Məhkəmə qərarları › İş №e-2-1(112)-6119/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6119/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6119/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi və.s” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: X7 Əmir oğlunun sədrliyi ilə, İddiaçı vəkil nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi və.s” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli **********511900 qeydiyyat nömrəli əmrin ləğv edilməsini, əvvəlki işinə işə bərpa edilməsini, məcburi işburaxma dövrü üçün əmək haqqının tamamının ödənilməsini, iddiaçı tərəfindən məhkəməyədək çəkilmiş və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən xx.xx.2024 tarixli **********511900 qeydiyyat nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrlə (bundan sonra - Əmr) iddiaçının xidmətinə xitam verilmişdir. Cavabdeh əmri aşağıda qeyd olunan və iddiaçı tərəfindən törədildiyi iddia olunan nöqsan və pozuntulara əsasən çıxarmışdır: - İddiaçı xx.xx.2024-cu il tarixində saat 09:30 radələrində səhhətində olan problemlərlə əlaqədar işə gəlməyəcəyini bildirmişdir. Əslində isə iddiaçı anasının adına rəsmiləşdirilmiş yanacaq doldurma məntəqəsi barəsində başlanılmış cinayət işi ilə əlaqədar olaraq Qazax Rayon Prokurorluğunda olmuş, lakin 14 saylı ƏVİ-nin rəhbərliyinə məlumat verməmişdir. Bununla da iddiaçı öz rəhbərliyinə yalan danışmışdır. - Müəyyən edilmişdir ki, iddiaçı anası X4 (VÖEN **********) 14 saylı ƏVİ-də xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota aldırmış, anasının adına təsərrüfat subyekti kimi qeydiyyatda olan NURAY PETROL adlı YDM-də yeni nəsil NKA quraşdırılmasını təmin etməmiş, vergi ödəyicisinin uçot baza məlumatlarında əksini tapmış ***-***-**-** saylı mobil nömrə iddiaçıya məxsus olmuşdur. Baza məlumatlarında vergi ödəyicisi Tərlan Əliyevanın aktiv əmək müqaviləsi və ona məxsus nəqliyyat vasitəsi aşkar edilmədiyi halda, 14 saylı ƏVİ tərəfindən xx.xx.2024-cü il tarixdə yerində aparılmış müşahidə zamanı NURAY PETROL YDM-nin faktiki olaraq fəaliyyət göstərdiyi və 2 nəfər işçinin olduğu müəyyən edilmişdir. Həmçinin, baza məlumatlarına əsasən məlum olmuşdur ki, 2023-cü ilin iyul və avqust aylarında vergi ödəyicisi Tərlan Əliyevanın adına ABŞ-dan tam dəyəri 34.170 manat olan 2 ədəd avtomobil idxal edilmiş, həmin nəqliyyat vasitələrinin satışı ilə bağlı məlumatlar aşkar edilməmiş, vergi orqanlarına bəyannamə təqdim edilməmiş, bu əməliyyatlardan büdcəyə vergilər hesablanmamış və ödənilməmişdir. - Tərlan Əliyevanın fəaliyyətinə faktiki olaraq iddiaçı özü rəhbərlik edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, anasının vergidən yayınmasına göz yummuş və bu halların qarşısını almaq üçün zəruri tədbirlər görməmişdir. Əmrdə əksini tapan bu pozuntular sonradan iddiaçının vermiş olduğu izahatlara istinad edilərək cavabdeh tərəfindən tam sübuta yetirilmiş hesab olunur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixində yazmış olduğu izahatda xx.xx.2023-cü il tarixində saat 20:00 radələrində qonaqları ilə bərabər spirtli içki qəbuıl etdiyini qeyd etmişdir. Qazax Rayon Prokurorluğunda olmasının səbəbinə dair iddiaçı qeyd etmişdir ki, anası ilə həkimə gedərkən anasını Qazax Rayon Prokurorluğuna düşürmüş və avtomobildə gözləmişdir. Bundan sonra o, prokurorluğa dəvət edilmiş və tanışlıq olmuşdur. Səbəb hər ikisinin də dövlət işçisi olduğu və qarşılıqlı ehtiramın olması olmuşdur. Hər hansı problem olmadığı üçün də iddiaçının anası prokurorluq binasını tərk etmişdir. Prokurorluq orqanlarına dəvət olunduğunuz halda nə üçün rəhbərliyə məlumat verməmisiniz sualına isə iddiaçı mən hər hansı təhqiqat və ya istintaq məqsədilə prokurorluq orqanına dəvət olunmamışam cavabını vermişdir. Həmçinin, anasının işləri onun şəxsi işi olmadığı üçün öz rəhbərinə belə bir məlumat verməyi vacib hesab etməmişdir. Qəribə bir halda cavabdeh iddiaçıdan bir ayağının 3 sm qısa olması barədə sənəd təqdim etməyi tələb edir. Cavabdeh iddiaçıya anasının sahibkarlıq fəaliyyəti və yol vermiş olduğu hüquqpozuntuları barədə sual verdikdə o bu barədə məlumatlı olmadığını qeyd edir. Cavabdeh iddiaçıdan anasının ona hər hansı etibarnamə verməsi barədə sual etdikdə o, belə bir etibarnamənin olmadığını qeyd etmişdir. Cavabdeh ***-***-**-** saylı mobil nömrənin iddiaçıya məxsus olmasını və bunun baza məlumatlarında qeyd edilməsini necə izah edəcəyini sual etdikdə, o anasının əzbərində qaldığı üçün və öz nömrəsi olmadığından belə bir addım atdığını qeyd etmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixində iddiaçının vermiş olduğu izahatda ona verilən sual öz tutarsızılığı ilə diqqəti cəlb edir. Belə ki, iddiaçı araşdırması ilə bağlı məlumatı xx.xx.2024-cü il tarixində vermiş olsa da cavabdeh xx.xx.2023-cü il tarixli baza məlumatlarına əsaslanaraq iddiaçının yalan danışmaqda ittiham edir. “Dövlət vergi xidməti orqanlarında xidmət haqqında” Əsasnamənin 46-4-cü maddəsinə əsasən Əsasnamənin 46-cı maddəsinin birinci hissəsinin 5-ci bəndində nəzərdə tutulan intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 10-cu maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Cavabdeh iddiaçı tərəfindən bu Əsasnamənin 10-cu maddəsinin 5-ci bəndinin tələblərinin pozulduğunu iddia edərək həmin Əsasnamənin 46-ci maddəsinin birinci hissəsinin 5-ci bəndini tətbiq etmişdir. Lakin iddiaçıdan alınan cavabların əsasında hər hansı araşdırma aparılmadan, onun yalan danışdığı, əslində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iddia edilmişdir. Sübut kimi isə heç bir rəsmi sənəd təqdim edilmədən, yalnız ehtimallara əsaslanaraq cavabdeh öz iddasını sübut edilmiş hesab etmişdir. Bundan əlavə cavabdeh iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması halları kimi aşağıdakıları iddia etmiş ola bilər. - İddiaçının rəhbərliyə xəstə olmasını bildirərək xx.xx.2024-cü il tarixində işə gəlməməsi. Həmin gün qeyri-iş günü olmaqla iddiaçının işə gəlməsinin vacib olmadığı gündür və həmin gün iddiaçının işə gəlməməsi kobud pozuntu hesab edilə bilməz. Vacib gün olsa belə iddiaçı rəhbərliyə xəbər verərək işə gəlməmişdir. Onun rəhbərliyi aldatması isə sadəcə fərziyyədən ibarətdir. - İddiaçının alkoqollu içki qəbul edərək işə gəlməsi. Bu iddiaçı tərəfindən qəti olaraq rədd edilir və cavabdeh bununla əlaqədar hər hansı sübut təqdim etmir. İşin hallarından və tətbiq edilən hüquq normalarından da görünür ki, cavabdeh iddiaçıya qarşı Əsasnamənin 46-cı maddəsinin birinci hissəsinin 5-ci bəndini tətbiq etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh inzibati orqan iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia müddəti ötürüldüyündən İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. Məlum olduğu kimi, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquq dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq ozünun xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, həmin maddənin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bununla yanaşı, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Əliyev X5 Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixli **********511900 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********511900 nömrəli əmrlə tanış edilmiş (İddiaçı tərəfindən imzalanmış əmrin surəti əlavə olunur) və qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır (təhvil-təslim aktının surəti əlavə olunur). Göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixində barəsində qəbul edilmiş əmrlə (inzibati akt) tanış edilməsinə və həmin tarixdə təhvil-təslim işlərinin aparılmasına və bununla da işdən azad edilməsindən məlumatlı olmasına baxmayaraq xx.xx.2025-ci il tarixində, yəni 2 aydan artıq müddət ötdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibat aktın mübahisələndirilməsi üçün İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük və Əmək Məcəlləsinin 296-cı maddəsinə nəzərdə tutulan 1 təqvim ayı müddətini ötürmüşdür. Beləliklə, İddiaçı mübahisələndirdiyi əmr barədə xx.xx.2024-cü il tarixindən məlumatlı olduğunu və həmin əmrin mübahisələndirilməsı üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməsinə yol verdiyini göstərən təkzibedilməz mötəbər sübutlar mövcuddur. İddiaçının tələb hüququnun axımı müvafiq əmrdən (inzibati aktdan) məlumatlı olduğu andan başladığından, o, qanunvericiliyin prosessual müddətlərlə bağlı tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsi üçün müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəticədə, iddia ərizəsində işdən azad edilməsi haqqında əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin hesablanaraq ödənilməsini tələb edən iddiaçı həmin əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətləri ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd olunan hal isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibəti iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, mümkünlük məsələsi ilə bağlı izahatında bildirmişdir ki, tərəflər arasındakı mübahisə əmək münasibətlərindən irəli gəlir. xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə mediasiya prosesinin başlanılması ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edilərək, mediasiya prosesi başladılmışdır. Həmçinin, məsələ ilə bağlı Bakı 9 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya təşkilatının cavabını (arayışını) yanvar ayının 6da alan kimi dərhal məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Qeyd edilən səbəblərdən iddia müddəti ötürülməmişdir. Sonda Nümayəndə iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, tərəflər arasındakı mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir. İddiaçı mübahisələndirilən inzibati aktdan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. İddiaçının Mediasiya təşkilatına müraciət etməsi iddia müddətinin axımını dayandırmır. “Mediasiya haqqında” Qanunda inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə məcburi şərt kimi məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunmur. Könüllü mediasiyanın tətbiqi ilə bağlı isə tərəflər arasında hər hansı bir müqavilə bağlanmamışdır. Sonda V.İ.Cabbarova iddianın mümkün sayılmamısını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq İddiaçı barəsində intizam tenbehi tədbirinin görülməsi ilə bağlı aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini məhkəməyə göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx.xx.2024-cü il tarixli **********511900 nömrəli əmrindən görünür ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər idarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən əmrdəki qeydlərdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli **********511900 nömrəli əmrlə həmin gün, yəni xx.xx.2024cü il tarixdə tanış olmuşdur. Bununla bağlı o, əmrdə (Əmrlə tanış oldum, xx.xx.2024, saat 17:15, imza, İddiaçıV) qeydlərini aparmışdır. İddiaçı mübahisələndirilən inzibati aktdan inzibati şikayət verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisə üzrə mümkünlük məsələsində (mümkünlük məsələsində digər məsələlər ilə bağlı problem yoxdur.) məhkəmənin müəyyən etməli olduğu hal iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktdan (əmrdən) inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində iddianın qaldırılıb-qaldırılmamısıdır. İşin mübahisələndirilməyən halına görə iddiaçı xx.xx.2024-cü il tarixli **********511900 nömrəli əmr (inzibati akt) elan olunduğu vaxtdan 29 gün müddətində (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) iddia müddəti ilə bağlı hər hansı bir hərəkət etməmişdir. Bunu iddiaçı da mübahisələndirmir. Deməli, məhkəmə tərəfindən qiymətləndirilməli olan hal mübahisə üzrə qalan 1 günlük iddia müddətinə iddiaçının əməl edib-etməməsindən ibarətdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktdan (əmrdən) inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırılmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx.xx.2024-cü il tarixli **********511900 nömrəli əmrini mübahisələndirir, yəni iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Hazırki iş üzrə iddiaçı xx.xx.2025-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddətinin ötürülübötürülməməsi məsələsi İPM-in 38.1-ci maddəsinin tələbləri baxımından yoxlanılmalıdır. İPM-nin 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayətin verilməsi müddəti fərqli anlayışlardır. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi həmin maddənin də adından göründüyü kimi, məhz inzibati şikayətin verilməsi ilə bağlıdır. Qeyd edilən məsələlər ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1710/2024 nömrəli qərarında mövqe eyni olmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə sənəd təqdim edərək, xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə mediasiya prosesinin başlanılması ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edilərək, mediasiya prosesinin başladılmasını, həmçinin, məsələ ilə bağlı Bakı 9 saylı Mediasiya təşkilatına müraciət edilməsi, Mediasiya təşkilatının cavabını (arayışını) yanvar ayının 6-da alan kimi dərhal məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini bildirmişdir. Təqdim edilmiş sənəddə (teleqramda) göstərilmişdir ki, “...Sizin xx.xx.2024-cü il tarixdə DVX ünvanladığınız SX011277168AZ saylı göndəriş xx.xx.2024-cü il tarixində saat 16:27-də təyinatı üzrə çatdırılmışdır.” Həmin məsələlər ilə bağlı məhkəmə qeyd edir ki, İPM-nin 38.4-cü maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.8. mediasiya prosesinin tətbiqi barədə müqavilə - mübahisənin (mövcud və ya gələcəkdə yarana biləcək) mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşma; Maddə 3. Mediasiyanın tətbiq dairəsi 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 5. Könüllülük 5.1. Mediasiya könüllü (bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. 5.2. Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında (bu Qanunun 21.1-ci maddəsi nəzərə alınmaqla) həyata keçirilir. Maddə 21. Mediasiya prosesinin tətbiqi üçün əsaslar 21.1. Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. 21.2. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” tərəflər arasında yaranmış mübahisənin məhkəməyə verilməsinə qədər və ya məhkəmədə işə baxılan zaman tətbiq edilə bilər. 21.3. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlanması təşəbbüsü ilə tərəflər və ya onlardan biri çıxış edə bilər. Məhkəmələr də tərəflərə aralarında yaranmış mübahisənin mediasiya yolu ilə həllinə dair təkliflər verirlər. Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda isə müvafiq orqanlar (qurumlar) tərəflərə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək vəzifələrini izah edirlər. ... 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.7. Bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 28. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Maddə 29. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyaları 29.1. Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyibistəmədiklərinə dair qərar verməlidirlər. Maddə 30. İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyanın xüsusiyyətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Maddə 24. Mediasiya prosesinin həyata keçirilməsi qaydaları ... 24.7. Bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Maddə 32. Mediasiya prosesinə xitam verilməsi 32.1. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: ... 32.1.3. tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə; 32.1.4. tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə; Qeyd edilən maddələrin qarşılıqlı analizi onu deməyə əsas verir ki, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdən fərqli olaraq qanunuvericilk mediasiyanın prosesinin məcburiliyini tanımır, bu proses könüllü xarakter daşıyır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanunun) 21.7-ci maddəsi könüllü mediasiyanı, 21.8-ci maddəsi isə ilkin mediasiya sessiyasında iştirak tələb olunduğu (məcburi) halları tənzimləyir. İddiaçının mediasiya prosesinin başladılması ilə bağlı qarşı tərəfə müraciətinin göndərildiyi andan, yəni xx.xx.2024-cü il tarixdən Qanunun 21.6-cı maddəsinə əsasən mediasiya prosesi başlanılmış, 21.7-ci maddəyə əsasən göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədiyindən mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən avtomatik xitam verilmiş və iddia müddətinin axımı davam etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanmamışdır. Mediasiya prosesinə xitam verilməsini tənzimləyən Qanunun 32.1.4-cü maddəsinə görə tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa maksimum 30 gündən sonra (mediasiya prosesi Qanunun 21.6-cı maddəsinə əsasən mediasiya prosesinin başladılması ilə bağlı qarşı tərəfə müraciətinin göndərildiyi andan, yəni xx.xx.2024-cü il tarixdən başlanmışdır.) mediasiya prosesinin müddətinin bitməsi əsası ilə mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin məcburi olaraq tələb etmədiyi halda və tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlamadan iddiaçının Mediasiya təşkilatına müraciət etməsi iddia müddətinin axımını dayandırmır. İddia müddətinin axımının dayandırılmasına əsas olan hallar imperativdir. Qeyd edilən hal (iddiaçının Mediasiya təşkilatına müraciət etməsi) buraxılmış prosessual müddətin bərpasının əsası kimi çıxış edə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə İPM-in 13-cü maddəsini rəhbər tutaraq məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə hüquqi yardım göstərərək İPM-in 24.1-ci maddəsinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirsədə, o, iddia müddətinin ötürülmədiyini bildirmiş və iddianın mümkün sayılmasını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Plenum Qərarında göstərilmişdir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir.” Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar