Məhkəmə qərarları › İş №e-2-1(112)-6065/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6065/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6065/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20 “A” nomrəli evin 2 otaqlı 94 saylı mənzilinin İddiaçı adına mulkiyyət huququ uzrə daşınmaz əmlakın dovlət reyestrində qeydiyyata alınması və bununla bağlı reyestrdən çıxarışın ve texniki paportun verilməsi ohdəliyinin Əmlak Məsələləri Dovlət Xidməti Daşınmaz Əmlakın Dovlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edillməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (011)-6695/2021 nomrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20A, mənzil 94 unvanın xx.xx.1992-ci ildən hal-hazıra kimi yaşaması faktı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarxili, 2-1(112)-6681/2022 saylı qərarı ilə İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20A, mənzil 94 unvanında qeydiyyata alınması vəzifəsi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmiş və bununla da həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4678/2022 saylı qərarı ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20 “A” nomrəli evin 2 otaqlı 94 saylı mənzili ilə bağlı daimi kirayə muqaviləsinin İddiaçı ilə bağlanmasına dair sərəncam verilməsi öhdəliyi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərar əsasında Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 400 saylı sərəncamı ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20 “A” nomrəli evin 2 otaqlı 94 saylı mənzilinə dair İddiaçı ilə daimi kirayə muqaviləsinin bağlanılması və şəxsi maliyyə hesabında dəyişiklik edilərək İddiaçı mənzilin əsas kirayəçisi hesab edilməsi qərara alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 20 “A” nomrəli evin 2 otaqlı 94 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ə qeydiyyata alınması və bununla bağlı reyestrdən çıxarışın ve texniki paportun verilməsi ilə bağlı Əmlak Məsələləri Dovlət Xidməti Daşınmaz Əmlakın Dovlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. İddiaçı bildirmişdir ki, qeyd olunan muaricətdə işin faktiki halları izah olunmuş, həmçinin müvafiq məhkəmə qəraları da muaricətə əlavə edilmişdir. Lakin cavabdeh orqan işin hallarını nəzərə almayaraq, “Daşınmaz əmlakın dovlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə istinad etməklə reyestrdən çıxarışın ve texniki paportun verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanının imtinası əsassızdır. Belə ki, məhkəmə qərarı ilə İddiaçı 1992-ci ildən həmin mənzildə mubahisəsiz yaşaması faktı muəyyən edilmişdir. Xətai Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında kirayə muqaviləsi xx.xx.2022-ci il tarixində bağlansa da, mənzil münasibətləri xx.xx.2009-cu il tarixdən əvvəlki dovrə (1992ci ilə) təsaduf etdiyindən, həmin mənzil AR Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Odur ki, cavabdeh orqanın imtinası qanuna zidd sayılmalı və iddiaçının mulkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan huququnun muvafiq qeydiyyata alınmamasını onun mülkiyyəti kimi tanınmasına maneə hesab etməmişdir.

3. Azərbaycan Respublikası Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 400 nömrəli xx.xx.2022-ci il tarixli “Bakı şəhəri, Xətai rayonu, Gəncə pros., yerləşən 20”A” nömrəli evin 94 saylı mənzilin daimi kirayə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanması haqqında” Sərəncamdan çıxarışda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4678/2022 saylı, 31 05.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 20 “A” nömrəli evin 2 otaqlı, 94 saylı mənzilin daimi kirayə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanılmasına dair sərəncam verilməsi öhdəliyi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd edilən Bakı İnzibati Məhkəməsinin qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün rayon İcra Hakimiyyətinə daxil olmuşdur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4678/2022 saylı, 31 05.2022-ci il tarixli qərarına əsaslanaraq Bakı şəhəri. Xətai rayonu. Gəncə pr, 20 “A" nömrəli evin, 2 otaqlı, 94 saylı mənzilinə dair vət.İddiaçı ilə daimi kirayə müqaviləsi bağlanmış və şəxsi maliyyə hesabında dəyişiklik edilərək, vətəndaş İddiaçı mənzilin əsas kirayəçisi hesab edilmişdir.

4. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20A saylı evin, 94 saylı mənzilinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir Belə ki, ərizəyə əlavə etdilmiş qeyd olunan mənzilə dair Xətai rayonu icra Hakimiyyəti başçısının 400 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20A saylı evin, 94 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi qeyd olunan mənzilə dair Xətai rayonu İcra Hakimiyyəti başçısının 400 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki ölçüsü 60.24 kv.m-dir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanında 75 mənzil qeydiyyatdan keçmişdir. İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

7. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilən iclasında iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsi iştirak etmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixində həyata keçirilən məhkəmə baxış iclasında cavabehin nümayəndəsi iştirak edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

12. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

13. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

14. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

15. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

19. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.

20. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə Azərbaycan Respublikası Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 400 nömrəli xx.xx.2022-ci il tarixli “Bakı şəhəri, Xətai rayonu, Gəncə pros., yerləşən 20 “A” nömrəli evin 94 saylı mənzilin daimi kirayə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanması haqqında” Sərəncamdan Çıxarışına əsasən bağlanmışdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsi daha sonra qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsi ilə tamamlanmışdır. Həmin norma müvafiq sərəncam və ya mənzil kirayəsi müqaviləsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) bağlandığı halda daşınmaz əmlakın üzərində hüquqların yaranmasına əsas olduğunu müəyyən edir.

21. Qeyd edilənlərin təhlili onu deməyə əsas verir ki, iddiaçının adına Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verilmiş etibarlı hüquqmüəyyənedici sənədi mövcud olmamışdır.

22. İddiaçının Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna əsasən Akimova Azərbaycana qarşı işinə istinadına münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən iş iddiaçının vəziyyətindən tamamilə fərqli halı tənzimləməklə, qanunla müəyyən edilmiş qaydada ərizəçinin adına lazımi qaydada verilmiş orderi olan mənzilə dair hüquqlarının qorunması ilə bağlı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AİHM-in presedent hüququna əsasən hər hansı işdə ilkin hüquqmüəyyənedici sənəd olmadan özbaşına olaraq zəbt olunmuş əmlaka mülkiyyət hüququnun tanınması təcrübəsi mövcud deyildir. Bəzən yanlış olaraq Öneryıldız Türkiyəyə qarşı işə istinadən özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması təsəvvürü yaransa da, həmin işin halları çox mürəkkəb olmaqla əslində özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı deyil, mülkiyyət hüququnun qorunması ilə bağlı dövlətin pozitiv öhdəliyinin yerinə yetirməsi ilə bağlıdır. Həmin işin hallarına əsasən dövlət orqanları ərizəçiyə aid olan gecəqondunu bilərəkdən sökməmişdilər, hərçənd ki, buna hüquqları vardı; bu cür dözümlü yanaşma onlar tərəfindən ərizəçinin və qohumlarının həmin evdə və daşınar əmlakda mülkiyyət maraqlarının olmasının faktiki etirafı idi. Dövlətin günahlandırıldığı kobudcasına səhlənkarlıqla ərizəçinin evinin uçqun altında qalması arasında səbəb-nəticə əlaqəsi mövcud idi ki, bu da dövlətin 1 saylı Protokolun 1-ci maddəsi üzrə daşıdığı pozitiv öhdəliyini, yəni ərizəçinin mülkiyyət maraqlarını qorumaq üçün imkanı daxilində olan hər şeyi etmək vəzifəsini yerinə yetirməməsi demək idi. Bu pozitiv öhdəlik milli hakimiyyət orqanlarından tələb edirdi ki, ərizəçinin evinin məhv olmasının qarşısını almaq üçün praktiki addımları atsınlar. Həmin praktiki addımlar əslində təhlükəli fəaliyyətlər nəticəsində yaşamaq hüququnun pozulmasının qarşısını almaqla qabaqlayıcı tədbirlərin görülməsi idi. Lakin belə addımlar atılmamışdı (bax, Öneryıldız (Öneryıldız) Türkiyəyə qarşı iş [BP] – ərizə № 48939/99, xx.xx.2004 tarixli qərar).

23. İddiaçının vəziyyətinə oxşar digər situasiyalarda əmlaka dair şəxsin etibarlı və davamlı münasibətləri (mənəvi bağlılığı) yarandığı təqdirdə mülkiyyət hüququ deyil (Konvensiyanın 1P-1-ci maddə), mənzil hüququndan (Konvensiyanın 8-ci maddəsi) söhbət gedə bilər (məsələn, bax, Əhmadova (Ahmadova) Azərbaycana qarşı iş №9437/12, xx.xx.2021-ci il). Hazırda isə iddiaçının qeyd edilən mənzillə bağlı Xətai Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 400 nömrəli xx.xx.2022-ci il tarixli “Bakı şəhəri, Xətai rayonu, Gəncə pros., yerləşən 20 “A” nömrəli evin 94 saylı mənzilin daimi kirayə müqaviləsi” ilə təsdiq edilmiş mənzil hüququnun yaranmış olması mübahisələndirilməməklə həmin mənzildən məhrum edilməsi hal mövcud deyil.

24. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20A ünvanında 75 mənzil qeydiyyatdan keçməsinə münasibətdə məhkəmə qeyd edir ki, hüquqları qeydə alınan şəxlər tərəfindən mənzili iddiaçı ilə eyni qaydada (yəni ilkin hüquqmüəyyənedici sənəd olmadan) əldə etmiş olmaları müəyyən olunmur. Belə ki, iddiaçı mənzili hər hansı təşkilat tərəfindən verilmiş ilkin hüquqmüəyyənedici sənəd olan order olmadan (özbaşına) tutmuşdur. Odur ki, məhkəmə eyni vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftarın olduğu qənaətinə gəlmək üçün hər hansı əsas görmür.

25. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.

26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar