və qardaşları xx.xx.1955-ci il təvəllüdlü X5 xx.xx.1955-ci ildə, xx.xx.1957-ci il təvəllüdlü X6 xx.xx.1957-ci ildə, xx.xx.1960-cı il təvəllüdlü X8 xx.xx.1960-cı ildə, qardaşı xx.xx.1962-ci il təvəllüdlü X9 xx.xx.1962-ci ildə, xx.xx.1965-ci ildə X10 xx.xx.1965-ci ildə, xx.xx.1968-ci il təvəllüdlü X17 xx.xx.1968-ci ildə Masallı rayonunun Ərkivan kənd icra nümayəndəliyində doğumu qeydə alınmışdır. İddiaçı xx.xx.1992-ci ildə xx.xx.1970-ci il təvəllüdlü Məmmədova (Qənbərova) Dürdanə Məmməd qızı ilə, xx.xx.1994-cü ildə isə xx.xx.1964-cü il təvəllüdlü Zeynalova (Qənbərova) Solmaz Əlibala qızı ilə nikahları, xx.xx.2005-ci ildə sonuncu nikahın pozulması, xx.xx.2005-ci ildə xx.xx.1983-cü il təvəllüdlü Məmmədyarova (Qənbərova) Zeynəb Həmid qızı ilə yeni nikahı, xx.xx.2008-ci ildə həmin nikahın pozulması qeydə alınmışdır. İddiaçı Z.Qənbərova ilə birgə nikahından doğulan oğlu xx.xx.2006-cı il təvəllüdlü X11 doğumu xx.xx.2006-cı ildə Bakı nikah evində qeydə alınmışdır. İddiaçı xx.xx.1990-cı il təvəllüdlü X14 ilə faktiki nikah münasibətindən doğulan övladları xx.xx.2013-cü il təvəllüdlü Məhəmməd Rüstəmovun doğumu xx.xx.2013-cü ildə, xx.xx.2016-cı il təvəllüdlü Əli Qənbərovun doğumu xx.xx.2016-cı ildə Yasamal rayon qeydiyyat şöbəsində, xx.xx.2017-ci il təvəllüdlü David Qənbərovun doğumu xx.xx.2022-ci ildə və xx.xx.2019-cu il təvəllüdlü X3 doğumu xx.xx.2022-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Vəkil sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının X2 0-77 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bibi heybət qəsəbə nümayəndəliyində olan A saylı formaya əsasən Bibiheybət qəsəbəsi, Salyan yolu 29 saylı xüsusi evə İddiaçı xx.xx.1994-cü ildə pasport qeydiyyatına düşmüşdür və hal hazırda da həmin ünvanda pasport qeydiyyatdadır. AZ-İ seriyalı, 564138 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1959-cu ildə Masallı rayonu, Ərkiman kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydi kitabında 1959-cu ilin may ayının 29 günündə 113 № ilə qeyd edilmişdir. X1, anası X16 göstərilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş tərcümeyi-halda onun vətəndaşlığı bölümündə Azərbaycan və Rusiya Federasiyası qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) üzrə araşdırma aparılarkən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (Qənbərov (Uvarov, Yampolskiy) Albert Məmmədoviçə) məxsus AZE 16338945 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və C00945248 nömrəli ümumvətəndaş pasportunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən fəaliyyətsizləşdirildiyi müəyyən edilmişdir. Həmçinin, aparılmış araşdırma nəticəsində İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2-1730/2004 nömrəli, 26 noyabr 2004-cü il tarixli Qətnaməsi ilə ərizənin təmin edilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeyd kitabında X12 “Albert” adının əvvəlki “Gülağa” adı ilə, Məmmədoviç ata adının “Məmi oğlu” ilə dəyişdirilməsi vəzifəsi Bakı şəhəri Səbail rayon VVADQ şöbəsinə həvalə edilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeyd kitabında digər məlumatların dəyişdirilmədən saxlanılması qət edilmişdir. AZ-İ seriyalı, 003731 nömrəli, 07 yanvar 2005-ci il tarixli Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən xx xxx 1959-cu il tarixdə doğulmuş X15 soyadını, adını və ata adını İddiaçı dəyişdirmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 dekabr 2023-cü il tarixli Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli qərarı ilə xx xxx 1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 3 ünvanında, xx.xx.2016cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Qeyd olunan şəxsin qeydiyyata alınmasına və qeydiyyatdan çıxarılmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Məhkəmə prose iştirakçılarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Öncə qeyd edilməlidir ki, hazırkı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət anlayışları fərqləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 14-cü maddəsi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 15-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı məsələləri tənzimləyir. Göründüyü kimi şəxs doğulduğu andan Azərbaycan Respublikası vətəndaşlığını əldə edə bilər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər. Eyni zamanda əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş şəxs yenidən vətəndaşlığa bərpa edilə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi isə “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanır. Həmin maddədə qeyd olunur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun qeyd olunan müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti o zaman müəyyən olunur ki, onun Azərbaycan Respublikası vətəndaşı sayılmasına əsas verən hallar mövcud olsun, lakin vətəndaşlıq hüququ verən sənədləri səlahiyyətli dövlət orqanlarından əldə etmək imkanında olmasın və ya həmin sənədlərin qanuniliyinə şübhələr mövcud olmuş olsun. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir (1.2.). Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir (1.3.). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır (2.1.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (4.4.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlıdır. Həmin maddədə göstərilir ki, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Göründüyü kimi “Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi” Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1959-cu ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 3 ünvanında, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 4 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Buradan göründüyü kimi iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.1998-ci ilədək Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması öz təsdiqini tapmır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması iddiaçının ikili vətəndaşlığının meydana çıxmasına səbəb olar. Bu isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsi ilə ziddiyyət təşkil etmiş olar. İddiaçı yalnız Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər ki, bununla bağlı qanunvericilikdə ayrıca prosedur müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6012/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6012/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver