Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6130/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsinə daxil edilmiş vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsinə daxil edilmiş vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindəki xx.xx.2024cü il tarixli yazılış qeydləri ilə aparılmış əməliyyatın adı “MV-**********526600” olan 84682,92 manat vergi məbləğinin və əməliyyatın adı “ƏDV-**********526600” olan 75754,43 manat vergi məbləğinin, ümumilikdə 160437,35 manat vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsi göstəricilərinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il ərizəni imzalayan şəxs haqqında məlumat: tarixdə əməliyyatın adı “MV-**********526600” göstərilməklə 84682,92 manat vergi məbləği, eyni tarixdə əməliyyatın adı “ƏDV**********526600” göstərilməklə 75754,43 manat məbləğində əlavə vergi məbləği, ümumilikdə 160437,35 manat məbləğində vergi hesablanmışdır. Lakin qeyd olunan hesablamanı apararkən cavabdeh bütün maddi və prosessual hüquq normalarını pozmuş, hesablamanı tamamilə qanunazidd şəkildə və mövcud inzibati praktikaya zidd şəkildə həyata keçirmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 37.4-cü maddəsində əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisininin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bundan əlavə, hüquqi aktların dövlət reyestrində qeydə alınmış və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 1.3.4-cü bəndinə görə, kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlarda vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən “Vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə Qərar” göndərilir. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati akt qəbul edilmədən, ümumiyyətlə aparılan hesablamanın hansı əsaslar üzrə yaranması barədə öncədən hər hansı uyğunsuzluq məktubu göndərilmədən birbaşa Cəmiyyətin şəxsi hesab vərəqəsinə müdaxilə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-cü il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, № 3-21-2-3/2-B-3xx-xx/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yazılı etirazı onunla əsaslandırılmışdır ki, elektron qaimə-fakturalara əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə 440277 manatlıq (ƏDV daxil) 21930 kv. metr “Keramikadan döşəmə üçün plitə” və 59383 manatlıq (ƏDV daxil) 89 ədəd “X4” əldə edilmiş və idxal olunmuş malların həcmindən artıq həcmdə təqdim edildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra mətndə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi) xx.xx.2024-cü il tarixli, **********621000 nömrəli qərarı ilə riskli vergi ödəyici hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbəri xx.xx.2024-cü il tarixli **********526600 nömrəli zəmanət məktubu ilə müraciət edərək müvafiq riskli əməliyyatlara görə şəxsi hesab vərəqəsində 75754,43 manat ƏDV və 84682,92 manat MV məbləğinin hesablanmasını və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir. Cəmiyyətin vergi orqanına ünvanladığı zəmanət məktubuna əsasən vergi ödəyicisi xx.xx.2024-cü il tarixli, **********555900 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır. Hesablanmış ƏDV üzrə 75754.43 manat, mənfəət vergisi üzrə 84682.92 manat əlavə vergi məbləği vergi ödəyicisinin zəmanət məktubuna əsasən hesablanmışdır. Belə ki, həmin məktuba əsasən vergi ödəyicisi tərəfindən qeyd olunan məbləğlərin hesablanmasına etiraz edilməmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 94.0.-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləgi ilə bu Məcəllənin müddəalarına uygun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləsdirilməli olan verginin məbləgi arasındakı fərqdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçının müraciəti təmin olunmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin riskli ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********621000 nömrəli qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı MMC riskli vergi ödəyici hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış “Zəmanət məktubu”nda göstərilmişdir ki, ƏDV fırıldaqçılığında şübhəli bilinən ödəyicilər barədə tam məlumatlandırılmışdır və gələcəkdə bu cür şəxslərlə əməliyyatların aparılmamasını, eyni zamanda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən fiziki şəxslərin sayının və onlara ödənilən əmək haqqı məbləğlərinin vergi və əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılacağını, alışda və ya idxalda müəyyən edilməyən mallara görə 75754,43 manat əlavə dəyər vergisi, 84682,92 manat mənfəət vergisi üzrə olmaqla, cəmi 160437,35 manat hesablama verilməsini və ödənməsini öhdəlik olaraq qəbul edir. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 221895/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidmətinin xx.xx.2024 tarixli **********621000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərarı”nın ləğv edilməsi və vergi ödəyicisi İddiaçı MMC-nin (**********) riskli vergi ödəyiciləri siyahısından çıxarılması qərara alınmışdır. İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli yazılış qeydləri ilə aparılmış əməliyyatlara əsasən “MV-**********526600” olan 84682,92 manat və “ƏDV-**********526600” olan 75754,43 manat, ümumilikdə 160437,35 manat vergi məbləği hesablanmışdır. İddiaçının hazıkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-N-26xx-xx/2024 №-li məktubunda göstərilmişdir ki, “... Cəmiyyətin rəhbəri xx.xx.2024-cü il tarixli **********526600 nömrəli zəmanət məktubu ilə müraciət edərək müvafiq riskli əməliyyatlara görə şəxsi hesab vərəqəsində 75754,43 manat ƏDV və 84682,92 manat MV məbləğinin hesablanmasını və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir. Cəmiyyətin vergi orqanına ünvanladığı zəmanət məktubuna əsasən vergi ödəyicisi xx.xx.2022-ci tarixli **********555900 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır”. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Vergi Məcəlləsinin: ... Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.4. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir. 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.6. Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır. ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-1. bu Məcəllənin 15.1.2-1-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etmiş vergi ödəyicilərinin həmin ərizədə göstərilən əməliyyatı ilə bağlı vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar qəbul etməyə; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. ... 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. ... Maddə 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Maddə 47.1 İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadının: ... 26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır... 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. ...
43. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır.
44. Kollegiya qeyd edir ki, bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmlişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar.
45. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, “Vergi ödəyicilərinin 2017ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474-VQ saylı Azərbaycan Respublikasının Qanununda da şəxsi hesab vərəqəsi anlayışından istifadə olunmuş, vergi ödəyicilərinin vergi orqanlarındakı şəxsi hesab vərəqələrində 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının vergi orqanları tərəfindən silinməli olması qərara alınmışdır. Bu qaydada tənzimləmənin özü də bir daha təsdiq edir ki, şəxsi hesab vərəqəsi vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədi dəyərinə malikdir. Bu qaydada bir uçot sənədinin aparılması vergi idarəçiliyinin təşkili baxımından zəruri olmaqla yanaşı, həm də vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə açıqlığı, şəffaflığı və hüquqi müəyyənliyi təmin etməyə xidmət edir.
46. Vergi orqanının mövqeyinə görə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474- VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi zamanı proqram təminatının yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla təkrar silinmiş faiz məbləği şəxsi hesab vərəqəsinə bərpa edilir, yaxud əsassız olaraq yaranmış artıq ödəmə azaldılır.
47. Bu halda, hazırkı vəziyyətdə “dürüstləşmə” əməliyyatının hansı təbiətə malik əməliyyat kimi qəbul edilməli olduğu aydınlaşdırılmalıdır. Bu zaman qiymət verilməli olan əsas məsələ ondan ibarətdir ki, dürüstləşmə əməliyyatı mahiyyəti etibarilə vergilərin hesablanması əməliyyatına bərabər əməliyyat hesab edilə bilərmi?
48. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.
49. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.
50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.
51. Kollegiya hesab edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 30 dekabr 2016-cı il tarixli, 474- VQ saylı Azərbaycan Respublikası Qanununun normalarının təhlili belə qənaətə gəlməyə əsas verir ki, həmin Qanunun vergi orqanı üçün vəzifə müəyyən edən norması kifayət qədər aydın olmuş, icrasının həyata keçirilməsi üçün əlavə inzibati aktların qəbul edilməsinə lüzum olmamışdır. Vergi orqanı həmin Qanunla müəyyən edilmiş vəzifəni özünün apardığı vergi-uçot sənədlərindəki məlumatları nəzərə almaqla icra etmək imkanına malik olmuşdur. Beləliklə, vergi orqanları sözügedən Qanunu faktiki xarakterli hərəkətlər etməklə icra etməli olmuşlar.
52. Kollegiya həmçinin hesab edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474- VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi üçün aparılan “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir.
53. Məsələyə qiymət verilməsi üçün bu qaydada aparılmış “dürüstləşmə” əməliyyatının mahiyyəti təhlil olunmalıdır. Bu zaman müəyyən edilməli olan əsas məsələ ondan ibarətdir ki, bu əməliyyat həqiqətən yol verilmiş hansısa proqram təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üçün edilmişdir, yoxsa texniki xətanın düzəldilməsi adı altında faktiki olaraq vergilərin hesablanması aparılmışdır? Yuxarıda da qeyd edildiyi kimi vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyatlar olmuşlar.
54. Bunun əksinə olaraq, əgər “dürüstləşmə” adı altında həyata keçirilən şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Həmin faktiki xarakterli hərəkətlər qanunun və ya inzibati aktın tələb etdiyi məzmunda həyata keçirilməyibsə (məsələn, silinməli olan faizlərin məbləği düzgün silinməyibsə və s.) inzibati orqan tərəfindən faktiki xarakterli hərəkətin düzgün həyata keçirilməməsi vəziyyəti yaranmış olur. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
İş üzrə qiymət verilməli olan məsələ cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə xx.xx.2024-cü il tarixli yazılış qeydləri ilə aparılmış əməliyyatın adı “MV- **********526600” olan 84682,92 manat vergi məbləğinin və əməliyyatın adı “ƏDV- **********526600” olan 75754,43 manat vergi məbləğinin, ümumilikdə 160437,35 manat vergi məbləğinin hesablanması zamanı (faktiki xarakterli hərəkətlə) cavabdehin davranışının vergi qanunvericiliyinin normalarına uyğunluğunun yoxlanması ilə bağlıdır. Bununla bağlı məhkəmə ilk öncə şəxsi hesab vərəqəsinin anlayışına aydınlıq gətirməyi zəruri sayır. Belə ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Başqa sözlə desək, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi dedikdə vergi ödəyicisinin vergi orqanı qarşısında maliyyə öhdəliklərinin uçotunu aparmaq məqsədilə tərtib olunan maliyyə sənədi başa düşülür. Bu vərəqədə vergi ödəyicisinin dövriyyəsi, ödədiyi vergilər, hesablamalar və qalıqlar kimi maliyyə əməliyyatları qeyd olunur. Məhkəmə qeyd edir ki, bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmlişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Odur ki, bu qaydada bir uçot sənədinin aparılması vergi idarəçiliyinin təşkili baxımından zəruri olmaqla yanaşı, həm də vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə açıqlığı, şəffaflığı və hüquqi müəyyənliyi təmin etməyə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsi hesab vərəqəsinin uçotu anlayışı Mühasibat uçotu standartlarında birbaşa qeyd olunmasa da, həmin standartlar vergi öhdəlikləri və digər maliyyə öhdəliklərinin uçotu mexanizmini də ehtiva edir. Belə ki, “X1 Standartlarına” (MHBS): MMUS 18 – Gəlirlər üzrə vergi uçotu standartlarında müəyyən edilmiş qaydalarla tənzimlənir. Burada müəssisəsinin vergi öhdəliklərinin uçotunun düzgün aparılması ilə bağlı qaydalar verilir. MMUS 1 - Maliyyə Hesabatlarının tərtib edilməsi: Bu standart müəssisənin maliyyə vəziyyətinə dair bütün öhdəliklərin, o cümlədən vergi öhdəliklərinin maliyyə hesabatlarında düzgün əks etdirilməsini tələb edir. Göründüyü kimi şəxsi hesab vərəqəsi vergi ödəyicisinin dövriyyəsini, ödədiyi vergilər, hesablamalar və qalıqları kimi maliyyə əməliyyatlarını əks etdirən sənəddir. Məhkəmə iddiaçının şəxsi hesab vərəqəsinə daxil edilmiş 160437,35 manat vergi vəsaitinin silinməsinə münasibətdə qeyd edir ki, ilk olaraq vergi orqanı tərəfindən inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə, inzibati orqanın şəxsin hüququna müdaxiləsinin qanuni olub-olmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Əgər inzibati orqanın müdaxiləsi qanunsuz olmuşdursa, bu halda, artıq maddi-hüquq normalarının yoxlanılmasına zərurət aradan qalxmış olur. Bu konteksdə qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi Məcəlləsinin 3.7-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında vergilər yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Vergi Məcəlləsində isə hər hansı qərar qəbul edilmədən vergi öəyicisinin şəxsi hesab vərəqəsinə vergi borcunun daxil edilməsi nəzərdə tutulmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi şəxsi hesab vərəqəsi vergilər, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə vergi olmayan digər vəsaitlər üzrə büdcə ilə qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirən vahid vərəqədir ki, vergi borcunun şəxsi hesab vərəqəyə daxil edilməsinin əsasında yalnız “hərəkət və ya inzibati akt” mövcud olmalıdır. Başqa sözlə desək, vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) icrası məqsədilə və ya inzibati orqanın özü tərəfindən qəbul edilmiş inzibati akt (qərar) əsasında müdaxilə edilməsi yolveriləndir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyindən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın əsaslığının təsdiqlənməsi üçün inzibati orqan qərarın qəbul edilməsinin əsasında duran halın hüquqi əsasını sübuta yetirməlidir, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdeh yaranmış 160437,35 manat vəsaitin iddiaçının hansı hesabat dövrünə aid olduğunu, ümumiyyətlə həmin vəsaitin yaranma əsaslarını inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Göründüyü kimi borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatdır. Hər nə qədər həmin borcun yaranma əsasları və s inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və borc kimi yarandığı iddia olunan vəsaitin mənbəyini müəyyən edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Lakin cavabdeh iddia etdiyi borcun yaranma əsasını və hansı dövrə aid olduğunu sübut edə bilməmişdir. Eyni zamanda “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız, şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır”. Belə olduqda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki, bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, məhkəmə belə bir nəticəyə gəlir ki, iddiaçının şəxsi hesab vərəqəsinə 160437,35 manat vergi məbləğinin yaranması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmiş, bununla da, vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olmuşdur. Bu mənada, iddiaçının şəxsi hesab vərəqinə mübahisəli vergi borcu inzibati icraatın aparılması qaydalarının tələbləri pozulmaqla, hər hansı qərar qəbul edilmədən daxil edildiyindən, iddiaçının tələbi, artıq formal hüquqi baxımdan əsaslı olmuşdur. Belə olan halda, sözügedən borcun şəxsi hesab vərəqəsinə yol verilmiş texniki səhvi aradan qaldırmaq üçün riyazi olaraq düzgün daxil edilib-edilməməsinin yoxlanılmasına zərurət qalmır. Beləliklə, iddiaçının hüquqi vəziyyətinə müdaxilə vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq əsaslandırılmış inzbati akt qəbul edilmədən həyata keçirilmişdir. Bu hal isə həm vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə səbəb olmuş, həm də iddiaçının hüquqlarının müdafiəsi imkanlarını məhdudlaşdırmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, borcun əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli borcun mövcudluğundan söhbət gedə bilməz. Odur ki, 160437,35 manat pul məbləğinin iddiaçıdan tələb edilməsi cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməli, borc kimi göstərilmiş həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsi isə həmin cavabdehə həvalə edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-828/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarında olan məhkəmənin mövqeyi ilə eynilik təşkil edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsindəki xx.xx.2024-cü il tarixli yazılış qeydləri ilə aparılmış əməliyyatın adı “MV-**********526600” olan 84682,92 manat vergi məbləğinin və əməliyyatın adı “ƏDV-**********526600” olan 75754,43 manat vergi məbləğinin, ümumilikdə 160437,35 (bir yüz altmış min dörd yüz otuz yeddi manat, 35 qəpik) manat vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev