Məhkəmə qərarları › İş №e-2-1(112)-6088/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6088/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6088/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Heydər Əliyev adına X10 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Heydər Əliyev adına X14 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 sot torpaq sahəsinin X6 ayrılması haqqında xx.xx.2005-ci il tarixli, 165211 nömrəli qərarın etibarsız hesab edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, onların əməkdaşları tərəfindən X7 barəsində xx.xx.2023-cü il tarixində akt tərtib olunmuşdur. Bu akta əsasən, Abşeron rayonu Mehdiabad Gənclər şəhərciyi yaxınlığında X12 məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən 49 metr məsafədə ev tikintisi üçün 15 metr uzunluğunda təməl qazıntısı işlərinin aparılması müəyyən edilmiş, görülən işlərin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olması bildirilmişdir. X4 təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli qərar ilə X6 Binəqədi qəsəbəsi ərazisi hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün 30 sot torpaq ayrılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış məhkəmənin e-2-1(112)-6088/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Heydər Əliyev adına X10 və üçüncü şəxsin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsinə surəti əlavə olunmuş Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin “X2 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 165211 №li 31 oktyabr 2005-ci il tarixli qərarından görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 30 sot torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün X5 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. İddia tələbindən məlum olur ki, iddiaçı Binəqədi rayon Binəqədi qəsəbə X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında 165211 №-li 31 oktyabr 2005-ci il tarixli qərarının etibarszılığının tanınmasını məhkəmədən xahiş edir və tələb onunla əsaslandırılmışdır ki, əməkdaşları tərəfindən X7 barəsində xx.xx.2023-cü il tarixində tərtib olunmuş akta əsasən, Abşeron rayonu Mehdiabad Gənclər şəhərciyi yaxınlığında X12 məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən 49 metr məsafədə ev tikintisi üçün 15 metr uzunluğunda təməl qazıntısı işlərinin aparılması və görülən işlərin mühafizə ərazisinə düşdüyü müəyyən edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi cavabdeh Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 165211 №-li 31 oktyabr 2005-ci il tarixli qərarının (mübahisə predmeti olan əmlaka münasibətdə) etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı məhkəmə xüsusi olaraq qeyd edir ki, iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının hüquqi marağı, iddia tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Nəzərə alınmalıdır ki, etibarsız inzibati aktlar qəbul edildiyi andan yararsız, əhəmiyyətsiz olduğuna və bu baxımdan heç bir hüquqi nəticə yaratmadığına, yəni iddia predmeti mövcud olmadığına görə, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bununla belə, həmin inzibati aktın etibarsızlığının tanınmasında xüsusi hüquqi müdafiə marağının mövcud olduğu hallarda, şəxs tanınma haqqında iddia vasitəsi ilə məhkəmədən həmin inzibati aktın etibarsızlığının tanınmasını tələb edə bilər. Bu növ iddialara münasibətdə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, xüsusi mümkünlük şərtləri nəzərdə tutulur. Belə ki, İnzibati Prosessual Məcəllənin 36.3-cü maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin normanın təfsiri baxımından iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın etibarsızlığının tanınmasında maraqlı olmalı və müəyyən məqsəd güdməlidir (məsələn, inzibati aktın mövcudluğu görüntüsünün aradan qaldırılması, həmin aktın onun şəxsi və işgüzar nüfuzuna neqativ təsirinin istisna edilməsi və sairə). Başqa sözlə, iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Hazırkı mübahisəyə münasibətdə etibarsızlığın tanınması ilə bağlı yuxarıda qeyd edilən mümkünlük şərtləri (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən yan qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Həmin normaya görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs nəinki həmin dövrdə qüvvədə olan qanunvericiliyə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir. Belə ki, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 165211 №-li qərarı 31 oktyabr 2005-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin inzibati aktdan iddiaçının əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla tam təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Bu baxımdan məlumatlı olduğu halda iddiaçı tərəfindən cavabdehin qərarının qəbul edildiyi tarixdən on səkkiz il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. “Qüvvədə olan inzibati prosessual qanunvericilikdə hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün hər hansı prosessual müddət müəyyən edilməsə də, qərar qəbul edilən zaman qüvvədə olmuş mülki prosessual qanunvericilikdə belə müddət nəzərdə tutulmuşdu. Bu zaman həm də nəzərə alınmalıdır ki, mübahisə olunan qərar İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl, yəni 21 aprel 2000-ci ildə qəbul edilmişdir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən qərarla, X6 Binəqədi qəsəbəsi ərazisi hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün 30 sot torpaq ayrıldığı halda, iddiaçı iddia ərizəsində əməkdaşları tərəfindən başqa bir şəxs - X7 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən, sonuncu tərəfindən fərqli bir inzibati ərazidə - Abşeron rayonu Mehdiabad Gənclər şəhərciyi yaxınlığında X12 məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən 49 metr məsafədə ev tikintisi üçün 15 metr uzunluğunda təməl qazıntısı işlərinin aparıldığının və görülən işlərin mühafizə ərazisinə düşdüyünün müəyyən edildiyini göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır.İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Heydər Əliyev adına X10 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar