Məhkəmə qərarları › İş №e-2-1(112)-6035/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6035/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6035/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi üçün cavabdehə etdiyi müraciət, onun hərbi xidmətdən istefaya buraxılmasına səbəb olan diaqnozun yaranma tarixi və səbəbi qeyri-müəyyən olduğundan, həmin xəstəliklərin yaranmasının kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edildiyi zamana təsadüf edib-etməməməsini təyin etməyin mümkün olmaması əsası ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidməti vəzifələrinin icrası zamanı aldığı hərbi travma və xəstəlik nəticəsində onun xidməti davam etdirilməsi istisna edilməsini (həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunduğunu) nəzərə alıb, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ №-li Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının vəzifəsi “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanuna və müvafiq normativ hüquqi aktlara əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmişdir. Bu fakt Müdafiə Nazirliyinin 10 sentyabr 2022-ci il tarixli 15/2206 nömrəli arayışı ilə təsdiq edilir. Həmin Qanunun 14.2-ci və 20.12-ci maddələrinin tələblərinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçı hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət edərkən səhhətində yaranmış problemlərə (xəstəliklərə) görə dəfələrlə ambulator və stasionar müalicədə olmuşdur. Sonuncu dəfə - 10 dekabr 2021-ci il tarixdən 10 yanvar 2022-ci ilədək Naxçıvan şəhərində yerləşən 205 nömrəli hərbi hospitalda, 10 yanvar 2022ci il tarixdən 04 fevral 2022-ci il tarixədək Bakı şəhərində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında stasionar müalicədə olmuşdur. 17 noyabr 2022-ci il tarixdə X1 Hərbi- Həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın 2-ci bəndində göstərilmişdir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir. Həmin Qaydaların 6-cı bəndində göstərilmişdir ki, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. Bu qaydalara uyğun olaraq iddiaçı ildə bir dəfə tibbi dispanserizasiyadan, tibbi müayinələrdən keçirilmişdir. Səhhətində bu xəstəliklər əvvəlki dövrdə əmələ gəlsəydi hər il tibbi dispanserizasiyadan, tibbi müayinələrdən keçirilərkən bu xəstəliklər aşkar edilərdi. “Xəstəlik haqqında Şəhadətnamə”də göstərilən xəstəliklər “hərbi travma” hesab edilmişdir. İddiaçıda bu xəstəliklərin əlamətləri son bir ildə əmələ gəlmiş, həmin dövrdə o, hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət etmiş, xidməti vəzifələrinin icrası zamanı bu xəstəliklərin əlamətləri yaranmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci yarımbəndinə əsasən Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Vətəndaşın təqdim etdiyi 17 noyabr 2022-ci il tarixli 1597 nömrəli “Xəstəlik haqqında şəhadətnamə"yə əsasən hərbi xidmətdən istefaya buraxılmasına səbəb olan diaqnozun yaranma tarixi və səbəbi qeyri-müəyyən olduğundan, həmin xəstəliklərin yaranmasının kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edildiyi zamana təsadüf edib-etməməməsini təyin etmək mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə iddiaçı və cavabdhein nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, 1597 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin “Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyanın Qərarı” adlanan 12-ci bəndində göstərilmidir ki, “Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, birinci funksional sinif, Aorta və tac arteriyalarının aterosklerozu, ateroslklerotik və postmiokarditik kardeoskleroz, ürək ritminin davamlı politop mədəcik ekstra sistoliyaları, paroksizmal mədəciküstü (supraventrikulyar) və mədəcik (ventrikulyar) taxikardiyalar tipli pozulmaları ilə, birinci funksional sinif ürək çatışmazlığı, revmatizmqeyrifəal dövr, mitral qapaq çatışmazlığı, tez-tez baş verən və uzun sürən tutmalarla keçən auralı miqren, C5 radikuloptiya natamam remissiya mərhələsində” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır”; “Gingivit, Sidik daşı xəstəliyi, hər iki böyrəyin konkrementləri, hepatosteatoz İ (birinci mərhələ), İ (birinci dərəcəli) konstutusional piylənmə” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Tətbiq edilən hüquq: “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”: 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşının xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçının vəzifəsinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilməsi işin mübahisəsiz halıdır. İddiaçının “Xəstəlik haqqında şəhadətnamə”sində “Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, birinci funksional sinif, Aorta və tac arteriyalarının aterosklerozu, ateroslklerotik və postmiokarditik kardeoskleroz, ürək ritminin davamlı politop mədəcik ekstra sistoliyaları, paroksizmal mədəciküstü (supraventrikulyar) və mədəcik (ventrikulyar) taxikardiyalar tipli pozulmaları ilə, birinci funksional sinif ürək çatışmazlığı, revmatizmqeyrifəal dövr, mitral qapaq çatışmazlığı, tez-tez baş verən və uzun sürən tutmalarla keçən auralı miqren, C5 radikuloptiya natamam remissiya mərhələsində” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi qərara alınsa da, cavabdeh diaqnozun yaranma tarixi və səbəbinin qeyri-müəyyən olmasına istinad edərək iddiaçının müraciətini təmin etməmişdir. Mübahisələndirilən halların və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının mütəxəssisi X2 məhkəməyə dəvət edilmişdir. Mütəxəssisin izahına görə, xx.xx.2022-ci il tarixli şəhadətnamədə sadalanan ilkin xəstəliklər qan-damar, son sətirdə sadalananlar isə nevroloji xəstəliklərdir. Ehtiyatda olan hərbi qulluqçu-iddiaçı kəşfiyyat subyekti olduğuna görə o dövrdə əldə etdiyi bütün xəstəliklər hərbi travma hesab olunur. Müdafiə nazirinin müvafiq 123 nömrəli əmrinə əsasən həmin müddəa yalnız kəşfiyyat subyektlərinə aid hesab edilir. Həmin əmr Nazirlər kabinetinin müvafiq nömrəli Qərarı ilə eynilik təşkil edir. Həmin xəstəliklər kəşfiyyat xidmətində olduğu illərdə yaranmış ola bilər. Bu xəstəliyin yaranma dövrünü heç bir tibbi texnologiya ilə müəyyən etmək olmaz. Lakin iddiaçının tibb kitabçası var ki, orada kəşfiyyat xidmətinə keçənədək olan hər ilki dispanserizasiya müayinələrində heç bir patologiya olmadığı görünür. Fevral ayında verilən şəhadətnamədə düzgün yazılıb. Fərqin olması ona görədir ki, şəxsi kəşfiyyatçı kimi şəhadətləndirməyiblər. Orada səbəb əlaqə yazılmayıb. Hərbçiləri Müdafiə Nazirliyinin Mərkəzi poliklinikası şəhadətləndirir, daha sonra o poliklinikanın komissiyasının şəffaflığını Səbəb əlaqə bölməsi təyin edir. Növbəti şəhadətləndirmə zamanı səbəb-əlaqə yazılıb. İddiaçı həmin xəstəliklərlə xidmətə gəlsə idi, bu yaşa qədər yaşaya bilməzdi. Əgər xəstəlik olsaydı, mütləq müayinə və analizlərdə məlum olardı. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, iddiaçıya üç illik pul təminatı məbləğində kompensasiya verilməsi üçün qanunvericiliyin tələbləri təmin edildiyindən, həmin kompensasiyanın verilməsi üçün əsas olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh isə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar