Məhkəmə qərarları › İş №e-2-1(112)-6067/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6067/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6067/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 14 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsı öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 133,9 kv.m olan 14 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsı öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə icraçı "xxxx" MMC arasında Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə inşa edilən çoxmərtəbəli binanın A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m 1 olan 14 saylı mənzilə dair 25 sentyabr 2003-cü il tarixli, 137 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən mənzilin 27794 ABŞ dollarıdəyərini satıcı "xxxx" MMC-yə ödəmiş və satıcı tərəfindən qəbz verilmişdir. Nəzərinizə çatdırırıq ki, X4 Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m 1 olan 14 saylı mənzili İddiaçı satmışdır. Belə ki, 19 mart 2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllənin şimal hissəsində inşa edilən A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 14 saylı mənzili İddiaçı 100000 (bir yüz min) manata satmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, X3 müqavilə ilə nəzərdə tutulmuş mənzilin dəyərini tam ödəməsinə baxmayaraq "xxxx" MMC üzərinə düşən öhdəliyi icra edib binanı təhvil vermədiyindən həmin binanın sakinləri, o cümlədən iddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayətlər etmiş və prokurorluq tərəfindən cinayət işi başladılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2015ci il tarixli 1(101)-340/15 saylı hökmü ilə "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində hökm çıxarılmışdır. X3 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində yerləşən yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 14 saylı mənzilin ümumi dəyərini müqavilə üzrə tam ödəmişdir və borcu yoxdur. Eyni zamanda, diqqətinizə çatdırırıq ki, İddiaçı 19 mart 2019-cu il tarixli İlkin alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllənin şimal hissəsində inşa edilən A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 14 saylı mənzilin İlkin alğı-satqı müqaviləsində nəzərdə tutulmuş ümumi dəyərini ödəmişdir və onun heç bir borcu yoxdur. İddiaçı DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan 14 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsi imtina etmişdir. Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş çoxmərtəbəli yaşayış binası 350 saylı, xx.xx.2020 tarixli istismara icazə sənədi əsasında istismara verilmişdir. "xxxx" MMC həmin yaşayış binası üzrə tikinti işlərini yekunlaşdırıb təhvil vermədiyinə görə, həmin binadakı mənzillərin alıcıları birləşib yeni şirkət "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təşkil ediblər. İdarəetmə hal-hazırda "xxxx" MMC-yə məxsusdur. Binanın tikintisinin tamamlanması ilə əlaqədar bütün işlər həmin şirkət tərəfindən öz vəsaitləri hesabına həyata keçirilmişdir. Sakinlər, o cümlədən "xxxx" MMMC binanın su, qaz, işıq və lift problemlərini həll etdikdən sonra mənzilləri təmir edib yaşamağa başlamışlar. Hesab edirik ki, həmin yaşayış sahəsi üzrə iddiaçının mülkiyyət hüquqlarının tanınması üçün əmlakın "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına ehtiyac yoxdur. Qeyd edilən bina Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmiş, bina sakinlər tərəfindən təsis edilmiş "xxxx" MMMC tərəfindən idarə edilir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı Atatürk prospekti 3078A məhəlləsində inşa edilmiş yaşayış binasında A5 korpusunun 7-ci mərtəbəsində yerləşən mənzil üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022ci il tarixdə idarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında qeydiyyatı aparıla bilər. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2003-cü il tarixli müqavilə X1 adına qeyd olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2003-cü il tarixli müqavilədə qeyd olunan ünvanda yerləşən mənzilin nömrəsi qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki olaraq ümumi sahəsi 133.9 kv.m təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********01 saylı və **********01 saylı, xx.xx.2023-ci tarixli cavab məktubu ünvanlanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə X3 arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzili tikib X2 təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə qiyməti 27.794 ABŞ müəyyən edilmişdir. X3 ilə İddiaçı arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, tərəflər "xxxx" MMC tərəfindən 137 saylı, xx.xx.2003-cü il tarixdə verilmiş müqaviləyə əsasən X3 Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m təşkil edən mənzili özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra “alıcı” İddiaçı 100.000 manatda satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılıq vermişdir. X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsindən imtina etmiş, mənzilin İddiaçı adına keçirilməsinə və sənədləşdirilməsinə razılıq vermiş, gələcəkdə bu mənzil ilə əlaqədar heç bir iddianın və tələbin olmadığını bildirmişdir. "xxxx" MMC tərəfindən verilmiş mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən əmlakın dəyəri ödənilmişdir. Binəqədi-21 Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışına əsasən iddiaçının mənzil üzrə borcu yoxdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospeki, məhəllə 3078 A yaşayış binasının istismarına 19 mart 2020-ci il tarixdə 350 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MMC göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, X3 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, olan 14 saylı mənzilin əldə edilməsi ilə bağlı müqavilə imzalanmışdır. X3 "xxxx" MMC-yə həmin mənzilin dəyərini tam şəkildə ödəmişdir. X3 ilə hazırkı İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş ilkin alqı-satqı müqaviləsinə əsasən həmin mənzil dəyəri ödənilməklə İddiaçı satılmışdır. İddiaçı həmin mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi əsaslara nəzər yetirdikdə məlum olur ki, cavabdeh imtina üçün üç əsas gətirir: - İstismara icazə sənədində tikinti obyektinin sahibi kimi "xxxx" MMC-nin göstərilməsi; - Müqavilədə mənzilin nömrəsinin qeyd olunmaması; - Mənzilin faktiki ölçüsünün müqavilədə göstərilən ölçüdən az olmasıdır. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən mənzil üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına dair istismara icazə sənədinin olub-olmaması araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MMC isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci -maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçıdan əvvəl yaşayış sahəsinin ilkin sahibi onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən, həmin şəxs (X3) yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, X3 yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Daha sonra mənzilin payçısı hesab olunan şəxs ilə hazırki iddiaçı arasında mülki əqd bağlanmışdır ki, həmin əqdə əsasən iddiaçı mənzili almış və bunun qarşılıqda müəyyən haqq ödəmişdir ki, mənzilin ilkin sahibi mənzildən imtina etmiş və onun iddiaçının mülkiyyətinə keçməsində iradə ifadəsini nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə diqqətə çatdırır ki, mənzilin ilkin sahibi ilə "xxxx" MMC arasında imzalanan, daha sonra isə iddiaçı ilə mənzilin ilkin sahibi arasında bağlanan müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından,tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin etirazda göstərdiyi imtina əsaslardan biri odur ki, qeyd olunan ünvanda inşa edilmiş istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MMC göstərilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Faktiki iş üzrə üzərində mülkiyyət hüququnun qeydə alınması mübahisələndirilən müvafiq mənzilin yerləşdiyi binanın tikinti obyektinin istismara icazə sənədinin hansı şəxsin adına rəsmiləşdirilməsi iddiaçının iradə və imkanlarının təsirindən kənarda qalan haldır. Tikinti obyektinin istismara icazə sənədində "xxxx" MMC-nın adının qeyd olunması sifarişçi ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin mötəbərliliyini şübhə altına almaq üçün əsas deyildir və bu hal iddiaçının mənzil üzərində olan hüquqlarının məhdudlaşdırılması üçün əsas vermir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Sadalanan qanunvericiliyin müddəalarından irəli çıxarıq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismara icazə” sənədinin hansı şəxsin adına verilməsi, iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Cavabdehin irəli sürdüyü digər imtina əsası ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh etiraz ərizəsində mənzilin faktiki ölçüsünün 133,9 kv.m olduğunu qeyd etsə də, bu hal hazırki iddia tələbinin həllində əhəmiyyət daşımır. Çünki, mənzilə dair bağlanmış müqavilədə əmlakın ölçüləri 138,97 kv.m göstərilmişdir ki, bu da mənzil ilə bağlı hər hansı artımların olmadığını, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. Məhkəmə diqqətə çatdırır ki, məhkəmə araşdırılmasından, o cümlədən iddiaçının izahatından və cavabdehin etirazından burada mənzil təhvil verildikdən sonra iddiaçı tərəfindən hər hansı yenidən qurma işi aparılmamış, mənzil mövcud vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının özü də məhz mənzilin 133,9 kv.m hissəsinə mülkiyyət hüquqlarının reallaşdırılmasını arzulayır ki, bu səbəbdən cavabdehin imtina əsası kimi göstərdiyi həmin dəlil iddiaçının mənzilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda Məhkəmə, müqavilədə iddiaçıya ayrılmış mənzilin fərdiləşmə nömrəsinin göstərilməməsi ilə bağlı diqqətə çatdırmağı zəruri hesab edir ki, doğrudur ki, əmlakın “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları baxımından fərdiləşməni təmin edən rekzvit məlumatlarının olması zəruridir. Lakin, nəzərə alınmalıdır ki, müqavilə münasibətləri zənnində mənzilin əvvəlki sahibinə, daha sonra isə iddiaçıya satılmış əmlakın rekvizit məlumatlarının olmaması onun iradə ifadəsindən asılı olan hal deyil. Belə ki, iddiaçı iddia etdiyi mənzilin dəyərini ödəmişdir ki, bununla da o, qarşı tərəfə münasibətdə müqavilə üzrə öhdəliklərini icra etmişdir. Müqavilədə mənzilə dair rekvizit məlumatlarının göstərilməməsi iddiaçının daşınmaz əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinası üçün formal xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzilin yerləşdiyi binanın tikintisini həyata keçərən qurumun təşkilatı hüququ forması, həmçinin mənzilin nömrəsinin olmaması iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyəri ödənildiyindən, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında A5 korpusu 7-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 133,9 kv.m olan 14 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsı öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar