Məhkəmə qərarları › İş №e-2-1(112)-6115/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6115/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6115/2023 10.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Bəylər oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzilə və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 20 fevral 2013-cü il tarixli, 18 nömrəli protokoluna əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzil, MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir. "xxxx" MTK üzvlərinin ümumi iclasının 20 fevral 2013-cü il tarixli, 18 nömrəli protokoluna əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzil, MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 03 saylı və xx.xx.2021 -ci il tarixli 04 saylı arayışlara əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilin dəyəri qalıq olmadan 100% İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzilə və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********74 nömrəli məktubu iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının "Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı" (və ya istismara icazə sənədi) 1 saylı Bakı ərazi idarəsinə daxil olmamışdır. Lakin göründüyü kimi cavabdeh imtina əsası tamamilə qanunsuz və əsassızdır. Nəzərə alınmalıdır ki, sözügedən çoxmənzilli yaşayış binası dövlətin pilot layihəsi əsasında "xxxx" MTK tərəfindən inşa edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin etiraz təqdim edilməmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Mübahisə predmeti olan mənzil iddiaçının sahibliyindədir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl iddiada iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh həmin müraciətə müvafiq qaydada cavab vermişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********74 saylı məktubdan görünür ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 43 və 48 saylı mənzillərə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış, sözügedən ünvanda yerləşən "xxxx" MTK-nə məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” (və ya istismara icazə sənədi) 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmadığı bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. -"xxxx" MTK ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 18 №li müqavilədən görünür ki, "xxxx" MTK Bakı şəhəri, H.Ələsgərov 35 ünvanda yerləşmiş MTK-nın tikintisi başa çatmış binasında 4 otaqdan ibarət, 212 kv.metr 43 № li mənzili payçıya təhvil verilməsini və sonuncu mənzili qəbul edib haqqının ödənilməsini öhdəsinə götürmüşdür. -"xxxx" MTK ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 19 №li müqavilədən görünür ki, "xxxx" MTK Bakı şəhəri, H.Ələsgərov 35 ünvanda yerləşmiş MTK-nın tikintisi başa çatmış binasında 4 otaqdan ibarət, 212 kv.metr 48 № li mənzili payçıya təhvil verilməsini və sonuncu mənzili qəbul edib haqqının ödənilməsini öhdəsinə götürmüşdür. -"Star-M” MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2013-cu il tarixli, 18 №-li protokolundan görünür ki, İddiaçı "Star-M” MTK-nın üzvlüyünə qəbul edilmiş və onun razılığı ilə "Star-M” MTK-nın binasında ünvan 4 ünvanında tikilən yaşayış sahəsi 212 kv. metr, 9-cu mərtəbədə yerləşən 4 otaqlı 48 №-li mənzilə düşməsi təsdiq edilmişdir. -"Star-M” MTK üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2013-cü il tarixli, 19 №-li protokolundan görünür ki, İddiaçı "Star-M” MTK-nın üzvlüyünə qəbul edilmiş və onun razılığı ilə "Star-M” MTK-nın binasında ünvan 4 ünvanında tikilən yaşayış sahəsi 212 kv. metr, 10-cu mərtəbədə yerləşən 4 otaqlı 48 №-li mənzilə düşməsi təsdiq edilmişdir. -"xxxx" MTK-nın sədri tərəfindən təsdiq edilən xx.xx.2022-ci il tarixli 107 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının planında ştrixlənmiş 10-cu mərtəbə, 4 otaqlı, sahəsi 212 kv.m olan, 48 №li mənzil İddiaçı məxsusdur. -"xxxx" MTK-nın sədri tərəfindən təsdiq edilən xx.xx.2022-ci il tarixli 109 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının planında ştrixlənmiş 9-cu mərtəbə, 4 otaqlı, sahəsi 212 kv.m olan, 43 №li mənzil İddiaçı məxsusdur. -"xxxx" MTK-nın sədri tərəfindən təsdiq edilən xx.xx.2021-ci il tarixli 03 və 04 saylı maliyyə arayışlarından görünür ki, arayış İddiaçı "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa olunmuş çoxmərtəbəli mərtəbəli yaşayış binasının 9-cu və 10-cu mərtəbələrində yerləşən, sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 №li mənzilin, habelə sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 №li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər baş İdarəsinin Hüquqi Şəxslərin dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN: **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi formasını dəyişərək yenidən təşkilin çevrilmə formasında onun bazasında yaradılmış və hüquqi varisidir. xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" MTK-nın fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Həmçinin "xxxx" MTK-nın nizamnaməsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 358 №li icazə sənədindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, 1 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. İcazə sənədinin 8-ci bəndində qeyd edilmişdir ki, AR Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən, yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlik baxımından istismara yaralılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2020-ci il tarixindən yaşayış binasının istismarına icazə verilsin. Beləliklə, işdə olan sənədlər ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı pay haqqını ödədiyi ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 43 və 48 saylı mənzilləri ilə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddia olunan mənzillərin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədinin İdarayə daxil olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair yazılı münasibətin (etirazın) təqdim edilmədiyini nəzərə alaraq iddiaya cavabdehin iddiaçının ilkin müraciətinə verilmiş imtina məktubunun dəlilindən qiymət verilməli olduğunu hesab edir və iddianın əsaslı olduğu qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. İstinad olunan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 8.0.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qüvvədə olan əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Hazırkı iş üzrə iddiaçının iddia olunan mənzillərə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.6-cı maddəsində göstərilən aktlara (mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənilməsi barədə sənəd) uyğun gəlir. Qeyd olunan Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində həmçinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Belə ki, qanunverici çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarının, istismara qəbul aktının olmasını şərt kimi müəyyən etmişdir. Hazırkı işin materiallarından məlum oldu ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 358 №li icazə sənədi ilə iddiaçıya məxsus mənzillərin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, 1 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. Bu baxımdan, işin mübahisəli halını təşkil edən çoxmənzilli yaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsbit edilməsinə dair icazə sənədi mövcud olduğundan, bu sənədin cavabdeh inzibati orqana təqdim edilməməsi iddiaçının hüququnun pozuntusuna səbəb ola bilməz. Belə ki, iddiaçının müraciəti üzrə aparılmış inzibati icraat çərçivəsində cavabdeh inzibati orqanın sözügedən sənədi əldə edə bilmək imkanı vardı. Odur ki, cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci madəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə görə isə mənziltikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının ünvan 1 ünvanında inşa edilmiş "xxxx" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzil və 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzillərə dair mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də cavabdehin imtinası qanunazidd sayılmalı və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, sözügedən mənzillər üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilən normanı hazırkı iddia növünə uyğunlaşdırmış formada tətbiq edərək məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının arzuladığı faktiki xarakterli hərəkətin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 43 saylı mənzilə və ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 48 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar