Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6142/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********498200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının elekton kabinetinə xx.xx.2023cü il tarixində daxil olmuş məktubunda iddiaçının 26.04-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 7 101 232 manat dəyərində (lampa, alçıpan, otsep və s.) təqdim edilmiş və həmin malların alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Cavabdehin məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçı yarandığı gündən heç bir qanunsuzluğa yol verməmişdir. Müvafiq şirkətlərdən əldə olunmuş mal-materialları "xxxx" MMC, "xxxx" MMC və s. MMC-lərlə bağlanmş müqavilələr və aktlar əsasında satışını həyata keçirmişdir. Alış və satış zamanı heç bir qanunauyğunsuzluğa yol verilməmişdir. Bundan əlavə iddiaçıya yarandığı gündən heç bir OVN tədbiri keçirilməsi barədə məktub, habelə keçirilmiş tədbirin nəticəsi göndərilməmişdir. xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarda heç bir əsaslandırma aparılmamış, qərarın qəbulunu zəruri edən hallar aydınlaşdırılmamış və hər hansısa sənədə istinad edilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.2-ci bəndinə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçının qeydiyyata alınmış təsərrüfat subyektlərində monitorinqlər keçirilmişdir. Belə ki, araşdırma zamanı “Molater Es" MMCnin ünvan 1 ünvanında “Anbar” adı qeydiyyatda olan obyektində xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-18001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisi ilə əlaqə yaratmaq qeyrimümkün olduğundan, icarədar "xxxx" ASC-nin mühasibi ilə müşahidə keçirilib. İcarədarın nümayəndəsi ASC-nin ərazisində olan 2-ci mərtəbəsində yerləşən DVP material ilə bölünmüş qapısı bağlı sahəni göstərərək, obyektin həmin hissəsini icarə müqaviləsi əsasında “Molater Es" MMC-yə icarə verildiyini bildirib. Obyektin qeydiyyat tarixi xx.xx.2023, çıxma tarixi xx.xx.2024 kimi qeyd olunsa da, iddiaçı faktiki olaraq oradan tam ayrılmayaraq fəaliyyətini vergi orqanına bəyan etmədən davam etdirmişdir. Həmin anbarın fotoşəkilləri qoşmada təqdim edilmişdir. İddiaçının sıxlıqla əməliyyatlar apardığı "xxxx" MMC və "xxxx" MMC-lər də riskli vergi ödəyiciləridir. Yekun olaraq, iddiaçının 26.04xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş monitorinqlər zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Bununla bağlı ödəyiciyə “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2024-cü il tarixli Qərar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdeh qərarda vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş X3 tədbirinin nəticələrinə əsaslansa da, cəmiyyətdə faktiki olaraq OVN tədbiri həyata keçirilməmişdir. Belə ki, vergi qanunvericiliyində OVN tədbirinin keçirilməsi ilə bağlı normalar öz əksini tapmışdır. Cavabdeh isə həmin normalarda göstərilmiş heç bir qaydaya riayət etməmişdir. İddiaçıya OVN tədbiri ilə bağlı bildiriş göndərilməmişdir. Cavabdeh həmçinin, alınan malların saxlanması üçün anbarın sahəsinin az olmasına əsaslanmışdır. Lakin, iddiaçıya məxsus anbarın sahəsinin az olması əməliyyatın riskli hesab edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Qəniyev iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək bildirdi ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, anbarın ölçüsü kiçik olduğundan iddiaçının həmin dövrdə alınan mallarının anbara yerləşdirilməsi mümkün deyil. İddiaçının əməliyyat apardığı şirkətlər də riskli vergi ödəyiciləridir. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Hacızadə etirazı müdafiə edərək, tələbin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən “Anbar” adlı obyektində (kodu: **********- 18001) vergi ödəyicisinin nümayəndələri ilə əlaqə yaratmaq mümkün olmadığından, icarədar "xxxx" ASC-nin (VÖEN: **********) mühasibi kimi təqdim edilən xanımın iştirakı ilə müşahidə keçirilmişdir. İcarədarın nümayəndəsi ASC-nin ərazisində olan tikilinin 2-ci mərtəbəsində yerləşən DVP materialı ilə bölünmüş qapısı bağlı sahəni göstərərək, obyektin həmin hissənin icarə müqailəsinə əsasən "xxxx" MMC-yə icarəyə verildiyini bildirmişdir. Eyni zamanda təqdim etdiyi müəssisənin Sadiq əlaqəli şəxsinin nömrəsi əlaqə saxlanıldıqda rəhbərin ölkə xaricində olduğunu, yenidən fəaliyyətə sentyabr ayından başlayacaqlarını bildirmişdir. Anbarın fotoşəkilləri arayışa əlavə edilmişdir. Cavabdehin “Riskli əməliyyatların araşdırılması barədə” bildirişində göstərilmişdir ki, 26.04- xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaiməfaktura məlumatlarına əsasən cəmi ******* manat dəyərində " lampa, alçıpan, otsep və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir.Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Qeyd edilən məsələlərlə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 (beş) iş günü ərzində cavabdehlə əlaqə saxlanılması xahiş olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli **********498200 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vergi orqanı tərəfindən iddiaçının fəaliyyəti dövründə X3 tədbiri həyata keçirilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş vergi ödəyicisi barədə məlumatdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məxsus anbar kimi qeydiyyatdan keçmişdir. Həmin sahənin mülkiyyətçisi "xxxx" ASC-dir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qərarın ləğv olunmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdehin səlahiyyəti Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazini əhatə edir. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Bu səbəbdən iddiaçının əsas tələbi qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (13.2.82.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.). Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) (3.1.). Cavabdeh tərəfindən məhkəməyə elektron daşıyıcıda təqdim edilmiş 2023-cü ilin aprel-sentyabr ayları üzrə iddiaçı tərəfindən aparılmış əməliyyatlarla bağlı “malların (işlərin)” təqdim edilməsi haqqında cədvəldən görünür ki, iddiaçı tərəfindən müxtəlif şirkətlərdən qaimələr əsasında mallar alınmışdır. Bunlardan bir qismi tikinti materialı və bununla bağlı mallar olmuşdur ki, həmin malların böyük sahə tutması səbəbindən saxlanmaları üçün geniş sahəsi olan anbara ehtiyac vardır. Eyni zamanda iddiaçıya məxsus olan yeganə anbar ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir ki, həmin qeyri-yaşayış sahəsinin məhkəməyə təqdim edilmiş fotoşəkillərindən qeyri-yaşayış sahəsinin çox kiçik sahəni əhatə etdiyi və iddiaçının apardığı əməliyyatlar əsasında alışında müəyyən olunan malların orada saxlanması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda vergi ödəyicisinin riskli hesab edilməsi əsaslarından biri kimi “idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcminin uyğunluq təşkil etməməsi” göstərilmişdir. Göründüyü kimi iddiaçının alışında müəyyən olunan malların həcmi ilə onun təsərrüfat subyektinin sahəsi uyğunluq təşkil etmir. Yuxarıda qeyd edilən “Meyarlar”da “digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar” bu qaydadan istisna edilmişdir. Lakin, belə olan halda iddiaçı sifarişçi barədə, mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatları vergi orqanına təqdim etməli idi. Lakin, iddiaçı bununla bağlı sübutları və məlumatları veri orqanına və ya məhkəməyə təqdim etməmişdir. İddiaçının əsas dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh qeyd edilən yoxlamaları X3 (bundan sonra - OVN) tədbiri çərçivəsində aparıldığını iddia etsə də, bununla bağlı qanunla nəzərdə tutulmuş qaydalara riayət etməmişdir. Vergi Məcəlləsində göstərilir ki, X3 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X3 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X3nin müddəti və X3ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir (50.3.). X3 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X3ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir (50.4.). “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Yuxarıda qeyd edilən normanın məzmunundan görünür ki, inzibati orqan tərəfindən inzibati icraat normalarının və ya maddi normaların pozulması qanunsuz qərarın qəbul edilməsinə səbəb olduğu təqdirdə inzibati aktın ləğvi üçün əsas ola bilər. Göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş akt nəticə etibarilə düzgün olan inzibati aktdır və bu səbəbdən formal pozuntulara əsaslanmaqla həmin qərarın ləğv edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6142/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6142/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver