Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6060/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs: Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin hesablanaraq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdehlər siyahısından çıxarılaq 3-cü şəxs qismində cəlb edilməsini, iddia tələbinin dəqiqləşdirilərək iddiaçıya üçüncü qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ildə 2-ci qrup əlilliyə görə müavinət təyin edilmişdir. 2021-ci ilin fevral ayınadək 2-ci qrup əlilliyə görə müavinəti almışdır. 2021-ci ilin fevral ayından İddiaçı 2-ci qrup əlilliyə görə verilən müavinətin ödənilməsi heç bir xəbərdarlıq edilmədən dayandırılımış və dayandırılmanın hüquqi əsasları barədə heç bir məlumat verilməmişdir. İddiaçı dəfələrlə Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət etdikdən sonra ona 3-cü qrup əlillik təyin olunaraq müavinəti bərpa edilmişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə ərizə ilə müraciət olunaraq İddiaçı 2021- ci ilin fevral ayından 2022-ci ilin aprel ayınadək almadığı müavinətin hesablanaraq ona ödənilməsi xahiş olunsa da, Agentlik tərəfindən ərizəyə heç bir cavab verilməmişdir. Hesab edirik ki, heç bir səbəb göstərmədən cavabdeh tərəfindən 2021-ci ilin fevral ayından 2022-ci ilin aprel ayınadək müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə “Onurğanın osteoxondrozu. L5-S1 disklərarası səviyyədə onurğa daralması. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsi” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə “Onurğanın osteoxondrozu. L5-S1 disklərarası səviyyədə onurğa daralması. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsi” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə “X serebral araxnoidit. L1-S1 səviyyədə iliyin stenozu. Ensefalopatiya” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Elektron təyinata əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə “X serebral araxnoidit. L1-S1 səviyyədə iliyin stenozu. Ensefalopatiya” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən İddiaçı “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Kontuziyadan sonrakı vəziyyət. Koordinator-statik pozğunluq ilə. Qeyri-iradi sidik ifrazı, Çanaq orqanlarının funksiyasının pozulması (sidik saxlamaması. Bel-oma kələfinin zədələnməsi” diaqnozu ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi əsas diaqnozun ağırlaşmalarını təsdiq edən diaqnostik instrumental müayinələrin aparılmadığı göstərilmişdir. Bakı 10 nömrəli şəhər Poliklinikasının göndərişinə əsasən İddiaçı xx.xx.2022-cı il tarixdə “Hemiplegiya. Sol və hərəkətlərin məhdudluğu ilə pəncənin parezi. Davamlı kökcük ağrılarla və hərəkətlərin məhdudluğu ilə. Onurğa beyninin digər xəstəlikləri, Diskogen posstravmatik bel-oma radikulopatiyası. L1-S1 səviyyədə spinal kanalın stenozu davamlı kökcük ağrılar və hərəkət məhdudluğu” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.7. Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini şərtləndirmişdir. İlk növbədə Məhkəmə qeyd edir ki, iddiaçı əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, əlilliyin qiymətləndirilməsi istiqamətində yeni Qaydalar qəbul edilməmiş, qiymətləndirmə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə aparılırdı. Göstərilən bu hal isə iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərin məhz yuxarıda adıçəkilən Qaydaların qüvvədə olduğu dövrdə yarandığının göstəricisidir ki, bu zaman iddiaçıya münasibətdə qiymətləndirmə də məhz həmin Qaydalara uyğun həyata keçirilməlidir. İddianın mahiyyəti ilə bağlı isə qeyd olunur ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi ona üçüncü dərəcəli əlilliyin dayandırıldığı, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsidir. İddiaçı bu halı onunla əsaslandırır ki, xx.xx.2009-cu il tarixdən etibarən ona ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik dərəcəsinin müddəti uzadılmış, əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə aparılan müayinə zamanı ona əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Bakı 27 nömrəli şəhər poliklinikası tərəfindən tərtib edilmiş göndəriş natamam doldurulmuşdur. Daha sonra Bakı 10 nömrəli şəhər poliklinikası tərəfindən yeni göndəriş tərtib olunmuşdur ki, həmin göndəriş əsasında iddiaçıya xx.xx.2022-cı il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə tələbin əsaslı olması ilə bağlı qeyd etmək istəyir ki, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır ki, bu zaman cavabdeh şəxslərin əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparır. Doğrudur ki, göndəriş keyfiyyətsiz (və ya natamam) doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin nəzərə alınmalıdır ki, bu hal hər bi halda vətəndaşın ziyanına şərh edilmir. Belə ki, əlilliyin qiymətləndirilməsi istiqamətində əhəmiyyət kəsb edən forma 088 adı altında olan göndəriş müvafiq səhiyyə müəssisələri tərəfindən tərtib olunur. Səhiyyə müəssisələrinin məsul şəxsləri bu sahədə xüsusi biliyə və ixtisaslaşmış təcrübəyə malik olan şəxslər olduğundan, onlar göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Nəzərə alınmalıdır ki, göndərişin natamam doldurulması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və vəziyyəti onun ziyanına dəyişmir. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Hazırkı iş üzrə də məhkəmə hesab edir ki, iddiaçıda mövcud olan xəstəliklərə baxmayaraq iddiaçıya vaxtında əlilliyin təyin edilməməsi, onun yox, göndərişin doldurulmasını həyata keçirən aidiyyəti inzibati orqanın əməkdaşlarının səlahiyyətlərinin icrası ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki, inzibati orqanın əməkdaşlarının səhvinə münasibətdə iddiaçı hər hansı öhdəlik daşımadığından onun hazırkı iddiası təmin edilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinin imtinasına əsas olan göndərişdə (27 saylı şəhər Poliklinikası tərəfindən tərtib olunmuş) və 22 aprel 2022-ci il tarixdə əlillik dərəcəsinin təyin olunmasına əsas olan göndərişdə (10 saylı şəhər Poliklinikası tərəfindən tərtib olunmuş) onda olan xəstəliklərin XBT kodları, həm də diaqnozlar (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) eynilik təşkil etmişdir. Göstərilən bu hal ona dəlalət edir ki, istərsə əlilik dərəcəsinin təyin edilməməsinə əsas olan göndərişdə, istərsə də növbəti dəfə tərtib olunmuş göndərişdə iddiaçıda olan xəstəliklərin mövcudluğu müəyyən edildiyindən, onun üçüncü dərəcəli əlilliyin məhz xx.xx.2021-ci il tarixdən tələb etmək hüququ yaranır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıya üçüncü dərəcəli əlillik dərəcəsi əlilliyin dayandırıldığı, yəni xx.xx.2021-ci il tarixdən təyin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya üçüncü qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi barədə imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı üçüncü qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov